
“Bu gün də ABŞ Çini dayandırmaq iqtidarında olmadığından bu yolu öz nəzarətinə götürməyə çalışır...”
“Türkiyənin Orta Asiya və Cənubi Qafqaz geo-siyasi məkanında dəngələyici faktora çevrilməsi Zəngəzur dəhlizindən keçir...”
“Yüzilliklər boyu bütün imperialist müharibələrin və rəqabətin əsas hədəfi sərvətlərə və yollara nəzarət uğrunda olub. Ən ciddi rəqabət isə İpək yolu uğrunda yaşanıb. Qədim İpək yolunun türklərin nəzarətində olması bizə böyük avantajlar bəxş edib. Məhz bu səbəbdən də Qərb dünyası dəfələrlə dini niqab altında üzərimizə hücum çəkib. Əsrlər boyu davam edən bu müharibəni səlib yürüşləri adlandırıblar. Başqa sözlə desək, səlib yürüşlərinin zahiri görünüşü din uğrunda savaş olsa da, əsl səbəbi əslində İpək yolunu nəzarət altına almaq idi. Yüz illərlə davam edən bu müharibədə avropalılar türklərə bata bilmədiklərindən İpək yoluna alternativlər axtarıblar. Bir müddət Afrikanın ətrafından dolaşaraq Hindistana və Çinə çıxış axtarıblar. Bu yol çox uzaq olduğundan və xüsusilə də Ümid burnundan və Malakka boğazından keçmək böyük risklər daşığından daha fərqli alternativlərin kəşfinə girişiblər. Beləcə, özləri də anlamadan gedib indiki Amerikanı kəşf ediblər. Bir müddət Amerikanı Hindistan sanıblar. Sonra isə tamamilə fərqli qitəni kəşf etdiklərini anlayıb orda məskunlaşıblar. Yəni Amerika əslində İpək və Ədviyyat yolunun alternativ marşrutlarını axtarmaq zərurətindən doğub. Bu fakt həm də onu göstərir ki, ABŞ-ın qurulması önəmli ticarət yoluna çıxmaq istəyi ilə bağlıdır və sözügedən qitəni idarə edənlərin ən böyük arzusu həmin yollara nəzarət etmək idi”.
Bu fikirləri siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında “Ötən həftə ABŞ-ın Ermənistana Zəngəzur dəhlizini 100 illiyə icarə götürmək təklifi haradan qaynaqlanır? Doğrudanmı bu yol ABŞ üçün bu qədər əhəmiyyətlidir?” sualını cavablandırarkən ifadə edib.
“Məlumdur ki, Zəngəzur dəhlizi də müasir İpək yolunun orta marşrutunun üzərində yerləşir. Çindən Avropaya uzanan orta dəhlizə nəzarət etmək ABŞ-ın ən qədim geo-strateji hədəflərindən biridir. Bəzi tarixçilərin, məsələn Milli Məclis sədrinin müavini, professor Musa Qasımlının iddiasına görə, ötən əsrin əvvəllərində, daha konkret desək, 1919-cu ildə ABŞ hərbi qüvvələri Zəngəzuru öz nəzarətlərinə keçirmək istəyib. O vaxt Zəngəzurda yaşayan Azərbaycan türklərinin kəskin etirazından və dirənişindən sonra amerikalılar bu sevdadan vaz keçiblər. Əslində sovet Rusiyasının 1920-ci ildə Zəngəzuru Ermənistana verməsinin də əsas səbəbi bu idi. Faktiki olaraq Zəngəzuru Ermənistana verməklə rus imperializmi müasir İpək yolu üzərində qarmaqarışıq və keçilməz əngəllər yaradıb. Məqsəd təbii ki, ABŞ və İngiltərənin bir də belə bir sevdaya düşməməsi, əks təqdirdə beynəlxalq hüquq və yerli dirəniş dalanı ilə qarşılaşması perspektivi yaratmaq olub.
İndi isə dövr dəyişilib. Çin də böyüyərək dünya ağalığına can atır və hazırda ABŞ-ın ən böyük rəqibi sayılır. Ən əsası isə Çin Avropaya ən yaxın çıxışını Zəngəzur dəhlizi üzərindən qurmaq istəyir. ABŞ da Çini dayandırmaq iqtidarında olmadığından bu yolu öz nəzarətinə götürməyə çalışır”, - deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb.
Heydər Oğuzun fikrincə, Zəngəzur dəhlizi Avropa dövlətləri, xüsusilə də Böyük Britaniya üçün də böyük strateji əhəmiyyətə malikdir:
“London və Vaşinqton bu yola nəzarəti öz əllərinə ala bilməsələr, digər Avropa ölkələrinin iqtisadiyyatı ilə istədikləri kimi oynaya bilməyəcəklər. Nəticədə Şərqi Avropa, Fransa, Almaniya, İtaliya, İspaniya kimi ölkələr Çinlə daha avantajlı iqtisadi əlaqələr quracaq və iqtisadi inkişaf baxımından ABŞ-ı geridə qoyacaqlar. Üstəlik, ticari münasibətlər fərqli dövlətləri və güc mərkəzlərini ən yaxşın müttəfiqə çevirən faktorlardır. Bir çox strateqlərin fikrincə, dövlətlər bir-biri ilə müharibə edib tükənmək istəmirlərsə, mütləq ticari əlaqələr qurmalıdır. Zəngəzur dəhlizi də Şərqi və Qərbi Avropaya bu üstünlükləri bəxş edir. Görünür, Çinlə Avropanın arasındakı ticari əlaqələrin bu “mənfi nəticələrini” aradan qaldırmaq üçün də ABŞ-ın Zəngəzura yerləşməkdən başqa yolu yoxdur. Digər tərəfdən, bu yol açılarsa və Çinin nəzarəti altında qalarsa, Cənubi Qafqaz tamamilə Pekinin nəzarəti altına düşəcək. Nəticədə ABŞ-ın dünya hegemoniyasına da son qoyulacaq.
Ən əsası, ABŞ özünün ən güclü rəqibləri sayılan Rusiya və Çin arasında bufer zonalar yaratmaq istəyir. Ən yaxşı bufer zona isə Türk Dövlətlər Birliyidir. Məhz bu səbəbdən də, ABŞ və Böyük Britaniya özünün ən güclü rəqiblərini Türk dünyası ilə zərərsizləşdirmək niyyətindədir. Bunun üçün də Mərkəzi Asiya və Cənub Qafqaza nəzarəti təmin edəcək Zəngəzura sahiblənməlidir”.
Siyasi şərhçi hesab edir ki, ABŞ-a bağlı özəl şirkətin dəstəyi ilə Zəngəzur dəhlizinin açılması təklifinin bu ölkənin Türkiyədəki səfiri Tom Barak tərəfindən dilə gətirilməsi də təsadüfi deyil:
“Bilirsiniz ki, Tom Barak ABŞ-ın Türkiyədəki səfiri olmaqla yanaşı, həm də Prezident Donald Trampın Suriya və Livandakı xüsusi nümayəndəsidir. Tom Barak bir müddət əvvəl Türkiyə mətbuatına verdiyi açıqlamada qardaş ölkənin yeni vizyonunu rəsm etmişdi: Türk, kürd və ərəb ittifaqı... Dünya türklərinin önəmli hissəsinin Orta Asiyada yaşaması ondan xəbər verir ki, Türkiyənin yeni vizyonu Cənubi Qafqazı və Mərkəzi Asiyanı da öz təsir dairəsinə almaqdan keçir. Bu da təbii ki, iki coğrafiya arasında quru əlaqələrinin qurulmasını şərtləndirir. Qısası, Türkiyənin Orta Asiya və Cənubi Qafqaz geo-siyasi məkanında dəngələyici faktora çevrilməsi Zəngəzur dəhlizindən keçir”.
Bütün bunları göz önünə alan həmsöhbətimiz ABŞ-ın Zəngəzur dəhlizinə bu qədər önəm verməsini təsadüfi saymır.
Sultan Laçın
Paylaş: