
İnqilab Orxan
(Povest)
Şəhərin tutqun, boz tavanı sanki milyonlarla yerindən iynə ucu boyda deşildi və nəhəng bir ələkdən ələnirmiş kimi ilıq damlalar əvvəlcə ən hündür binaların qızmış damlarını, sonra divarlarını, ən nəhayətdə istidən, bürküdən yumşalıb qapqara saqqızsayağı maşınların təkərlərində nırçıldayan və buruq-buruq ilğımlanan asfalt yolları çopur-çopur naxışlamağa başladı. Bir az sonra bu çopur ləkələr getdikcə sıxlaşan damcıların ciddi həmrəyliyi nəticəsində şəhərin bütün sifətindən asanlıqla silindi və çox keçmədən əzilib büzülə-büzülə bir-birinə əl verən, qucaq açan yağış damcıları artıq sevinə-sevinə şəhərin hisini-pasını, çirkini yumaqla məşğul idi.
General tək-tənha xidməti maşınının – qara “Mersedes”in – arxa oturacağına quylanmışdı. Onun sifəti də şəhərin yağışlı havası kimi, göyüzü kimi tutqun idi, boz idi. Günün çoxunu pəncərəsi heç zaman açılmayan idman zalı kimi geniş kabinetdə keçirdiyindən ağarmış, meyit rəngi almış bənizində buludlar dolaşırdı. Ayın neçəsi idi, həftənin neçənci günü idi; bilmirdi. Kip qapanmış dodaqlarına azacıq əziyyət verib sürücüdən soruşa bilərdi, amma buna qətiyyən ehtiyac duymadı. Çünki ayın neçəsi, həftənin neçənci günü olmasının çoxdandı ki, onun üçün heç bir əhəmiyyəti yox idi. Bir onu bilirdi ki, sentyabrın əvvəlləridi: yay can üstədi.
Qara “Mersedes” generalın şəhər kənarındakı hasarı xeyli hündür və alınmaz qala divarları kimi əzəmətli, vahiməli görünən mülkünə çatanda elə bir gün çıxmışdı ki, elə bil Allahın altında kimsə, hansı bir sehrli qüvvə isə hər şeyi yaxşıca-yaxşıca yuyub, silib, par-par parıldadıb indi işığa tutmuşdu və bu kimsənin, yaxud hər hansı sehrli qüvvənin hamını heyrətləndirməkdən duyduğu sevinci də qətiyyən kimsədən gizlətmək fikri-filanı yox idi. Bir az əvvəl göyün üzünü büsbütün suvamış qara-boz buludlardan da heç bir əsər-əlamət qalmamışdı. Dünya limhalim işıqla dolmuşdu. Şəhərkənarı mülk yiyələri hərəsi öz qalası həcmində “daş çanaqlar”ını adil Allahın ədalətlə paylaşdırdığı işıqla ağzınacan doldurmuşdular və aşıb-daşan bu işıq seli yolları, küçələri, hasarsız bağları, indi bir az uzaqda qalan şəhəri də ağzına almışdı; bu sel kimsəyə ziyan vurmurdu, tam əksinə, bu sel hamını sevindirirdi, hamının içini nurlandırırdı.
Ağır, qalın dəmir darvaza yavaş-yavaş sanki içinə çəkilirmiş kimi enli divarın “qarnına” yığıldı və qara “Mersedes” xeyli geniş olan həyətə girdi, general yorğun-yorğun maşının arxa oturacağından düşdü, qapı çırpıldı. Gün işığında işım-işım işıldayan qara maşın bir qara qul kimi generala arxa çevirmədən – dalı-dalı– təzim edə-edə açıq darvazadan küçəyə çıxdı və çevrilib sürətlə malikanədən uzaqlaşdı.
Şəhərin mərkəzində, ən axarlı-baxarlı yerdə də çox geniş, hər cür komforta malik mənzili vardı, ailəsi, arvad-uşağı orda yaşayırdı, amma yaşı yarım əsri adlamış, sıx, qara saçlarına rəğmən gicgahları xeyli çallaşmış general – xidmətinin son illərində özünə heç cür rahatlıq tapa bilməyən, daimi sıxıntı, qorxu içində yaşayan ölkənin beş-üç söz sahibindən biri – az-çox rahatlığı, təsəllini bu bağda, bu həyətdə tapırdı.
Qara “Mersedes”in qapısı çırpılan kimi qarşısında bir az da beli bükülü halda “xoş gəldin!” eyləyən, itaətkarlığından qətiyyən sıxılmayan Seyfəli kişini – bu cənnət kimi bağ-bağatı salan, becərən, qoruyan həmyerlisini – evə göndərmişdi. General adəti üzrə həmişə belə eləyərdi: bu bağda, bu həyətdə sanki digər bəni-adəmin olması onun bu qalın, hündür hasarlar içərisindəki azadlığına xələl gətirirdi. Amma bu dəfə – axşam eşitdiyi o xəbərdən sonra – general elə bir hissin, duyğunun məngənəsində idi ki, həyati əhəmiyyətli qərar qəbul etmək üçün sərbəst, azad düşünə bildiyi bu bağda mütləq həm də tək qalmalı idi. Bu bağ, bu həyət, bu qalın, hündür divarların arası sanki onun azadlığının qəsri idi. Uzun müddətdən bəri dodağı belə qaçmayan, ürəkdən sevinə bilməyən, qılıncının dalı da, qabağı da kəssə belə, gizli-gizli içinə axan göz yaşını kəsməkdə aciz olan general bu bağı, bu həyəti yeniyetməlik, gənclik illərinin o xoşbəxt çağlarını qaytarmaq, heç olmasa bir qismini bərpa eləmək ümidi ilə saldırmışdı. Bu həyətdə, bu dirrikdə bir kol belə, bir ting belə - küknardı, şamdı, nədi? – həmişəyaşıl bitki yox idi. Qışın oğlan çağında, ayazda, şaxtada da sırtıq-sırtıq yaşıl qalan hər hansı kol-kosu o, təbii qəbul eləyə bilmirdi: şit, süni, saxta kimi qəbul eyləyirdi və saxtalıqdan, sünilikdən zəndeyi-zəhləsi gedən general onları necə qapısının ağzında əkdirib hər gün gülməşəkər boy-buxunlarına tamaşa eyləyə bilərdi ?!
Malikanəsi kənddəki ata yurdundan xeyli böyük, təmtəraqlı, üstəgəl üçmərtəbəli olmağıyla fərqlənsə də, həyət, bağ (işğal altında olduğundan indi, çox güman ki, xarabalığa çevrilmiş) o cənnətməkanın tamamilə eyni idi.
Şipşirin, iri – yetişəndə (yalan olmasın) çeçələ barmaq boyda olan – ağ meyvələri yamyaşıl yarpaqlar arasından barama qurdu kimi sallanan bedana tut malikanənin lap qənşərində üçmərtəbəli evi də ötüb keçmişdi: göylərə boy verirdi. Kənd bağlarındakı “sort”lardan olan alma, armud, ərik, alça, gavalı ağacları təxminən o bağdakı sıralama ilə əkilmişdi. Arxın qırağı ilə heyva ağacları düzülmüşdü. Payızın sonlarında – yetişən zaman – hərəsi bir işıqlı lampa kimi budaqlardan ağır-ağır sallanırdı.
Sonra gəlirdi gilas, gilənar ağacları. May ayının sonlarında, iyunun əvvəllərində rənglərinə günbəgün sanki gün işığı da qatılırdı, budaqlar elə bil sarı, qırmızı, narıncı sırğalar taxırdı qulaqlarına və lap zəif mehdən belə titrəşən bu alyanaq giləmeyvələr yarpaq yaşmaqlarını üzlərinə çəkərək utancaq qızlar kimi oğrun-oğrun göz süzdürüb gülümsünürdülər. Hələ həyətin aşağısına doğru uzanan səliqəli üzüm talvarı... Payızda o talvardan sallanan şəffaf, qara, çəhrayı, dolu giləli, sıx üzüm salxımları...
İllah da yaz aylarında – şaftalılar çiçək açanda general dinindən-imanından olurdu. Bu açıq çəhrayı qom-qom çiçəklər dünyanın hər üzünü görmüş ahıl kişini həm uşaq kimi sevindirirdi, həm də ona izaholunmaz qüssə, kədər gətirirdi, onu kövrəldirdi.
General bu dadlı meyvələri yeməkdən çox, onları seyr eləməkdən həzz alırdı. Onsuz da çoxdandı ki, sanki onun ağzının dadı da qaçmışdı, iştahası küsmüşdü: nə yediyinin, nə içdiyinin dadını-tamını hiss eləyə bilmirdi. Ağacların, gülün, çiçəyin isə hər birinin öz obrazı var idi generalın nəzərində. Son illər o, ağacları insanlardan daha çox sevirdi, ağacları insanlardan daha faydali, daha gərəkli bilirdi.
Amma generalı bu həyətə bağlayan, hər fürsətdə dartıb bu həyətə gətirən ağacdan, meyvədən, otdan-ələfdən, kol-kosdan daha çox göyərçinlər idi-ağ göyərçinlər.
Darvazanın əks istiqamətində – malikanənin sol tərəfində – general göyərçinlər üçün xüsusi dən yeri, su qabı olan, qardan, yağışdan daldalanmaq, soyuqdan qorunmaq üçün açıq və örtülü yerlər düzəltdirmişdi. Bu ağ göyərçinlər dünya malından hər şeyi olan, ehtiyac nə olduğunu bilməyən, lakin içinin dibsiz boşluğunda tənha yalquzaq kimi ulayan çarəsizliyin, çıxılmazlığın general üçün az da olsa təsəllisi idi, aldadıcı çarəsi idi: sanki onu müvəqqəti də olsa sakitləşdirən narkotik idi.
Hər addımına, hər sözünə, hər hərəkətinə nəzarət olunan general heç kimə etibar etmir, heç kimlə dostluq münasibəti qurmur, insani duyğularını ustalıqla hamıdan gizlədirdi. Mənsub olduğu “mərtəbəyə” çatınca nələri itirdiyinin, nələrdən özünü könüllü məhrum etdiyinin, kimlərin arzularının, xəyallarının məhv olmasına səbəb olduğunun, şərəfinin, qürurunun tapdanmasının fərqinə vara-vara sondakı bu peşmançılığın ağrısı, əzabı onu hərdən lap dəliyə döndərirdi, hərdən də hər şeyə, hətta evinə, doğmalarına belə tamamilə laqeydləşdirirdi, biganələşdirirdi. Daşıdığı məsul vəzifədə proqramlaşdırılmış mexanizm kimi tam ürəyinin əksinə işləməyə məcbur idi. Başqa yol ağlına gəlmirdi. Ya belə işləməli, ya da hər şeydən məhrum olmalı idi: nisbi azadlığından belə.
Hələ neçə il əvvəl ərizə ilə əlahəzrətə müraciət edərək istefa vermək istəyinin səbəblərini izah etməyə çalışmışdı. Keçmiş imperiyanın dayaqlarından biri olan, çox çullar suya vermiş əlahəzrət onun ərizəsinə elə münasibət bəsləmiş, ona yerini elə göstərmişdi ki, generalın taleyi ilə barışmaq məcburiyyətindən başqa yolu qalmamışdı.
Çarəsizlik, çıxılmazlıq məngənəsində çabalayan zaman (belə hallar son dövrlər daha tez-tez olurdu) general işlərini qaydasına qoyub, tapşırıqlarını verib, sənədləri imzalayıb (xüsusən əlahəzrət xarici səfərlərə getdiyi vaxtlar), iki daşın arasında xidməti qara “Mersedes”ini bağa sürdürürdü.
xxx
İndi də əlahəzrət okeanın o tayına mühüm bir səfərə getmişdi. Cəbhədə atəşkəs tez-tez pozulsa da, ölkədə sabitlik hökm sürürdü. Amma generalın daxilində ölkədəki sabitliyə rəğmən bu dəfə daha şiddətli təlatümlər baş qaldırmışdı.
General heç cür anlaya bilmirdi ki, niyə o, bu qədər varın-dövlətin, naz-nemətin, dəm- dasgahın içində özünü bu dərəcədə tənha, yalqız, miskin, bədbəxt və dəhşət burasındadı ki, həm də xeyli yoxsul hiss eləyir?! Niyə özünü bu dərəcədə çarəsiz, asılı vəziyyətə salıb?! Niyə daşıdığı o yüksək vəzifə, hüdudsuz səlahiyyətlər, orden-medallar onun tutqun sifətində zəif bir şam belə yandıra bilmir və daim narahat ürəyini azacıq da olsun sevindirmək gücünə malik deyil?! Bəs qarabaqara onu izləyən, bir an da olsun yaxasını buraxmayan, ona yuxuda belə dinclik verməyən bu əbləh qorxu haradan ürəyinə soxulub cani-dildən onun bütün həyatını şumlamaqla məşğuldu?! Axı o, heç zaman qorxu nə olduğunu bilməzdi, ölümün gözünün içinə dik baxardı, qabaqdan qaçmazdı. Tay-tuşları içərisində mərdliyinə, cəsarətinə görə ad çıxarmışdı. Bəs indi niyə bu qədər gözüqıpıq, qorxaq vəziyyətə düşmüşdü ?!
General özünü sanki bataqlığa batmış kimi hiss edirdi. Nə qədər bu bataqlıqdan çıxmağa cəhd edirdisə, nə qədər çabalayırdısa, daha da dərinə batırdı. Elə bil bataqlığın dibində hansı bir sehrli qüvvə isə onu sorurdu, sümürürdü. Nə qədər çalışsa, baş sındırsa da, bu suallara cavab tapa bilməyəcəyinə, bu labirintdən çıxmaq cəhdinin mütləq uğursuzluqla nəticələnəcəyinə əmin olan general ağır-ağır malikanənin sol tərəfinə – ağ göyərçinlərin xorla quruldaşdığı talvara tərəf addımlamağa başladı. Adam içində, işdə – xidmət zamanı – nümayiş elətdirdiyi şux qaməti boşalmışdı, əyilmişdi. Müdam düyünlü qaşlarının qırışı ütülənmişdi. Gözlərinin dərinliyində əbədi məskən salmış (hamının görə bilməyəcəyi) qorxu və narahatlığa sanki linza tutulmuşdu: o qorxu və narahatlıq indi daha qabarıq görünürdü.
Hər yerdə, hətta şəhərdəki mənzilində – ailəsinin içində – olanda belə tarıma çəkilmiş sim kimi gərili və gərgin olan general bu ağ göyərçinlərin arasında tamam dəyişirdi, başqalaşırdı: sanki zamanı köhnə, qədimi bir xalı kimi iyirmi beş-otuz il geri qatlayırdı. Bu ağ göyərçinlərə dən səpə-səpə keçmişə, cavanlıq illərinə, amansız ehtiyac içində yaşasa da, indiki halından qat-qat xoşbəxt günlərinə “səyahətə” çıxırdı. Bu ağ göyərçinlərin boğuq qurultuları, təmiz, daş plitələrin üstündə bəyaz qanadlarını çırparaq kiçik uçuşlar etmələri, dövrəyə alaraq sanki generalın şərəfinə rəqs edirmişlər kimi kiçik başlarını dala-qabağa vermələri ona əməlli-başlı (bir anını belə geri qaytarmaq mümkün olmayan) zamanı geri çəkməkdə kömək edirdi.
Yalnız bu ağ göyərçinlər onu iyirmi beş-otuz il geriyə – şən, şux dövrlərinə, həyatının qaynar illərinə apara bilirdi. Yalnız bu ağ göyərçinlər onun artıq tamam daşlaşmış ürəyini yumşalda bilirdi, onu kövrəldə bilirdi. Bu həyətdə, bu qala divarları arasında kim də şahid olmasa, Allahın bu saf, təmiz məxluqları – bu ağ göyərçinlər – dəfələrlə şahid olmuşdular ki, uzun illərdən bəri dodağı belə qaçmayan generalın tutqun, boz sifətində indi butun düzü-dünyanı nura qərq eləyən yağışdan sonrakı günəş kimi gün doğmuşdu, sərt sifəti yumşalmışdı, pilə kimi olmuşdu, işıqlanmışdı, dodaqlarında təbəssüm titrəmişdi, gözləri bir cüt çeşmə kimi qaynayıb daşmışdı...
... İlahi, sənə şəkk eləyənə, səni tanımayana lənət! Uzun illər bir yastığa baş qoyduğu qadınının, dosdoğmaca oğlunun, yaxınlarının, doğmalarının heç zaman anlaya bilmədiyi, duya bilmədiyi – gecə-gündüz sahibsiz it kimi ulayan, vaxt-bivaxt zar-zar zarıyan – bu yaralı ürəyin fəryadını bu əl boyda heyvancığazlar hardan bilirdilər, hardan duyurdular ?!
Qəribədir, çox qəribədir ki, belə vaxtlar da Allahın bu məzlum quşları daha da mütəşəkkil olurdular, sıx həmrəylik nümayiş etdirirdilər: belə vaxtlarda elə bil qurultularının da tembri tamam dəyişirdi, melodik formaya düşürdü, əl çalırmış kimi qanad çalmaları, xırdaca uçuşları, baş hərəkətləri daha nizamlı, daha harmonik olurdu və dilqanmaz bu heyvancığazlar min hoqqadan çıxırdılar ki, gicgahının tükləri onların lələklərindən də ağ olan generalı, azacıq da olsa, ovundursunlar, sakitləşdirsinlər, sevindirsinlər.
Göyərçinlərin bu hərəkətləri, söz yox ki, generalın xoşuna gəlirdi, onu əməlli-başlı sevindirirdi, əyləndirirdi. Belə vaxtlarda o, qarşısıalınmaz ehtirasla çox istəyirdi ki, bu bəmbəyaz, gözəl məxluqları ovucları arasına alsın, üz-gözünə sürtsün, dönə-dönə öpsün, oxşasın, əzizləsin və dəli bir sevgiylə onların hamısını bir yerdə qucaqlayıb hönkür-hönkür ağlasın.
Amma general heç zaman ağlamırdı, tam əksinə, belə vaxtlarda sevimli göyərçinlərinin xatirinə daha tez sakitləşməyə, toxtamağa çalışırdı ki, onlar da sakitləşsinlər, rahat olsunlar. Və general gülümsünürdü. Uzun illərdən bəri doğmalarının, əzizlərinin, paqon yoldaşlarının, yaxın, uzaq ətrafının heç zaman görmədiyi təbəssüm qonurdu dodaqlarına. Düzdü, general ona görə gülümsünürdü ki, göyərçinləri sakitləşsinlər, rahat olsunlar. Amma axı dodaqlarında səyriyən o təbəssüm həm də içindən gələn və üzünə vuran (quşlarla çox səmimi, məhrəm anlaşmadan doğan) sevincin, qürurun ifadəsi idi.
General özü üçün hələ lap çoxdan yəqin eləmişdi ki, heç bir canlı məxluqu, hətta doğması, əzizi sayılan (təbii, yaxın çevrəsi içərisində) hər hansı Allah bəndəsini bu ağ göyərçinlər dərəcəsində sevmir, sevə bilmir və qarşılıqlı olaraq ona da qətiyyən şübhə eləmirdi ki, bu daş üzlü dünyada onun özünü də bu ağ göyərçinlər qədər sevən yoxdur, duyan, hiss eləyən yoxdur, bu ağ göyərçinlər qədər ona sadiq olan yoxdur.
xxx
Amma yox! Bir zamanlar onu da sevənlər olmuşdu, onunla da qürur duyanlar, fəxr eləyənlər olmuşdu. Onda dünya tamam başqa dünya idi. Nə olsun ki, günəş yenə də hər gün həmin o sıra dağların arxasından çıxırdı, yenə də hər axşam zirvəsi yay-qış (il uzunu) daim qarlı-buzlu Ağrı dağının arxasında gecələməyə gedirdi! Nə olsun yağışlar yenə də ona görə yağırdı ki, bu çirkli dünya tozdan-torpaqdan təmizlənsin, yuyunsun! Nə olsun küləklər yenə də ona görə əsirdi ki, yuyunmuş, təmizlənmiş dünya qurunsun, daransın! Nə olsun bu dünyanın günəşi, ayı, ulduzu, nə bilim dağı, dərəsi, çölü, çəməni, otu, çiçəyi necə varıydısa, elə eləcə də yerindəydi! Onda axı bəs, bu üzü üzlər görmüş dünyada nə idi dəyişən?! Bəlkə, elə general özü artıq yaşlaşmışdı, ahıllaşmışdı və daha haqq-hesabı itirmişdi, ölçünü-biçini qarışdırırdı, nala-mıxa vururdu! Bəlkə, elə o – məhz onun özü – daha bu dünyayla ayaqlaşa bilmirdi, zamanın nəbzini tuta bilmirdi, bir növ, daxilən – iç etibarı ilə — dövrə uyğunlaşmaqda çətinlik çəkirdi?!
Əgər məsələ bunda idisə, onda generalın buqəlamun kimi mühitə uyğun olaraq rəngini, cildini dəyişməsi heç cür mümkün olası şey deyildi. Ələlxüsus da ürəyi bu dəyişmə ilə razılaşdırmaq, barışdırmaq tam havayı cəhd idi. O ürəyi ki yarım əsrdən də artıq bir müddətdə zərrə qədərincə belə dəyişə bilməmişdi. Bir də kimin ürəyi olursa olsun, hansı ürək olursa olsun, əgər o ürəyin ki ritmi zamanın nəbzi ilə bir vurmursa, zamanla ahəngdarlıq təşkil etmirsə, demək, o ürək mütləq əziyyət çəkəcək...
General çox əziyyət çəkirdi. Qəribədir, əhalisinin – cüzü bir hissəsini çıxmaq şərti ilə — demək olar ki, hamısının problemi maddiyyatla bağlı olan ölkədə heç bir maddı sıxıntısı olmayan generalın sıxıntıları, daxili iztirabları dözülməz həddə idi. Amma generalın dözümlülüyünə də söz ola bilməzdi. O, insani duyğularını gizlədə bilirdi, daxili sarsıntılarını büruzə verməməyi bacarırdı, hər hansı məsələyə münasibət bildirməkdə tələsmirdi və bütün bu keyfiyyətləri (əgər bunlar müsbət keyfiyyət hesab olunurdusa), həmçinin özünə qarşı etibarı elə-belə, asanlıqla, qısa müddətə qazanmamışdı. Bütün bunlara nail olmaq üçün o, ömrünün ən enerjili, ən qaynar çağlarını qurban vermişdi, necə deyərlər, dişiylə, dırnağıyla, iynə ilə gor qaza-qaza əldə etmişdi, aşıb-daşan hisslərini dəfələrlə cilovlamalı olmuşdu.
Amma, görünür, insanın dözümü heç də bitməz-tükənməz deyilmiş, əbədi deyilmiş. Bu dünyada əbədi olan yalnız o uca Allahdı ki, daim öz sevimli bəndələrini hifz eləyər, qoruyar, onları gecəbəgündüz öz yoluna – haqq yoluna – dəvət eləyər və özünün bol-bol işığını, tükənməz nurunu heç zaman o yoldan əsirgəməz ki, sevimli bəndələri büdrəməsinlər, o yoldan sapmasınlar, şərə tuş gəlməsinlər, şeytana uymasınlar: bu nahaq dünyada ömürlərinin sonuna kimi müdam o yolu düz getsinlər. Eləsə, bəs nədən, Allahım, sən o sevimli bəndələrinə mütləq elə bir yara da vurursan ki, ölənə kimi zarıya-zarıya qalırlar, dərdlərinə dərman tapa bilmirlər?! Bu sənin öz bölgünmüdür, ya şeytanın müdaxiləsimidir ki, İlahi, o öz yaratdıqların, o istəkli övladların bir tərəfdən belə şikəst qalırlar?! (Qüdrətinə şəkk eləmək kimi qəbul eləyirsənsə, bağışla, Tanrım, axı sən həm də bağışlayansan). Heç cür başa düşmək olmur: axı niyə “xoşbəxtlik” deyilən o merəti öz sevimli bəndələrinə tam vermirsən?!
...Bir də “xoşbəxtlik” deyilən o şeyin özü nədir, görəsən, axı?! Bəlkə, elə özünü “xoşbəxt” bilən, “xoşbəxt” hesab edən sənin nəzərində heç xoşbəxt-filan deyil, cinsi də məlum olmayan şeytanla gizli izdivaca girən, zina eləyən bir yaramazdı?! Ya bəlkə, tam əksinə — bizim yekdilliklə bədbəxt hesab elədiyimiz, halına baxıb qulağımızın yumşaq yerini dartdığımız bəndə sənin ən çox sevdiyin ən xoşbəxt balandı?!
Ey yeri-göyü yoxdan var edən Tanrı! Axı sənin sağlam, şüurlu yaratdığın hər bir bəndənin sənin qarşında müəyyən missiyası olduğu kimi, vətəninin, millətinin, xalqının qarşısında da, ölkəsinin – bütövlükdə insanlığın qarşısında da çox ciddi vəzifələri var. Ey Ulu Tanrı, görən nədəndi ki, bəndələrin çox zaman bu vəzifələri qarışıq salırlar. Şeytana xidmət eləməklə haqqa xidmət eləməyin fərqini anlaya bilmirlər. Deyəsən, axı, şeytan bəndələrinin gözlədiyindən də diribaşdı, bic-vələdüznadı: yol kənarında dayanıb hər yoldan ötənə qaş-göz oynadan ənlikli-kirşanlı şortudu? Xəbərin varmı ki, Allahım, sənin nəzarətində olan bu gözəl dünyamızda şeytanın işləri daha rəvan gedir: bu əcaib məxluq quyruğunu belinə qoyaraq çırtıq çalıb oynayır və sənin bəndələrinin, hər halda, çoxunu öz havasına oynadır. Bu başgicəlləndirici rəqsdən ürək bulanır, ey yerin, göyün şəriksiz sahibi!
xxx
... General bir də o zaman ayıldı ki, yalnız o böyük Allaha məlum olan hansısa məchul nöqtəyə baxmaqdan artıq gözləri qaralır, nə vaxtdan bəridir ayaq üstə heykəl kimi dimdik durmaqdan dizlərinə sanki su yığılır. Yerindən azacıq tərpəndi və tərpənən zaman ovcundakı dənin bir hissəsi dağılıb yerə səpildi, qalan hissəsini isə o özü şabaş kimi quşların başı üzərinə səpdi. Bayaqdan bəri generalın “o uzaq səfər”inə mane olmamaq üçün qurultalarını kəsmiş, səssizcə, asta-asta gəzişən göyərçinlər də sanki “ağır səfər”dən qayıdan sərkərdələrini qarşılamaqdan ötrü hərəkətə gəldilər. Öz aralarında quruldaşa-quruldaşa, sağa-sola burula-burula, qanad çırpa-çırpa tam mütəşəkkil şəkildə belə “ağır səfərlər”dən sonra “dincini almaq” üçün bağa sarı gedən generalı bu beş-altı addımlıq yolda qalib sərkərdələri kimi müşayiət etdilər.
Amma general qətiyyən qalib sərkərdəyə oxşamırdı. Onun bu “ağır səfər”dən məğlub qayıtması gözlərindən də açıq-aşkar hiss olunurdu. Generalın bu acı məğlubiyyətlə barışmaqdan savayı çarəsi yox idi və bu qədər gücün, qüdrətin, imkan və səlahiyyətlərin müqabilində bu miskin məğlubiyyətin, çarəsizliyin girovuna çevrilmək məcburiyyəti onda hər şeyə, hətta Allahına belə üsyan etmək əhval-ruhiyyəsi yaradırdı. General bütün naqislikləri, yaramazlıqları kökündən kəsib atmaq istəyirdi, bütün əclafların, haramzadaların, yaltaq və riyakarların üfunət yayan “xaraba”larına od vurmaq istəyirdi. Bütün rüşvətxorların, mənəviyyatsızların, vəzifəsindən sui-istifadə edənlərin, yalnız öz mənfəətini düşünənlərin (lap orta əsrlərin cəza üsulu ilə) boğazına ərinmiş qurğuşun tökmək istəyirdi... Amma... Amma onlar da xam deyildilər, əfəl deyildilər, sabun kimi sürüşkən idilər, quyruq ələ vermirdilər, sürüşüb asanlıqla aradan çıxırdılar. Həm də onlar adi, sıravi adamlar deyildilər: müəyyən mənsəb sahibləri idilər və onlara elə dairələrdən qahmar çıxanlar tapılırdı ki, general, doğrudan da, tamam çarəsiz duruma düşürdü.
xxx
Az əvvəl yağan qısamüddətli yağışda ağaclar, tələsik də olsa, çimmişdilər və indi yaşıl saçlarını gün işığına sərib qurudurdular. Bu yaşıl saçlar həm qurumaqla məşğul idilər, həm də par-par parıldayırdılar. Ağaclar, nəm torpaq hələ hərarətini itirməmiş sentyabr günəşi altında xəfif-xəfif buğlanırdı.
General bir daha özü üçün yəqin elədi ki, bu dünyada var-dövlət adına onun bu bağdan, o göyərçinlərdən savayı heç nəyi yoxdu. Əgər vardısa da, onlar generalı qətiyyən maraqlandırmırdı. Heç şübhəsiz, onun adıyla bağlı başqa nələrsə də, həqiqətən, var idi, amma o malın-mülkün, o sərvətin nələrdən ibarət olduğu, hansı şəkildə olduğu, doğrudan da, generala düz-əməlli məlum deyildi.
General “ölkənin sütunu” hesab olunan ən yüksək vəzifələrdən birini daşıyırdı. İş qrafiki (demək olar ki) yox idi. Dövlətçiliyi qorumaq, dörd bir yandan gələn təxribatların qarşısını almaq, narazı qüvvələri ram etmək, hətta hakimiyyətin özündə belə təmsil olunan və ölkəni yadellilərin qucağında görmək arzusu ilə yaşayan kölə xislətli səlahiyyətlilərlə mübarizə aparmaq – xüsusən dünyanın belə bir qarışıq zamanında – heç də asan məsələ deyildi. General gecə-gündüz, istirahət bilmədən bu ağır, məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyə çalışırdı və bu məşəqqətli əməyinə müqabil də yaxşı maaş alırdı. Bu maaş onun halal haqqı idi. Bu pulu geninə-boluna xərcləməsinə görə ona kimsə bir söz deyə bilməzdi. Amma generalın şəxsən özü məgər pulmu xərcləyirdi?! Əgər qəflətən kimsənin onu tanımadığı hər hansı məkanda (lap “Əshabi-kəf” əfsanəsinə bənzər) bir səhər o, yuxudan oyanıb özünə bir loxma yemək almaq üçün əlini cibinə salası olsa, söz yox ki, ümumiyyətlə, cibində pulu olmadığına görə peşmançılıq baş verər və general ac qalmalı olar.
Hələ lap gəncliyindən onda heç zaman pula hərislik, pul yığmağa meyl, çoxlu pul qazanmağa həvəs olmamışdı. Hətta o, elə bir quruluş arzusunda idi ki, elə bir cəmiyyət istəyirdi ki, orada insanların bütün ehtiyacları tam təmin olsunsun və “pul” deyilən o murdar kağız parçasına ehtiyac qalmasın. General türk qardaşlarının çoxlu pul və çox danışmaq barəsində deyilmiş atalar sözünü elə eşitdiyi andan xeyli bəyənmişdi: “Çoxlu para haramsız, çox danışmaq yalansız olmaz”.
... Meyvələri çoxdan sovulmuş ərik, alça, gilas ağaclarının arası ilə gəzə-gəzə bir yanağı qızarmış almalara, hər biri az qala yarım kiloluq saralmış daş armudlara, bəzəkli, işıqlı çilçırağa bənzəyən, buralarda adına “mandarin” deyilən sapsarı narıngilərə tamaşa eləyə-eləyə general qənaətini tam möhkəmləndirməkdəydi: “Zaman o zamandı ki, artıq halal-haram qarışıb bir-birinə və bu naqolay prosesdə, çox güman ki, şeytanın da müstəsna əməyi olub. Əgər Allahın altında bu məmləkətdə az-çox halallıq qalıbsa, o da bu torpaqda, bu bağda-bağatda, bu əkində-biçindədi”. General gözlərini dolandırıb bir daha ağaclara baxdı, ayağının böyrü ilə sevinə-sevinə, oynaya-oynaya axıb gedən dumduru suya baxdı və “həm də axar sudadı halallıq. Elə buna görə də, “axar su murdar götürməz” deyib babalarımız”.
General bu bağın-bağatın sanki hər küncündə-bucağında halallıq axtara-axtara yenidən göyərçinlərin yanına qayıtdı. Yenidən bir ovuc dən götürüb göyərçinlərin başına səpdi. Göyərçinlər yenidən həmrəylik nümayiş etdirərək xorla minnətdarlıqlarını ifadə etdilər.
xxx
Gündəlik işi oturaq olduğundan həyəti gəzib tezliklə yorulan general talvarın altındakı kətili göyərçinlərə yaxın çəkib oturdu. Yenə də yalnız o gözəgörünməz Allaha məlum olan həmin məchul nöqtədən generalın gözlərinə doğru paralel dəmiryol xətti kimi sonsuz bir yol uzandı. O sonsuz, uzun yolun o başında cavan, şux qamətli, sıx, şəvə kimi qara saçlı bir oğlan kəndin aşağısına sarı at çapırdı. Bir azdan o kəhər at oğlanı öz Şahnazına qovuşduracaqdı. Onlar sarmaşıq gülə, gül sarmaşığa sarılan kimi bir-birlərinə sarılacaqdılar. Oğlan o kəhər atı generalın “gözlərindən uzanan” o işıqlı yol boyunca dördnala çapırdı...
... General hələ general olmazdan da çox-çox əvvəl, hələ bu şanın-şöhrətin, bu mərtəbənin sahibi olmazdan da xeyli qabaq dərk etmişdi ki, o yolun başında lap “Məlikməmməd” nağılında olduğu kimi, yalnız ona məxsus olan, yalnız onun ömrünə bir daha geri qayıtması mümkünsüz olan işıqlı dünyası “mövcuddur” və bu işıqlı dünya artıq şirin bir yuxudu, xam bir xəyaldı, əfsanədi, nağıldı.
General uşaq vaxtı nağıllara çox inanırdı. Oxuduğu, eşitdiyi nağılların təsirindən bəzən gecəyarısına kimi gözlərinə yuxu getməzdi. Qəhrəmanlarını xilas etmək üçün yeddibaşlı əjdahalarla, bədheybət divlərlə döyüşərdi və mütləq o qara qüvvələrə qalib gələrdi. Bütün nağılların sonu həmişə xeyirxah insanların qələbəsi ilə bitməlidi, axı. (Uşaqlıq illərində də, çox-çox illər sonra da general nağıllara inanmayan uşaqlardan, nədənsə, həmişə çəkinmişdi, ehtiyat eləmişdi, açığı — gizlətmək nə lazım — həm də bir az qorxmuşdu, üşənmişdi). Qısası, o zamanlar nağıllardakı o qeyri-bərabər döyüşlərdə öz qəhrəmanlarına yaxından kömək göstərdiyinə görə, sidq-ürəkdən inanardı ki, göydən düşəcək o üç almadan biri mütləq ona çatmalıdı.
Amma əslində heç zaman göydən düşməyən və onun yeyə bilmədiyi o şirin almanın əvəzinə mərhəmətli Allah günlərin bir günü (o uşaq onda artıq yeniyetmə bir oğlan olmuşdu) onun qarşısına sanki alma kimi göylərdən enmiş bir qız çıxardı. Bu qız göylərdən düşən o almadan da şirin idi, dadlı idi.
Nə olsun ki, bu cilvəli qız şah oğlu şah Abbasın qızı deyildi (heç oğlan da şah oğlu şah Abbasın qardaşı oğlu deyildi). Amma bu qız şahlara naz satacaq dərəcəsində işvəli idi, nazlı idi. Lap nağıllardakı kimi aya deyirdi sən çıxma, mən çıxım, günə deyirdi sən çıxma, mən çıxım. Oğlan (yenə lap nağıllardakı kimi) bir könüldən min könülə o qıza aşiq oldu. Və bu iki aşiq-məşuq arasında elə bir sevgi yaşandı ki, heç bir nağılda belə sevgi yaşanmamışdı.
Nağıl dili yüyrək olar. Gün gəldi, vədə yetişdi və Allahın ən saf, ən təmiz, ən sevimli bəndələri olan bu iki gəncin sevgisi (yenə nağıllarda olduğu kimi) ayrılıqla sınağa çəkildi. Oxumaq üçün oğlan şəhərə yola düşməli idi. İndi ahıl yaşında olan general o şəhər yolunun – bir qara qoç kimi – onu o zaman işıqlı dünyadan qaranlıq dünyaya atmasının hələ fərqində deyildi. Həmçinin ömrünün bu çağında bu dünyanı bir şirin nağıl bilib, hamıya, hər şeyə, hətta şeytana belə inanmağın necə acı nəticələrə səbəb olacağını dərk edən general – içini, ürəyini qançır eləyən ağır zərbələrə rəğmən – yenə də belə bir qəti inamla yaşayırdı ki, xeyirxah qüvvələr şər qüvvələrə cismən məğlub olsalar da, mifik tarixi-mənəvi yaddaşda və xüsusən də gözəgörünməz Allahın dərgahında həmişə qalib statusunda qalacaqlar.
General düşünürdü, çox düşünürdü və düşündükcə də qarşısında ilan kimi baş qaldırıb soyuq, vahiməli gözlərini ona zilləyərək cavab gözləyən sualların sayı daha da artırdı. Sanki bu əfi ilanlar dayanmadan balalayırdılar. General qətiyyən dərk eləyə bilmirdi ki, məmləkətin bu ağır günündə, camaatın ən minimum tələblərinin ödənilmədiyi, atəşkəs rejimi olmasına baxmayaraq, cəbhədən gələn cənazələrin arasının kəsilmədiyi bir zamanda bir qrup “insan” adı daşıyan şərəfsizin, dələduzun, vələdüznanın bu varlanmaq, hansı yolla olursa-olsun var-dövlət sahibi olmaq ehtirası hardandır? Xüsusən, səlahiyyət sahiblərinin sanki bir-birləriylə yarışırlarmış kimi daha çıx qamarlamaq, dövlətin bünövrəsini daha çox qazımaq niyyətlərinin arxasında hansı gizli planların durduğu da generala qətiyyən məlum deyildi. Bəs, görəsən, özlərini “ziyalı” adlandıranlar, “alim”, “akademik” adı daşıyanlar niyə şəxsiyyətlərini bu dərəcədə alçaldırlar, nəyə görə bu qədər yaltaqlıq, riyakarlıq eləyirlər? Hələ “ədalət carçıları” adlanan bu mürtətlərin, bu yaramazların əməlləri heç dözüləsi, tablaşılası deyil. Əslində həqiqəti müdafiə etməli olan bu haramzadaların haqqı, ədaləti tapdalamaqda, necə deyərlər, “həqiqətin ağzına daş basmaq”da niyə belə canfəşanlıq elədiklərini, yuxarıların xoşuna gəlmək üçün nəyə görə belə dəridən-qabıqdan çıxdıqlarını başa düşməkdə general, həqiqətən, çətinlik çəkirdi.
Düzdü, general onu da yaxşı başa düşürdü ki, bütün bu naqisliklərin bir əsaslı səbəbi var: qorxu! Sabaha inamsızlıq qorxusu. Nəfsinə sahiblik edə bilməmək qorxusu. Qorxu və acgözlük... Mənəviyyatsızlıq... Əxlaqsızlıq... Şair necə demiş? “Əxlaq qalmadı ölkədə!” Amma gözükölgəli, çirkaba bulaşmış, qorxunun əsiri olan bu rəzil insancığazlarda bəs haqqa, ədalətə qarşı bu qədər kin-kidurət haradan qaynaqlanırdı? General – o biri suallar kimi – bu suala da heç cür cavab tapa bilmirdi.
İlan kimi balalayan bütün bu suallara onun yalnız bir ritorik sual xarakterli cavabı vardı: “Süleymana qalmayan bu fani dünyada belə yaramazlıqlarla, belə alçaqcasına yaşamağa dəyərmi?”
Çox düşünən general axırda həm də özünə “Olum, ya ölüm” tipli Hamletvari belə bir sual verməyə bilmirdi: “Ümumiyyətlə, o kənddən çıxıb bu şəhərə gəlməyə dəyərdimi?!”
xxx
... O uzaq illərin o tayında qalan oğlan isə sınaq yolunun astanasında qızla üz-üzə dayanmışdı. Gözlər iki cüt çeşmə kimi qayım-qayım qaynayırdı, par-par parlayırdı, dolub daşırdı.
Qız:
- Qalsam səninəm, ölsəm qara torpağın, — dedi.
Oğlan qıza baxdı, ayağının altındakı qara torpağa baxdı, sonra başını qaldırıb diqqətlə sonsuz, dumduru göy üzünə baxdı, nəzərlərini yenidən qızın üzünə tuşladı və:
- Səni o uca Allaha tapşırıram, Şahnaz, — dedi.
Oğlan bunu dedi və yenidən başını qaldırıb göylərə baxdı ki, görsün Allah onun səsini eşitdimi?
... Sonra onlar bir-birlərinə elə sarıldılar ki, sanki bir daha heç zaman ayrılmayacaqdılar.
Yay idi. İsti idi. Hər ikisi yalın geyinmişdi və gözəl Şahnazından əbədi ayrılacağını hansısa müəmmalı bir fəhmlə hiss eləyən ürək Tanrı töhfəsi kimi sanki göylərdən gəlmiş bu saf, müqəddəs varlıqdan heç cür ayrılmaq fikrində deyildi. Oğlan qollarını qayış kimi qızın nazik, incə belinə dolamışdı. Qızın bütün bədəni elə bil təpədən-dırnağa (bu an) min-min ürəkdən ibarət idi və oğlan sevgidən, ayrılıq iztirabından, həm də nəşədən tir-tir titrəyən, əsim-əsim əsən bu zərif bədənə dolanmış qollarının bu dəqiqə ömürlük qandallanmasına – bir olan Allah şahiddi ki, – heç bir etiraz etməzdi. Uzun illər sonra general rütbəsi daşıyacaq bu sadə oğlanın ağlına da gəlməzdi ki, sevimli Şahnazının ürək kimi çırpınan o hərarətli bədəni ölənəcən onun beynindən, şüurundan, əllərinin, qollarının yaddaşından silinməyəcək və qəbir evinə qədər cızdağını çıxaracaq.
Varlığına min şükür, İlahi! Bu nə sirdi ki sən içi işıqla, xeyirxahlıqla dolu bəndəni belə ağır sınağa çəkirsən?! İlahi, öz sevimli bəndənə “sevgi” adlı bu müqəddəs hissi, ali duyğunu yaşatdığın nədi, sonra eşqdən məhrum edib ona it əzabı verməyin nə?! İnsanı o böyük mükafatla təltif edib, sonra ona bu iztirabları yaşatmaqda qəsdin, qərəzin nədi, İlahi?! Axı sən adilsən, ədalətlisən. Mərhəmətlisən axı sən, Allahım! Axı kimsə bilməsə də, sən çox yaxşı bilirsən ki, insan olan bəndə belə ağır zərbəyə tab gətirə bilməz. Heç olmazsa, lütfkarlıqla qəlbinə doldurduğun o işığın, o nurun xatirinə sən gərək o Adəm övladını şeytanın tələsindən uzaq tutaydın, onu məkrdən, hiylədən, şərdən hifz eləyəydin, İlahi!
xxx
Oğlan şəhərə gəldi. Oxudu, işlədi, hərbi xidmətə getdi, qayıtdı. Hər fürsətdə — iki daşın arasında belə — gedib Şahnazını gördü. Özünün inandıqlarına onu da inandırdı ki, həyatda mövqe qazanmaq üçün çalışmalıdı. Özü də inanırdı, Şahnazını da inandırırdı ki, o gözəl günlər o qədər də uzaqda deyil. Və həm də yaşadıqca ona aydın olurdu ki, real həyatda nağıllardakı yeddibaşlı əjdahalardan, canı şüşədə olan bədheybət divlərdən də zalım, hələ üstəlik məkrli, hiyləgər qüvvələr var ki, onlar çox zaman adama dost qiyafəsində yanaşır, amma məqamı düşəndə ipini elə kəsir, baltanı elə vururlar ki, heç ruhun da incimir. Bir də o zaman ayılırsan ki, quyunun dibindəsən, ilanların, kərtənkələlərin yemisən...
Hələ damarlarında nağıl qəhrəmanlarının qanı kimi saf qan daşıyan oğlanın ədəb-ərkanı, mərifəti, sadəlövhlüyü, çalışqanlığı əli həmişə saraydakıların ətəyində olan, quşu gözündən vuran, səlahiyyətlərindən qat-qat yuxarı məsələləri də həll etməyə qabil: iş düzəldən, alan, verən, “əl əli yuyar, əl də üzü” məsəlinin doğruluğunu əməlləri ilə təsdiq edən, gözləri iblisanə bir sürüşkənliklə daima “öz mənzilində” oynaqlayan rəisinin nəzərindən qaçmadı.
Burnunun ucundan çox-çox uzağı görməkdə tayı-bərabəri olmayan rəis oğlana xüsusi bir məharətlə “atalıq qayğısı” göstərməyə başladı. Vəzifəsini pillə-pillə (qanun-qaydası ilə) böyütdü, uzaqgörənliklə bu gənc, yaraşıqlı zabitə özünün gələcək maraqları naminə süfrəsinin yuxarı başında ayrıca “yer ayırdı” və bir növ, ailəsinin sevimli üzvü kimi özəl səlahiyyətlərə malik olduğunu mərhələ-mərhələ ona bəyan elədi.
Bu ərəfədə o cavan oğlan öz gözəl Şahnazını da heç zaman unutmurdu: tez-tez ona məktub yazırdı, ondan məktub alırdı və gələcək xoşbəxt günlərinin getdikcə yaxınlaşmasından doğan sevinci onunla geninə-boluna bölüşürdü.
Amma deyir, — sən saydığını say, gör fələk nə sayır?! Ax, zalım fələk, amansız fələk! Niyə axı həmişə yalnız sən saydıqların reallaşır, həyata keçir, biz saydıqlarımıza isə heç qurut verən də tapılmır? Sənin o idbar sifətindən, iyrənc əməllərindən, görəsən, insan oğlu nə vaxtsa qurtula biləcəkmi?!
... Oğlana “atalıq qayğısı” göstərən o rəisin axı həm də bir tələbə qızı vardı. Özü qar kimi ağappaq, ağcamaya idisə də, qaşı, gözü, saçı kömür kimi qapqara idi, əndamlı, ətli-canlı idi. Lap pərvanə kimi həmişə oğlanın başına dolanırdı. Oğlan bu nəvazişi, bu sevgini bacının qardaşa olan münasibəti kimi qəbul edirdi.
Günlərin bir günü oğlan yenə “ata” bildiyi rəisigildə idi. Rəis yenə xidməti işində, xanımı yenə mətbəxdə növbənöv, dadlı-dadlı yeməklər bişirməyə məşğul və ətli-canlı, ağcamaya, ərköyün qız pərvanə misalında oğlanı əyləndirməyə məşğul.
Xeyli açıq-saçıq, yüngül xalat geyinmiş qız atasının halalca (halalcamı?!) evində — hər cür təminatı olan bu işıqlı, gen-bol, zəngin mənzildə — elə hərəkətlər edir, divanda, kresloda elə oturub-dururdu ki, oğlan özünü qardaş bilsə də, gözlərini tez-tez ondan yayındırmaq məcburiyyətində qalırdı.
Birdən necə oldusa mətbəxdə növbənöv, dadlı-dadlı yeməklər bişirməyə məşğul ananın qəflətən çox vacib işi çıxdı və o, geyinib-kecinib, ənliklənib-kirşanlanıb, bol-bol ətirlənib uzun güzgü qabağında bir neçə dəfə o tərəf-bu tərəfə fırlandı. Sonra uzun güzgünün qabağında ətli əndamına dübarə xüsusi nəzarət edib, şişman pul kisəsini qoltuğuna vurdu və evdən çıxdı. Qapının ingilis qıfılı şaqqıltıyla bağlandı. Ananın arxasınca oğlan da çox yubanmadan evdən çıxmaq istədi, amma necə oldusa ağappaq dolu sinəsi, süd kimi qolları, ətli dizi-topuğu çılın-çılpaq olan, cavan, yaraşıqlı zabitdən bir addım belə ayrılmayan qızın birdən halı xarablaşdı və dəhlizdə getməyə hazırlaşan oğlanın qolları arasına yıxıldı. Oğlan onu gətirib divana oturtmaq istədi ki, tez qaçıb mətbəxdən su gətirsin. Amma oğlanın qucağında sudan çıxmış balıq kimi halsız vəziyyətdə olan qız ətli dodaqlarını onun qulağının tanasına – yumşaq sırğa yerinə, boyun-boğazına, isti dodaqlarına sürtə-sürtə pıçıltıyla, ehtiraslı səslə “qurban olum, məni yatağıma apar” dedi.
... Sonra gənc, enerjili, qayım-qayım qaynayan oğlanın hissləri elə coşdu, nəzarətdən elə çıxdı və bu zavallının Şahnazıyla bağlı gələcək arzularını, xəyallarını tamam alt-üst eləyən elə dəhşətli bir hadisə baş verdi ki... tərləmiş, töyşüyən oğlana bu dəmdə əgər kimsə dopdolu stəkanı uzadıb, “al iç, zəhərdi” desəydi, o, heç bir tərəddüd eləmədən həmin stəkanı alıb son damlasına qədər başına çəkərdi.
O dəhşətli hadisədən sonra oğlan bir an belə yaşamaq istəmirdi, ölmək istəyirdi, yox olmaq istəyirdi, amma həmçinin Şahnazın onun belə murdar, çirkin, ləkəli ölümünə nə qədər sarsılacağını, sınacağını düşünüb havalanırdı, dəliyə dönürdü. Bütün ümidləri, arzuları, xəyalları darmadağın olan zavallı oğlan başını bu xarabanın, bu şeytan yuvasının daşına, divarına çırpıb it kimi ulamaq istəyirdi.
Qız isə məstliyini, məmnunluğunu nə qədər gizlətməyə çalışsa da, mümkün olmurdu və dayanmadan vurnuxa-vurnuxa qalmış oğlanı öpürdü, oxşayırdı, sığallayırdı, ona təsəlli verirdi, onu sevdiyini bildirirdi və min hoqqadan çıxırdı ki, oğlan bir balaca sakitləşsin, toxtasın.
Bir azdan oğlan, həqiqətən də, bir balaca sakitləşən kimi oldu, toxtayan kimi oldu: qızın üzünə baxmadan çölə çıxdı və ardıyca çırpdığı qapıya tüpürüb sürətlə ordan uzaqlaşdı.
Amma sən – o şeytan yuvasının qapısını çırpan oğlan – elə bilmə ki, sənin çırpdığın o qapı sonuncu qapı idi. Yox, bu şəhərdə, bu məmləkətdə, bu dünyada elə çırpılası qapılar hələ çoxdu və məsələ yalnız o qapıları çırpmaqda deyil, məsələ o qapıları tanımamaqdadı, o qapıları, ümumiyyətlə, açmamaqdadı. Sən bu dünyada kimsəyə lazım olmayan saflığın ucbatından o qapını açdığın gündən öz işıqlı dünyanın – Şahnazlı dünyanın – qapısını çırpmış olduğunu anlaya bilmədin. Sənin günahın (əgər buna günah demək olarsa) bu dünyanın yalnız işıqlı tərəfini görməyin idi. Bu dünyanın qaranlıq tərəfinin də olduğunu nəzərə almamağın idi, hələ bu yaşına qədər nağıllara, nağılların sonunun mütləq yaxşılıqla bitməyinə inanmağın idi, bu dünyanın bir şirin nağıl olmadığını qəbul etməməyin idi həm də.
Əgər indiyə qədər bu dünyanı nağıl bilmisənsə də, qəbul et ki, artıq nağıl bitdi. Amma bu dəfə (həmişə olduğu kimi) nağılın sonunda göydən üç alma düşmədi, üç qara daş düşdü. Söz yox ki, üçü də sənin bəlalı başına. İndi sən başıdaşlı bu boyda ağır yükə tablaş görüm, necə tablaşacaqsan?! Bu boyda ağır yükü daşı görüm, necə daşıyacaqsan?! Çırpıb çıxdığın, tüpürdüyün o qapını bir daha açacaqmısan, açmayacaqmısan?! Kişi tüpürdüyünü yalamaz, - deyirlər. Amma çox zaman bu zalım dünya kişini tüpürdüyünü yalamağa məcbur edir, tüpürdüyünü yalayan kişini daha ali mərtəbələrə qaldırır.
Sən artıq şeytanın tələsindəsən və bu tələdən çıxmağın yeganə yolu tüpürdüyün o qapıdan rəisinin qızı ilə qol-qola çıxmaqdır.
Hələ bir qarış belə üzməyi bacarmayan oğlan sanki ucu-bucağı görünməyən dərin dəryanın tam ortasına düşmüşdü və xilas olmaq üçün saman çöpü belə olmayan dəryada yalnız həmin tüpürülmüş qapının dəstəyi görünürdü. Oğlan əlini dəstəyə atdı...
Sonu yaxşılıqla bitən nağıl qəhrəmanı öz toyunda müttəhim kimi oturmuşdu və nikahlarının bağlanması haqqında rəsmi dövlət sənədinin mətni elan olunan zaman ona elə gəldi ki, qətlinə fərman verilir: cəllad da, heç demə, qətiyyən bədheybət, nataraz bir heyvərə deyil, böyrünə qısılıb qoluna girmiş, bəzəkli-düzəkli, ağ geyimli məsum bir qızdır.
O gecə hamı yedi, içdi, dedi, güldü, oxudu, oynadı, amma oğlan heç kimin eşitmədiyi bir səslə hayqırdı: “Şahnaz”, “Şahnaz” deyib için-için zarıdı...
xxx
İndi general epoletləri daşıyan o zamankı cavan zabitin o toydan sonra vəzifə pillələri ilə irəliləməsinin sürəti xeyli artdı. Və təbii ki, vəzifəsinə müvafiq olaraq rütbəsi də artmağa başladı. Qəribədir ki, onsuz da diribaş adam kimi tanınan, “başadüşən cayıl”, “zəmanə adamı”, “hörmətcil” yarlıqları ilə “mükafatlandırılan”, xeyli şişman olsa da, yeniyetmə cəldliyini və çevikliyini hələ də saxlayan qayınatası “əl əli yuyar, əl də üzü” məsəlinin doğruluğunu indi daha tez-tez sübuta yetirirdi. O cavan zabit isə bütün gələcək arzularına “toy tutan” həmin iyrənc toy haqq-hesabından sonra sıravi insan kimi öz Şahnazı ilə isti bir yuva qurmaq xəyallarının, ümumiyyətlə, şəxsi həyatının üstündən çalın-çarpaz xətt çəkib, fikrini-zikrini tamamilə öz xidməti işinə yönəltmişdi. Pul yığmaq, var-dövlət sahibi olmaq, daha yüksək karyera qazanmaq haqqında qətiyyən düşünməyən oğlan, sanki, küllü-küfan olmuş arzularının acığına öz şəxsi, insani həyatından da imtina etmişdi. Öz həyatı cəhənnəm, gözəl Şahnazının da həyatını məhv elədiyinə, onun saf, təmiz hisslərini ləkələdiyinə, onu sındırdığına görə ən ağır cəzaya layiq ikən, belə azad, sərbəst, başını dik tutub gəzməyi şəninə sığışdırmırdı, rəzalət kimi qəbul edirdi. Ona görə də, bu xəyanətinin, rəzilliyinin, namussuzluğunun müqabilində, heç olmasa, xidməti vəzifəsində qanunlara əməl etməklə, insanların hüquqlarını qorumaqla, vətəninə, ölkəsinə, dövlətinə sadiq olmaqla yaralarını, az da olsa, ovutmağa çalışırdı.
Amma qəribədi ki, vəzifə, mənsəb barəsində düşünmək belə istəməyən bu zavallı gənc vəzifə pillələri ilə sürətlə irəliləyirdi. Yoxsa yuxarı dairələrdən onu düz, təmiz, vicdanla işlədiyinə görə belə mükafatlandırırdılar?! Yoxsa onun vətənə, millətə, dövlətə sədaqətlə, təmənnasız xidmətini belə yüksək dəyərləndirirdilər?! Yox! Əsla!
Onun vəzifə pillələri ilə belə sürətlə irəliləməsində bütün zamanların damarını məharətlə tutmağı bacaran, əli həmişə yuxarıların ətəyində olan, hörmət-izzəti yaxşı qiymətləndirə bilən qayınatasının müstəsna rolu vardı və bütün bu “iri addımlarla” irəliləməyin heç də “lopuğa görə” olmadığını anqurt kimi dərk eləyən qayınata kürəkəninin adından istifadə edərək “haqq-hesabı” da çox ustalıqla tənzimləyirdi. Əla “bazarlıq eləməyi” bacaran qayınata ən yaxın adamlarının heç nədən korluq çəkməsinə imkan vermirdi.
Pillə-pillə addımlayıb, nəhayətdə, sevimli kürəkəninin “şəxsi iş”inin ölkənin sütunu sayılan ən ali postlarından birinə təyin edilməsi üçün əlahəzrətin stolunun üstünə qoyulmasına nail oldu. Qayınatanın yalnız əlahəzrətə, “xod” eləmək imkanı yox idi. Belə məsələlərə, ümumiyyətlə, kimsənin cəsarəti çatmırdı.
Qayınata bir müddət gözləməli oldu. Ali rütbənin (həmçinin vəzifənin) astanasında olan kürəkənin isə, bu prosesin necə sonuclanacağı (yenə türk qardaşlarımız demiş) qətiyyən umurunda deyildi. Onu az-cox bu həyata, heç bir insani zövq ala bilmədiyi bu dünyaya bağlayan etibar olunan hər hansı bir sahədə vicdanla işləməsi idi.
Heç bir dostu, ürək sirdaşı yox idi və heç bir məclis, heç bir əyləncə könlünü açmırdı. Çox qaraqabaq, adamayovuşmaz , az danışan olmuşdu. Dodaqlarını bıçaq belə açmazdı. Gülümsədiyini görən olmamışdı. İçkidən özü könüllü imtina etmişdi. O hadisədən sonra bir müddət içkiyə meyil salsa da, içki ilə dərdini unutmağa çalışsa da, tezliklə görmüşdü ki, dilinə iki qurtum dəyən kimi hisslərini cilovlaya bilmir, özünü idarə eləyə bilmir və məntiqsiz sözlər danışaraq tanımadığı adamların da yanında ağlamağa başlayır. Tez də içkinin daşını atmışdı və tam qınına çəkilmişdi.
O, zəif adam deyildi: əgər hansısa zəif cəhəti varıydısa da, bunu kimsənin görməsini, bilməsini istəməzdi. Həyat haqqında, cəmiyyət haqqında, vətən, millət haqqında, bütövlükdə dünya haqqında, insanın var olması haqqında özünün xüsusi fikirləri, prinsipləri var idi və gərdişi-dövrandan nə qədər ağır zərbələr alsa da, müvazinətini itirməməyə çalışırdı. Düzdür, həyatının o nağıllı mərhələsində - hələ şeytanın tələsinə düşməzdən əvvəl – tamam ayrı xarakterə malik idi: şən idi, şux idi, qayım-qayım qaynayan idi, aşıb-daşan, tükənməz enerjili idi, eşq dolu, həyat dolu idi. Və həm də çoxlu dostları vardı...
Nə yazııqlar ki, o dostlarının böyük əksəriyyəti indi xarici ölkələrdə mühacirət həyatı yaşamaqdaydı. Burda yaşayanlarla da müəyyən ciddi səbəblərə görə heç bir əlaqəsi yox idi: Bəziləri çoxdandı ki, (söz yox, özlərinin “təkzibedilməz” arqumentlərinə görə) ondan bilmərrə üz döndərmişdilər. Bəzilərini isə o özü ürəyin təkidli tələbi ilə “könül dəftəri”ndən silməli olmuşdu.
Məmləkətin müstəqillik əldə etməsindən hələ xeyli əvvəllər o, dostlarıyla gələcəkdə vətənin azadlığına nail olunması üçün milyonları necə səfərbər edəcəklərini müzakirə edir, ölkədə daha xoşbəxt, daha gözəl həyatın konturlarını cızırdılar. Hətta indi ailəsi, uşaqları ilə Norveçdə yaşayan, milli azadlıq hərəkatında böyük xidmətləri olmuş alim dostu həmin illərdə o gözəl həyatın poetik manifestini də yazmışdı: “Yəqin ki, o zamanlar... Hər kəs kefiycə yaşar. O dünyanı yaradan düyünlənmiş milyon əl heç də zarafat deyil. Hər yaltağı, xəbisi bir-bir silib aradan, Yaşarıq, belə həyat ləzzət verər ilbəil. Belə gözəl həyatı möhkəmlədib günbəgün Gənclərin öhdəsinə buraxarıq büsbütün”.
...Nəhayət, qayınatanın nigarançılığına son qoyuldu. Əlahəzrət ən müxtəlif kanallarla kürəkənin bütün fəaliyyətini: keçmişini, nəslini, kökünü, xarakterini, düşüncəsini, əqidəsini öyrənəndən sonra çağırıb onunla söhbət etdi və imzasını atdı. Amma əlahəzrət bir şeyi bilmədi ki, kürəkənin bu təyinata razılıq verməsinin əsas səbəbi yalnız şəxsi həyatının uçurum kimi ağzını açmış o qaranlıq boşluğunu doldurmaq idi. Söz yox ki, bu vəzifənin məsuliyyətini də o, yaxşı dərk edirdi və xalqına, vətəninə, dövlətinə xidmətdə şəxsi yox, yalnız ictimai marağın əsas götürülməsini qavrayacaq qədərincə səviyyəli idi, eyni zamanda həm də bu mənəvi-əxlaqi keyfiyyətə ölənəcən sadiq qalacağına əmin idi.
xxx
Kürəkəninin general rütbəsi aldığı və ali postda əyləşdiyi elə ilk gündəncə artıq istefada olan qayınata yeni start götürdü: fəaliyyət dairəsi daha da genişləndi, ölkənin bütün regionlarını, bütün bölgələrini əhatə eləməyə başladı. İnsanların faciəsindən, bədbəxt hadisələrdən belə pul çıxaran bu zirək adam kürəkəninin bütün ölkə üzrə kadrlarının təyinatında, yerdəyişməsində, ştat məsələlərində (qeyri-rəsmi olsa da) mühüm rolunu çox məharətlə və dəqiqliklə icra edirdi. Bazar münasibətlərini yaxşı mənimsəmiş qayınata pay bölgüsünü də müxtəlif ranqlara görə tam ədalətlə aparırdı və heç kimi incik salmırdı. Kadr məsələlərində bütün sahələr üzrə bütöv ölkə daxilində — aşağıdan yuxarıya – heç bir mənəvi keyfiyyət, əxlaqi dəyər əsas götürülmürdü. Əsas şərt yalnız hakimiyyətə sadiqlik nümayiş etdirmək və özündən böyüklərə “hörmət” etmək idi.
General elə bir mənəvi-psixoloji vəziyyətdə, elə ruhi sarsıntıların məngənəsində idi ki, dünyanın bütün ləl-cəvahiratını toplasan belə, onun halına təfavüt edə bilməzdi və qayınatasının bu dərəcədə hərisliyinə, tamahkarlığına qarşı dəfələrlə (mədəni şəkildə) etirazını bitdirsə də, ətrafında olanların heç birindən dəstək almadığına görə susmağa məcbur olmuşdu. Həm də qatı cinayət xarakterli bu əməllərə görə daima qorxu içində yaşayan general özündən də yuxarı dairələrin belə halları gündəlik həyat tərzinə çevirməsini gördüyündən, bəzi nüfuzlu şəxslərdən xeyli şübhələnməyə başlamışdı.
Bəlkə də, bu cür halların məntiqi nəticəsi kimi onun rəhbərlik etdiyi orqanda bu yaxınlarda elə bir hadisə baş verdi ki (yəni elə bir cinayət hadisəsinin üstü açıldı ki), hesabla o, həmin orqanın rəhbəri kimi, ən azı, tutduğu vəzifəsindən istefa verməli idi.
Şəxsi həyat yaşamayan, Allahın sıravi bir bəndəsi kimi heç bir şeydən zövq almayan, fərəhlənməyən, sevinməyən, ömrünün mənasını yalnız elinə, obasına, dövlətinə sədaqətlə və vicdanla xidmətdə görən general bu dəfə, həqiqətən də, səmimi olaraq tam ciddiyyəti ilə istefa verməyi qərarlaşdırdı. Hətta rüsvayçı hadisə ilə bağlı bəyanat da hazırladı və əlahəzrətə müraciət etdi.
Yenə də bu lənətə gəlmiş məntiqə görə (və bütün müxalif mətbuatın yazdığına görə), əlahəzrət onun istefasını qəbul etməli idi.
Lakin hər cür məntiqin məntiqsizliyini sübut etməkdə mahir olan və kütlələri də bu məntiqsizliyə inandırıb həmişə dəstək qazanan əlahəzrət onun istefasını qəbul etməyib müxalifəti də pat vəziyyətində qoydu: bir güllə ilə iki dovşan vurdu.
Bu çox ciddi, necə deyərlər, analoqu olmayan olaydan sonra general üçün işləmək və ümumiyyətlə, yaşamaq dözülməz dərəcədə ağır oldu. O, əlahəzrətin bu jestini özünə qarşı etimadın nümunəsi kimi qəbul etmədi. Bu jesti dövlətin idarə olunmasında məsul olan şəxslərin hər hansı hadisə ilə bağlı çullarını kənara çəkib yığdıqlarını xımır-xımır əritmələrinə imkan verilməyəcəyi mesajı kimi qəbul etdi. Əslində, əlahəzrət “Oyunu yarımçıq tərk etmək qadağandır!” ultimatumunu vermişdi və şərtlərə görə bu oyunda təslim olmaq, yaxud məğlubiyyətlə barışmaq mümkünsüz idi. Tarixin qəddar, həm də tamamilə yanlış aforizmlərində olduğu kini: “Qaliblər ittiham olunmur!” və “Məğlublar həmişə günahkardır!”
xxx
... İndi bu bağda, narahat-narahat quruldaşan bu ağ göyərçinlərin arasında, sanki, vakuumdaymış kimi nəfəs almaqda çətinlik çəkən, bütün cəhdlərinə rəğmən, sonucda uğursuz bir həyat yaşadığı məlum olan zavallı generalın qəsdi nə idi?! Yazını yazan bu yerin, göyün sahibi qüdrətli Allahdısa, niyə onunla bu dərəcədə qəddar davrandı?! İnsan ömrünün əvəzolunmaz dəyəri, nəşəsi, ümumiyyətlə, mənası olan sevgidən məhrum etməsi azmış kimi, niyə üstəlik cəmiyyətə namusla xidmət etmək zövqünü də ona çox gördü?! Axı o, mərhəmətlidi, bağışlayandı. Axı o, hər şeyə qadirdir, qüdrətlidir. Axı o, haqdır – haqqın, ədalətin elə özüdür. Niyə o bu dünyada şərin, şeytanın bu dərəcədə harınlıqla at oynatmasına imkan verir?! Dünyanı idarə eləyən o deyilmi?! Yoxsa, cənabi-haqqın heç xəbəri yoxdur, yoxsa bu dünyanı elə qıllı-quyruqlu şeytan idarə edir?!
Generalın içindən bir qaynar vulkan püskürürdü. O, özünü söyürdü, taleyini söyürdü, bu şəhəri söyürdü, vəzifəsini, qayınatasını, arvadını, hətta yeganə oğlunu belə söyürdü. Cəmi-bəşər belə bir sadə fikri dəstəkləyər ki, insan deyilən bəndə (anasına münasibətdən asılı olmayaraq) belindən gələn övladını mütləq sevər. Amma o, yeganə övladını da sevə bilmirdi. Oğlu uşaq olanda, bəlkə də, ürəyində ona qarşı sevgiyə bənzər hiss var idi. Lakin böyüdükcə görürdü ki, uşaq sırf babasının “yerişini yeriyir”. Elə bil babasının tökdüklərini bu yığa-yığa gəlirdi. Eynilə babası kimi cüvəllağı, babası kimi şeytana papış tikən. Elə bil fırt eləyib babasının burnundan düşmüşdü. Xülasə, xalis şeytan törəməsi.
Qəribədir, bu uşaq böyüdükcə, elə bil onun içindəki şeytan da böyüyürdü, fəallaşırdı, burnunu ona qətiyyən aidiyyatı olmayan yerlərə soxurdu. Həddi-buluğa çatanda artıq o, atasının bilmədiyi, bilməyə həvəs göstərmədiyi, yaşına heç uyğun olmayan və cavabı şeytanın kürəsini körükləyən sualları çözməklə məşğul idi: kim kimin adamıdı, kim kimə “krışa”lıq edir, kim kimin vasitəsi ilə filan posta yüksəlib, filankəsin filankəslə kirvə olmaqda məqsədi nədir, filankəs oğluna niyə filankəsin qızını aldı, filan vəzifə sahibinin nə qədər obyekti var, paytaxtda ən bahalı maşının sahibi kimin oğludur, filankəs niyə Rusiyaya “stavka” qoyur, Amerikanın Qafqazda maraqları nədən ibarətdir, niyə “türkün türkdən başqa dostu yoxdur”, filankəsin Avropadakı villası neçə milyonluqdur, İran nəyə arxalanır, narkobiznesin regionda “çiçəklənməsinin” arxasında kimlər durur?! Və sair, və ilaxır... Eyzən körpə uşağın eşşək arısının yuvasına çöp uzatması kimi.
Oğluyla söhbəti heç cür tutmurdu. Onunla səmimi münasibətlər qurub düşüncəsindəki yanlışlıqları dəyişə biləcəyinin mümkünsüzlüyünü də çoxdan dərk etmişdi. Və bu səbəbdən də oğlu ilə ünsiyyət yaratmağa həvəs göstərmirdi. Lap çoxdan onu da anlamışdı, dərk etmişdi ki, oğlu da ona meyil göstərmir, onunla darıxır və ümumiyyətlə, o da atasını sevmir. Onunku babası ilə yaxşı tuturdu. Aralarında olan xeyli yaş fərqinə baxmayaraq, yaşıd dostlar kimi çox mehriban idilər, bir-birlərini qaş-göz işarəsindən belə başa düşürdülər ...
... General bu geniş dünyada tamam yalqız idi, tənha idi. Üz tuta biləcəyi, dərdini aça biləcəyi bir kimsəsi yox idi. Dünya malından hər şey var, amma ürək bomboş. General havalanırdı, dəliyə dönürdü, boğulurdu.
Fəqət generalın hələ lap gənclik illərindən qalma bir vərdişi də var idi: onu düşündürən, sevindirən, əyləndirən, həm də tez-tez, necə deyərlər, dərin qəm dəryasına qərq eləyən, bütün hisslərini, duyğularını, bir növ, sehrli pult kimi haldan-hala salıb dəyişən kitab oxumaq həvəsi. Düzdü, general lənətə gəlmiş bu ali kürsüyə əyləşəndən sonra kitab oxumasını məharətlə hamıdan gizlədirdi və kimsə onun vəzifə başında kitab oxumasının şahidi olduğunu iddia eləyə bilməzdi. Xüsusən də, bu kitabın bədii kitab olması heç mümkün deyildi. Çünki general özü də istəmədən, yəni heç bir canfəşanlıq göstərmədən pillə-pillə ən ali mərtəbəsinə qədər yüksəldiyi bu sistemdə kitab oxuyana əfəl, aciz, mağmun bir adam kimi, əlindən heç bir iş gəlməyən avaragor, az qala yazıq, bədbəxt bir məxluq kimi baxıldığını dəfələrlə müşahidə eləmişdi. Kitab oxumaq bu sistemdə sanki ayıb bir işlə məşğul olmaq kimi qavranılırdı.
Amma bütün bunlara baxmayaraq, general gizli də olsa, bədii əsərlər oxuyurdu və o bağdan (azadlıq qəsrindən), o ağ göyərçinlərindən kənarda bunu (kim də şahid olmasa, bir Allah şahiddi ki), həm də generalın xilası kimi qəbul eləmək olardı. Çünki işdən-gücdən başı ayılanda, tək qalanda general özünü – qismən də olsa – içində daim bardaş qurmuş qəddar hakimin ittihamlarından yalnız kitab oxumaqla yayındıra bilirdi. Tərslikdən hərdənbir elə də olurdu ki, general özünü oxuduğu o əsərlərin qəhrəmanları yerində görürdü və bu dəmdə generalın gözlərindən gildir-gildir yaş axmağa başlayırdı, vəzifəsinin zəhmi tabeçiliyində olanları zağ-zağ əsdirən genaral ağlayırdı: “O ilin yayında kəndə gedəndə anamı tanıya bilmədim: yazıq arvad elə arıqlamışdı ki, elə bil min ilin xəstəliyindən durmuşdu. Üzünü görən kimi qəhər boğdu məni. Gördüm hönkürəcəyəm, özü də çox pis hönkürəcəyəm, soyunub özümü şırşırın altına verdim, – yaxşı ki, o gün həyətimizdən su gedirdi. Mən orda guya ki, çimirdim. Ancaq çimmirdim, hönkürürdüm, öküz kimi böyürürdüm və yuxarıdan şırhaşır başıma tökülən su qoymurdu ki, anam səsimi eşitsin. Gah ulayırdım, gah mələyirdim, min cür səs çıxarırdım; özümü elə göstərirdim ki, guya kefim kökdür, guya sevindiyimdən muğamat oxuyuram, amma əslində özümü söyürdüm; mən o şırşırın altında özümə bu dünyanın ən pis lənətlərini yağdırırdım: “Alçaq, vicdansız, orda sən həm öz stipendiyanı ye, həm də bunun maaşını ye, bu yazıq da burda bu günə düşsün...”
Generalın öz anası yadına düşürdü: onun arıq, qupquru barmaqları yadına düşürdü, bəmbəyaz saçları, kədərli, yorğun gözləri yadına düşürdü, yeganə oğlunu böyütmək üçün hansı əziyyətlərə qatlaşdığı yadına düşürdü və general hulqumunda düyünlənmiş göyüm-göyüm göynəyən hıçqırığını boğa bilmirdi. İllah da bütün həyatını sevə-sevə ona qurban verən bu fədakar insanın heç dəfninə də çata bilməməsi, tabutuna belə çiyin verə bilməməsi generalı odsuz-ocaqsız yandırıb tökürdü: general özünə lənətlər yağdırırdı, özünü ən alçaq, ən rəzil, ən şərəfsiz adam hesab edirdi.
... Lap bu günlərdə zavallı general (yenə də hamıdan gizlin ) hələ çoxlarının tanımadığı cavan bir şairin az qala bütün misralarından qan daman “Sən mənim qatilimsən...” adlı uzun şeirini həyəcanla oxumuşdu və sonda cavan müəllifin sanki birbaşa ona müraciətlə (heç nə olmamış kimi azad-arxayın gəzən) qatilinin cəzalandırılmasını tələb etməsi generalı əməlli-başlı diksindirmişdi, çaşdırmışdı: “—Hey! İç işlərə baxan nazir! Alçı nazir, toxan nazir! Sən də, sən də görmürsənmi Mənim qatilim Hələ də, hələ də cəzasız gəzir?!”
General ona görə diksinmişdi ki, həmin misraları oxuyanda birdən-birə məhz elə özünün də əliqanlı qatil olduğunu dərk etmişdi və özü qatil ola - ola başqasının qatilini cəzalandırmaq haqqına malik olub- olmaması həmin an onu, həqiqətən də, çaşdırmışdı.
General bədii materialın nə demək olduğunu çox yaxşı başa düşürdü, amma özünün qatil olmadığına da (heç olmasa öz vicdanı qarşısında) heç bir bəraəti yox idi.
O, necə iddia edə bilərdi ki, şeytanın felinə uyub o əclaf əməli ilə öz sevimli Şahnazını bir insan olaraq qətlə yetirməyib?! Elə öz gəncliyini, Şahnazla bağlı arzularını, lap elə gələcəyini darmadağın edib xarabazarlığa çevirmək qətliam deyil, bəs nədir?! Qətl məgər yalnız xəncərlə, bıçaqla, topla, tüfənglə törədilir?! Özü qatı cinayətkar, əliqanlı qatil olan generalın digər caniləri, qatilləri həbs etməyə, tutmağa, cəzalandırmağa nə dərəcədə mənəvi haqqı çatırdı, görəsən?! General bu sərt suallara dərsini bilməyən şagird kimi heç cür cavab verə bilmirdi.
Bütün bunlar azmış kimi, hələ üstəlik dünən axşam rayonlarının işğalının ildönümü ilə əlaqədar yayımlanan televiziya verilişində bir qadının düşmənə əsir düşməmək üçün özünü qayadan atması barədə xəbər eşitdi. Geniş, işıqlı kabinetində tək-tənha diqqətlə televiziyanı seyr edən generalı elə bil birdən ildırım vurdu. Çünki bu acı xəbəri jurnalistin uzatdığı mikrofona söyləyən onların kəndindən qaçqın düşmüş orta yaşlı, saqqallı bir kişi idi. General yanılmamışdı. Ekranın aşağısında hətta onların kəndinin adı da yazılmışdı. O saqqallı, orta yaşlı kişi qadının adını çəkmədi, amma general bu yeri, göyü yaradanın varlığına inandığı kimi, heç bir şəkk-şübhə etmədən inandı ki, həmin qadın onun daima qan-yaş tökən ürəyinin işıqlı bir küncündə hələ də yaşayan Şahnazdı: başqa heç kim deyil. Bu vəziyyətdə generalı yalnız hər şeyi— bütün kainatı – yoxdan var edən o ali varlığın şəxsən özü fikrindən döndərə bilərdi, özünü qayadan atan həmin o qadının Şahnaz olmadığına bizcə o (Qüdrətli Allah) inandıra bilərdi. Amma nə yazıqlar ki, o Ulu Yaradan da (general şeytanla izdivaca girəndən sonra) ondan bilmərrə üz döndərmişdi.
... O axşam general evə getmədi, elə kabinetdəcə gecələdi. Ölkədəki vəziyyətə görə belə hallar hərdən olurdu və bu səbəbdən də onun evə gəlməməsi kimsənin halına təfavüt eləmədi.
xxx
Bu gün səhər də (həmişə olduğu kimi) müavinləri ilə kiçik müşavirə keçirən, görülmüş işləri müzakirə edən, görüləcək işlər barədə məlumat və tapşırıqlar verən general – gözlərinin altı torbalanmış, gicgahlarındakı ağarmış sahənin sərhədləri pozulmuş ahıl kişi – yağışdan sonrakı bu tərtəmiz göyüzünə rəğmən, par-par parıldayan günəşə rəğmən, bu ağ göyərçinlərə rəğmən, yəni bu dünyanın saf, təmiz, işıqlı əlamətlərinə baxmayaraq, onun həyatının niyə bu qədər çirkab dolu, xıltlı, üfunətli, zülmət qaranlıq olduğunu qavraya bilmirdi, qəbul eləyə bilmirdi və özünə qarşı içindən bir üsyan püskürürdü. Onu əzən, ağrıdan, yandıran yalnız axşam televiziyadan eşitdiyi xəbərin – Şahnazın ölümünün – yaratdığı acı təəssürat deyildi. Onu yandıran ən xoşbəxt, ən şən günlərinin, sevgi dolu ən şirin dəqiqələrinin sultanı olsa da, beş-üç nəfərdən başqa kimsənin tanımadığı Şahnazın ölümünün dövlətin sütunlarından biri sayılan yüksək vəzifə sahibinin, generalın, bütün ölkənin tanıdığı və ehtiram göstərdiyi şəxsin həyatından nə qədər dəyərli, ləyaqətli olmasından yaranan xəcalət hissi idi və general bu xəcalətdən ölmək istəyirdi.
Həyatının ən gözəl çağlarında ömrünə daxil olan və özlərini günahsız mələklər kimi göstərən insanların, sən demə, quyruqlu-buynuzlu şeytanlar olduğunu dərk edən indiki general (ən azı “keçənə güzəşt” deyib) sonrakı ömrünün namuslu, dürüst, halal yaşanmasında dirəniş göstərsə də, illər keçəndən sonra hər şeyin alt-üst olduğunu açıq-aşkar görüb dəhşətə gəlirdi. Deməli, o bu uzun ömrü düzgün yaşamayıb, tamam səhv yaşayıb. Deməli, o zəif olub, aciz olub, dövlət tərəfindən yüksək etimada layiq görülübsə də, yaxınları, ailəsi tərəfindən özünə qarşı heç bir etimad görməyib, adam yerinə qoyulmayıb. Deməli, o bu şəhərə ayaq qoyan gündən kimlərinsə əlində alət olub, onun adından istifadə olunub.
Həyatındakı o uğursuzluqlardan, aldanışlardan sonra, heç olmasa, ömrünün qalan hissəsini halal yaşamaq iddiasında olan general neçə-neçə on illər sonra haramın xərçəng kimi hətta kapilyarlarına qədər yayıldığını görürdü və buna görə ona “gözün üstə qaşın var” deyənin tapılmaması onu qətiyyən arxayınlaşdırmırdı, tam əksinə, xeyli narahat edirdi, xoflandırırdı. Nə olsun ki, bu haramxanada (hərəmxana da demək olar) sövdəgərlik edən şəxsən onun özü deyildi.
General indi-indi anlamağa başlayırdı ki, özünü nə qədər qorumağa çalışsa da, həyatına xeyli haram qarışıb və hətta kəbinli-talaqlı, dövlət nikahlı arvadı da – indiki halda – onun halalı sayıla bilməz.
General özünün o xoşbəxt günlərini, ayrılıb şəhərə gələrkən bütün ruhu ilə qucaqladığı o xoşbəxt Şahnazı, gözləri daima civə kimi oynayan diribaş qayınatasını, onun qızını, təcili harasa gedən qayınanasını, xalqın sevimlisi əlahəzrəti, cüvəllağı oğlunu və bir daha Şahnazı (bu dəfə özünü qayadan atdığı vəziyyətdə) gözünün qarşısına gətirdi, ayaqlarının həndəvərində, daş döşəmə üstündə çox narahat-narahat, təşviş içərisində quruldaşan ağ göyərçinlərə baxdı, baxdı və ağır-ağır, amma çox qətiyyətlə əlini sağ ombasının üstünə apardı, həmişə özüylə gəzdirdiyi tabel silahını çıxarıb beyninə dirədi.
Qəfil atəş səsindən göyərçinlər pırıltıyla uçub yaxınlıqdakı qalın divarlara, malikanənin balkonlarına, ağacların yoğun budaqlarına qondular. Bir neçə saniyə sonra general kötük kimi üzü üstə daş döşəməyə yıxıldı. Sağ gicgahından axan qara qan xəfifcə buğlana-buğlana laxtalanıb daş döşəməyə səpilmiş iri buğda dənələrinə yapışdı. Dağılmış beyninin ağ-qırmızı parçaları malikanənin aşağı hissələrinə və talvarın quru taxtalarına səpələnmişdi.
Güclü atəş səsindən öz oxu ətrafında müdam fırlanan dünya da, sanki, bir neçə saniyəliyinə hərəkətini dayandırdı. Bu bir neçə saniyədə ağ göyərçinlər qonduqları yerlərdən vahiməli-vahiməli üzü üstə daş döşəməyə uzanmış generala baxdılar. Sonra bir-bir, həm də qorxa-qorxa uçub generalın yan-yörəsinə qondular və sanki bu qanlı hadisənin təfərrüatını dərk edirmişlər kimi qəribə səslər çıxarmağa başladılar. Bu səslər adi qurultu deyildi: bu səslər nə isə bir az ağıya bənzər kədərli vida nəğməsi təsiri bağışlayırdı. Daha sonra bu ağ göyərçinlər üzüquylu qalmış generalın ətrafında fırlana-fırlana elə bil qəflətən onun qanının qoxusunu da duydular, hövllə uçub göy üzünə milləndilər və bir daha heç zaman bu həyətə qayıtmadılar.
xxx
Bircə gün sonra əlahəzrət okeanın o tayına etdiyi işgüzar səfərindən yarımçıq geri döndü. Elə həmin günün səhərisi bütün rəsmi dövlət qəzetləri ölkəyə belə bir mühüm xəbər yaydı: “Vətənimizin azadlığı, müstəqilliyi, respublikamızın ərazi bütövlüyü və dövlətçiliyimizin möhkəmləndirilməsi uğrunda mübarizədə əvəzolunmaz xidmətlər göstərmiş general ... ... Xaliq oğlu dünən uzun sürən ağır xəstəlikdən sonra qəflətən vəfat etmişdir...
Şərəfli bir ömür yolu keçmiş, bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş general həm də gözəl ailə başçısı idi.
... Onun işıqlı xatirəsi heç zaman yaddaşlardan silinməyəcək!
Həmin axşam respublika televiziyası “Xəbərlər” proqramının sonunda bir daha generalın axır zamanlar şəkərdən və qan təzyiqindən əziyyət çəkdiyini xatırlatdı və eyni zamanda dərin hüznlə xalqımıza başsağlığı verdi.
“Xəbərlər” proqramı “Mərhumla vida mərasimi sabah saat on birdən on dördədək Böyük Məzhəkə Teatrının kiçik zalında keçiriləcək” cümləsi ilə tamamlandı.
xxx
Qırx gün, qırx gecə keçdi. Yer şarı düz qırx dəfə öz oxu ətrafında fırlandı: bu kaftar dünya qırx gün daha qocaldı. Günəş qırx dəfə doğdu, qırx dəfə batdı. Bu qırx gündə özünü öldürənlər də oldu, özü ölənlər də. Söz yox ki, doğulanlar da oldu bu qırx gündə. Oktyabrın ortalarına yaxın yağışlar yağmağa başladı, hava qəfilcən soyudu.
... Deyilənə görə, generalın qırxı günü Fəxri Xiyabanın qoca məzarçısı qəbir üstə ziyarətə gələnlərə yanaşırmış, and içirmiş, aman eləyirmiş ki, bəs bu rəhmətlik torpağa qoyulan gündən ta bu günə kimi – düz qırx gündür – bir dəstə ağ göyərçin hər gün hardansa uçub gəlib bunun qəbri üstə fırlanırmış, dövrə vururmuş, sonra enib məzarın üstünə qonurmuş. Məzarçı – əgər yalan deyirəmsə, o işığa kor baxım, deyirmiş və məzarçının sözlərinə görə, o ağ göyərçinlər on-on beş dəqiqə nəsə qəribə səslər çıxarırmışlar, lap adam kimi özlərini didib-tökürmüşlər, sonra yenə uçub gedirmişlər. Məzarçı – Allaha and olsun, deyirmiş, artırıb-əskildirəmsə, getdiyim o müqəddəs məkan mənə qənim olsun, deyirmiş, Allahın o heyvancığazları, deyirmiş, uçub gedəndən sonra qəbrin üstü elə bil ağappaq kəfənə bürünürmüş.
Qoca məzarçı – Əbülfəzl-Abbas haqqı, – deyib dübarə and içirmiş, sizlərdən bir saat, saat yarım əvvəl də gəlmişdilər, söyləyirmiş. Siz məgər, — xırdaca gözlərini qıyırmış, — qəbrin üstündəki o ağ lələkləri görmədinizmi, soruşurmuş və cavab gözləmədən: hələ çoxunu külək dağıtdı, lap-məəttəl qalmalı işdi, deyib açıq-aşkar heyrətini bildirirmiş.
Deyilənə görə, qoca məzarçı sonra sanki öz-özünə danışırmış kimi, Allah şeytana lənət eləsin, Allah günahından keçsin, Allah cəmi məxluqatı şərdən, xətadan, bəladan hifz eləsin, amin, ya Böyük Allah, –deyib qəbirlərin arasında nə isə axtarırmış...
Paylaş: