Xəbər lenti

Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən günlər ötsə də, müzakirələr bitmir. Siyasi şərhçi Heydər Oğuz Rusiya liderini Bakıya gətirən səbəblər sırasında 2 vacib məsələnin önə çıxdığını deyib:

"Rusiya prezidenti Bakıya səfəri ərəfəsində verdiyim açıqlamalarda bunu iki amillə izah etmişdim:

1) Rusiya liderinin Ukrayna ilə sülh danışıqlarına başlamaq üçün vasitəçi axtarışı;

2) Rusiya qazının Azərbaycan vasitəsilə Avropaya nəqli.

Prezident İlham Əliyevin dünən İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər hər iki ehtimalı da doğruldur”.

Siyasi şərhçi qeyd edib ki, Prezident Beynəlxalq Çernobbio Forumunda moderatorun bir sualını cavablandırarkən iki məqama diqqət çəkib:

“Məqamlardan biri Azərbaycanın Ukrayna-Rusiya arasında vasitəçilik etmək, digəri isə Rusiya qazının Rusiya və Ukrayna üzərindən Avropaya nəqli ehtimalı ilə bağlı olub. Prezident cavabında ilk ehtimalları istisna etməyərək deyib:

“Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq”.

İlham Əliyev həmçinin Rusiya qazının Avropaya nəqlində Azərbaycanın mühüm rol oynaya biləcəyini də bəyan edib. Həm Rusiya, həm Ukrayna, həm də Avropa təsisatlarının Azərbaycana bu barədə konkret təkliflər verdiyini bildirən Prezident bu təşəbbüsu dəstəklədiyini gizlətməyib: “Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır”.

Heydər Oğuz ölkə başçısının bu fikirlərinin gəlişigözəl sözlər olmadığına inanır. Onun fikrincə, adətən diplomatik danışıqlar müsbət nəticə verəndə bütün tərəflərin qüruru nəzərə alınaraq, əvvəlcədən razılaşdırılmış ideyalar spotan hadisə kimi ictimai rəyə sunulur:

“Daha sonra isə öz-özünə yaranan bu fikirlər ictimai rəydə geniş şəkildə müzakirə olunur. Beləcə, ictimai rəy formalaşdırılır və müvafiq addımlar atılır. Fikrimcə, Beynəlxalq Çernobbio Forumunda dünən səsləndirilən fikirlər yaxın gələcəkdə atılacaq addımların strateji yol xəritəsidir. Bu yol xəritəsinə uyğun olaraq moderator əvvəlcədən hazırlanıb ona ötürülən sualları İlham Əliyevə ünvanlayıb, Azərbaycan prezidenti isə beynəlxalq ictimaiyyətə vermək istədiyi mesajları ictimailəşdirib”.

Məlum olduğu kimi, Ukrayna ordusunun Kursk əməliyyatından sonra Rusiya tərəfi rəsmi Kiyevlə danışıqlar dövrünün bitdiyini bildirmişdi. İndi isə tamamilə fərqli ideyalar müzakirəyə çıxarılır. Bəs, İlham Əliyevin bu təşəbbüsünə reaksiyalar necə olacaq? Azərbaycanın vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqları baş tutacaqmı?

Heydər Oğuzun fikrincə, Azərbaycanın vasitəçilik təşəbbüsünün aqibəti Putinin və Ukrayna liderlərinin mövqeyindən asılı olacaq:

“Bilirsiniz ki, bu zamanadək Ukrayna və Rusiya liderləri bir neçə dəfə sülh danışıqları masasına otursalar da, yekun fikrə gələ bilməyiblər. İlk belə təmas Türkiyənin təşəbbüsü ilə 2022-ci ildə, müharibədən bir neçə ay sonra başlamışdı. Tərəflərin yekun fikrə gəlməsinə az qalmış Böyük Britaniyanın ozamankı Baş naziri Boris Conson Kiyevə səfər etmiş və Ukrayna tərəfi danışıqlardan çəkilmişdi. Sonuncu bənzər hadisə Kursk əməliyyatından əvvəl yaşanmışdı. Qətərin təşəbbüsü ilə başlayan atəşkəs görüşmələri Ukraynanın Kurska hücumu ilə yarımçıq kəsildi. Fikrimcə, danışıqların bu şəkildə dalana dirənməsi Putinin maksimalist mövqeyindən və Ukraynanın himayədarları kimi çıxış edən NATO qüvvələrinin isə əllərinə düşən fürsətdən faydalanaraq onu mümkün qədər zəiflədib beynəlxalq imicini tamamilə sıfırlamaq istəyindən qaynaqlanır. Məsələ burasındadır ki, müharibəyə başlayandan qısa müddət sonra düşünülməmiş addım atdığını anlayan Putin bu yanlışdan geri qayıtmaq istəyirdi. Amma əli ətəyindən uzun şəkildə Ukraynadan çıxa da bilməzdi. Çünki bu, onun məğlubiyyəti kimi anlaşılar və siyasi karyerasının bitməsi ilə nəticələnərdi. Odur ki, Rusiyanın qürurunu qorumaq üçün xırda bir dividentə göz dikib. ABŞ və NATO ölkələri isə bu xirda dividenti də ona çox görürlər. Bu yaxınlarda ABŞ Milli Təhlükəsizlik Şurasının sədri Con Kirbinin jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi bəzi fikirlər bunun ən bariz nümunələridir: “Ukraynaya hücum edən ruslardır. Ukrayna bu təcavüzdən müdafiə olunur. Əgər bu, Putinin xoşuna gəlmirsə, Ukraynadan rədd olub, çıxsın”. Kifayət qədər ağır üslubda söylənmiş bu fikirlər ABŞ-ın Rusiyanı son nəfəsinədək sıxışdıraraq geri çəkilməsini təmin etmək istədiyini göstərir. Rusiya buna gedərsə, beynəlxalq arenada tamamilə gözdən düşər və təsir imkanlarını itirər. Putin isə məhz bu rəzaləti nəzərə alıb ABŞ-ın tələblərini qəbul etmək istəmir”.

Putinin son zamanlar İstanbul razılaşmalarına qayıtmağa hazır olduğunu açıqlamasını Rusiyanın hələlik ən böyük güzəşti kimi qiymətləndirən siyasi şərhçi Qərb dövlətlərinin buna qane olacaqlarını sanmır: “Əgər bu təkliflə razılaşsaydılar, 2022-ci ildə danışıqlara mane olmazdılar. Görünən budur ki, Putindən daha ciddi güzəşt tələb olunur. Putinin indiki mərhələdə buna gedəcəyi isə şübhə doğurur”.

Bununla belə, Moskvanın başqa alternativlərinin qalmadığına inanan Heydər Oğuzun fikrincə, əks halda o, gələn ildən etibarən çox ağır tükəndirmə ssenarisi ilə üzləşməli olacaq:

“Rusiyaya qarşı hazırlanan həmin tükəndirmə ssenarisinin iki istiqaməti var: iqtisadi və hərbi istiqamətlər. İqtisadi istiqamət ondan ibarətdir ki, Rusiyanın əsas gəlir qaynağı sayılan neft və qaz ixracatı tamamilə dayandırıla bilər. Zənnimcə, bunu həyata keçirmək üçün Qərb dövlətlərinin əlində kifayət qədər təsir rıçaqları mövcuddur. Bilirsiniz ki, Ukrayna savaşından sonra bütün ümidlərini Şərqə bağlayan Rusiya yeni tərəfdaşlarından da arzuladığı dəstəyi ala bilmədi. O, alternativ qaz kəməri kimi “Sibir gücü-2” layinəsini çəkməyə çalışırdı. Sibirdən Çinə uzanan bu kəmərlər vasitəsilə ildə 110 milyard kub metr həcmində qaz nəql etmək xəyalları qurmuşdu. Son günlərdə isə məlum oldu ki, Çin bu qazı 4 qat ucuz qiymətə almağı planlaşdırır. Üstəlik, Pekin bu həmcdə qazın hamısını yox, bir qismini almaq barədə düşünür. Daha da qorxuncu odur ki, Rusiyanın Avropaya qaz nəql edən sonuncu kəməri olan Yamal boru xətti də bu il tamamilə dayandırılacaq. Nəticədə Rusiyanın ixracat potensialı böyük yara alacaq və şimal qonşumuz qaz-neft ixracatını davam etdirməsə ayaqda qala bilməyəcək.

Digər istiqamət isə NATO dövlətlərinin Ukraynanı daha öldürücü silahla təmin etməsidir. Artıq bu istiqamətdə mühüm addımların atıldığı və Rusiyanın Donbassda irəliləyişinin dayandığı bildirilir. İqtisadi cəhətdən çöküş nöqtəsinə gətirilən Rusiyanın cəbhə xəttində də dalana dirənməsi ölkədə narazılığın getdikcə artması ilə nəticələnə bilər. Bu isə öz növbəsində sosial partlayışlara zəmin hazırlamaq deməkdir”.

Heydər Oğuzun fikrincə, Rusiyanın hərbi, həm də iqtisadi cəhətdən dalana dirənməsi nəticə etibarilə onu arzulamadığı sülh formatı ilə razılaşmasını da şərtləndirə bilər: “Bu baxımdan Azərbaycanın vasitəçilik təşəbbüsünün müsbət effekt verməsi də mümkündür”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 495          Tarix: 7-09-2024, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma