Xəbər lenti
Dünən, 19:25

Ekranda ehtiras dolu səhnələr bir-birini əvəz edir, gününü eyş-işrətdə keçirən gənclər narkotik vasitəni əzələdaxili damarlara yeridirlər. Gözlər süzülür, başlar dumanlanır. Bir neçə dəqiqəlik ləzzət üçün ”göylərə qalxan” gənclər əslində həyatın dibinə endiklərindən xəbərsizdirlər…

Bu kadrlar “Hyatt Regency” mehmanxanasının “Şuşa” salonunda nümayiş olunan İİV infeksiyasına yoluxma, onun zərərli təsiri və infeksiyaya yoluxanların həyatına gətirdiyi fəsadlar barədə maarifləndirici videoçarxın əsas leytmotivini təşkil edib.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, QİÇS-lə Mübarizə Mərkəzinin sifarişi ilə çəkilən həmin ekran əsərinin nümayişindən əvvəl mərkəzin direktoru Esmira Alməmmədova infeksiyanın sağlamlığa zərərli təsiri və ondan qorunmaqda belə maarifçi videoların təbliğat gücündən və müsbət rolundan danışıb. Videoçarx nümayiş olunandan sonra yaradıcı heyətin üzvləri səhnəyə çıxaraq ərsəyə gətirdikləri məhsul haqqında məlumat veriblər. Tədbir iştirakçıları rejissor Elvin Mirzəyev, bəstəkar Tural Məmmədli, kastinq rejissoru Səbinə Həsənova, operator Həmid Mehrəfruz, qrim rəssamı Qalib Mirzəliyev, aktyorlar Vüsal Nəzərov və Ellada Süleymanovanın yaradıcılıq məhsulu olan videoçarxı maraqla izləyiblər.

Nümayişdə iştirak edən tibb professorları Həqiqət Qədirova, Bilal Əsədov, qeyri-hökumət təşkilatlarının rəhbərləri və başqaları öz çıxışlarında QİÇS-lə mübarizədə gənclərin maarifləndirilməsi sahəsində videoçarxın əhəmiyyətli rol oynaya biləcəyini bildiriblər. Televiziya ekranlarında, habelə müxtəlif mərasim və tədbirlər zamanı belə maarifləndirici sosial videoçarxların nümayişinin zəruriliyi və əhəmiyyəti qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 723          Tarix: 26-05-2017, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma