Xəbər lenti


Elçin Qurbanov 

Bəzi kiçik siyasi spikulyasiyalar görə geniş Qərb anlayışı və ABŞ barədə daş-qalaq ritorikasını doğru hesab etmək olmaz. Qərb Makrondan ibarət deyil. Bunun üçün Böyük Britaniyanın Azərbaycanla bağlı obyektiv mövqeyini xatırlamaq yetərlidir. Azərbaycanla Ermənistanın birbaşa dialoq platformasını dəstəkləyən, Azərbaycanla müttəfiqliyə, Azərbaycanın təhlükəsizliyinə sadiqliyi önə çəkərək, "Azərbaycanın haqlı mövqeyinin yanındayıq, Azərbaycana qarşı revanş planlarını quranlar qarşılarında Birləşmiş Krallığı görəcəklər" ifadələrini işlədən Krallığın dövlət naziri elə rəsmi Londonun sözünü ifadə etmişdi. 

 

Obyektivlik naminə qeyd etməliyəm ki, 29 il BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş  ərazilərindən Erməni silahlı qüvvələrinin çıxarılması barədə qətnaməsinin icrasına mane olan dövlət Rusiya idi, Qərb deyildi. Qərb çox uzaqda idi. Ermənistan Rusiyanın dominyonu kimi yıxıldığı qucağa bərk sığınmışdı. Bu illər ərzində Rusiya Qarabağ problemini Cənubi Qafqazda özünün müstəmləkə siyasətinin aləti kimi istifadə etdi. Bu gün də öz mövqeyindən əl çəkə bilmir. Ən yaxın tarixə nəzər salsanız görərsiniz ki, Ermənistan beynəlxalq siyasəti  işğala başladığı gündən uduzub. Bunu bütün dünya öncədən bilirdi. Böyük layihələrin qarşısında separatçı rejim və Ermənistan adlı ünsür dayana bilməzdi. Zəngəzur dəhlizi də həmin layihənin əsas hissələrindən biridir.

 

İlk baxışdan qonşumuz İranın sədaqət nümunəsi kimi görünən Cəbrayıl və Zəngilan rayonlarının inzibati ərazisində yerləşən 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər “Xudafərin” su anbarı eyni adlı   Su Elektrik Stansiyası ilə birlikdə Ermənistan Respublikasının nəzarəti altında olarkən layihənin Ermənistanla razılaşdırılmamasıdır. Bunun səbəbi qonşumuzun bizə isti münasibəti yox, ümummilli lider Heydər Əliyevin qətiyyətli iradəsi idi. İran bizi az məyus etməyib. 2024-cü il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə“Xudafərin” hidroqovşağının açılış mərasiminin keçirilməsi tarixi hadisə idi. Əvvəlcə qələbəmizi həzm edə bilməyən, tez-tələsik Qafanda konsulluq açan , sonra isə Zəngəzur dəhlizini qırmızı xətt adlandıran İran İslam Respublikasının rəhbərliyi reallıqlarla barışmağa məcbur idi. Şübhəsiz ki, görüş sonrası İran rəsmilərinin İran ərazisində vertolyot qəzası nəticəsində faciəli ölümü çoxlarımızda dərin təəssüf  hissi yaratdı. Çünki biz qonşularımıza həmişə qayğı ilə yanaşırıq. Əlbəttə, həm eyni dinin mənsubları, həm də yaxın qonşumuz kimi İranla bütün münasibətlərin sülh və dostluq şəraitində  olması siyasi maraqlarımıza və Azərbaycan qanunlarına uyğundur. Amma siyasət yalnız ritorikadan ibarət deyil. Söz oyunu ilə konkret faktlar tamamilə fərqli nəticələr ortaya qoyur. Çox təəssüf ki, dünya dövlətləri qruplaşır, siyasi qütbləşmələr baş verir. Bəzən fiqurlar yerini dəyişir.

 

Rusiyanın da, İranın da cənubi Qafqazda siyasətini dəyişməsi barədə səsləndirilən fikirlər isə Nikomaks fəlsəfəsinin təqdim etdiyi şəraitdən doğan zərurət kimidir. Bunu Azərbaycan ictimaiyyətinə şokalad qutusu kimi təqdim etməyə ehtiyac görümürəm. Tarix eyni şəraitdə subyektlərin yerdəyişmə vəziyyətini qarşı-qarşıya qoyub. Həqiqi siyasi mənzərə 1-ci Dünya Müharibəsindən sonra Cənubi Qafqazda güzəşt olunan SSRİ (daha doğrusu Rusiya) və bu gün dünya tərəfindən təkləndiyinə görə güzəştə gedən Rusiyanı əks etdirir. Bu, siyasi şəraitdən doğan zərurətdir. Yəqin ki,  Azərbaycanın erməni separatçı rejiminə qarşı  44-günlük vətən müharibəsinin  mütləq qələbəsinə mane olaraq mandatsız sülhməramlı missiyasını həyata keçirən, Xankəndində ermənilərə vətəndaşlıq pasportu paylayan Rusiyanı xatırlamamış deyilsiniz.

 

 Əlbəttə, Rusiyanın mandatsız sülhməramlı missiyanı həyata keçirməsi heç bir hüquq qaydalarına uyğun deyildi. Rusiyanın Ermənistanda hərbi bazası olduğu halda problemin sülh yolu ilə nizama salınması üçün sülhməramlı missiyanı yerinə yetirmək haqqı tanına bilməzdi. Heç bir halda münaqişə tərəflərindən biri ilə hərbi-siyasi bağlılığı olan tərəf sülhməramlı missiyanı yerinə yetirə bilməz. Təəssüf ki, bu barədə bu günə qədər heç kəsdən açıqlama eşitmədim. Bu, sadəcə hegemonluq nümayişi idi. 

 

Mən ölkə prezidentinin bütün siyasi gedişlərini diqqətlə izləyirdim. Prezident İlham Əliyevin çox böyük təmkinlə, səbirlə və anında verdiyi qərarlarını təqdir etməmək mümkün deyil. Şübhəsiz ki, Qarabağ probelminin həlli üçün ümummilli lider Heydər Əliyev tərəfindən beynəlxalq siyasi uğurların özülləri qoyulmuşdu, yüksək templə inkişaf edən ordu quruculuğu həyata keçirilirdi. Bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Lakin həmin illərdə problemin həlli üçün tarixi-siyasi şərait yetişməmişdi.Yəni tarixi əhəmiyyəti olan siyasi hadisələr üçün şərait yaranmamışdı. 

 

Zəngəzur dəhlizinin açılmasına isə mane olan Rus ordusunun bu gün Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədlərində saxlanılması barədə razılaşma  da çox mətləbləri aşkar edir. Biz Rusiya ilə çox yaxın dostluq münasibətlərinin olmasını, iqtisadi əlaqələrin daha da   inkişaf etdirilməsini istəyirik. Lakin müstəqil dövlət olaraq Azərbaycanın maraqları çərçivəsində.

 

Paşinyan iqtidarına gəlincə, onun obyektivliyinə, real siyasi baxışlarına düzgün qiymət verməyin tərəfdarıyam. O, mümkün olanı edir. Revanişizm onun siyasi dəsti xətti deyil. Revanş nəzəri və təcrübi cəhətdən mümkün deyil. Rəsmi Yerevan Şuşa bəyənnaməsinin siyasi mahiyyətini yaxşı bilir. Revanşın nə ilə nəticələnəcəyini də yaxşı anlayır. Heç bir hərbi dəstək Ermənistanı xilas edə bilməz.  

 

Ermənistanda 3 siyasi qütb mövcuddur: 

Biri, “Böyük Ermənistan” ideyasından əl çəkmək istəməyən  Daşnaqsütyun ünsürləri, hansı ki, Qazağın 4 kəndinin boşaldılmasına qarşı hərəkatı idarə edir; 

2-ci, Rusiya yönlü ( 5-ci kolon) siyasiləşmiş kütlə; 

3-cü özünü demokratik düşərgədə görən Qərb təfəkkürlü iqtidar tərəfdarları. 

 

Daşnaqsütun siyasətinə etibar etməyən Rusiya bəzi hallarda onların hərəkatından Paşinyana siyasi təzyiq vasitəsi kimi də istifadə edir. Ermənistanda parçalanmış siyasi güclər birləşməsə Paşinyan iqtidarının devrilməsi mümkün deyil. Bunu Paşinyan yaxşı bilir. 

 

O ki qaldı ABŞ –nın mövqeyinə, ABŞ Ermənistanı heç də siyasi müttəfiq kimi görmür. Heç ona etibar da etmir. İki cəbhəyə işləyən Ermənistanın mövqesizliyi dünya üçün bağlı sandıq deyil. Ermənistan o dövlətdir ki, Qərbin və ABŞ-ın Ukraynada həyata keçirdiyi siyasətin tam ziddinə addımlar atdığına dair dəfələrlə ABŞ-dan xəbərdarlıqlar da alıb. Ermənistan şirkətləri ABŞ-dan və Almaniyadan idxal edilən mikroçiplərin, Rusiyaya ixracına görə  sanksiyalara məruz qoyulub, hansı ki, hava hücumu sistemlərində yüksək dəqiqliyə malik silahların istehsalı üçün istifadə olunur. Buna baxmayaraq ABŞ və Qərb ona qarşı izafi dərəcədə yumşaq münasibət sərgiləyir. Onlar Cənubi Qafqazda öz məqsədlərinə çatmaq üçün Paşinyandan daha etibarlı alternativ siyasi fiqur tapa bilməyiblər.

 

Azərbaycana gəlincə isə, ölkə başçısı həqiqətən də çox nəhəng siyasi uğurlara imza atıb. O, siyasi mövqeyini ümumiləşmiş formada deyil, konkret subyektlərə, faktlarla əsaslanaraq sərbəst şəkildə ifadə edir. O, bütövlükdə Qərbi və ABŞ-nı düşmən hesab etmir. Hesab edirəm ki, siyasi reallıqlara uyğun etika çərçivəsində Azərbaycana barmaq uzadanlara lazımınca həddini göstərir. Beynəlxalq siyasi arenada öz siyasi nüfuzu ilə dövlətlərarası münasibətlərin yaxşı mənada dəyişməsinə təsir göstərir. Onunla hesablaşırlar. Dünyanın diqqətini beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycana yönəldilməsi ölkə prezidentinin beynəlxalq siyasi nüfuzunun nəticəsidir. Lakin bizim durduğumuz nöqtə ilə ölkə başçısı Cənab İlham Əliyevin dayandığı yer fərqlidir. O, ölkə Prezidenti kimi danışmalıdır, belə də edir. Biz isə onun ifadə etmədiyi, lakin düzgün ictimai fikirin yaranması naminə ifadə edilməsi zəruri olan məsələləri müzakirə edə bilərik. Prezident nə etdiyini , nə etməli olduğunu çox yaxşı bilir.  Onun kənardan etüd göstərən siflyorlara ehtiyacı yoxdur.

 





Ana səhifəyə qayıt        Baxış: 5 289          Tarix: 21-05-2024, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma