
Suriyanın müvəqqəti dövlət başçısı Süveyda gərginliyini yatırdıqları üçün başda bədəvi ərəb əşirətləri olmaqla ABŞ, ərəb dövlətləri və Türkiyəyə təşəkkür etdi.
Süveyda gərginliyinin yatırılmasında bədəvi ərəb əşirətləri birbaşa iştirak etdiyindən onlara duyulan minnətdarlığı anlamaq mümkündür.
Ərəb ölkələri də dünyanın super gücü ABŞ-a 4,2 trilyon dollar verməklə faktiki olaraq Vaşinqton üzərində ciddi təsir gücünə çevriliblər və yəqin ki, dürzi-bədəvi gərginliyinin yatırılmasında bu gücdən istifadə ediblər. Hər halda, Əhməd Şaara boş yerə həm ərəb ölkələrinə, həm də Suriyada yaşayan bədəvi əşirət liderlərinə boş yerə təşəkkür etməz.
ABŞ-la da məsələ aydındır.
Bəs, Türkiyə?
Açığı, Türkiyənin bu prosesdə rolu barədə məlumatlar tam olaraq ortaya qoyulmadığından biz bəzi təxminlərə əsaslanıb iddialar irəli sürmək istəmirik. Yəqin ki, yaxın günlərdə Əl-Şaranın Türkiyəyə niyə təşəkkür etdiyinin səbəbləri gün işığına çıxacaq.
Amma görünən budur ki, Süveyda gərginliyinin yatırılmasında ən çox qazanan Türkiyə, uduzan isə İsrail oldu. Zira ərəb əşirətlərinin dövriyyə girməsi ilə İsrailin Suriyanı parçalama layihəsi faktiki iflasa uğradı. Beləcə, ərəb əşirətləri Suriyada oyun dəyişdirici və oyun qurucu güc olduqlarını bir daha sübut etdilər.
Üstəlik, elə ciddi güclə ortaya çıxıb dürzilərə layiqli dərs verdilər ki, atəşkəsi ilk istəyən də elə İsrail oldu. Çünki qəzəblənmiş ərəb əşirətlərinin gücü qarşısında dürziləri qorumağın mümkün olmadığını gördülər. Bədəvilərə qarşı amansız davranmağın isə bütün ərəb dünyasını ayağa qaldıracağını anladılar. Bu qədər böyük gücə bir də Türkiyənın qatılması İsrail üçün ölümcül nəticələr doğura bilərdi.
Üstəlik, bu hadisələr dünyanın ən zəngin təbii sərvətlərinin cəmləşdiyi Yaxın Şərqin tamamilə ABŞ-ın da əlindən çıxması anlamına gələr, Çinin bu regionda güclənməsinə yola açardı. İsrail, təbii ki, himayədarı ABŞ-ı bu qədər qəzəbləndirmək imkanına malik deyildi. Onu da vurğulamaq yerinə düşərdi ki, ABŞ Türkiyə kimi güclü hərbi müttəfiqini də itirmək istəmirdi və bu səbəbdən də Ankaradan gələn ismarışlara həssas yanaşırdı.
Qısası, Tel-əviv ərəb dünyasının bu böyük gücünü gördüyündən dərhal geri addım çəkilməyə məcbur oldu. Prosesin bundan sonra tamamilə dayanıb-dayanmayacağı təbii ki, ərəblərin və Türkiyənin göstərəcəyi reaksiyadan asılıdır. Bu birliyi qoruyub saxlaya bilsələr, sionizm bir daha özünə gələ bilməyəcək dərəcədə böyük xəsarət alacaq və ultra-millətçi ideyalardan vaz keçib region dövlətləri ilə inteqrasiyaya can atacaqlar. Prinsipcə, yəhudi-ərəb inteqrasiyasının yeni ideologiyası da Tramp tərəfindən hələ ilk prezidentliyi dövründə hazırlanıb – İbrahim anlaşması.
Türkiyəyə gəlincə, yəqin ki, bundan sonra Suriyanın şimal-şərqinin PKK ünsürlərindən təmizlənməsində də eyni silahdan – bədəvi ərəb əşirətlərindən istifadə olunacaq. Nəzərə alsaq ki, Süveyda gərginliyinin yatırılmasında kilid qüvvə kimi ortaya çıxan bədəvi əşirətlərinin silahlıları məhz Deyrəzor, Rəqqa və s. kimi Suriyanın şərq və şimal-şərq bölgələrindən gəlmişdilər, onların öz regionlarında daha aktiv və təsirli olacağı şübhə doğurmur. Ən əsası isə, PKK-nın əsas onurğa sütunu olduğu SDG-nın da ən azı 70-80%-nin bu əşirət mənsublarından təşəkkül tapdığı bildirilir. Lazım gələn anda əşirət rəhbərləri Suriyanın torpaq bütövlüyünün qorunması barədə qərar versələr, Heseke, Rəqqa, Aynül-ərəb, Deyrə-zor kimi şəhərlər qısa müddət ərzində separatçılardan təmizlənəcək. PKK bəlkə Kobanidə özünə rahat yer tapacaq. Amma bu potensial məğlubiyyət baş verərsə, kürd əşirətləri onları təcrid vəziyyətə salan PKK-nı əsla bağışlamazlar.
Bütün bu gəlişmələrdən ən qazanclı çıxan Türkiyədir deyəndə məhz bunları nəzərdə tuturam. Ərdoğan hakimiyyəti deyəsən həqiqətən də “terrorsuz Türkiyə” hədəfinə addım-addım yaxınlaşır. Bu mənada ərəb əşirətlərinin Süveydadakı effektiv mübarizəsində Ankaranın da rolu olduğuna inanıram.
Heydər Oğuz
Ovqat.com
Paylaş: