Xəbər lenti

“Bakı genişlənməli, inkişaf etməlidir, göydələnlər də olmalıdır, lakin tarixi keçmişimiz və müasir tələblərimiz arasında harmoniya olmalıdır”.

Bunu Bakının Səbail rayonunda “Dinamo” otelinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev otellə tanışlıqdan sonra kollektivlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Mən həqiqətən də çox şadam ki, biz bu gün şəhərimizin tarixi binasında yerləşən “Dinamo” otelinin rəsmi açılış mərasimində iştirak edirik. Çox şadam ki, binanın memarlıq üslubu tamamilə qorunub saxlanılmışdır. Bu binanın böyük tarixi var. Çox sevindirici haldır ki, biz bu binanı inşa olunduğu üslubda qoruyub saxlaya bilmişik. Bunun vacibliyini xüsusilə qeyd etmək istəyirəm.Çünki bilirəm ki, bu binanın sökülməsi və onun yerinə yeni göydələnin tikintisi planları var idi. Lakin mən bu barədə məlumat alan kimi, əlbəttə, bu planların qarşısını aldım. Çünki biz tariximizi, memarlığımızı qorumalıyıq və Bakı şəhərinin memarlığının inkişafını qorumalıyıq.

Əlbəttə, şəhər genişlənməlidir, inkişaf etməlidir, hündürmərtəbəli binalar, göydələnlər də olmalıdır. Lakin, eyni zamanda, tarixi keçmişimiz və müasir tələblərimiz arasında harmoniya da olmalıdır. Hesab edirəm ki, Bakı bu iki vacib elementi özündə birləşdirən dünyanın azsaylı şəhərlərindən biridir. Biz tariximizi, qədim tariximizi qoruyuruq və eyni zamanda, Bakıda inşa olunmuş müasir binalar şəhərin ümumi görünüşü ilə ziddiyyət təşkil etmir. Buna görə də Bakı öz qonaqları və şəhərin sakinləri üçün xoş və rahat nadir ab-havanı qoruyub saxlayır”.

İlham Əliyev əlavə edib: “Əlbəttə, “Dinamo” otelinin açılışı əlamətdar hadisədir. Çünki biz burada xanım Pintonun rəhbərlik etdiyi qrupun, dünyaca məşhur şirkətin sənət əsərini görürük. Biz sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Əlbəttə ki, sizin adınız qonaqları mütləq buraya cəlb edəcək. Otelin müxtəlif yerlərinə baxarkən biz bir daha görürük ki, sizin şirkətin belə yüksək beynəlxalq standarta malik olması təsadüfi deyil. Buna görə minnətdarlığımı bildirirəm. Əminəm ki, oteldə qalanlar, nahar yeməyi üçün buraya gələnlər və ya yaxşı vaxt keçirmək istəyənlər özlərini həqiqətən də çox xüsusi bir mühitdə hiss edəcəklər.

Şəhər sürətlə inkişaf edir. Hesab edirəm ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və biz irsimizi qorumalıyıq, burada yaşayan insanlar və qonaqlarımız üçün daha da yaxşı şərait qurmalıyıq.

Sizə uğurlar arzulayıram. Şadam ki, “Dinamo” adı və keçmişin rəmzləri qalıb. Bu, bir daha onu nümayiş etdirir ki, biz tariximizin bütün dövrlərinə hörmətlə yanaşırıq. Bu, bizi daha güclü edir və bu, həqiqətdir.

Bir daha sizi təbrik edirəm. Azərbaycanı regionumuzun ən cəlbedici turizm məkanlarından birinə çevirməyə kömək etmək işinizdə burada sizə çox məhsuldar fəaliyyət arzu edirəm. Çox sağ olun”.

strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 665          Tarix: 11-05-2018, 17:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma