
Azərbaycan kinematoqrafiyasının istehsalı olan “Bəxtiyar” filmində məşhur bir epizod var. Mədəniyyət Nazirliyindən neft buruqlarına gələn komissiyanı yola vermək üçün şirkət rəhbərliyi bir konrtabas çalğıçısı ilə danışır. Kontrabasçı komissiyanın qarşısına çıxıb öz məharətini ifa edəcək və özünün bu neft buruğunda işlədiyini bildirəcəkdi. Beləcə, “zəhməti” qarşılığında “qonorar” alacaqdı.
Kontrabasda ifasını bitirəndən sonra musiqiçi komissiya üzvlərinin suallarına cavab verə bilmədiyi üçün onun “zəhmət” haqqının ödənilməsində də problem yaranır. Bu haqsızlığa etiraz edən kontrabasçı çığırmağa başlayır: “Pulumu verin!”
Bir zamanlar ssenaristlərin xəyali tapıntıları olan bu epizod artıq Naxçıvanda çin çıxıb. Naxçıvan Dövlət Filarmoniyasının musiqiçilərinin məharətindən müxtəlif tədbirlərdə sui-istifadə edən “canişin” hakimiyyəti onların qonorarları vermir.
Ovqat.com-a müraciət edən Naxçıvan musiqiçilərinin iddiasına görə, onlar 7 ay ərzində 9 konsert veriblər. Hətta son konsertləri Novruz bayramına düşdüyündən bir neçə gün yağışın altında musiqi parçalarını ifa etməli olublar. Amma bütün əziyyətlərinə baxmayaraq, onların adına yazılan qonorarlar, mükafatlar verilmir. Haqlarını ala bilməyən musiqiçilər neçə aydın idarələrində “pulumu verin” aksiyası keçirirlər. Amma onların səsini eşidən yoxdur.
Şikayətçilər onların halal qonorarının Naxçıvan Mədəniyyət naziri əvəzi Həsən Seyidov və nazirliyinin aparat rəhbəri Vəli Səfərov tərəfindən həzmi-rabedən keçirildiyinə inanırlar.
Musiqiçilərin bildirdiyinə görə, belə davam etsə, onlar Naxçıvan MR Ali Məclisinin qarşısında “Pulumuzu verin” aksiyasını davam etdirəcəklər.
Paylaş: