Xəbər lenti


İranın mərhum prezidenti İbrahim Rəisinin "X" hesabında bir paylaşım diqqəti cəlb edib: "Yaxşılıq edənlər belə mükafatlandırılır". Maraqlıdır, Rəisinin adından paylaşım edənlər bu sözləri ilə nəyi nəzərdə tutur, kimə mesaj ünvanlayırlar?

 

İlk öncə onu qeyd edək ki, sözügedən paylaşımda konkret ad, ünvan bildirilmədiyi üçün İran rəsmilərinin kimə mesaj göndərdiyini təsbit etmək çətindir. Mümkündür ki, bu mesaj İranın daxilindəki qüvvələrə göndərilsin. Çünki helikopter İran ərazisində qəzaya uğrayıb. Onun xarici qüvvələr tərəfindən təxribata məruz qaldığını söyləmək üçün yetərli dəlillər, əsaslar yoxdur. Əksinə, hətta İran rəsmiləri açıqlamalarında faktiki olaraq hadisənin yaşandığı ərazinin əlverişsizliyindən və hava şəraitinin qeyri-münasibliyindən şikayətlənmişdi. Bununla da qəzanın təbiətin  şıltaqlığı səbəbindən baş verdiyi təsəvvürü yaradırlar. Sözsüz ki, bu ehtimal ağlabatandır. İranın on illər boyu ağır sanksiyalara məruz qalması xüsusilə onun aviasiya imkanlarına mənfi təsir göstərib və bu cür qəzalara münbit şərait yaradır.

 

Bununla belə, hadisənin təxribat nəticəsində baş verə biləcəyini də istisna etmək olmaz. Fikrincə, ehtimal olunan təxribat ya xarici, ya da daxili qüvvələr tərəfindən həyata keçirilə bilərdi. Hətta xarici təxribat amilini doğru hesab etsək belə, İranın düşməni olan güc mərkəzləri bunu ölkə daxilindəki uzantıları vasitəsilə törəditmiş ola bilərlər. Xatırladım ki, İranın sabiq prezidenti Əhmədinejat belə, bir neçə il əvvəlki çıxışlarının birində ölkəsinin kəşfiyyat orqanlarında kifayət qədər MOSSAD agenti olduğunu şəxsən etiraf etmiş, hətta ETTALAT-ın İsraildən sorumlu idarəsini buna misal göstərmişdi. Bu etirafın özü İranda təhlükəsizlik probleminin nə qədər qırılğan vəziyyətdə olduğundan xəbər verir.

 

 Helikopter qəzası zamanı bir çox müəmmalı vəziyyətlərin ortaya çıxması da təxribatın daxili qüvvələr tərəfindən törədilməsi ehtimalını gücləndirir. Məlum olduğu kimi, İbrahim Rəisinin helikopteri son səfərinə təkbaşına çıxmamışdı. Onu daha iki helikopter müşayiət edirdi. Məsələ burasındadır ki, həmin iki helikopter mənzilə sağ-salamat çatmışdı. Yalnız bir helikopter qəzaya uğramışdı ki, o da Rəisini və digər dövlət yetkililərini daşıyırdı. Qəzaya uğrayanların saatlarla axtarılmasından  belə anlaşılır ki, mənzilə geri qayıdan helikopterdəkilər bu məşum hadisəni belə görməyiblər. Halbuki onlar ölkə rəhbərinin helikopterini diqqətlə izləməli və yanından ayrılmamalı idilər. 

 

Digər şübhəli məqam helikopterin hava şərtlərinin uçuşa uyğun olmadığı halda, havalanmasıdır. Sanki İran prezidenti və yanındakılar bilə-bilə ölümlə sınağa çəkilmişdilər.

 

Hadisələrin zamanlaması da diqqət çəkicidir. Zira İran prezidentini və yanındakıları daşıyan helikopter regionda çox ciddi dəyişikliklərin baş verdiyi anda qəzaya uğradı. Söhbət təkcə Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti İbrahim Rəisinin iki dövlət arasında uzun zamandan bəri davam edən gərginliyi aradan qaldıraraq birlikdə “Xudafərin” və “Qız qalası” hidroqovşağını açmasından, dolayısıyla aradakı ziddiyyətlərə son qoymaq istəməsindən getmir. Söhbət həm də ondan gedir ki, İbrahim Rəisinin qəzaya uğradığı gün İranla İsrail və ərəb ölkələri arasında da yaxınlaşmaların təməlləri atılırdı. 

 

ABŞ-ın məşhur “Axios” nəşrinin cəmi bir neçə gün əvvəl yaydığı bir məlumata görə, 14 mayda ABŞ və İran rəsmiləri Omanın paytaxtında görüşmüşdülər. Görüşdə ABŞ-dan Ağ Evin Yaxın Şərq siyasəti üzrə ən yüksək səviyyəli rəsmisi Brett Makqurk və İran üzrə xüsusi nümayəndəsi Abram Paley iştirak etmişdi. Tehranı kimin təmsil etməsinin məlum olmadığı görüşün məqsədi İranın yetişdirdiyi və silahlandırdığı proksi qüvvələrinin cilovlamasını təmin etmək imiş. “Axios”-un bu iddiası indiyədək nə ABŞ, nə də İran tərəfindən təkzib olunub. Hətta İran rəsmiləri Oman vasitəsilə ABŞ-la danışıqlar apardıqlarının yeni bir şey olmadığını bildirərək bir növ məlumatı doğrulayıblar. 

 

“Axios”-un məlumatında o da bildirilirdi ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məhz bu məqsədlə İsrailə səfər edəcək və Netanyahu ilə görüşəcəkdi. Həqiqətən də helikopter qəzası baş verən gün həmin səfər reallaşmışdı. İran və İsrail arasında münasibətlərin normalaşması istiqamətində mühüm addımların atıldığı bir zamanda İbrahim Rəisinin helikopterinin qəzaya uğraması, yəqin razılaşarsınız ki, təxribata daha çox bənzəyir. Belə görünür ki, İran daxilində kimlərsə bu yaxınlaşmanı istəmir”.

 

Təxribatın məhz Azərbaycan və İran prezidentlərinin görüşündən sonra törədilməsi də təsadüfi olmaya bilər. Belə ki, Ceyk Sallivan İsrailə səfərdən öncə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüşmüş və rəsmilərin müzakirə etdikləri əsas məsələ regionda sülh quruculuğu ilə bağlı olmuşdu. Məhz bu görüşdən bir gün sonra İran prezidenti İbrahim Rəisi su qovşaqlarının açılışına gəlmiş, Ceyk Sallivan isə İsrailə getmişdi. Regional sülhün təsis olunmasına bir addım qalmış bu hadisənin baş verməsi və hadisədə bir sıra şübhəli məqamların ortaya çıxması olduqca düşündürücüdür.

 

Sual oluna bilər: İbrahim Rəisi İranda kimləri narahat edirdi?

 

İlk baxışdan o, İran dini lideri Xamanei tərəfindən müdafiə olunsa da, aralarında ciddi rəqabət də yox deyildi. Məlum olduğu kimi, Rəisi 2021-ci ildə keçirilən prezident seçkilərində qazandığı mübahisəli qələbə nəticəsində bu posta yiyələnmişdi. Bir çox müşahidəçilər sağlamlığında ciddi probemlər yaşayan dini lider Xamaneinin varisi olması üçün Rəsininin bu vəzifəyə gətirildiyini gizlətmirdilər. Maraqlıdır ki, onun prezident seçilməsindən qısa müddət sonra 2022-ci ildə SEPAH-a bağlılığı şübhə doğurmayan “Rasa” nəşri dini lider Əli Xamaneinin oğlu Müctəbanı “ayətullah” kimi təqdim etmiş və bu da İranda ciddi müzakirələrə yol açmışdı. Əksər analitiklər əslində “höccətül-islam” olan Müctəba Xamaneinin “ayətullah” kimi göstərilməsini birmənalı qarşılamış və bunu dini liderin siyasi varisi olması barədə mesaj kimi qiymətləndirmişdilər. 

 

Sözsüz ki, bu kimi fikirlərin ortaya çıxması əsası vardı. İranda dini liderliyə yüksəlmək üçün ən azı “ayətullah” titulu daşımaq tələb olunur. Bu titulu isə öz savadınla qazana bilməzsən. Mütləq həmin titulu sənə “Ayətullahi-uzma”lar verməlidir. Müctəba Xamaneiyə isə o vaxta qədər ayətullah titulu layiq görülməmişdi. Onun birdən-birə həmin titulla “mükafatlandırılması” həqiqətən də İbrahim Rəisiyə alternativ yaratmaq cəhdi təsiri bağışlayırdı.

 

Həm helikopter qəzasında, həm də Müctəba Xamaneinin ayətullah kimi təqdim olunmasında SEPAH-ın adının hallandırılması səbəbsiz deyil. Ölkənin Yaxın Şərq siyasətinin dəyişdirilməsinə ən çox qarşı çıxan əsas qüvvə məhz SEPAH-dir. Bunun da başlıca səbəbi İranda aparılacaq islahatlardan ən çox zərər çəkən tərəfin SEPAH olması ehtimalı ilə bağlıdır. Çünki SEPAH İranın dövlət ordusu deyil, ona alternativ silahlı qüvvə kimi tanınır. Ölkənin əsas iqtisadi, siyasi, hərbi imkanları SEPAH-ın əlində cəmləşir. Yaxın Şərqdə aparılan əməliyyatlar isə onun əsas korrupsiya yolu ilə pul qazanmaq mənbəyi hesab olunur. Sözsüz ki, İran bu siyasətdən vaz keçərsə, SEPAH əvvəlki kimi qazanmayacaq və real hakimiyyət rəsmi qurumların əlinə keçəcəkdi. Məhz bu səbəbdən birbaşa dini hakimiyyətə bağlı olan SEPAH İrandakı ənənəvi düzənin dəyişdirilməsində maraqlı deyil, dini liderin də özləri tərəfindən seçilməsini və dolayısıyla özlərindən asılı vəziyyətə salınmasını istəyirlər. İbrahim Rəisi isə daha çox İranın hüquq sistemində yetişmiş birisi idi. Baxmayaraq ki, onun da dini hakimiyyətə ciddi bağlılığı vardı. Bununla belə, onun Müctəba Xamanei qədər SEPAH-ın təsiri altında qalmama ehtimalı istisna edilmirdi. İddialara görə, bu səbəbdən SEPAH Xamaneinin oğlunun hakimiyyətə gətirilməsinə daha çox üstünlük verirdi.

 

Əslində İbrahim Rəisinin yerinə təkcə Müctəbanın iddia etdiyini düşünmək də yanlışdır. O posta göz dikənlər arasında İranın indiki parlament sədri Qalibaf, ölkə hakimiyyətinin bir çox qanadlarında mühüm postlar tutmuş Larincani ailəsi və s. kimi çoxsaylı iddialılar da vardı. Qısası, Rəisinin prezidentliyi çoxlarını işinə gəlmirdi. Bu baxımdan, İbrahim Rəisinin "X" hesabındakı paylaşımının daxili auditoriya üçün nəzərdə tutulduğu daha inandırıcıdır. Hər halda İranın mərhum prezidenti yaxşılığı da, pisliyi də xaricilərə yox, daxildəki qüvvələrə edə bilərdi.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 013          Tarix: 21-05-2024, 00:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma