Xəbər lenti

“Hind və Sakit Okean bölgəsində artan gərginlik Yaponiyaya xarici və təhlükəsizlik siyasətini fəallaşdırmağı diktə edir. Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və müdafiə naziri Minoru Kihara bu dəfə Avstraliyaya səfər ediblər”.

Musavat.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Yaponiya Hindistandan sonra Avstraliya ilə tərəfdaşlığı strateji səviyyəyə qaldırmaq istəyir:

“Yaponiyanın baş diplomatı deyib ki, “eyni düşüncəli” tərəfdaşlar regional təhlükələrlə mübarizə aparmaq üçün birlikdə olmalıdırlar. Yaponiya və Avstraliya hava qüvvələrinin əməkdaşlığı və genişləndirilmiş hərbi təlimlər üzrə razılaşmalar əldə ediblər. İki dövlət həmçinin Cənubi Çin dənizinin mübahisəli sularında Çin gəmiləri ilə gərginləşən mübahisədə olan Filippin sahil mühafizəsinə birgə kömək etmək barədə razılığa gəliblər.

Çinin Asiya-Sakit okean bölgəsində artan iqtisadi və hərbi nüfuzu Yaponiya və Avstraliyanı hərəkətə gətirib. Tokio son həftələrdə Çin hərbi gəmilərinin Yaponiyanın sularından keçməsinə və hava məkanının pozulduğuna dair ittihamlar irəli sürüb. Avstraliya Yaponiyanın narahatlığını bölüşür. Yaponiyanın hərbi gəmilərinin Avstraliyanın Darvin yaxınlığındakı əsas şimal bazasında yerləşən ABŞ Dəniz Piyadalarının rotasiyasında iştirakı müzakirə olunur. Vaşinqton Yaponiyanın hərbi imkanlarını artırmasının əleyhinə deyil. Halbuki, Vaşinqton İkinci Dünya müharibəsində məğlub olan Yaponiyaya ordu və dəniz qüvvələrinin varlığına məhdudiyyətlər qoymuşdu. Vaşinqton bu məhdudiyyətləri aradan qaldırıb”. 

Politoloq bildirib ki, Filippin hökuməti Qərbi Filippin dənizində hərbi gəmisinin Çin hərbi gəmisi ilə təkrar toqquşmasından sonra Pekinə növbəti şifahi notasını göndərib:

“Gəmilərin toqquşması nəticəsində ekipajlardan xəsarət alan olmasa da, Filippin gəmisinə zərər dəyib. Pekin Filippin hökumətinin iddiasını rədd edib. Bu bölgədə gəmilərin bir-birlərinə çox yaxınlaşmaları dəniz sərhədlərinin mübahisəli olması ilə bağlıdır. Çin Cənubi Çin dənizini öz ərazisi hesab edir. Digər sahil dövlətlər bununla razı deyillər. Filippin 2013-cü ildə Çinə qarşı beynəlxlq məhkəmədə iddia qalıdırıb”.

Afaq,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 773          Tarix: 7-09-2024, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma