Ekspertə görə, Ali Məclis ləğv olunmalıdır
Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilib və 1995-ci ildən bəri ilk dəfə olaraq Vasif Talıbov olmadan 45 nəfərlik yeni Ali Məclis formalaşıb.
İndi iki əsas sual da var: Ali Məclisə kim rəhbərlik edəcək və nəhayət, Naxçıvanda “ikihakimiyyətliliyə” son qoyulacaqmı?
Növbədənkənar seçkilər 2022-ci ilin 21 dekabrında keçmiş sədr Vasif Talıbovun istefasından sonra yaranmış qeyri-müəyyənlik həllini tapmalıdır. Seçilən yeni tərkib yeni sədr və müavinlərini müəyyən etməlidir. Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilib. Hazırda məclis sədrinin səlahiyyətlərini Anar İbrahimov yerinə yetirir. Maraqlıdır ki, hakim Yeni Azərbaycan Partiyası Ali Məclisə namizədlər irəli sürməmişdi.
Müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 - 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci il iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.
Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.
Qeyd edək ki, Vasif Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.
Bu gün Naxçıvanda “ikihakimiyyətlilik” var. Formal olaraq hakimiyyət muxtar respublikanın idarəetmə orqanlarındadır. Amma orada Bakıdan təyin olunan səlahiyyətli nümayəndə də var. Bu gün səlahiyyət bölgüsü haqda hər hansı bir izahat da yoxdur.
Qeyd edək ki, iki il əvvəl dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bəzi ekspertlərə görə, Ali Məclis strukturu saxlanıbsa, mümkündür ki, onun üzərindən idarəetmə davam edə bilər.
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Naxçıvanda formal olaraq həqiqətən də ikihakimiyyətlilikdir: “Amma əsl həqiqətdə 2 ildir, muxtar respublikaya bir nəfər rəhbərlik edir. O da Prezidentin xüsusi səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir. Konstitusiyaya görə, Naxçıvan MR-də icra hakimiyyətinin başçısı Ali Məclisin sədri və baş nazirdir. Onlar isə Vasif Talıbovun dövründən qalmalardır və səlahiyyətli nümayəndənin bu köhnə qafalılara sözü keçmir. Əsl həqiqətdə isə Naxçıvanda baş nazirdən tutmuş ən müxtəlif dövlət komitələrinə qədər bütün hakimiyyət strukturlarının rəhbərləri dəyişdirilmiş, səlahiyyətli nümayəndəyə yaxın kadrlar vəzifə başına gətirilmişdi. "Köhnə kadrlardan" yalnız Ali Məclisin sədr müavini Anar İbrahimov vəzifəsində saxlanılmışdı ki, o da səlahiyyətli nümayəndə tərəfindən hazırlanan fərman və sərəncamların icrasını yerinə yetirirdi. Bir növ, səlahiyyət sahibindən çox, notarial xidmət vəzifəsini icra edirdi".
Bununla belə, Naxçıvan Muxtar Respublikasındakı formal olaraq fəaliyyət göstərən “ikihakimiyyətli” sistemə son qoymağın vacibliyinə toxunan Heydər Oğuz bildirdi ki, bu da konstitusiya islahatından keçir: “Vasif Talıbovun vaxtında Naxçıvan MR-də idarəetmə sistemi elə formalaşmışdı ki, dünyanın heç bir yerində bunun bənzərinə rast gəlmək mümkün deyildi. Əvvəla, ona görə ki, Ali Məclis həm guya qanunvericilik hakimiyyəti idi, həm də Naxçıvanın icra hakimiyyətinin də başçısı Ali Məclisin sədri idi. Bu da dövlət idarəetməsinin qızıl qanunu sayılan vəzifələrin bölgüsü prinsipinin pozulması anlamına gəlirdi. Çünki müasir dövlətçilik anlayışı yarandığı gündən hakimiyyətlər müxtəlif qollara bölünür və onlar bir-birinin işinə qarışmırlar. Əksinə, bir-birinin işinə nəzarət funksiyasını yerinə yetirirlər. Əgər qanunvericilik orqanının başçısı həm də icra hakimiyyət orqanlarına rəhbərlik edirsə, məntiqlə, bu prinsip pozulurdu. İcra hakimiyyəti özünə sərf edən qanunları Ali Məclisdən keçirər, yenə bütün hakimiyyət bir adamın əlində cəmləşər və nəticədə növbəti "xanlıq" rejimi yaranar".
Heydər Oğuzun fikrincə, Naxçıvanda Vasif Talıbov rejimini yaradan əslində onun şəxsi keyfiyyəti deyildi: “Bəlkə də Vasif Talıbov bir şəxsiyyət olaraq normal adam idi. Amma onun idarəetmə sistemi normal adamı "xan"a çevirmişdi. Üstəlik, nəzərə alsaq ki, Naxçıvanın həm də muxtar hüquqları var, bu da vəziyyəti daha həssas hala gətirir, bu gün olmasa belə, mümkün böhran zamanlarında ona “müstəqil” addımlar atmaq səlahiyyəti verir. Dövlətçiliyin davamlılığı və unitarlığı naminə belə ehtimalların qarşısı qanunən alınmalı, kimlərinsə sui-istifadəsinə imkan yaradılmamalıdır. Bunun yolu isə Naxçıvanda ciddi hüquqi islahatların aparılmasından keçir".
Həmsöhbətimiz qeyd etdi ki, Naxçıvanda konstitusiya islahatlarının iki variantı var: “Ya onun muxtar hüquqları tamamilə ortadan qaldırılmalı və digər rayonlarımız kimi mərkəzi hakimiyyətin bir şaxəsinə çevrilməlidir. Və heç bir rayon icra hakimiyyətləri arasında heç bir imtiyaz fərqi olmamalıdır. Fikrimcə, Prezident özünün xüsusi nümayəndəsini oraya göndərməklə faktiki bu islahatı aparmaq istəyir. Odur ki, mən şəxsən Naxçıvanda Ali Məclisə seçkilərdən çox, ümumrespublika ərazisində keçirilən referendum gözləyirdim. Bu referendum keçirilsəydi, təbii ki, Ali Məclis də tamamilə ləğv olunacaqdı. Amma Ali Məclisə seçkilər keçirildi, bununla da hakimiyyətin Naxçıvanın muxtar hüququnun qorunmasına üstünlük verdiyi ortaya çıxdı”.
E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”
Paylaş: