Xəbər lenti


TƏBRİZ QALXIB AYAĞA

O tayda ucalan səs
 Çatıbdı Haçadağa.
 Gözünüz aydın, ellər,
 Təbriz qalxıb ayağa.

Qılıncını sıyırıb,
 Əl atıbdı yarağa.
 Giribdi son döyüşə,
 Təbriz qalxıb ayağa.

Maku, Mərənd, Ərdəbil
 Olub yurda sadağa.
 Güvənibdi bu taya,
 Təbriz qalxıb ayağa.

And içib Pişəvəri
 Yatan qanlı bayrağa.
 Səttərxan öndə gedir.
 Təbriz qalxıb ayağa.

Bu döyüş son döyüşdü,
 Od qoyubdu ocağa.
 Ana yurd, gözün aydın,
 Təbriz qalxıb ayağa.
                      2018

TƏBRİZ BAYRAQ QALDIRIB

Qalxıb Səhəd dağına, bütövlük sevdasıyla,
  Təbriz bayraq qaldırıb “Misri” havası üstə,
 Döyüş başlasın deyə sərkərdə ədasıyla,
 Qılıncını sıyırıb düşmən yuvası üstə.

Marağa geyinibdi daha döyüş libası,
 Səbrin də bir həddi var, daha səbirdən
 keçib. Qolundakı zənciri qırmaqdı son davası,
 Bu yar-yaraqlı istək Arazdan, Kürdən keçib.

Xəbər çatıb Əhərə, Zəncan ayaq üstədi,
 Mərəndin qapıları açıqdı dost üzünə.
 Döyüş təzə qızışır, gələn təzə dəstədi,
 Cənub qulaq kəsilib Təbrizin son sözünə.

Bu dava can davası, bu dava qan davası,
 Yüz illərdi əzilən indi qalxıb haqq deyir.
 Dağılır bu kəsalət, bu rəzalət yuvası,
 Hər sözü indi Təbriz əlində bayraq deyir.

Köksü qabarıb qalxır, qalxır Urmiya gölü,
 Qəmdən quruyan suyu, sevinc yaşıyla dolur.
 Beş əsrdi bayılıb yatan Çaldıran çölü,
 Təbriz bayrağı altda indi səfərbər olur.

Təbriz bayraq qaldırıb Cənubdan Şimaladək,
 Hər kəs ayağa qalxsın, adına – sanınacan.
 Haydı, atlanın daha, birləşək bir yumruq tək,
 Təbriz döyüşəcəkdir son damla qanınacan.

                                2018




Ana səhifəyə qayıt        Baxış: 2 584          Tarix: 6-12-2022, 18:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma