Xəbər lenti


Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyev 2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin keçirilməsi ilə bağlı 30 dekabr 2023-cü il tarixli Sərəncam imzalayıb. Biz də bu münasibətlə tanınmış şair Xanəli Kərimlinin illər öncəsi Məmməd Əmin Rəsulzadəyə hər etdiyi “Harda Azərbaycan bayrağı qalxsa” şeirini “Ovqat.com” oxucularına təqdim edirik.

Azərbaycan xalqının böyük öndərlərindən biri
 Məmməd Əmin Rəsulzadə Ankaranın “Əsri
 məzarlığı”nda uyuyur.

Gəldim görüşünə bir qış günündə,
 Göylərdə parçalı bulud gəzirdi.
 Mənim ürəyimi bir zindan kimi
 Sənin qəribliyin sıxıb əzirdi.

 “Əsri məzarlığı” sonsuz bir şəhər,
 Neçə qapısı var, neçə caddəsi.
 Burda hər məzarın öz ünvanı var,
 Burda hər məzarın öz nişanəsi.

 Gəzdim məzarlığı qarışbaqarış
 Gözümün heyrətdən saraldı kökü.
 Bir məzar qəhrini çəkə bilmirəm,
 Sən necə çəkmisən bir millət yükü.

 Qışın qışlığında daş da qışlaşır,
 Sənin məzar daşın od verir nədən?!
Bəlkə də vətəndən nigaran qalan
 Bir quru nəşindir göynəyib tütən.

 Məzarlar içində sənin məzarın,
 İstiqlal arzulu o, bir üsyandır.
 Yatdığın bir qarış bu türk torpağı
 Cənublu-Şimallı Azərbaycandır.

 O Azərbaycan ki, onun yolunda
 Yaxılan Simurq quşuna döndün.
 Ağsaçlı anantək nazını çəkib,
 Pərvanə tək onun başına döndün.

 Sən vətənə həsrət, vətən də sənə,
 Bu nankor taleyin alın yazısı.
 Məzar ayağına yazılan andın,
 Oldu azadlığın ilk əlifbası.

 “Bir dəfə yüksələn bayraq bir daha
 Enməz” amalını hayqırdın Şərqə.
 Yüz illər məhkum tək yaşayan xalqı
 Tanıtdın Cənuba, Şimala, Qərbə.

 Bir vaxt ucaltdığın üçrəngli bayraq,
 Yenə dalğalanır başımız üstdə.
 Ancaq Zəngəzurum, Qarabağımda
 Qalmayıb bir daş da daşımız üstdə.

 Səni vətənindən didərgin salan
 Əzəli, əbədi düşmənlərimiz.
Bu gün də “Qurd-quzu” oynu oynayır,
 Artıq tükənir ta o dağ səbrimiz.

 “Əsrin Səyavuşu” təklənir yenə,
 Əlimə uzanan əllər kəsilir.
 Harda Azərbaycan haqqı deyilir,
 Ağızlar yumulur, dillər kəsilir.

 Tanrı da, elə bil, üz döndəribdir,
 Bezib millətinin əzablarından.
 Onunçün də haqqa uzanan əllər
Boş gəlir umduğu haqq dərgahından.

Şeytana uymayan, şərə uymayan,
Biz haqdan doğulan əzabkeşlərik.
 Nə qədər müsibət çəksək də belə,
Ölmüşük, ölərik – haqdan dönmərik!..

 Gorun nurla dolsun, ey böyük öndər!..
Ruhunla mələklər arasındasan.
 Harda Azərbaycan bayrağı qalxsa,
 Sən də o bayrağın sırasındasan.

 Ankara, 12.12.2000

 




Ana səhifəyə qayıt        Baxış: 2 065          Tarix: 5-02-2024, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma