“Rusiya prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı eşitmədi, onun Suriyanın İdlib şəhəri üçün atəşkəs istəyinə 3 dəfə ”yox” dedi. Tehranda bir az dərinə getsəydilər Astana prosesi, Türkiyə-Rusiya-İran dialoqu dağılacaqdı. Bu gün Ərdoğan yenə Putinlə görüşdü. Bu dəfə Putin Ərdoğanın arqumentlərini qəbul etdi, Rusiya İdlibə hücum etməyəcək. Bunun əvəzinə rusiyalı və türkiyəli hərbçilər İdlib ətrafında təhlükəsizlik zolağı yaradacaqlar”.
Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, bununla belə Rusiya prezidentinin iki şərti yenə gündəmdədir: “Birinci şərtə görə İdlib istiqamətindən Rusiyanın Suriyadakı hərbi bazalarına hücum təhlükəsi olmamalıdır.
İkinci şərtə əsasən İdlibdəki terrorçular ağır silahları ərazidən çıxartmalı, bir müddət sonra isə özləri də şəhəri tərk etməlidirlər. Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək. Bütün hallarda bugünkü razılaşma hər iki dövlətin xeyrinədir. Rusiya İdlibə hücum etmədən terrorçuların bölgəni tərk etməsinə nail olarsa, həm Qərbin təzyiqlərindən yaxa qurtaracaq, həm də Suriyada hərbi varlığını gücləndirəcək. Üstəlik hücum olsaydı, çox sayda insan öləcəkdi. Türkiyə isə İdlibə hücumun qarşısını almaqla həm qətliamın qarşını aldı, qaçqın axını ilə üzləşməyəcək, həm də Suriyadakı hərbi varlığını Rusiya ilə birgə gücləndirəcək”.
Paylaş: