Xəbər lenti

Son dövrlərin ən böyük çağırışlarından olan iqlim dəyişikliyi dünyanı bu məsələ üzərində əməli addımlar atmağa vadar edib. Bu qlobal problemə qarşı mübarizənin mərkəzində isə beynəlxalq əməkdaşlıq və liderlik dayanır. Azərbaycan bu mübarizədəki mühüm rolunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək bir daha təsdiqləyir. Ölkənin iqlim dəyişikliyinə qarşı göstərdiyi səylər yalnız regional deyil, qlobal səviyyədə də əhəmiyyət kəsb edir. Azərbaycan bu ilin noyabr ayında keçiriləcək COP29-a sədrlik etməklə, iqlim siyasətinin formalaşdırılması və tətbiqində mühüm bir addım atır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell) “Report”a müsahibəsində Azərbaycanın COP29-a hazırlıq səviyyəsindən, BMT-nin bu istiqamətdə dəstəyindən söz açıb, iqlim fəaliyyəti ilə bağlı məsələlərdə inkişaf etməkdə olan ölkələrin rolu, gender bərabərliyi və bir sıra mövzular barədə vəziyyəti dəyərləndirib.

- Azərbaycanın COP29-a hazırlığını necə qiymətləndirirsiniz? COP29-la bağlı əsas prioritetlər nələrdir və bunlara hansı səviyyədə nail olunub?

- Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı qərar ötən ilin sonunda qəbul edilib. Bu səbəbdən hazırlıqlar üçün müddət az oldu. COP29 sədrliyinin və Azərbaycanın bu konfrans üçün səfərbər olması və hazırlıqları heyranedicidir. Biz COP29 sədrliyinin heyətinin qısa müddət ərzində genişləndiyinin şahidi olduq. Onların tərəflərlə açıq və səmimi əlaqələri, öhdəliklərini, məsuliyyətlərini və qarşılaşdıqları çətinlikləri dərk etmələri həqiqətən diqqətəlayiqdir.

- Uğurlu COP29 üçün BMT-nin Azərbaycana dəstəyi nədən ibarət olacaq?

- Baş katibin də aydın formada ifadə etdiyi budur ki, COP29 üçün BMT sistemi tam şəkildə Azərbaycana dəstəkdir. Mənim də təmsil etdiyim BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası katibliyi (UNFCCC) uğurlu COP konfransının keçirilməsi üçün sədrliyi və tərəfləri dəstəkləməkdə əsas rola malikdir.

- İqlim dəyişikliyi ilə mübarizə səylərində inkişaf etməkdə olan ölkələrin rolunu necə qiymətləndirirsiniz və onlara hansı dəstək tədbirləri lazımdır?

- İnkişaf etməkdə olan ölkələr iqlim böhranında ən az paya malik olan, lakin onun təsirlərindən ən çox əziyyət çəkən ölkələrdir. Bu səbəbdən onların qlobal böhrana ən çox töhfə verən və bu məsələdə məsuliyyət daşıyan inkişaf etmiş, sənayeləşmiş ölkələri bu istiqamətdə hərəkətə keçirmək üçün təsir göstərməyə mənəvi haqqı var. Həmçinin düzgün dəstək nəticəsində onlar yerli səviyyədə uyğunlaşma və dayanıqlığın yaradılması istiqamətində həyata keçirilə biləcək tədbirlərə liderlik edə bilərlər.

- Bu gün istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədinə nail olmaq üçün hansı kritik maneələri görürsünüz? İnkişaf etməkdə olan ölkələr hələ də inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizə üçün vəd etdikləri vəsaitlərin çatışmazlığından narahatdırlar. Bu problemi həll etmək üçün nə təklif edirsiniz?

- Bu, maliyyə və texniki cəhətdən yaranan problem deyil. Müzakirələrin və mübahisəli məsələlərin maliyyə və texniki detallarla bağlı olmasına baxmayaraq, bunların hər birinin həlli var. Tək çatışmayan siyasi iradədir. Siyasi iradənin olmaması iqlim fəaliyyətinin daha da inkişafına maneədir.

Ümumilikdə isə maliyyə məsələsi bu ilin əsas gündəmidir. Azərbaycan sədrliyi tərəfindən bunu dəstəkləmək və asanlaşdırmaq üçün böyük səy tələb olunur. Həmçinin 190 ölkə yeni maliyyə məqsədi barədə razılığa gəlməlidir. Buna paralel olaraq, bu il hazırlanacaq və gələn il Braziliyada təqdim ediləcək yeni iqlim planları ölkələrin milli səviyyədə öhdəliklərini müəyyənləşdirəcək. Nəticədə emissiyaları 2030-cu ilə qədər yarıya qədər, 2035-ci ilə qədər isə 60 % azalda bilərik.

- Azərbaycan da Birləşmiş Ərəb Əmirlikləri kimi neft ölkəsidir və COP konfransına sədrlik edir. Neft ölkələrinin COP sədrliyi etməsinin, sizcə, nə kimi müsbət tərəfləri var?

- Dubayda əldə edilən qəti nəticə neft və qazdan, qalıq yanacaqlardan imtinanın vacibliyini göstərir. Bu, iqlim böhranından yaranan təsirlərlə mübarizədə əsas diqqət edilməli məqamdır. Neft, qaz və kömür istehsal edən dövlətlər qalıq yanacaqdan uzaqlaşmanın əhəmiyyətini və bunun emissiyaların azaldılmasına təsirlərini göstərməkdə lider ola bilər.

- COP29-da qadınların aktiv iştirakını təşviq etmək üçün hansı birgə tədbirlər görülüb?

- Əlbəttə. Bu, iqlimlə bağlı istənilən məsələnin mühüm sütunudur. Çünki dünya əhalisinin yarısı qadınlardır. Onların iştirakı olmadan hər hansı bir iqlim fəaliyyətinə, iqlim böhranına istiqamətlənmiş tədbirlər həyata keçirmək yetərli olmayacaq.

Sayad Həsənli, Elvin Camalov, foto Samirə Həsənova




Ana səhifəyə qayıt        Baxış: 5 773          Tarix: 26-07-2024, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma