Xəbər lenti

   Şair Məmməd Tahirin Məmməd Əmin Rəsulzadənin həyat və
fəaliyyətindən bəhs edən “Heykəllə söhbət”  poeması  “Azərbaycan”
 jurnalının 7-8-ci nömrəsində çap olunub.Maraqlı olacağını nəzərə
alıb poemanı Ovqat.com oxucuları üçün yayınlayırıq.

 

 

HEYKƏLLƏ SÖHBƏT
      (Poema)

Novxanıda bir heykəl var,
 Ağ mərmərdən yonub onu heykəltaraş
 Üzündə bir yorğunluq var.
 İllər onu haldan salıb,
 Yorub onu uzun savaş.
 Vardan keçib,
 Yoxdan keçib.
 Uzun yolu haqdan keçib.
 Durdurmayıb qorxu, hədə,
 Yüz yaşını çoxdan keçib.
 Dönüb bir gün ağ heykələ
 Məmməd Əmin Rəsulzadə.

 Saçlarında küləklərin var sığalı.
 Tarix təzə təcnis yazır daş üstündə,
 Qafiyəsi həm təzədi, həm cığalı.
 Bir əsrdə iki dəfə
 Çıxıb tarix səhnəsinə,
 Zinət olub bir millətin tarixinin
 Təzəsinə, köhnəsinə.

 Uşaqlığı bax, bu kənddə keçib onun,
 Sonra ömrü bəyaz daşa köçüb onun.
 Bütün günü nə uyuyur, nə göz yumur.
 Səhər-axşam göy üzündən işıq umur.
 Səcdəsinə  oba gəlir, bir el gəlir.
 Axın-axın insan gəlir,
 Sanasan ki, bir sel gəlir.
 Xəzər qalxır, dalğalanır, sular dinir,
 Belə sevgi cana yatır, cana sinir.

 Novxanlda bir heykəl var.
 Başı üstə uca  bayraq,
 O bayrağı uca tutur
 Azərbaycan-ana torpaq.

             -0-
 Ankarada bir məzar ,
 Gün işığı başdaşını yuyar onun.
 O məzara düşən işıq
 Ürəyindən keçənləri duyar onun.
 Yarpaqların xışıltısı
 Layla deyər səhər-axşam o məzara.
 Böcəklərin işıltısı
 İşıq olar, bir şam olar o məzara.
 Aylar keçər, günlər ötər,
 Heç korşalmaz o məzarın daş yaddaşı.
 Xatırlayar o illəri, o savaşı.
 O məzarın daşı sadə,
 O məzarda yatan adam
 Məmməd Əmin Rəsulzadə.
              -0-
 Qoca heykəl səndən sorum,
 Əsən yellər qaçırtdımı heç yuxunu?
 Tarix səni unutdurdu,
 Bəs sən necə, unutdunmu var-yoxunu?
 Biri dedi Rəsulzadə
 Bu millətin dərdlərini körüklədi.
 Biri dedi Rəsulzadə
 Bu milləti uçuruma sürüklədi.
 Biri dedi, qoyub qaçdı.
 Rəsulzadə hesabına millət acdı.
 Deyə-deyə kimi sənə ürəyini,
 Kimisi də qapı açdı.
 Yadındamı o xoş səhər,
 Cümhuriyyət yaratdığın əsər oldu.
 Sənin adın Yaxın Şərqdə
 Qarış-qarış, addım-addım
 Gəzər oldu.

 Cümhuriyyət.Qədim Gəncə.
 Bu şəhərdə imza atdın,
 Qərar verdin.
 Azadlığı sən daddırdın,
 Xalqa milli müstəqillik-Bahar verdin.
 Sən milləti bir-birinə
 Yaxın etdin, doğma etdin, qovuşdurdun.
 Bu millətin başı üstən
 Ağır günü, qan-qadanı sovuşdurdun.
 Taleyindən, qismətindən
 Küskün idi, danışdırdın, sən dindirdin.
 “Gülüstan”dan bu tərəfə
 Sevinməyi unutmuşdu, sevindirdin.
                  -0-
 Novxanıda bir heykəl var,
 Cilalanıb ağ mərmərdən.
 Məmməd Əmin Rəsulzadə
 Baxır diri, sağ mərmərdən.

 -Salam, sən ey, əziz insan,
 Bir  millətin ilk öndəri,
 Sən vuruşdun, sən döyüşdün,
 Tərk etmədin heç səngəri.

  Dodağının bir küncündə
 Bircə qırıq təbəssüm var.
 Böyük insan, ürəyində
 Mən billirəm, çox sözün var.

 Üz-üzəyik, bir sən, bir mən,
 Bir də aydın qış səhəri.
 Yəqin duyub, eşidirsən
 Olub-bitən hər xəbəri.
İllər keçdi, zaman döndü,
 Çökdü Sovet.
                                                        

 Çox xalqların başı üstdən
 Qılıncını çəkdi Sovet.

 O ayrılan kiçik xalqlar
 Hərəsi bir dövlət qurdu.
 Əqidəndən su içənlər
 Ucaltdılar ana yurdu.

 Budur insan təbiəti,
 İnandığı yoldan dönməz.
 Sən ki belə söyləmişdin:
 Qalxan bayraq bir də enməz

Gülümsəyən baxışları
 Çox söz deyir, söz anladır.
 Ürəyindən keçənləri
 Dodaq susur, göz anladır.

 Danışıram, o anlayır,
 Şirin keçir söhbətimiz.
 Zaman axır, bitmək bilmir
 Bu sevgimiz, ülfətimiz.

 Unudulan xatirələr
 Çözələnir bir sap kimi.
 Heykəl baxır, dilə gəlir
 Ürəyinin sarı simi.

 Nə əndişə, nə qorxu var,
 Hər kəlməsi keçilmiş yol.
 Öz yurdunu cəbhə bilib,
 Sən ya şəhid, ya qazi ol.

 Yuyur soyuq qış günəşi
 Heykəl üstə düşən şehi.
 Yox heykəlin gözlərində
 Nə gileyi, nə tənbehi.

 Danışdıqca duyğuların
 Əksi düşür gözlərinə.
 Ürəyindən süzülərək
 Qəm sürüşür gözlərinə.

 -Mən bir gecə bir qayıqla,
 Çox gizlicə çıxdım yola.
 Qarşımda bir dumanlı yol,
 Düşündüm nə ola-ola.

 Heç unuda bilmirəm ki,
 O ayları, o illəri.
 Məni çənlə qarşıladı
 Finlandiya sahilləri.

 Çox ölkələr, ellər gəzdim,
 Gah sularda, gah qarada.
 Doğma bilib, yaxın bilib
 Axır durdum Ankarada.

 Heç olmadı rahat günüm,
 Çox alovdan, oddan keçdim.
 Vətənimdən kənarda da
 Mübarizə yolu seçdim.

 Heykəl susur bir anlığa,
 Sanki durur, nəfəs alır.
 O danışır, ürəyimdə
 Hər kəlmənin yeri qalır.

 Mən Vətəni tərk edəndən
 Yuxularım ərşə çıxdı.
Ailəmdən, Vətənimdən
 Ayrı düşmək məni sıxdı.

 Ümbülbanu-ömür dostum,
 Onsuz keçən günüm acı.
 Həyat döndü alçaq dağa,
 Çən bürüdü yal-yamacı.

 İki oğul, iki qızı
 Mən arxamda qoyub getdim.
 Millətim var olsun deyə,
 Öz-özümü sürgün etdim.”

 Üz pərişan, göz fikirli,
 Daha nəyi yada salır?
 Bircə anda baxışını
 Çən bürüyür, duman alır.

 Məmməd Əmin Rəsulzadə,
 Bir dahinin daş heykəli.
 Qoca Şərqin ortasından
 Yuxarıya qalxdı əli.

 Dövlət qurdu
 İnam, uğur və qətiyyət.
 Qoca Şərqdə ilk müstəqil
 Demokratik cümhuriyyət.

 -Sən gedəli burda sular
 Bulandı, heç durulmadı.
 Rejim döndü gilyotinə,
 Öldürməkdən yorulmadı.

 -Tez-tez xəbər tuturdum mən
 Burda olub-bitənlərdən.
  İmkan olcaq pul-para da
 Göndərirdim hərdən-hərdən.

 Sonra Rəsul güllələndi,
 Dərddən öldü Ümbülbanu.
 O iki qız övladımın
 Çox acı oldu sonu.

Gözlər dolur, əl titrəyir,
 Təsəlliyə ehtiyac çox.
 Mizrab dəyir sarı simə,
 Fəryada bax, dinləyən yox.

 -Çox istədim gətizdirəm
 Türkiyəyə, öz yanıma.
 İndi duyub-düşündükcə
 Tökülür od-köz canıma.

 Acı çəkən heykələ bax,
 Daş da olsa can ağrıyır.
 Bir az duyğu, hissi olan
 Görür heykəl qan ağlayır.

-Unutmadıq qaldırdığın
 O üç rəngli bayrağı biz.
 İllər sonra Bayraq günü
 Təsis etdi dövlətimiz.

 Məmləkətin hər yerində
 Sevgi, qürur, var  iftixar.
 Sən qaldırdığın bayraq altda
 İndi minlər, milyonlar var.

 O bayrağın al rəngində
 İgidlərin al qanı var.
 İndi Xəzər sahilində
 Böyük Bayraq Meydanı var.

 Bu xəbərin sevincindən
 Üzü gülür, can şuxlanır.
 İşıq düşür gözlərinə,
 Baxışları işıqlanır.

 -Stalinlə dost olubsuz,
 Doğrudurmu bu söz-söhbət?
 -Mən nə deyim,
 Zaman ona verib qiymət.

 -Atatürkün bir sözü var,
 Belə deyib sizə, məncə.
 “Üç yaş məndən kiçik ikən,
 Dövlət qurdun üç il öncə.”

 Qonur onun dodağına
 Təbəssüm bir kəpənək tək.
 Deyirəm bu mənzərəni
 Rəssam ola, çəkə gərək.

 Soyuq hava, günəşli gün,
 Bir heykəldi, bir də mənəm.
 Söhbətimiz bitmək bilmir,
 Dolur sinəm, daşır sinəm.

 Ötüb keçir yanımızdan,
 Qadın, uşaq dönüb baxır.
 Zamanın ağ sularında
 Bir şair, bir heykəl axır.
                 -0-
 Nə yay, payız, nə də qışdl,
Elə yazdı Məmməd Əmin.
Yazdı hamı elə səndən,
Gördü azdı Məmməd Əmin.
 

Torpaq dona, daş bərkiyə,

Millətləri çək cərgəyə,

Türk adını ilk cərgəyə

Durub yazdı Məmməd Əmin.
 

Gül-çiçəklər qoxuyanda,

Günəş ləçək toxuyanda,

Himnimizi oxuyanda,

İlk avazdı Məmməd Əmin.
 

O, nə torpaq, o, nə qəbir,

O, kitabə, övliya, pir,

Sinəmizin üstündə bir

Telli sazdı Məmməd Əmin.
 

Könül dedi, qələm yazdı,

Ürək çaşdı, ağıl azdı,

Səndən yazdı, gördü azdı,

Kür, Arazdı Məmməd Əmin.
 

                        -0-

Bakının nə dərdi, nə də qəmi var,
 Bu böyük şəhərin öz aləmi var.
 İndi nə palançı, nə də palanı,
 Nə də Vurğun yazan köhnə dalanı.
 Parklar, xiyabanlar, geniş küçələr,
 Aya qucaq açır nurlu gecələr.
 Açılır bulaqlar, durulur sular,
 Hələ önümüzdə yeni yollar var.
 O gün ki, çağladı, coşdu qayğılar,
 Gəldi ehtisaza yeni duyğular.
 Dindi könüllərdə yeni bayatı,
 Zaman dövrə uyğun qurdu saatı.
 Batanda al günəş, söküləndə dan,
 Yada düşəcəkdir o böyük insan.

                                                                  

Sizə söhbət açdım mən  kimdən, nədən,
 O millət rəhbəri Rəsulzadədən.
 Bu gün Novxanıda ucalan heykəl,
 Millətə səslənir:Qalx, ucal, yüksəl.
 Dünən dayaq olub, bu gün də arxa,
 Bir gün köçəcəkdir Dağüstü Parka.
 Millət sığmayacaq bərəyə, bəndə,
 Bir gün qovuşacaq Təbriz Dərbəndə.
 Onda Dağüstü Park bir Pir olacaq,
 Cənublu, Şimallı xalq bir olacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 591          Tarix: Bu gün, 10:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma