Xəbər lenti

Fransa hökuməti vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı növbəti təxribatçı çağırış edib. Bu ölkənin sərsəm bəyanatında deyilir ki, guya Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlıqları olan şəxslər Azərbaycanda həbs, əsassız həbs və ədalətsiz mühakimə riski ilə üzləşirlər.

“Bu risk xüsusilə sadə turist səfəri və ya işgüzar səfər edən insanları narahat edə bilər”, -deyə cəfəng çağırışda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu əsassız iddiaya münasibət bildirərək deyib ki, rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyir.

O bildirib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək niyyətindən xəbər verir:

"Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur".

Əgər Azərbaycanda doğrudan da, Fransa vətəndaşlarına qarşı təqiblər, təzyiqlər olsa idi, bu barədə rəsmi məlumatlar yayılardı. Necə ki, M.Rianın, K.Teonun haqlı yerə saxlanıldığı barədə rəsmi xəbərlər verilmişdi.

Fransa ilk dəfə deyil ki, Azərbaycana qarşı qərəzli bəyanat verir. Paris hər zaman ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirib.

Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, Ermənistanı silahlandırmaqda davam edən Makron Fransası özünü hələ də “demokratiyanın beşiyi” kimi dünyaya tanıtmağa çalışır. Hadisələr isə əksini göstərir

Yelisey sarayı bütün siyasi hikkəsi ilə millətlərarası ədavət toxumu səpir, iğtişaşlar yaradır. Hətta bu ölkə iyul ayının 26-da rəsmi açılış mərasimi keçirilən XXXIII Yay Olimpiya Oyunlarında da bu taktikasına sadiq qaldığını bir daha sübut etdi. Belə ki, Olimpiya oyunlarının açılışını göstərən Fransanın “France 2” telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi zamanı təxribatçı ifadələr səsləndirdi.

Hətta bu kanalın aparıcısı Loran Delaus Sena çayı boyunca bərələrlə üzən komandaların paradı zamanı Ermənistan komandasını təqdim edərkən deyib: “Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə… Keçən il erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə ağır bir il oldu…” Azərbaycanın milli olimpiada komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib.

 Bununla da Makron Fransası Cənubi Qafqazla bağlı ideyalarını alt-üst edən, onun müstəmləkiçilik siyasətinin mahiyyətini dünyaya açıb-göstərən Azərbaycana olan nifrətini, Ermənistana olan “məhəbbət”ini bir daha nümayiş etdirib.

Ermənistanın “böyük bacısı” Azərbaycanın Qarabağ zəfərini heç cürə həzm edə bilmir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hələ ötən il bununla bağlı məsələni şərh edərkən demişdi: “Vəziyyət ondan ibarətdir ki, bu gün iki ölkə arasında münasibətlər mövcud olduğu 30 ildə ən aşağı səviyyədədir. Bu, faktdır. Bu ölkənin mövqeyi həmişə ermənipərəst olub, lakin Qarabağ nizamlanmasında vasitəçi olmaqla bunu uzun müddət gizlədib. 2020-ci ilə qədər belə idi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa artıq ermənipərəst mövqeyini gizlədə bilmədi və ikitərəfli münasibətlərə ilk zərbələr o zaman vuruldu.

Qarabağ probleminin tarixi, əslində, elə Fransada başlayıb. Hələ 1985-ci ildə Parisdəki ermənidilli qəzet Naxçıvan və Qarabağ bölgələrinin Ermənistan ərazilərinə aid olması haqda “mübarizə manifesti” dərc edib. Bu gün Fransa Ermənistanın silahlanmasında aktiv rol oynayır. O, regionda yeni bir müharibənin baş verməsində maraqlıdır və Ermənistanı buna sürükləyir. Daxili, xarici uğurları, beynəlxalq nüfuzu durmadan artan rəsmi Bakını həzm edə bilmir.

Xüsusən də Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirəcəyi bir dönəmdə ölkənin imicinə xələl gətirməyə çalışan Paris anlamır ki, bu əməlləri ilə onsuz da zərər görmüş imicinə xeyir gətirməyəcək.

Fransa Azərbaycanı ittiham etməkdənsə Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv neokolonializm siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarmalıdır.

Paris öz müstəqilliyinə qovuşmaq istəyən keçmiş koloniyalarda fəallara qarşı təzyiq, təqib və cəzalandırma metodlarından, həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkmək haqqında düşünməlidi

Fransa anlamalıdır ki, ona Cənubi Qafqazda neokolonializm siyasəti həyata keçirməsinə imkan verilməyəcək və bu siyasətin, eləcə də regionda vəziyyətin gərginləşməsinə yönəlmiş əməllərinin fəsadlarını həm özü, həm də ciddi cəhdlə müdafiə etməyə çalışdığı Ermənistan yaşamağa məcbur olacaq. Azərbaycan kiminsə diktəsi ilə hərəkət etmir. Dövlətimiz regionda söz sahibidir. Burada hər kəs Azərbaycanla hesablaşmağa məcburdur.

Şahanə Rəhimli

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 646          Tarix: 4-09-2024, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma