“Paris narahat olmasın, Azərbaycan dənizaşırı ölkə deyil və onun Yeni Kaledoniya, yaxud Fransız Polineziyası, Uollis, Futuna və Solomon adaları kimi ərazilərdə gözü yoxdur. Odur ki, Paris müstəmləkələrində müstəqillik mübarizəsi aparan xalqların qızışdırılmasında əsl rəqabətdə olduğu dövlətlərdən və özünün yanlış xarici siyasətindən şübhələnsin” - siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.
Fransanın daxili işlər naziri Gerald Darmaninin Azərbaycanı ölkəsinin Hind-Sakit okeandakı muxtar bölgəsi Yeni Kaledoniyada müstəqillik tərəfdarlarını dəstəkləməkdə ittiham etməsini absurd adlandıran Heydər Oğuzun fikrincə, fransız nazir öz dediyinə özü də inanmayıb:
“Onun “France-2” dövlət televiziya kanalının canlı yayımda səsləndirdiyi fikirlərini əsaslandırmaq üçün dediyi sözlər də bunu təsdiqləyir. Nazir deyib ki, dilə gətirdiyi iddialar “xəyal deyil, reallıqdır. Yeni Kaledoniyada müstəqillik uğrunda mübarizə aparanların bəzilərinin Azərbaycanla razılaşmasına təəssüflənirəm”. Adam rəsmən özü də etiraf edir ki, Azərbaycanın Yeni Kaledoniyadakı müstəqillik aksiyalarını dəstəkləməsi boş xəyaldan başqa bir şeyə oxşamır. Bununla belə, öz absurd fikirlərini səsləndirməkdən çəkinmir”.
Siyasi şərhçi Fransanın Azərbaycandan şübhələnməsinin səbəbləri üzərində dayanarkən bunu bir sıra amillərlə əlaqələndirib:
“Bu amillərdən biri Azərbaycanın Fransaya verdiyi adekvat cavabla bağlıdır. Məlum olduğu kimi, Fransa Senatı dəfələrlə Qarabağdakı erməni separatçılarını dəstəkləyən və rəsmi Bakının öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsini pisləyən qətnamələr qəbul edib. Hətta 2020-ci ildə Qarabağın müstəqilliyini tanıyıb və hökuməti bu barədə qərar qəbul etməyə çağırıb. Sözsüz ki, Azərbaycan dövləti bu fransız təxribatına cavabsız qala bilməzdi. Rəsmi Bakı Parisi dəfələrlə bu təxribatlardan əl çəkməyə çağırsa da, heç bir faydasının olmadığını görüb onun da “yumşaq qarnı” olduğunu Parisin yadına salıb. Bunun üçün də bu ilin aprel ayında Azərbaycan Milli Məclisi Yeni Kaledoniya Konqresi ilə Əməkdaşlıq haqqında Memorandumu imzalanıb. İmzalanma mərasimində spiker Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir və əməkdaşlığımızın çərçivəsini müəyyən edəcək. Sənəddə həmçinin Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə olunub”.
Heydər Oğuzun fikrincə, burada qeyri-qanuni hansısa təşəbbüs yoxdur: “Azərbaycan Milli Məclisi bu addımı atarkən Fransa Senatı kimi nə Yeni Kaledoniyanın müstəqilliyini tanıyıb, nə də BMT strukturlarına və yaxud Azərbaycan hökumətinə bu barədə tövsiyələrdə bulunub. Fransa konstitusiyasına görə, Yeni Kaledoniya xüsusi səlahiyyətləri, özünəməxsus hüquqları olan muxtar dövlətdir. Qarabağdan fərqli olaraq onun Fransanın özü tərəfindən də qəbul olunmuş bayrağı, pul vahidi, dövlət strukturları var. Və bizim memorandum imzaladığımız qurum da onun rəsmi orqanlarındandır. Üstəlik, memorandumda sırf dostluq münasibətlərini inkişaf etdirmək kimi müsbət tezislər öz əksini tapıb. Bəyəm biz Yeni Kaledoniyaya müharibə elan etmişik ki, Fransa bu qədər narahat olur? Dostluq münasibətlərinin genişləndirilməsi nə zamandan qəbahət hesab olunur? Yeni Kalendoniyanın kiminləsə dostluq münasibəti qurmağa hüququ yoxdursa, onda hansı muxtar hüquqlardan söhbət gedir? Əsl qəbahət odur ki, sən Fransa kimi başqasının ərazisini müstəqil dövlət kimi tanıyasan və region xalqlarını qanlı savaşlara sürükləməyə çalışasan”.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi müstəmləkəçiliyə qarşı çoxsaylı tədbirlər keçirdiyini xatırladan Heydər Oğuzun fikrincə, Parisin kürkünə birə salan amillərdən biri də bu ola bilər: “Bilirsiniz ki, ötən il Bakıda keçirilən beynəlxalq dekolonizasiya tədbirlərində Azərbaycan prezidenti Fransanın ünvanına haqlı iradlar səsləndirmiş və onu bu siyasətə son qoymağa çağırmışdı. Demişdi ki, Fransa hökumətini Yeni Kaledoniya və dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıram.
İlham Əliyevin bu sözləri dünya mediasının manşetlərini bəzəmişdi: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”. Həqiqətən də İlham Əliyevin bu çıxışı Yeni Kaledoniyada ciddi əks-səda doğurmuşdu. Etiraz aksiyalarında iştirak edənlər öz bayraqları ilə yanaşı Azərbaycan bayrağını da dalğalandırmış, hətta onu tribunaya sancmışdılar. Görünür, Fransanı ən çox narahat edən faktlardan biri də budur”.
Azərbaycan prezidentinin Qoşulmama Hərəkatının sədri kimi, müstəmləkəçilikdən əziyyət çəkən xalqların dərdini dilə gətirməsini onun vəzifə borcu və hüququ olduğunu bildirən həmsöhbətimiz Parisə başqa gözdə qıl axtarmaqdansa öz gözündə tiri görməyi məsləhət bilib:
“Adama deyərlər, sən indiyədək müstəmləkələrinə niyə azadlıq vermirsən ki, onlar hansısa dövlət liderinin sözlərindən təsirlənib onun bayrağını göylərə qaldırsın? Əgər Yeni Kaledoniya xalqı Fransanın həqiqətən tam hüquqlu vətəndaşlarıdırsa, Azərbaycanın liderinin bir sözünün onları vəcdə gətirməsi faktına görə Paris ölüb yerə girməli, kimisə öz daxili işlərinə müdaxilə etməkdə günahlandırmamalıdır. Ən əsası isə Qoşulmama Hərəkatına sədrlik edən İlham Əliyev öz üzərinə düşən vəzifəni yerinə yetirib. O, nə deməli idi ki? Deməli idi ki, Fransa düz edib XXI əsrdə müstəmləkəçilik siyasəti yürüdür? Fransanın bu kimi problemləri dilə gətirmək üçün yaradılan Qoşulmama Hərəkatına etirazı varsa, iradlarını bizə yox, bu quruma üzv olan 120 dövlətə bildirməlidir”.
Fransanın II Dünya Müharibəsindən sonra formalaşan dünya düzənində haqsız şəkildə qazandığı mövqeyindən sui-istifadə etdiyinə inanan Heydər Oğuz Parisi Londondan ibrət dərsi almağa çağırıb: “Məlumdur ki, indiki dünya düzəni II Dünya Müharibəsinin nəticələri hesabına formalaşıb. Bu savaşın qalibi olan dövlətlər BMT-ni qurub və özlərini həmin qurumun Təhlükəsizlik Şurasına üzv edərək dünyanın idarə olunmasında müstəsna haqqa yiyələniblər. BMT TŞ-da üzvlüyü mənəvi baxımdan haqq etməyən bir ölkə vardırsa, o da Fransadır. Fakt budur ki, Fransa II Dünya Müharibəsində cəmi 43 gün ərzində Almaniyanın işğalına məruz qalmışdı. Fransa liderləri qaçıb Böyük Britaniyaya sığınmışdılar. Hətta iddialara görə, Almaniya ilə müttəfiq dövlətləri arasında kapitulyasiya aktı bağlananda Fransa nümayəndəsini də masa arxasında görən alman generaloberst Alfred Jodl özünü saxlaya bilməyib demişdi: “Nə?! Allahınız olsun, bəyəm biz müharibəni Fransaya da uduzmuşuq?”. Alman generalının təəccübü yersiz deyildi. Fikrimcə, Qərb dövlətləri Rusiya və Çin qarşısında üstünlük əldə etmək üçün Fransanı bu qaliblər sırasına qoşmuşdular. Di gəl ki, Böyük Britaniya kimi ərazilərində günəş batmayan imperiya adı qazanmış qalib dövlətlərdən biri II Dünya Müharibəsindən sonra öz müstəmləkələrinə azadlıq bəxş etdiyi halda Fransa hələ də müstəmləkələrini qorumağa çalışır. Onun Afrikada, Hind və Sakit okeanında milli azadlıq hərəkatları ilə qarşılaşması da məhz boyuna uyğun gəlməyən bu iddialarından, xarici siyasətindən qaynaqlanır”.
Siyasi şərhçi Fransanın məhz müstəmləkə siyasəti hesabına dünyanın ikinci ən böyük dəniz hegemoniyasına sahib olduğunu xatırladaraq deyib: “Bilirsiniz ki, bugünkü dünya ağalığı dənizlər üzərində hegemoniyaya söykənir. Dünya ticarətinin 90%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Deməli, kim daha çox dənizlərə malikdirsə, dünya ticarətinə bir o qədər nəzarət edir. Dəniz hegemoniyasını isə 1982-ci ildə imzalanmış Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyası tənzimləyir. Bu konvensiyaya görə, dövlətlərin su və külək enerjisi də daxil olmaqla dəniz ehtiyatlarının kəşfiyyatı və istifadəsində xüsusi hüquqlara malik olduğu su əraziləri var. Bu ərazilər dövlətlərin sahil kənarından dənizin ortasına 200 dəniz mili (370 km) qədər uzanır. Beynəlxalq hüquqda buna dövlətlərin eksklüziv iqtisadi zonası deyilir. Dünyanın ən böyük eksklüziv iqtisadi zonası ABŞ-a aiddir. Qərbdən Anlantik, şərqdən Sakit və Hind Okeanının sahillərindəki əraziləri hesabına 11.351.000 kvadrat km-lik eksklüziv iqtisadi zonaya malik olan ABŞ-ı Fransa izləyir. Cənubda Aralıq dənizi, şimalda Manş boğazı və Şimal dənizi, Atlantik okeanı sahillərində yerləşən qitə Fransasının eksklüziv iqtisadi zonası 11.035.000 kvadrat kim.-dir. Yəni hardasa ABŞ-a yaxın bir dəniz hegemoniyasına malikdir. Amma dərd burasındadır ki, Fransanın bu dəniz hegemoniyasının 90 faizi xaricdəki əraziləri hesabınadır. Yəni Fransa Hind, Sakit və Atlantik okeanında xırda adaları ilhaq edərək öz eksklüziv iqtisadi zonasını xeyli böyüdüb. Həmin adaları saxlamaq üçün isə onun vəsaiti çatışmır, bu da nəticə etibarilə müstəmləkəyə çevrilmiş adalarda iqtisadi böhrana yol açır. Nəzərə alsaq ki, Fransanın bu adaları Çin, Avstraliya, ABŞ kimi dənizaşırı dövlətlərlə sərhədlərdə yerləşir, həmin müstəmləkələrdə baş verən iğtişaşlarda sözügedən güclərin xüsusi rol oynaması da istisna deyil. Amma bunun dənizlərə çıxışı olmayan Azərbaycana nə dəxli var?”.
Konkret olaraq Yeni Kaledoniyaya gəlincə, bu adalar qrupundan bəzilərinin Avstraliyanın tam böyründə yerləşdiyinə diqqət çəkən həm söhbətimiz xatırlatdı ki, Avstraliya dünyada ən böyük eksklüziv iqtisadi zonası olan üçüncü dövlətdir:
“Yəni Fransadan sonra o gəlir. 8.505.348 kvadrat km-lik eksklüziv iqtisadi zonaya malik Avstraliya ilə Yeni Kaledoniyanın dəniz sərhədləri az qala bir-birinin içərisinə girir. Nəzərə alsaq ki, Avstraliya həm də ABŞ və Böyük Britaniya ilə AUKUS adlı blok yaradıb və blokun əsas məqsədi Çini Hind və Sakit okeanında sıxışdırmaqdır, Yeni Kaledoniyadakı gərginlikdə kimlərin daha çox maraqları olduğu su üzünə çıxır. Onu da unutmayaq ki, Fransa tez-tez ABŞ hegemoniyasına qarşı meydan oxuyur və Avropanın siyasi müstəqilliyindən dəm vurur. Bir növ dünya ağalığında Böyük Britaniya və ABŞ-la yarışa girməyə çalışır. Halbuki onun buna nə iqtisadi, nə də hərbi imkanları çatır. Bunu Beynəlxalq Valyuta Fondunun 2023-cü ilə aid hesabatları da təsdiqləyir. Bu hesabata görə, Fransa nominal ümumi daxili məhsula görə dünyada 9-cı yerdədir (4 trilyon dollar).
Çin bu göstəricilərə görə, dünya birincisi (33 trilyon dollar), ABŞ 2-ci (27 milyard dollar), Böyük Britaniya isə 10-cu yeri (təxminən, 4 trilyon dollar) tutur. AUKUS ittifaqında yer alan Avstraliyanı da hesaba qatsaq, onun ümumdaxili məhsulu 1.7 trilyon dollardan çoxdur. Qısası, AUKUS-la Çin təxminən bərabər iqtisadi imkanlara malikdirlər, bu da onların dəniz hegemoniyasında rəqabətini gücləndirir və digər daha zəif ölkələrin sıxışdırılmasına yol açır. Bir sözlə, başını başlara qatmaq istəyən Fransa bu rəqabətdə ağır zərbələrə məruz qalır, günahı isə əsl rəqiblərində deyil, okeanlara və isti dənizlərə çıxışı olmayan Azərbaycanda axtarır. Görünür, onun əsl səbəbkarlara söz deməyə qüdrəti çatmadığından, sözünü dolayı yolla ünvanlamağa çalışır”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: