Xəbər lenti

     


21-ci əsrin 22-ci ilinin sonuna sayılı günlər qalıb. Bir-iki günə qayğılarla dolu 2022-ci ili də bir az nostalji, bir az sevinc, bir az kədər, amma böyük ehtiramla yola salacağıq. İndi qapının bu üzündə köhnə deyib əynimizdən soyunmağa hazırlaşdığımız il, o yanda isə böyük ümid və arzularla ömrümüzə geyəcəyimiz təptəzə 2023-cü il...


Bu dünyaya hər kəs xoşbəxt olmaq diləyilə gəlmirmi, dostum,.. Elə gələndən gedənədək həmin o sorağında olduğu möhtəşəm duyğunun eşqinə yaşayır, çalışır, vuruşur. Tapırmı əcəba, qovuşurmu ona?.. Daim ilğım kimi dolanan, sehrli səs kimi çağıran, qığılcım kimi işaran o böyük hissə sahiblənə bilirmi... Varmı belə bir insan, günlərin bir günü qollarını geniş açıb sinə dolusu dərin bir nəfəs ala və deyə ki, mən xoşbəxtəm!..


Yaşı 25 əsrə çatan “Yeni İl” bayramı bir çox fərziyyələrə əsasən ilk dəfə çinlilər tərəfindən qeyd edilib. Başqa versiyalar da olmasına baxmayaraq, nədənsə bu versiya mənə daha real görünür. Axı indiki dövrdə də çinlilərin yeni icadları ilə seçilir. Hətta hansısa yeniliyi qısa bir vaxtda “təqlid” etməklə onun daha ucuz variantını bazara çıxarmaqda usta olduğu da çoxumuza məlumdur. Bununla satış bazarında aparıcı mövqe də tuturlar...


Dünyanın hər yerində insanlar yeni ili həvəslə gözləyir və öz adət-ənənəsinə uyğun qarşılayır. Məhz yeni il axşamı baş verəcək möcüzələrə uzun illər inanmışıq. Uşaqlarımızı da inandırmışıq, “sən yat, sabah oyandığında hədiyyən bu yolkanın altında olacaq.


Axı Şaxta baba hədiyyəni uşaqlar yatarkən gətirir..” deməmişikmi.... Sonra da öz əlimizlə aldığımız hədiyyələri bəzəkli “yolka”nın altına qoyub sabah uşaqlarımızın sevincinə şərik çıxmışıq.

Nədənsə hədiyyələri həmişə babalardan gözləyib uşaqlar, Şaxta baba, Noel baba, Ded Moroz, Santa Klaus... bunlar hamısı babalardır. Amma sən demə yeni ildə uşaqlara sevinc yaşadan nənələr də varmış... Elə İtaliyada uşaqlara hədiyyəni şaxta babaları yox, şaxta nənələri gətirir. Onun adı Befon nənədir. Köhnə ili yüksək səs-küylə yola salan italyanlar, təzə ili də eləcə hərarətlə qarşılayır. Həm də köhnə əşyalarını çıxarıb pəncərələrindən çölə tullayırlar. Bu adət elə köhnə fikirlərdən də xilas olmaqla davam edir...

Yeni ildən böyüklərin də öz istəkləri olur, bu da əvvəldə dediyim kimi xoşbəxtlik və səadətdir... Bu gün həvəslə bəzədiyimiz küknar ağacları 19-cu əsrdən başlayaraq yeni il atributuna çevrilib. Məncə al-əlvan oyuncaqlarla bəzədilən, işıqlarla süslənən, boynuna müxtəlif lentlər atılan, üstünə şarlar asılan küknar və ya şam ağacları hər kəsi sevindirir, gözəlliyi göz oxşayır, insana müsbət aura bəxş edir... Bəzən bu gözəl adəti səhvən xristian dini ilə əlaqələndirsələr də əslində heç bir dinlə bağlı deyil. Həyat rəmzi olan həmişə yaşıl ağacların bəzədilməsi miladdan çox-çox əvvəllər mövcud olub. Qədim Misir sakinləri yaşıl palma ağaclarını evlərinə gətirir, romalılar isə Əkin allahının şərəfinə evlərini yarpaqla bəzəyirdilər...

Amma təbiətə ziyan vermək olmaz axı. Ona görə də indiki zamanda əsasən süni şam ağaclarından istifadə olunur. Azərbaycanda isə yeni il bayramı həm də “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə eyni günə təsadüf edir. Bu il də xalqımız növbəti bayramları həvəs və coşqu ilə keçirməyə hazırlaşır. Bəlkə də onun buna qalib xalq kimi indi daha çox haqqı çatır. İllər boyu bir gözü yaşlı olub, doğma yurdumuz Qarabağın əsarətdə olması nəticəsində ürək dolusu sevinə bilməyib...

Qoy yeni il ilə bütün dünyaya sülh gəlsin, insanlar xoşbəxtlik tapsın, evlər əmin-amanda bərqərar olsun...

Sən də bacarırsan birinə yar ol, birinə qucaq, birinə ocaq... əllərindən tut, gözlərini sil, birini kirit...

Yer üzündə bir ah səsi azalsın, bir kədəri boğazla, bir nəfərin əlləri yenidən ümidə uzansın...
Kulis.az




Ana səhifəyə qayıt        Baxış: 2 135          Tarix: 30-12-2022, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma