Xəbər lenti

8.Əvvəli “Ovqat.com” saytınıın 16-19- 26. 04.2021; 03. - 11.-17.-24. 05.2021 və 01. 06. 2021 tarixli saylarında
 
Ərsən bir neçə dəfə yoldaş Əhmədzadənin sözünü kəsib cavab vermək istədisə də imkan olmadı. Əhmədzadə özündən çıxmış, gah “sənlə”, gah “sizlə” danışır, qışqırır, bağırırdı. Ağzı köpüklənmişdi, əlləri əsirdi.
-Bilmirsən. Bilsəydin belə hərki-mərki felyeton yazmazdın. Bu gündən səni Kirov sovxozuna təhkim eləyirəm. Gül kimi təzə maşın vermişəm sənə. Ona görə verməmişəm ki, evə gedib-gələsən. Bəsdi daha. Sabahdan rayonun xeyri üçün işləməlidir. Hər gün səhər saat yeddidə raykomun qabağında pitiminutkada olmalısan. Ordansa bir baş təsərrüfata. Bundan sonra yazılarını təsərrüfatda yazarsan. Qəzet sənsiz də ötüşər, necə ki ötüşürdü. Əli kişi elə qabil yazandı. Təsərrüfatların ağrısını da bilir, acısını da, şirinini də. Mənə çöldə iş lazımdır, kabinetdə yox. Gedə bilərsən.
Ərsən ayaq saxlayıb etiraz eləmək istədisə də Əhmədzadə ona qulaq asmayıb daxili danışıq aparatının düyməsini basıb kənd təsərrüfatı şöbəsinin müdirinə dedi:
– Kirov sovxozuna redaktor Əsədovu yazın. Sabahdan sovxozun bütün işlərinə o cavab verəcəkdir.
Sabahı səhər saat yeddiyə beş dəqiqə qalmış raykomun qabağında hamı yığılmışdı. Raykomun birinci katibi Əhmədzadə damağında siqaret tüsdülədir, hamını bir-bir nəzərdən keçirirdi. Raykomun ikinci katibi Nəsirov, göz qapaqlarını birtəhər açıb özünü yetirmişdi. Deyəsən heç üzünü də yumamışdı, qalstuku da əyilmişdi. Üçüncü katib Səfərova büzüşüb durmuşdu, dünəndən vurduğu pudra-kraskanın yeri hələ də bilinirdi. RİK-in sədri Həsənzadə əlləri ilə saçını tumarlayır, yerində vurnuxur, hərdən üçüncü katibə yaxınlaşıb astadan nəsə deyir və gülüşürdülər. Sonra prokuror Ələkbərov dayanmışdı,  özünü yanında qurudaraq şax tutmuş milis rəisi Səfərov ilə son vaxtlar artan cinayət hadisələrindən danışırdı. Sol tərəfdən Əhmədzadənin yanında nəzarət komitəsinin sədri Hüseynov yekə qarnını qabağa verib axşamki futbolun nəticələrini müzakirə edirdi. Onun yanında aqrar sənaye birliyinin sədri Şəfiyev durmuşdu, qoltuğunda statistikanın cədvəlləri! Bu adam katibin sağ əliydi, lap yaxın adamı idi, bu vəzifəyə də özü gətirmişdi. Şəfiyevin yanında komsomol Məmməd durmuşdu, hamıdan çox qayğılı görsənirdi. Yeddiyə bir dəqiqə qalmış qəzetin redaktoru Ərsən Əsədov gəldi. Əhmədzadə onu diqqətlə süzüb:
– Vovremya gəlirsən, yoldaş redaktor, – dedi. – Bir az tez gəlmək lazımdır.
Əhmədzadə gözlərini dolandırıb hər kəsi ayrı-ayrılıqda diqqətlə nəzərdən keçirdi.
– Deməli, belədi yoldaşlar! Bəri başdan deyim ki, bu gündən yoldaşlarımızın biri də artıb. Redaktor bu gündən Kirov sovxozunun təhkimçisidir. Şəfiyev təhkimçilikdən azad olunub ümumi rəhbərliyə keçirilir. Onu redaktor əvəz edəcəkdir. Şəfiyev isə mənim – ümumi təhkimçinin müavini vəzifəsini icra edəcək. Hamı burdan bir başa gedir fermalara. Malların təmiz saxlanılmasına və yemlənməsinə xüsusi fikir vermək lazımdır. Yemlər mütləq kormasexdə üyüdülməli, qüvvəli yemlərlə qarışdırılaraq mallara verilməlidir. Süd inəyin ağzındadır. Yaxşı yemlənsə, yaxşı da süd verəcəkdir. Özüm də nəzarət edəcəyəm, kimin təsərrüfatında rast gəlsəm yem doğranmamış, üyüdülməmiş mallara verilir, təhkimçi partiyaya cavab verəcəkdir. Səkkizdə sağım qurtarmalıdır. Camaat hamı səhər saat səkkizdə iş başında, sahələrdə olmalıdır. Vaxtı elə bölüşdürmək lazımdır ki, bütün sahələrdə olub işin gedişinə nəzarət edəsiniz. Axşam saat doqquzda raykomda yığışıb təhkimçilərin hesabatını dinləyəcəyik. Mənə direktorlar, sədrlər lazım deyil. Onları işdən ayırmayın, qoyun öz işlərini görsünlər. Dağılışa bilərsiniz.
Raykomun ikinci katibi Nəsirov, RİK-in sədri Həsənzadə başlarını aşağı salıb maşınlarına yaxınlaşdılar. Həsirov da, Həsənzadə də bərk tutulmuşdular. Digər təhkimçilər də maşınlara minib təsərrüfatlara sarı istiqamət aldılar.
Rayon Aqrar Sənaye Birliyinin sədri Şəfiyev ləng tərpənib hamı dağıldıqdan sonra Əhmədzadəyə yaxınlaşdı. Son vaxtlar həmişə Əhmədzadə təhkimçiləri yola salanda Şəfiyevi ləngidər, hamı dağılışdıqdan sonra birlikdə raykomun qonaq otağında onlar üçün hazırlanmış səhər yeməyinə gedirdilər. Bu, raykomun ikinci katibi Nəsirova, RİK-in sədri Həsənzadəyə çox pis təsir edir, onları pərtləşdirirdisə də heç biri dinə bilmirdi. Əhmədzadə isə öz növbəsində onları qara qul əvəzinə işlədərək Şəfiyevin üstünlüyünü nümayiş etdirməkdən çəkinmir, RİK-in sədri Həsənzadənin hərdən haqlı iradlarını qulaq ardına vururdu.
Şəfiyev katibin yanında ən etibarlı adam idi. Bu adam orta yaşlı idi və həddindən artıq savadsız idi. Hətta, plenumlarda yazılmış çıxışları üzündən oxumaqda  çətinlik çəkirdi. Buna baxmayaraq katibin yanında xüsusi hörmətə malik idi. Əvvəllər dağ kəndlərinin birində sovxoz direktoru işləyirdi. O kənd dağların döşündə yerləşmişdi, çox səfalı yaylaqları, sərin suları  var idi. O kəndin adamları yaxşı tut arağı çəkib içərdilər. Bu tut araqları nəinki, rayonda, hətta rayondan çox-çox kənarlarda məşhur idi. Raykomun birinci katibi Əhmədzadə də iki-üç gündən bir özünü o dağların döşünə, sərin suların yanına verər, Şəfiyevi çağırtdırardı. Şəfiyev əl-ayağa düşər, erkək kəsər, tut arağından, balıqdan, qoz ləpəsindən, motal pendirindən, çaşırından bir an içində məclis təşkil eliyər, çaydan farel balıqları tutmaq üçün adam göndərərdi. Bu minvalla yeyib-içib tüfəng götürüb dağlarda gəzərdilər. Əhmədzadə elə o vaxtdan Şəfiyev ilə canbir şüşədə idilər. Şəfiyevi Aqrar Sənaye Birliyinə təyin edəndə sovxozun iri buynuzlu, xırda buynuzlu fermalarında xeyli görkəm dəyişikliyi aşkara çıxarıldı. Görkəm dəyişikliyi deyəndə yəni inəyin yerinə dana, qoyunun yerinə quzu ötürmüşdülər. Buna baxmayaraq Əhmədzadənin göstərişi ilə bütün bunların üstü basdırıldı, Şəfiyevin vəzifəsi böyüdüldü. Elə indi də imkan olan kimi bir yerə yığışıb tut arağından vururlar. Tut arağı Əhmədzadənin mərəziydi. O, başqa araq içmirdi.
Əhmədzadə həmişə kabinetində kresloya yayxanar, içəriyə girən olanda dikəlib dirsəklərini qabaq stolun üstünə qoyub  barmaqlarını bir-birinin arasına keçirər, göy gözlərini qırğı kimi adamın  üzünə dikərdi. Beyninə bir fikir düşdüsə, istər düz, istər əyri olsun mütləq həyata keçirər, kimsə onu fikrindən döndərə bilməzdi. Axşamlar hərdən qonaq otağında Nəsirovu möhkəm içirdər, sonra da onu piyada yola salardı. Nəsirov da səndələyə-səndələyə gedərdi. Bayram günlərində büro üzvlərini yığıb gəzməyə aparar, təbiətin səfalı guşələrindən birində məclis qurdurardı. Bir dəfə 7 noyabr bayramında paraddan sonra büro üzvlərini də yığıb Kələntər dağının dibində məclis qurmuşdu.
Rusiyada baş vermiş Böyük Oktyabr İnqilabı miladi tarixlə noyabrın 7 – də xüsusi təmtəraqla qeyd edilirdi. Bu inqilabın bətnindən doğulan sovet hökuməti xalqlar həbsxanası olsa da, yerlərdə hakim təbəqənin işinə yarayırdı. Əhmədzadələr, murtuzovlar bu inqilabın nəticələrindən faydalanmaqda davam edir, xalqla hesablaşmadan istədiklərini həyata keçirirdilər.  
Əhmədzadə üçün də bu bayramın əlahiddə əhəmiyyəti vardı. Muzdur oğlu olan Əhmədzadə sovet hakimiyyətinin məmurlarından birinə çevriləndən sonra muzdurluğunu tamam unutmuş, əzazil bir hökmrana çevrilmişdi. Belə məclisləri təşkil etməklə də özündən kiçik vəzifəli adamları aşağılamaq, gülüş hədəfinə çevirmək məqsədi daşıyırdı. 
İctimai iaşə idarəsinin müdiri, sürücülər bir tərəfdən yemək-içmək hazırlayır, kabab çəkib süfrəyə verir, bir tərəfdən də Əhmədzadə başının komandası ilə içəri ötürür, araqdan vurub dəmləşirdilər. Bir azdan Əhmədzadə ayağa qalxıb:
– Maqnitafonu işə sal, bir yaxşı xarici musiqi, – dedi.
İctimai iaşə idarəsinin müdiri cəld ayağa qalxıb maşının radioqəbuledicisinə kaset qoydu. Xarici estrada musiqisinin səsi dağlarda səda verdi. Əhmədzadə səsləndi:
– Kim bu mahnını oynaya bilər?
Nəsirov ayağa durub:
–       Katib, bir əllilik ver mən oynuyum, – dedi.
Əhmədzadə bir göy əllilik çıxarıb Nəsirova uzatdı. Nəsirov pişik siçanı tutan
kimi göy əlliliyi göydə qapdı.
Hüseynov yatmışdı elə bil ayıldı, katibin qabağına qaçdı:
– Katib, bir 25-lik ver mən də oynuyum.
– Əlliliyi vermişəm, Nəsirov oynuyacaq. Bu dəfə o, səndən qabağa düşdü.
RİK-in sədri Həsənzadə yaxınlaşıb:
– Hüseynov, gəl al bu iyirmibeşlik, sən də oyna, – dedi.
Hüseynov ilə Nəsirov oynayırdılar, hərdən də bir-birlərini qucaqlayıb “gəl tans eliyək”, – deyirdilər. Oynadıqca fıshafıs fısıldayır, üz gözlərinin təri axıb sinələrinə tökülürdü. Əhmədzadə şaqqanaq çəkib gülür, “sağ ol, Nəsirov! sağ ol, Hüseynov” – deyirdi.
Oyun bir az sakitləşən kimi Əhmədzadə “məni istəyən, bunlara şabaş” deyib əlini cibinə saldı, iki əllilik çıxardıb bunların başına atdı. Komsomol Məmməd, redaktor Ərsən və sürücülərdən başqa hamı cibindən onluq, iyirmi beşlik çıxardıb oynayanların başına səpələyir, onlar da atılıb pulları göydə tutur, ciblərinə soxur, daha da bərkdən oynayırdılar.
Bu məzhəkə xeyli çəkdi. Nəsirov da, Hüseynov da yorulub əldən düşdülər. Hamı yenidən süfrə başına yığışdı. Əhmədzadə dedi:
– Yoldaşlar! Məclisimiz davam edir. Bu badələri qaldıraq Nəsirovuynan, Hüseynovun sağlığına. Bərəkallah sizə! Məzən olsun ay Nəsirov, ə o nə təhər oynamaq idi oynuyurduz?! Yoxsa, “İnturisin” restoranı yadıza düşmüşdü? Bircə şey çatışmır, o da olsaydı, olardı əla. Arifsən, Hüseynov, arif! Paraları çatışmırdı. Ölməmişəm ki, gələn dəfə onu da təşkil edərəm. Nə isə, içək sizin sağlığınıza.
– Sağ olun, sağ olun.
Sonra Əhmədzadə durbinlə baxıb daşın dibində çiçək gördü.
– İndi kim gedib, bax o dağdan çiçək gətirsə, bir əlliliyi var.
Nəsirov ayağa qalxdı:
– Katib, mən gətirrəm, ver gəlsin əlliliyi.
Hüseynov ayağa qalxdı:
– Katib, bir əllilik ver, çıxım o dağdan lap daş yumbalayım.
– Birdən özün yumbalanarsan ha...
– Yumbalanmaram, bir əllilikdi ver çıxım, ay katib.
– Yaxşı, gəl al bu sənin payın, – deyib cibindən əllilik çıxartdı.
Dağa tərəf kros başladı. Bir azdan dağın zirvəsindən daşlar axıdılır, toz-duman göyə qalxırdı. Hüseynov da əlində bir neçə lalə tutub qışqırırdı:
– Tapmışam çiçəkləri.
Əhmədzadə ayağa qalxıb:
– Yığışın gedirik, – dedi.
– Bəs onlar, dağdamı qalacaqlar? – RİK-in sədri soruşdu.
-  Kəndin girəcəyində gözlüyərik.
    Sürcülər maşınları döndərdilər, hamı maşınlara doluşdu. Dağın başından
maşınların dönüb kəndə sarı getdiyini görəndə Nəsirov qışqırmağa başladı:
-         Bizi də gözləyin, bizi burda qoymayın, ay katib!...
Nəsirovun səsinə səs verən olmadı, maşınlar şütüyüb gözdən itdi.
Nəsirov ilə Hüseynov dağ yolu ilə qaça-qaça aşağı enirdilər.  
 
***
 
Pasan Əli türmədən çıxandan sonra universitetə bərpa olunmaq haqqında heç düşünmədi. Bir neçə ay da Bakıda qalıb bazardakı işlərini qaydaya saldı. Havalar isinən kimi də bazar işlərini Qızıldiş Mətiyə tapşırıb öz maşını ilə rayona qayıtdı. Səhər sübh tezdən Bakıdan yola düşməsinə baxmayaraq Pasan Əli yollarda ehtiyatla, tələsmədən hərəkət edərək, axşam üstü payona çatdı.
Ərsən axşamdan xəbəri eşidib dostunun görüşünə gəlmişdi. Əbülfəz müəllimi soruşmuşdu. Eşitmişdi ki, Əbülfəz müəllimi də həbsdən azad ediblər, amma nə iş görüb, nə ilə məşğul olduğu haqqında məlumatı yox idi. Pasan Əli Bakıdakı son günlərinin necə keçdiyi, Əbülfəz müəllimlə söhbətləri haqqında Ərsənə tam təfsilatı ilə məlumat verdi. Onu da dedi ki, bu yaxın günlərdə Əbülfəz müəllim də payona gələcəkdir. Bu xəbər hər iki dostun ürəyindən idi. Kəndin ənənəvi qaydasına görə həbsdən, əsgərlikdən sağ-salamat gələnlərin şərəfinə qonaqlıq verilirdi. Sabah belə bir tədbirin İbrahim kişinin həyətində də Pasan Əlinin gəlməsi münasibəti ilə keçirilməsi planlaşdırıldı. Ərsən payon mərkəzindən  nə lazım olacaqsa həll etməyi öz üzərinə götürdü və dedi ki, payonun ən yaxşı kababçısı Çöllü Vahidi də tədbiri hazırlayıb keçirmək üçün göndərəcəkdir.  Xeyli şirin söhbətdən sonra Ərsən dostundan ayrılıb evə getdi.
İbrahim kişi oğlunun maşınla gəlməsinə çox sevinsə də, bunu biruzə vermək istəmirdi, lakin gözünü də qırmızı rəngli jiqulidən çəkə bilmirdi. Hərdən Pasan Əlinin anasına baxır dodaqaltı qımışır, sevincini ailə üzvləri ilə bölüşmək istəyirdi. Pasan Əlinin atası İbrahim kişi, anası, iki bacısı kolxozda işləyirdilər. Dolanışıqları tam yaxşı olmasa da,  kimsənin minnətini çəkməz, öz ağır zəhmətləri hesabına yaşayar, Pasan Əlinin göndərdiyi pulları da qənaətlə xərcləyər, israfçılıq etməzdilər. Gecə yarı olmuşdu, qohum-əqrəba dağılışıb getmişdi, sabahkı tədbirin əsas planı cızılmışdı. İbrahim kişi dedi:
-         Arvad, dur uşağın yerini sal yatsın, yol gəlib yorulubdu. Sabah da bir aləm
işimiz var...
         Pasan Əlinin anası da yırğalana-yırğalana qızlarına bir-iki tapşırıq verib yan otağa keçdi. Toy günü üçün hazırladığı yorğan-döşəyi yük yerindən götürüb dəmir çarpayının üstünə sərdi. Yük yerində saxlanan yorğan-döşəyin içərisinə nanə qoyurdular ki, cüvə yeməsin. yük yerindən qatı açılmamış yorğan döşəyi götürəndə də nanənin rayihəsi bütün otağı bürüdü. Nanə iyi verən naz balışı  əvvəlcə özü qoxulayıb “bəh-bəh” dedi. Pasan Əlini çağırıb, - anan qurban, yerin hazırdı, - dedi. Pasan Əli o gecə nanə rayihəli yorğan – döşəyin içərisində qayğısız uşaqlıq illərinə qayıtdı.
İbrahim kişi sübh tezdən durub hazırlıq işlərinə başlamışdı. Oğlunun sağ-salamat gəlməsinə çox sevinirdi, adam göndərib Qəssab Məhərrəmi çağırtdırdı, tövlədən qara qoçu çıxarıb kəsməsini tapşırdı. Qəssab Məhərrəm də bir göz qırpımında qara qoçu Pasan Əlinin önündə yerə yıxıb kəsdi:
-         İbrahim, gözün aydın olsun, oğlun ki, sağ-salamat gəlib nəyə desən dəyər,
həmişə evində-eşiyində ... Elə Əlinin adına da layiq qoç bəsləmisən. Misal var, deyərlər, adına layiq, adıma layiq. Əlinin  də, sənin də adına layiqdi.
-         Hə, Məhərrəm, elədir ki var, qoy dostlar gəlib yeyib içsin, nuş eləsinlər,
düşmənlərin də bağrı çatlasın. Yüz belə qoç qurban olsun Əlinin bir telinə. 
Qonşular yavaş-yavaş İbrahim kişinin həyətinə axışıb gəlir, göz aydınlığı verir, bəzisi oturub bir stakan çay içir, bəzisi də işinin olduğundan üzrxahlıq edib, axşam mütləq gələcəyini deyib gedirdi. Az keçmiş darvaza qapısından Çöllü Vahidin səsi gəldi. Çöllü Vahid oynaya – oynaya, oxuya-oxuya içəri girdi:
Sevdim gözlərini,
Necə deyim sənə.
Hər sözün düzünü,
“Sevirəm” sözünü
Necə deyim sənə.
Çöllü Vahid yetirib Pasan Əlini qucaqladı, o üzündən, bu üzündən öpüb, - xoş gəlmisən, - dedi. Sonra İbarhim kişini də qucaqlayıb öpdü:
-         Gözün aydın olsun, ay İbrahim dayı.
-         Aydınlıqda olasan.
-         Mən işimin ustasıyam, bir məclis düzəldəcəm ki, İbrahim dayı, bütün rayon
danışacaq. Sən bircə mənə ocağın harda qurulacağı yeri göstər.
İbrahim kişi həyətin baş tərəfində Çöllü Vahidə yer göstərdi:
-         Bura necədi?
-         Əladı...
Çöllü Vahid qollarını çırmalayıb işə başladı. Pasan Əli ocaq yerindən bir qədər aralıda qoyulmuş masanın arxasında oturub gəlib-gedəni qarşılayırdı. Çayçı Zəfər qonaqlara çay süzür, məhəllənin gəncləri  usta Qədirə kömək edir, qonaqların rahatlığı üçün İbrahim kişinin bir ay bundan öncə rayon mərkəzindən alıb gətirdiyi taxtalardan oturacaq düzəldirdilər. İbrahim kişi tez-tez Qədir ustanın yanına gəlirdi:
- Qədir əmoğlu, sənə də zəhmət verdik. Sağlıq olsun, oğlunun toyunda əvəzini çıxacam.
- Nə zəhmət, ay biboğlu, borcumuzdu. Təki xeyir işlər olsun... mən belə işləri heç iş hesab eləmirəm. Biboğlu, bəs məşə cenerala deməmisən?..
- Necə deməmisəm, demişəm... niyə yubanıb bilmirəm...
Elə bu zaman  Qasım kişi təngənəfəs özünü yetirdi:
-         Gözün aydın, İbrahim kişi. Qədir əmoğlu, sənin də gözün aydın olsun.
Qasım kişi Pasan Əlinin boynunu qucaqladı:
-         Maşallah yaxşısan... həmişə evində-eşiyində olasan
-         Sağ olun, Qasım dayı.
-   Deyirəm, Qədir əmoğlu, bizim bu kəndin su məsələsi düzəlmədi də... bir saat suyumuz var, onu da nə zülmüynən gətirib bağa çıxarmışam. Ona görə də yubandım belə, bağışla, e... Qədir əmoğlu...
     -   İşində ol, məşə general, su məsələsi düzələn deyil, çəkici götür mıxını vur, bir azdan camaat gələcəy, stollar, oturacaqlar gərək o vaxta qədər hazır ola.
- İnşallah hazır olar, Qədir əmoğlu.
- İnşallah...
O gün İbrahim kişinin həyətində şadlıq məclis gecə yarıya qədər davam elədi.
Bir günlük fasilədən sonra Pasan Əli düz bir həftə atasını, anasını maşınla qonşu kəndlərə, rayonlara aparıb gəzdirdi. İbarahim kişi 03 markalı “Jiquli” maşınında Pasan Əlinin yanında özünü dünyanın ən xoşbəxt adamı sayırdı. Həftənin axırında Pasan Əlinin anası Səlimə arvad dedi:
- Əli, hazırlaş sabah da Əshabi-kəhfə gedək. Nə vaxtdandı sənin adına qurban demişik, amma aparıb kəsdirə bilməmişik. Özün burdaykən, maşın da var, sağlığına qismət olsun, gedək bu da aradan çıxsın, borcdan qurtaraq.
- Anan düz deyir, elə mən də o haqda fikirləşirdim. Tövlədəki ağ qoçu da buna görə indiyə qədər saxlamışam.
Əshabi-kəhf ziyarəti Pasan Əlidə indiyə qədər hiss eləmədiyi duyğular yaratdı. Bu ziyarətgah Naxçıvan şəhərinin yaxınlığında dağların arasında yerləşirdi. Quranda haqqında danışılan Əshabi-kəhfin məhz bura olduğunu Naxçıvan camaatı israrla deyirdi. Rəvayətə görə zalım şah Diqyanusun zülmündan Allaha sığınan yeddi müqəddəs gənc burada qeyb olmuşdu. Pasan Əli bu ocaq haqqında çox oxumuşdu, lakin nədənsə ziyarət edə bilməmişdi. İndi oxuduqları bir-bir beynində kino lenti kimi canlanırdı. Quranın Əl-kəhf surəsi, 10-cu ayəsində belə yazılmışdı:
“(Ya  Məhəmməd!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: «Ey Rəbbimiz! Bizə öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)» – demişdilər.
 
 “Əshabi-kəhf”, ərəb dilindədir, bu sözün  mənası "mağara sakinləri" deməkdir. Bu ziyarətgah Naxçıvan şəhərindən 17 km aralıda, Haçaparaq kəndi yaxınlığındakı dağda yerləşir.(Həmin dağa Əshabi-kəhf dağı da deyilir). Müqəddəs ocaq Allah tərəfindən hifz olunan Araz çayının sahilindədir. Ziyarətgahın Arazın sahilində olması da yerin müqəddəsliyini şərtləndirən amillərdəndir. Türkiyə, İordaniya və Suriyada Əshabi-kəhf deyilən yerlər olsa da, Qurani-Kərimdə haqqında danışılan Əshabi-kəhfin  Naxçıvandakı ziyarətgahla oxşarlığını şərtləndirən bir neçə xüsusiyyətlər vardır.
Mağaraya sığınan gənclərin sayı haqqında dəqiq məlumat yoxdur. Fars dilli mənbələrdə, tədqiqat əsərlərində mağara əhlinin yeddi nəfər olduğu yazılıb. Türkiyənin çəkdiyi filmdə də yeddi nəfər göstərilmişdir. Pasan Əli mağaranın daşlarında qaralmış yerlərə diqqətlə baxırdı, sanki gənclər kürəkləri ilə uzun müddət bu yerlərə söykəndiklərindən həmin daşlarda kürəklərinin izləri qalmışdı.
Mağaranın təbii şəraiti elədir ki, həqiqətən də Qurani-Kərimdə təsvir edildiyi kimi "Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyi, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyi, mağaranın içinə düşüb onları yandırmadığı" fikri təsəvvüründə canlanır. Əfsanələrdə mağaraya sığınan, burada yuxuya gedən gənclərin başçısının Təmlixa olduğu bildirilir. Bu əqidəli, Allaha inamlı şəxsin şərəfinə Naxçıvan diyarında doğulan yüzlərlə uşağın adını Təmlixa və ya bir qədər variantlaşmış şəkildə Təmleyxa qoyublar. Ənənə min illərdir davam edir.
Gənclər oyandıqdan sonra 309 il bundan əvvəl istifadə edilən Diqyanusun pulu ilə ərzaq almaq istəyirlər. Bundan xəbərdar olan şəhər əhli çaşqınlıq içərisində qalır. Gənclər isə uzun müddət yatdıqlarını bildikdən sonra yenidən mağaraya qayıdıb Allaha yalvarır və orada qeyb olurlar. Tərsus və ya Əfsus şəhərindəki, adamlar öz aralarında onların işi barəsində mübahisə edirlər. "Əsabi-kəhf haqqındakı mübahisələrdə qalib gələnlər (möminlər) isə: - onların məzarı üstündə (Allaha ibadət etmək məqsədi ilə) bir məscid tikəcəyik!" - deyirlər.  
Ziyarət yerində üç kitabə vardır. Bunlardan ikisi daş üzərində, digəri isə sarımtıl mərmər üzərində həkk edilmişdir. Daşlar təbiət qüvvələrinin təsirindən dağıntıya məruz qalıb. Həmin kitabənin yuxarı künclərinin və ikinci sətrin ətrafını nəbati ornament bəzəyir. Kitabə şərti olaraq üç hissəyə bölünmüşdür; mərkəzi hissə, onu əhatə edən haşiyə və mərkəzi hissənin aşağısında çəpəki həkk olunan yazı. Mərkəzi hissədə 16 sətirdə Quranın əl-kəhf surəsindən ayələr yazılmışdır. Mərkəzi hissəni əhatə edən haşiyədəki fars dilində olan mətnin tərcüməsi aşağıdakı kimidir:
"Sıralanmış kitabələri qar, yağış məhv etdiyinə görə yüksək alicah, mövqeyi əzəmətli, iqbalı həmrah, Naxçıvan ölkəsinin hakimi, --- adı çəkilən və ölkənin sabiq hakimi, mərhum, xeyirxah işlər banisi olan Heydərqulu xanın xələfi Şükrulla xan Kəngərli əmr edib buyurdular ki, yenidən bir daş lövhə düzəldilsin, sabiq lövhə yadigar olaraq bu dağ yamacında ucaldılsın. Mərhum mömün molla Mustafanın oğlu Məhəmməd Xətib Naxçıvani əmrə əsasən işə başlayıb səfər əl-muzəffər (qalib səfər ayı) tarixində xeyir və qələbə ilə lövhəni yazıb qurtardı. Doxsan və yüz sonra əlif" (hicri 1190 = 22. III.20.IV.1776).
Pasan Əli Qurani-Kərimdə haqqında söhbət açılan Əshabi-kəhfin məhz Naxçıvandakı ziyarətgah, təkallahlığı qəbul edib Böyük Yaradana sığınan bu gənclərin Naxçıvanın hazırkı və əbədi məskunlarının əcdadlarının nümayəndələri oldugu haqqında hökm verə bilməzdi. Ancaq onu da bilirdi ki, bu ziyarətgah Azərbaycan türklərinin inancında mühüm yer tutan bir ocaqdır. Düzünü Allah bilir.
İbrahim kişi və arvadı Səlimə ziyarətgahda mütləq ürəyində niyyət tutub damcının altında oturmağı vacib sayırdılar. Burada niyyətinin qəbul ediləcəyini qupquru daşlardan başına düşəcək damcı bildirirdi. Elə adamlar vardı ki, axşama qədər otursa da başına bir damcı düşmürdü. Adam da vardı ki, az bir zamanda nəsibini başına düşən damcıdan alıb gedirdi. İbrahim kişi bu yarlağana bir təhər dırmaşıb Səliməni də yanına çağırdı. Amma Səlimə nə qədər çalışsa da İbrahim kişinin yanına qalxa bilmədi, yarlağanın aşağısında dayandı və elə bu zaman da başına bir damcı düşdü. Səlimə ana sevincindən qışqırdı:
-         Niyyətim qəbul oldu.
-         Maşallah ... Allah xeyir qismət eləsin.
-         Bəs nə bilmişdin, yuxarı dırmaşmağınan deyil e...
-         O zaman daha gedək. Əli, bala, yığışın daha gedək sonra gec olar, aparıb
nəzirimizi vaxtında paylaşdıra bilək.
-         Hə gedək, baba.
Pasan Əli atasına baba deyirdi. Bu kəndə adət belə idi, babalara da dədə deyirdilər.
***
Neçə ay idi ki, Əhmədzadə büro üzvlərinin, fəalların burnuna duzlu sular qoyurdu. Hər gün raykomun qabağında başlayan “səhər görüşləri” axşam saat doqquzdan ona qədər davam edən “yekun konserti” ilə qurtarırdı. Əhmədzadə bir-bir təhkimçiləri, fəalları ayağa qaldırıb işlərin  gedişi haqqında məlumatı dinləyir, kimini danlayır, kimini cəzalandırır, kiminə tövsiyələr verirdi.
Əhmədzadə heç nəyi nəzərə almırdı. Nə qarşıdan gələn Novruz bayramını düşünürdü, nə də insanların rifahı naminə hər hansı bir xeyirxah iş görməyi. Fikri-zikri insanları robot kimi çalışdırmaq, haqq söz danışanları susdurmaqdı. Əhmədzadənin bu cür iş metodu həmin ilin mart ayının 11-də, hicri tarixi ilə ilin axır çərşənbə günü pozuldu. Axır çərşənbə günü bu rayonun camaatı üçün ən qiymətli, ən dəyərli və müqəddəs günlərdən biri sayılırdı. Hərçənd Əhmədzadəyə axşamdan bu haqda xəbərdarlıq edilmişdisə də, işin pozulacağına inanmamış, milis rəisinə göstəriş vermişdi ki, bütün heyəti ilə asayişi təmin etmək, kütləvi el hərəkatının qarşısını almaq üçün şəhərin küçələrinə çıxsınlar. Özü də səhər yeddiyə qalmış gəlib durmuşdu raykomun qabağında. Təhkimçilər yığışmışdı. Lakin küçələrdə bir qələbəlik hələ səhər tezdən hökm sürür, camaat dəstə-dəstə yığışıb mərkəzi meydana axışırdı. İçərisi ağır sumkalar, kisələr, yeşiklər ilə dolu maşınlar kəsik siqnallar verə-verə mərkəzi meydana tələsir, satıcılar, kababçılar, alverçilər, xırda-xuruş satanlar, kağızdan taraqqa, fişəng, “beşaçılan” qayıranlar - hərə özünə divarların dibində balaca yer düzəldib matahlarını yerə açdıqları qəzetin üstünə yığır , yaxud evdən, işdən gətirdikləri stolların üstünə düzürdülər.
Zavodların, fabriklərin fitləri uzunmüddətli çağırışlar ilə səslənir, lakin heç kimi işə cəlb eliyə bilmirdi. Kəndlərdən gələn avtobuslar meydana girməyə imkan tapa bilmir, dəstə-dəstə məktəblilər, müəllimlər, fəhlələr, kolxozçular maşınlardan tökülüşüb meydana tərəf gedən izdihama qoşulurdu. Nağaralar gumbuldayır, zurnaların səsi göylərə bülənd olurdu. Cavanlar oxuyur, kişilər əl-ələ verib yallı gedirdilər. Fişənglər, toraqqalar, beşaçılanlar, şarlar dalbadal atılır, parta-part səsindən qulaq tutulurdu.
Qoz, fındıq, badam, alma, nar, şabalıd, kişmiş, əncir, ərik, şaftalı qurusu, sucuq, alana, miyanpur, fısdıq halvası, qoz halvası, rahathülqum, xarici konfet, xarici siqaret, xarici içkilər, paltarlar, xoruz, toyuq, ət, heyvan, cürbəcür oyuncaqlar, rəngli şəkillər, fır-fıra, iran düyüsü, hind çayı satanlar qışqırır, müştəri çağırırdılar. Manqallar tüstülənir, kabab iyi aləmi bürüyürdü.
Əhmədzadənin göndərdiyi milis işçilərindən əsər-əlamət yox idi. Kimisi paltarını dəyişib camaata  qarışmış, axşam üçün bazarlıq edir, kimi də, ələxxüsus başqa rayondan gələnlər bir kənara çəkilib el bayramını seyr edirdi.
Meydanın yuxarı başında “Xan” bəzədilmişdi. Xanın arxasında divara xalça vurulmuşdu. Xan yumşaq döşək və mütəkkələr qoyulmuş kürsünün üstündə oturmuşdu. Çalğıçılara, oxuyanlara, camaata müxtəlif göstərişlər verirdi. Xanın əsabələri hazır dayanmışdılar, xanın göstərişinə əməl etməyənlərə “cəza” verirdilər. Kosa xanı güldürməkdən ötrü min cildə düşür, mayallaq aşır, məzəli əhvalatlar danışır, gülməli hərəkətlər edirdi. Öz işini yaxşı bilən xan qaşqabağını sallayıb dodağını da qaçırmırdı.
Adət elə idi ki, əgər Xan gülsə onu suya basır, sonra eşşəyə mindirib şəhərin küçələrini gəzdirib biabır edir, nəmərdən məhrum edirdilər. Yox əgər axşama qədər gülməyib özünü ciddi saxlasaydı, axşam çoxlu pul və nəmər alırdı.
Əhmədzadə gün düşüb hava qızana qədər raykomun binasının qabağında qaldı. Milis rəisinə, prokurora, fəallara göstəriş verdi, camaatı dağıtmağa çalışdısa da, nəticəsi olmadı. Bir də ətrafına baxıb gördü ki, tək qalıbdır, kabinetinə tərəf addımladı.
Atəşfəşanlıq bütün günü davam etdi. Qaş qaralan kimi evlərin damında, dağların başında uca tonqallar qalandı, fişənglər atıldı. Raykomun axşam iclası da baş tutmadı. Bu, Əhmədzadənin ilk məğlubiyyəti idi. Hirsindən kabinetdə var-gəl edir, əlini stola çırpır, özünə gələ bilmirdi. Şəfiyev Əhmədzadənin o tərəf bu tərəfinə keçir, bu bayramın qarşısını heç kəsin ala bilmədiyini söyləyir, Əhmədzadəyə təskinlik verir, hirsini soyutmağa çalışırdı.
 
***
 
Əbülfəz müəllimin rayona gəlməsi xəbəri ildırım çaxan kimi  yayıldı. Pasan Əli maşını bir başa rayon qəzetinin redaksiyasına sürüb bu şad xəbəri Ərsənə çatdırmaq istəyirdi. Darvazanın girəcəyində Ərsənlə rastlaşdı. Ərsən Pasan Əlinin gəlişindən xəbərdar imiş kimi dilləndi:
-         Əbülfəz müəllim gəlib, sən də yəqin bu xəbəri mənə çatdırmaq istəyirdin.
-         Hə, qardaş. Sən məndən qabaq bilirmişsən ki...
-         Gedək görüşək.
-         Mənim maşınımda gedək.
-         Necə istəyirsən.
Ərsən keçib Pasan Əlinin maşınında əyləşdi. Pasan Əli maşını döndərib rayon mərkəzinin əsas yoluna çıxdı, bir az getmişdi ki, “ərzaq malları” mağazasının qarşısında saxladı:
-         Əli boş getməyəcəyik ki...
-         Əlbəttə...
-         Bəyin sorağını eşidib gələn çox olacaq...
-         Elədi, düz deyirsən.
-         Sən gözlə mən bu dəqiqə gəlirəm.
Pasan Əli mağazaya girdi, az keçmiş  maşının yük yerini aldığı ərzaqlarla doldurub sükanın arxasına keçdi. Maşın bəyin doğulduğu dağlar qoynuna tərəf şütüyürdü. Yol hər iki tərəfdən əkilmiş cəviz ağacları ilə əhatələnmişdi. Cəviz ağacları başbaşa gəlmişdi, sanki bir çətir yaratmışdılar. Yarpaqların arasından süzülən gün işığı qara asfalt yolun üzərində xal-xal yayılmışdı, maşının pəncərəsindən içəriyə daxil olan sərin meh özüylə gül-çiçək ətri gətirirdi. Qısa bir məsafə olmasına baxmayaraq rayon mərkəzindən ayrılan kimi iqlimdə dəyişikliyi hiss etmək olurdu.
Bəyin görüşünə gələnlər gözlənildiyindən də çox idi.  Dağ çayının sahilində otları təzəcə biçilmiş, ərik bağında stollar düzülmüşdü. Əbülfəz müəllim ətrafındakı adamlarla söhbət edirdi. Qardaşı Almurad gələn qonaqları qarşılayırdı. Almurad əvvəl Ərsəni, sonra da Pasan Əlini bağrına basdı, “xoş gəlmisiniz” dedi. Əbülfəz müəllim tələbələrini uzaqdan görüncə onları öz  yanına dəvət elədi:
-         Bəylər, xoş gəlmisiniz.
Ərsən qabağa keçdi:
-         Xoş gördük, bəy.
Əbülfəz müəllim Ərsəni bağrına basdı:
-         Əli bəy, darıxmırsan ki...
Pasan Əli yaxınlaşdı. Əbülfəz müəllim Pasan Əlini də bağrına basdı. Pasan Əli dilləndi:
-   Niyə darıxım ki, bəy. Allaha şükür, siz də gəlib çıxdınız, bundan sonra heç darıxmaram.
-   Çox gözəl.
Əbülfəz müəllim üzünü ətrafındakı adamlara tutub dedi:
-   Bəylər, bu cavanlar mənim tələbələrim olublar. Əli bəy ilə həm də həbsxana da bir kalonda olmuşuq. Həbsxana həyatının da özünəxas xüsusiyyətləri var. Adam oradan tamam yeni fikirlər ilə ayrılır. Hə... Ərsən bəy, Əli bəy ilə elə gün olmazdı ki, oturub dərdləşməyək. Əlinin sözü-söhbəti sənnəniydi. Eşitmişəm, buralarda inqilab eləmək fikrinə düşübsən.
- Nə inqilab, bəy?! Sadəcə cızma-qaraynan məşğuluq...
- Bilirsiz, bəylər, belə balaca yerdə heç nə eləmək mümkün deyil, bir misal var, eşitmiş olarsız, deyərlər ki, balıq dəryada böyüyər. Bu, elə belə sadə söz deyil. Bu misalda çox böyük, hikmət və həqiqət vardır.
- Elədi, bəy...
- Amma mən də sizi söhbətə tutmuşam, ayaq üstə qalıbsız, buyurun əyləşin bəylər.
Əbülfəz müəllim Ərsənlə Pasan Əlini öz yanına dəvət elədi, gənc bir oğlan stolun ətrafına əlavə iki stul qoydu, əyləşdilər. O gün axşama qədər gəlib gedənlər oldu. Qonaqlar dağılışanda Ərsəngil də durmaq istədilər, lakin Əbülfəz müəllim işarə elədi ki, gözləsinlər.
Əbülfəz müəllim Ərsənə ümidlə baxırdı. Gələcək hadisələrdə Ərsəni öz yanında görürdü. Qonaqları yola salandan sonra Almurad da Əbülfəz bəyin stoluna yaxınlaşdı. Stolun arxasında dörd nəfər oldular. Çay stolunun arxasında söhbət gecə yarıya qədər davam elədi. Əbülfəz müəllim rayondakı hərc-mərclikdən ta mərkəzdəki vəziyyətə qədər olan bütün işləri xırdalayıb təhlil elədi. Gələcək mübarizə metodları və Azərbaycanın istiqlalı yolunda aparılacaq mücadilə haqqında məlumat verdi:
- Sizin hər ikinizi Bakıda gözlüyürəm. Bilin ki, bir raykom katibini dəyişməklə heç nə düzələn deyil. Yadınızda saxlayın; hər hansı bir vəzifəli şəxslə mübarizə aparmaq zəiflikdir və bu sizin həlakınıza səbəb ola bilər. Xüsusilə, Əli bəy, sən çox kəmhövsələsən, səbirli və ciddi olmalısan. Bizim mübarizəmiz ayrı-ayrı fərdlərlə deyil, hətta mən bəzən o fərdləri də qınamıram. Onların yerində kim olsa, bir az fərqli olub, fərqli düşünə bilər, amma sonucda eyni mərama qulluq edəcəkdir. Biz ilk növbədə azad dövlət qurmalıyıq, o taylı, bu taylı Azərbaycanın bütövlüyünə nail olmalıyıq. Bizim mübarizəmiz budur! Böyük Azərbaycan naminə!
Əbülfəz müəllim ayağa qalxıb xəyalında canlandırdığı Bütöv Azərbaycanın himnini dinləyir kimi sayğı duruşunda dayandı. Bir neçə dəqiqəlik sükut oldu. Ərsən, Pasan Əli, Almurad da ayaq üstə sakitcə dayanıb Əbülfəz müəllimin üzünə baxırdılar. Kimsə bu sükutu pozmağa cürət eləmirdi.   
 
***
Rayonda qışlamanın yekunlarına görə keçici qırmızı bayraq verilməsinə həsr edilmiş təntənəli yığıncaq gedirdi. Əhmədzadə kürsüdən rayonda kənd təsərrüfatı işlərinin gedişindən, növbəti qışlamanı qarşılamaq üçün aparılan hazırlıq işlərindən məlumat verdi.
Bayrağı təqdim etməyə Murtuzovun şəxsən özü gəlmişdi. Murtuzovun adəti idi, həmişə reqlamentdə nəzərdə tutulduğundan artıq danışardı. “Adəti tərgitmək xəstəlik gətirər” məsəli Murtuzova bəlli olduğundan, bu dəfə də adətinə xilaf çıxmadı. Onun nitqi iki saatdan çox çəkdi. Dəfələrlə deyilmiş sözlər, fikirlər oturanları yorub, lap təngə gətirsə də, kimsə qorxusundan dinə bilmir, ürəyində öz-özünə danışır, eşitdiklərini özü üçün təhlil edirdi.
Ərsən rəyasət heyətində oturmuşdu. Cansıxıcı bir yer idi. Uzun, iradlı nitqlərə qulaq asmaq səbir və hövsələ istəyirdi. Hamı kimi Ərsən da ara-sıra eşitdiyi cümlələri özlüyündə təhlil edir, hər şeyin düzgün qiymətini verməyə çalışırdı. Deməli, “rayon üzrə hər inəkdən sağılan südün miqdarı ötən ilə nisbətən 80 litr artıbdır. Bu, əlbəttə, düz olarsa, yaxşı cəhətdir”. Amma...
Təhkim olduğu sovxoz yadına düşdü.
Burda da hər inəkdən sağılan süd ötən ilə nisbətən artmışdı. Amma kağız üstündə. Bu il qoyunları da sağıb inək südü kimi təhvil verdilər. Qoyun südünə plan qoyulmur, quzuları əmizdirmək nəzərdə tutulurdusa da, süd planını yerinə yetirməkdə çətinlik çəkən sovxozun rəhbərliyi qoyunları sağdırır, satdırır, süd planını yerinə yetirməyə çalışırdılar. Hər gün altı yüz litr süd verilməli idi, lakin inəklərdən vur-tut, cəmi 150-200 litr süd sağılırdı. Şövqülü isə mal-qara üçün ayrılmış otu, qüvvəli yemi satır süd yazdırırdı. İnəklərin qabırğaları bir kilometrlikdən sayılırdı. Yazıq heyvanlar çöldə az-çox tapılan ot-ələfin ümidinə qalmışdılar, bəziləri yaza çıxa bilmir, günün bir aləmində ayaqlarını uzadıb böyürə-böyürə ölürdü. Sonra da rayonun baytar həkimləri gəlib “ölüm aktı” yazır, yazıq heyvan həyatdan silindiyi kimi kitabdan da silinirdi.
Bunları Əhmədzadə bilirdi, yəqin elə Murtuzov da bilməmiş olmazdı. Bəs niyə tədbir görülmürdü? Bu yalan, bu kağızçılıq nəyə lazımdır, özümüzü aldatmaqla hara gedirik görəsən?! Yox, Murtuzov! Belə qalmaz, bir  gün bu yazıqların hesabını istəyən olacaq. Mütləq olacaq!
Ərsən Musa Nəcəflinin vurulmasında o vaxt Bakının rayonlarının birində partiya komitəsinin birinci katibi işləyən, professor Həsənova qohumluğu ilə tanınan Mutuzovun da adının hallanmasını xatırladı. Birləşmiş qüvvələr Musa Nəcəflini məhv eləmək, sıradan çıxarmaq istəyirdilər. Amma arzuları gözlərində qaldı, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, onun birinci katibi Heydər Əliyev öz kommunistini qorudu, partiya sıralarına bərpa elədi, heç töhmət də vermədilər. Hələ Bakıda institutların birinə kafedra müdiri təyin elədilər. O gün sənin və professor Həsənovun ölüm gününüz olmalıydı. Amma ölmədiniz,  yaşayırsınız. Düzdü, professor Həsənov çiyninə vurulan balta zərbəsindən sonra ölməsə də, naqisliyinin əzabını çəkə-çəkə yaşayır. Sən də Heydər Əliyev respublikadan gedəndən sonra daha böyük iştahlara düşdün, professor Həsənovun Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsindəki  yüksək çinli qohumunun köməkliyi ilə vəzifəni dəyişə bildin. Baxarıq hələ necə olacaqdır, bura sənə Bakının rayonu deyil, necə istəyirsən o cür də hərəkət edəsən, insanlara zülm edəsən. Atalar demişkən, “ət dönər, qəssab dönər, vaxt gələr hesab dönər”. Unutma ki, “mıxı mismara döndərən Allah var”.
Ərsən Şahsənəm ananın tez-tez işlətdiyi bu misalı xatırlayınca rəhmətlik anası yadına düşdü, onun uzun gecələrdə şirin-şirin söylədiyi bu nağılın nə qədər böyük məna daşıdığını bir daha özlüyündə təsdiqlədi. Nağılı ən kiçik təfərrüatlarına qədər incələdi. Nağıl beləydi:
Bir vilayətdə bir padişah varıydı. Bu padişah o qədər əzazil idi ki, nahaqdan adamları incidir, sənətkarlardan, kəndlilərdən o qədər vergi tələb edirdi ki, camaat onun zülmündən cana doymuşdu. Bezikib vilayəti tərk edib gedənlər günü-gündən çoxalırdı. Vilayətin mərkəzində padşah sarayının yaxınlığında bir dəmirçi usta yaşayırdı. Dəmirçi padişahın zülmünün həddini keçdiyini söyləyir, padişah məmurlarını haqqa-ədalətə çağırırdı. Dəmirçi usta sağlam və güclü olduğundan məmurlar ona zor tətbiq edə bilmirdilər, ona görə də, onu cəzalandırmaq məqsədilə padişaha çuğulluq etdilər. Padişah dəmirçini cəzalandırmaq məqsədi ilə məmurlarını dəmirçinin yanına göndərib sabaha qədər, qırx min ədəd mıx hazırlamağını istədi. Dəmirçi bir gündə qırx min mıx hazırlamaq mümkün olmadığını söyləsə də, məmurlar onu dinləməyib getdilər.
Sabahısı günü səhərin gözü açılmamış dəmirçinin qapısı döyüldü. Dəmirçi usta fikirləşirdi ki, padişah onu dar ağacından asdıracaqdır, ona görə də kəfənini boynuna sarıyıb qapıya çıxdı. Usta yanılmışdı, gələnlər dəmirçidən padişahın tabutuna vurmaq üçün dörd ədəd mismar istədilər. Məlum oldu ki, padişah gecə qəflətən ölmüşdür. Dəmirçi usta dedi:
-         Mıxı mismara döndərən, Rəbim, sən necə böyüksən!.. 
 Ərsən bir anlıq dalğınlığından sonra yenidən Mutuzova demək istədiklərini təkrarladı.
Yoldaş Mutuzov, heç bilirsən neyləyirsən? Bu yazıq heyvanları sağa-sağa öldürürsən. Niyə bu qədər saxtakarlığa-şişirtməyə yol verirsən? Süd planı real olmalıdır, nəticə də real olmalıdır, daha kağız üstündə yox.
“Bu il rayonda hər baş mallar üçün 25 yem vahidi toplanmışdır. Yaxşı rəqəmdir”. Doğrudan da yaxşı rəqəmdir, amma həqiqət deyil, çünki bu rayonda  həyətlərdə, dağlarda bitən ot-ələfi də biçib yığsan bu miqdarda yem toplamaq olmaz. Sən də bunları bilirsən. Bilə-bilə aldadırsan, aldanırsan. İyirmi ilin kolxoz sədrini danışmağa qoymadın. Sözünü ağzında kəsdin. Deyəcəkdi, hər şeyi deyəcəkdi. Kişilikdən söz saldın. Qorxutmaq istədin, qorxmadı, mərd dayandı, “mən kişiyəm” dedi. “Oottuurr” dedin, oturmadı. Sözünü dedi axıracan. Bütün yalanlarını açıb göstərdi. “Bəlkə sənin kolxozun da belədi, yoxlatdırarıq”,- dedin.
Camaat daha qorxmur səndən. Kişi kimi sözünü deyənlər var. Bunlar sənə qəbir qazanlardır. Bu günmü, sabahmı sən girməlisən o qəbrə, girəcəksən. Özün də bilirsən. Hakimiyyətinin sonu yetişir, Murtuzov! Hərdən çıxışlarında özünü sığortalamaq istəyirsən. “Hər şey düz olmalıdır, yüz faiz düz olmalıdır” deyirsən. “harda pripiska hallarına rast gəlsəm, həmin gün o direktoruyla xudafizləşəcəyik”. Bilirsən ki, səni müdafiə eləyən olmayacaq. Musa Nəcəfli bəraət alandan bilirsən. Musa Nəcəflinin partiya sıralarına bərpası sındırdı ümidlərini. İndi də bilirsən ki, bir gün haqq-hesab çəkiləcək səninlə.
Amma şöhrətdən gözün doymur, əl çəkə bilmirsən, düşdüyün çirkab bataqlığından çıxa bilmirsən. “Döl vaxtı hər 100 baş qoyundan 115 baş quzu alınmışdır”.
Yalandı, yoldaş Murtuzov! Təkcə bu qışlamada bizim sovxozda 120  qoyun öldü. Doğulan quzuları da özüm saymışam. Hər yüz qoyundan 82 baş zornan düzəlirdi. Məlumatı 110 ilə verirdilər. Əhmədzadəyə də vaxtında çatdırdım. “Doğulacaq” dedi. Bəlkə sən də fikirləşirsən ki, doğulacaqdır. Döl başa çatıb, doğula bilməz.
Bu gün aldada-aldada bayraq verirsən. Kimə gərəkdir o bayraq! Əhmədzadədən başqa kimsəyə gərək deyil. Təkcə Əhmədzadə o bayraq ilə yerini möhkəmlətmək istəyir. Xalqa həqiqət lazımdır. Xalqa ət, süd, yağ lazımdır! Kağız yox! Bayraq yox! Bayraq həqiqi sahiblərinə çatmalıdır. Biz hələ ona layiq deyilik! Niyə bu müqəddəs bayrağı ləkələmək istəyirsən? O, safdır, təmizdir, ləkə götürməz.
Deyirsən “rayonda hər hektardan 35-40 sentner taxıl götürülüb” yalandır, gözlərim ilə görmüşəm ki, “yaşıl yem” adına əkilmiş sahələr biçilib mal-qaraya yedirilmək əvəzinə biçilmir, dən tutana qədər saxlanılır. Buradan əldə edilən məhsulu da ümumi taxılın üstünə gəlib, taxıl üçün əkilmiş hektara bölür, yüksək rəqəm alırlar. Yəni üç hektar sahənin taxılını bir hektardan alınan məhsul kimi yazırlar.
Ona görə deyirəm ki, biz hələ o bayrağı qazana bilməmişik. Biz hardasa özümüzü aldadırıq. Nəyə görə aldanmalıyıq! Əhmədzadə boğub mətbuatı. Yazmağa qoymur. Nə qədər rəqəmləri şişirtməli, nə qədər yalan yazmalıyıq. İmkan verin, qoyun,  həqiqəti yazaq. Gəlin, özümüz olaq! Gəlin, yenidən mənzilimizə qayıdaq! Gəlin, qayıdaq bu yoldan! Gəlin, hər şeyi yenidən quraq! Gəlin, yalanlara, əyrilərə, böhtanlara yer verməyək aramızda! Özümüzə qayıdaq, özümüzə!
Bayraq verildi, təntənəli yığıncaq qurtardı.
Ərsən qəlbindən keçənlərin hamısını Murtuzova demək istədi. Lakin Murtuzov yığıncaq qurtaran kimi Əhmədzadə ilə birgə raykomun qonaq otağına endi. Ərsəni dinləmədi. Qonaq otağında “əziz qonaq” üçün iki gün idi ki, hazırlıq görülürdü. İlk badə “hörmətli qonağın” sağlığına qaldırıldı.
***
Əhmədzadə təzəcə keçib kresloda oturmuşdu ki, telefon zəng vurdu:
– Sabahınız xeyir yoldaş Əhmədzadə!
Səsindən tanıdı. Xalq nəzarət komitəsinin sədri Hüseynov idi.
– Sabahınız xeyir. Eşidirəm!
– Səhər poçtuna baxmısız?
– Xeyr, baxmamışam, nə olub ki?
– Heç elə belə, qəzetdə məqalə veriblər.
– Nə olsun, qəzetdə məqalə verərlər də...
– Yoldaş Əhmədzadə, rayondan veriblər, rayon qəzetində veriblər. İkinci məqalə “Qışlamaya hazırsınızmı?”. Yoldaş Əhmədzadə, redaktorun özü yazıb, heyf sizin ona elədiyiniz yaxşılıqlar, burnundan gəlsin, oxuyun görün, hələ nələr yazıb. Vallah, bu redaktor lap özündən çıxıb, böyük - kiçik saymır. Hələ o gün də camaatın içində deyib ki, bu bayraq kimə lazımdır? Pripiskaynan alınıb, rəqəmlər saxtadır. Qudurğanlığı görürsünüzmü? “Gəmidə oturub, gəmiçiynən dava eləyir” buna deyiblər də. Siz gərək elə “Qızıl yumurta” haqq-hesabında bunun qulağını kəsəydiniz. Yoxsa belə özbaşınalıq olmaz. İcazə versəniz, mən özüm qəzetin fəaliyyətini yoxlayardım.
– Baxarıq, – dedi Əhmədzadə və qəzetləri araşdırıb rayon qəzetini çıxartdı, stolun üstünə sərib vərəqlədi. İkinci səhifədə tam başdan “Ciddi siqnal”, altında iri qara hərflərlə “Qışa hazırsınızmı?” adlı geniş yazı getmişdi. Yazının sonunda imzaya baxdı. Redaktorun imzası idi: Ərsən Əsədov.
“Baxarıq, Ərsən Əsədov, baxarıq! Heyf sənə verdiyim maşına, heyf sənə etdiyim yaxşılıqlara! Gözündən tökəcəyəm sənin. Görərsən özbaşınalıq eləmək nə deməkdir?! Heç bir həftə deyil Keçici qırmızı bayraq aldığımız. İndi bizi lağa qoyursan, xalqı bizə güldürürsən. Sənin boğazını üzmək mənə borc olsun, baxarıq, yoldaş redaktor! Bu rayonda hələ mənim bir sözümü iki eliyən olmuyubdu. Bu rayonun bir ağası var, o da mənəm! Bəs sən kimsən, yoldaş redaktor?! Demək yalana çıxardırsan hər şeyi. Guya biz bu rayonda iş-zad görmürük, qışlamaya hazır deyilik. Baxarıq, redaktor, baxarıq!
Əhmədzadə yerində otura bilmir, otaqda o başa, bu başa var-gəl edir, dodaqlarını gəmirirdi.
Sonra stolunun arxasına keçib kresloya yayxandı. Daxili telefon aparatının düyməsini basıb, cavab gözlədi.
– Bəli, yoldaş katib, - ikinci katib Hüseynovun səsi eşidildi.
– Rayon qəzetini oxumusuz?
– Elə indicə baxırdım.
– Redaktoru çağırıb izahat alın. Hesabatını büroya hazırlayın. Redaktoru başlı-başına buraxmısınız. Nəzarət edin.
***
Ərsən qəzetin vurulmuş səhifələrini təkrar oxuyur, səhvləri düzəldir, hazır materialı yenidən mətbəəyə göndərirdi. Başı bərk qarışıq idi. Bu vaxt qapı qəfildən açıldı və Səlim müəllim içəri girdi. Dayısının belə qəfil gəldiyini görən Ərsən ayağa qalxıb onunla görüşmək, yer göstərmək istədi:
– Xoş gəlmisən, – dedi.
Lakin Səlim müəllim bir müddət qapının yanında cansız bir mumya kimi qurudu. Sonra birdən Ərsənin boynunu qucaqlayıb hönkürdü:
– Ölməyə gəlmişəm, Ərsən. Bu neçə illəri qəlbimdən qara qanlar axıb, ürəyimdən keçənləri dilimə gətirə bilməmişəm. Arzularım, istəklərim dustaq olub. Ömrüm boyu nökərçilik eləmişəm. İndi daha dözə bilmədim. Qara üzüynən gəlmişəm. Ölməyə gəlmişəm, Ərsən. Mən sənə dayılıq edə bilmədim. İndi mən kimə gərəyəm?
Səlim müəllimin saçları ağarmış, bığı çallaşmışdı, alnının qırışıqları artmışdı. Neçə il əvvəl olan şuxluğundan əsər-əlamət qalmamışdı. Ərsənin son dəfə gördüyü Səlim müəllim ilə indi qarşısında dayanıb hönkürən bu qoca arasında yer-göy qədər fərq var idi. Amma Səlim müəllim nə qədər qocalsa da, dağılmış ağ saçlarını üzündə güclə də olsa sezilən ağ, zəif, təmiz bir işıq onun sifətini nurlandırır, Ərsənin yadına anası Şahsənəmi salırdı. Anasının da üzündə eynən belə, amma güclü nur var idi. Səlim müəllimin üzündəki nur həyatın çirkabları içərisində, bataqlıq içərisində nə qədər qalıb ərimişdisə də, hər halda sezilirdi. Alnının qırışları elə bil ki, xam zəmidə açılmış şırım yerlərinə bənzəyirdi. Bu şırımları Səlim müəllimin düşdüyü həyatın eybəcər, uzun və əyri caynaqları açmışdı. Ərsən bu qırışlara baxdıqca gözlərinin önündə Zema xanımın, Zahirin Səlim müəllimin bədəninə yapışmış caynaqları göyərir, onun qanını, ruhunu sorurdular. İnsan cildinə girmiş bu vəhşilər getdikcə azğınlaşır, qanı, ruhu sorulmuş Səlim müəllimi vəhşicəsinə qovur, döyür və incidirdilər.
Ərsənin gözü önündə cılızlaşmış, qocalmış Səlim müəllim vəhşilərin əlindən qaçıb qurtulmuş dovşan kimi tövşüyürdü. Yenə anası gözləri qarşısına gəldi. Şahsənəm ana ölüm ayağında çırpınırdı. “Hardasan, Səlim, qardaşım! Səni görməyincə can vermərəm. Atamın bircə yadigarı, hardasan?! Səlim, Səlim, Səlim... ”
O vaxt kar olmuşdu Səlim, eşitməmişdi. Kor olmuşdu Səlim, görməmişdi. Dəli olmuşdu Səlim, duymamışdı. Manqurt olmuşdu Səlim, Zema xanım eləmişdi. O vaxta qədər manqurt olmuşdu ki, erməni qızı Noranı gətirib gəlin eləmişdi. O vaxta qədər manqurt olmuşdu ki, bir də gözünü açıb görmüşdü ki, məclislərdə Zema xanım cavan-cavan oğlanlar ilə rəqs edir, xəlvətə saldıqca öpüşürdü. O vaxta qədər manqurt olmuşdu ki, Zema xanım ilin 6 ayını Moskvadan vurub, Leninqraddan çıxanda Səlim müəllim bu xərcləri çəkmək üçün xalqın cibinə girmişdi. Lap bu son günlərə - Noranın ad gününə qədər manqurt olmuşdu. Amma bu ad günü nə idisə, nə oldusa, necə oldusa Səlim müəllimin qəlbində çoxdan  ölmüş bəzi hissləri diriltdi, ayağa qaldırdı.
Noranın ad günü “Gülüstan” saray - restoranda keçirilirdi. Xeyli qonaq dəvət edilmişdi. Zema xanımın qardaşları arvadlarıyla, bacıları ərləriylə gəlmişdi. Noranın atası, anası, yaxın qohumları gəlmişdi. Salondakılar gur abajurların altında rəngdən-rəngə düşür, musiqiçilərin səs-küyündən qulaq tutulurdu. İçilən araqların istisi başa vurduqca, bayaqdan susan dillər açılır, erməni, rus, Azərbaycan dillərində danışanların səsi bir-birinə qarışırdı. Noranın atası Vahan  ayağa qalxdı:
– Ara, elə bu gün toydu. Ha mənim qızım Noracanın denrojdennisi, helə toydu. Helə ha bizim Salim mallim yakşı kişidir. Nöşün kü, pelə denrojdenni duzaldib dlya Nore. Predloqayu pit na zdorove Salim malima. Salim malim, sağ ol.
– Salim malim? Sağ ol.
– Səlim müəllim, sağ ol.
Hamı rumkasını yaxınlaşdırıb Səlim müəllim ilə toqquşdurmağa çalışdı. İçdilər.
Zema xanımın qardaşı Ağagül ayağa qalxıb danışmağa başladı:
– Bildiyimiz kimi bura yığılmaqda məqsədimiz Nora xanımın ad gününü qeyd eləməkdir. Bu gün, doğrudan da çox əlamətdardır. Nora xanımın 25 yaşı tamam olur, gəncliyin ən gözəl vaxtı. Mən ona Zahir ilə birlikdə cansağlığı, xoşbəxtlik və daha gözəl günlər arzulayıram. Xanımlardan və ağalardan xahiş edirəm, bu bakalları Nora xanımın sağlığına içək və rəqs edək.
Bakallar cingildədi və içildi.
Bir erməni mahnısı çalındı. Hamı bir-birinə qarışdı. Sonra həzin mahnı çalındı. Cavanlar bir-birinə sarmaşıb oynadılar. Aloş Zema xanımın belini qucaqlamışdı. Onlar musiqinin təsiri ilə asta-asta hərəkətlər edir, bir-birlərini sıxırdılar. Müğənni həzin-həzin oxuyurdu. Operatorlar müğənnini işıqlandırır, salon isə yarımqaranlıq halda qaynayırdı. Zema xanımın çılpaq, ətli qolları Aloşun çiynindən asılmışdı, boyaqlı dodaqları hərdən Aloşun dodaqları ilə təmasda olur, dik döşləri Aloşun sinəsində sıxılırdı.
Ad günü davam edirdi. Səlim müəllim stolların arxasında sanki təklənmişdi. Darıxırdı, havası elə bil çatışmırdı. Gecə keçir, ad günü isə qurtarmaq bilmir, dumanlı, yarımsərsəm başlar ağıllı ayaqların üstündə fırlanırdı. Bu məclisin və elə bəlkə dünyanın bu dəqiqə ən qərib adamı Səlim müəllim idi. Dünya başına fırlanırdı.
Dünyanın ən kefcil qadını, bəlkə, elə bu dəqiqə Zema xanım idi. Dodaqları Aloşun dodaqlarında, əlləri Aloşun çiynindən asılmışdı. Aloşun güclü əlləri onun belində daraqlanmışdı. Kimsə vecinə deyildi. Təki bu musiqi qurtarmayaydı, bu gecə davam edəydi, lap dünyanın sonunacan davam edəydi.
Zahir Noranı qucaqlamışdı, Vahan arvadı Anuşu qucaqlamışdı. Ağagül arvadı Gülnara xanımı qucaqlamışdı. Hamı rəqs edirdi, hamı fırlanırdı, “Gülüstan” fırlanırdı, abajurlar yanıb sönür, ehtiras ağuşunda çırpınanları harasa, nəyəsə çağırırdı.
Səlim müəllim stollardan aralanıb çıxış qapısına yaxınlaşdı. Mərmər pillələri düşüb bayıra çıxdı. Siqaret çıxarıb yandırdı və ağ rəngli “Volqa” maşınına yaxınlaşdı. Əlini cibinə salıb açarları axtardı. Yadına düşdü ki, açarlar Zahirdədir, axı gələndə də maşını Zahir sürürdü. Piyada yola düşdü. “Gülüstan”dan yuxarıda əsas yola çıxdı və son dəfə dönüb “Gülüstan” şadlıq sarayına qəmli nəzərlərlə baxdı və geri dönüb getməyə başladı. Vağzala necə gəldi bilmədi. Bir də hiss elədi ki, qatarla gedir.  Qarşıda onu yalçın qayalı dağlar, sərin sulu buz bulaqlar, bir də, daşı da, torpağı da, çiçəyi də, tikanı da əziz olan yurd yeri gözləyirdi.
Ərsən elə bil indicə ayıldı və gördü ki, hələ də dayısı Səlim ayaq üstə, qapının yanında titrəyir.
– Otur, otur, dayı, – dedi. Stul çəkdi. Katibə qıza iki stəkan çay tapşırdı.
– Ziyanın yarısından da qayıtmaq xeyirdir, dayı. Kəndə gedərik. Evi necə qoyubsuz eləcə də qalıb, hərdən gedib damın novdanlarına, suvağına baxmışam, xarab olmasın. Əkdiyiniz güllər də hamısı əmələ gəlib. Yaxşı bağ olub, məşğul olarsız, başınız qarışar.
Çaylar içildi. Söhbət ələnib-dolanıb rayon təsərrüfatlarındakı vəziyyətdən, camaatın yaşayışından, elmdə, təhsildə baş verən yeniliklərdən başlamış, kənddəki Köşə Debinin xırda alverinə, Mal Nağının bostanına qədər uzandı. İş saatı başa çatdı, Ərsən dayısı Səlimi öz maşınında kababxanaya apardı.
-         Deyirəm, dayı, çoxdandı təmiz yeməklərə həsrət qalmısan, bu gün “Çöllü
Vahidin” kababından  nuş eləsək pis olmaz.
-         Pis olmaz, bacoğlu.
        Ərsənin maşını “Çöllü” kababxanasının qapısında dayanan kimi Çöllü Vahid oynaya-oynaya Ərsənin qabağına çıxdı və oxumağa başladı:
              Sevdim gözlərini,
              Necə deyim sənə.
              Hər sözün düzünü,
              “Sevirəm” sözünü,
              Necə deyim sənə...
       Çöllü Vahidin şakəriydi, sevimli qonaqlarını qapının ağzında oxuyub oynaya- oynaya qarşılayar, ədəb-ərkanıyla yer göstərər, xidmət edərdi. Kababçının bu xüsusiyyəti müştərilərinin xoşuna gələrdi. Vahidin kababını da hər kababçı bişirə bilməzdi. Kababın yaxşı, yumşaq və ləzzətli olmasının bir neçə sirri vardı ki, hərdən Çöllü Vahid içib kefi düzələndə bəzilərini deyərdi. Kabablıq əti Çöllü Vahid həmişə özü alardı. Həm də Çöllü Vahid heyvan kəsdirməzdi, kəsilmiş quzu cəmdəklərini bir-bir gözdən keçirər, ürəyinə yatanı alardı. Ona görə də həmişə deyərdi ki, kababınkı ətdir. Gərək aldığın ət kabablıq ola, yoxsa hər ətdən kabab olmaz. Bir də ətin kabablıq doğranması da əsl sənətkarlıq tələb edirdi. Ətin kabablıq yerlərini Çöllü Vahid heç kəsə etibar eləməz, özü doğrayardı. Məxsusi qonaqlar üçün kababı da Çöllü Vahid özü bişirərdi. Elə ki, kabab hazır oldu, özü də gəlib əziz qonaqlarıyla oturar, məxsusi onun üçün yuxarı dağ kəndlərindən gətirilmiş tut arağından da bir şüşə masanın üstünə qoyardı. Həmişəki kimi bu gün də Çöllü Vahid Ərsəngilin masasını bəzəyib özü də əyləşdi və üzünü Səlim müəllimə tutub dedi:
-         Ərsən  müəllim bizim əziz qonağımızdır, onun qonağı bizim qonağımızdı.
-         Səlim müəllim dayımdı.
-         Xoş gəlmisiniz, sizin dayınız-bizim dayımız...
-         Xoş gününüz olsun,- Səlim müəllim dedi.
Səlim müəllim bir tikə quzu ətini kababından götürüb ləzzətlə yedi. O
dəqiqə də yediyi kababın ləzzət fərqini Bakıda yediyi kabablardan  ayırd etdi. Doğrudan da Çöllü Vahidin dili vardısa, dilçəyi də vardı.
 Bir neçə sağlıqlar deyildi, Səlim müəllimin qırışı açıldı, düşdüyü küskün əhval-ruhiyyəsindən əsər-əlamət qalmadı. Çöllü Vahidin oxuduğu mahnılar, dediyi sağlıqlar Səlim müəllimi tamam ayrı bir aləmə aparmışdı. Çöllü Vahid daha bir sağlıq dedi:
-         Deyirəm, Ərsən müəllim, Səlim müəllim, bunu da içək hamımıza can
sağlığı arzulayaq. Necə demişlər:
                        İçki can sağlığının düşmənidi,
                        İçirik canımızın sağlığına.
       Amma onu da deyim ki, bu tut arağı ki var, bundan dünyada yoxdu,  ziyansızdır, bir şüşə üç nəfərin normasıdır. Hətta bu tut arağı insanın sağlamlığına müsbət təsir göstərir. Böyük alimlər belə demişlər. Bilirsiz ki, bizim bu balaca rayon alimlər diyarıdır.  Hə, Səlim müəllim, həmişə siz gələsiz. Sizin sağlığınıza...
        Səlim müəllimin qırışığı açıldıqca Ərsənin də  üzü gülürdü. İndi daha Səlim müəllim danışırdı:
-         Çoxdandı rayona gələ bilməmişdim. Mənim bir neçə iqtisadi layihələrim
var. Bakıya qayıdan kimi müvafiq nazirliklərdə bizim bu gözəl rayonumuzla bağlı bir neçə məsələnin həllinə çalışacağam. Rayonumuzda kənd təsərrüfatının inkişafı ilə bağlı nələr eləmək olmaz... mən mütləq bu məsələlər ilə məşğul olacağam...
         Ərsəngil üç saata qədər kababxanada oturub yeyib-içdilər. Ərsən dayısı professor Səlim Axınlını tam mənasında xoş üzlə qarşılamış, onu düşdüyü deprasyon halından çıxmasına yardımçı olmuşdu. İndi evə gedə bilərdilər. Ayağa qalxdılar, kababxanadan çıxa-çıxda Ramiz oxuya-oxuya kababxanaya daxil oldu. Ramiz yenə də həmişə olduğu kimi öz aləmindəydi:
               İçirəm kuzə ilə meyi meyxanədə hər gün,
               Dağılır çərxi-fələkdən nəki mey, xanə də hər gün.
            Səlim müəllim dədə evinə getmədi, bu gecəni Ərsən ilə keçirdi. Bacısı evində ilk qarşılaşdığı bacısının böyüdülmüş portreti oldu. Bacısı Şahsənəmin portretinə baxıb ağladı, özünü danladı, Ərsənin boynunu qucaqlayıb bir də ağladı.
            Ərsən dayısını o biri otağa keçirib çarpayıya uzanmasına kömək etdi. Uzun yolun yorğunluğu Səlim müəllimi əldən salmışdı, üstəlik tut arağının məst edici təsiri də göz qapaqlarını istər-istəməz yumurdu, çarpayıya uzanan kimi xoruldamağa başladı. Beş dəqiqədən sonra professor Səlim Axınlını heç top da atsan oyatmaq olmazdı. 

(Ardı var.)


Ana səhifəyə qayıt        Baxış: 5 224          Tarix: 8-06-2021, 08:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma