Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü mühüm mesajlarla tarixə həkk olundu. İclas həm də rəmzi xarakter daşıyırdı, o baxımdan ki, Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edirdi. Və Prezident İlham Əliyev iclasda çıxışı zamanı məhz bu məsələyə diqqəti cəlb etməklə mühüm mesaj verdi: “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.
Prezidentin bu mesajı tarixi həqiqətləri ifadə etməklə yanaşı, gələcəyə istiqamətlənmiş bir bəyanatdır. Bu, türk dövlətlərinin birgə hərəkət etməsinin vacibliyini tarixi kontekstdən önə çəkilməsi idi.
Ümumilikdə, Bakı iclasında digər dövlət başçıları tərəfindən də verilən bəyanatlar bu qurumun daha da güclənəcəyinə ümidləri artırır.
İlk növbədə Özbəkistanın tamhüquqlu üzv dövlət kimi Türk Şurasına qoşulması çox əlamətdar addımdır. Bu, həm Türk Şurasının coğrafiyasını genişləndirir, həm də qurumun öz gücünü artırdığını, ölü bir quruma çevrilmədiyini göstərir. Eyni zamanda, Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması mühüm addımdır və Avropa dövlətləri, eləcə də təsisatları ilə əməkdaşlığa töhfədir.
Düzdür, ötən 10 il ərzində Türk Şurası siyasi, iqtisadi, elm, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı inkişaf etdirib. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənib. Xüsusilə, türk xalqlarının zəngin mədəni irsinin tədqiqi, maddi və mənəvi dəyərlərinin dünya səviyyəsində təbliğində mühüm işlər görülüb.
Amma mövcud əməkdaşlığın lobbiçilik səviyyəsinə yüksəlməsi, diasporaların birgə fəaliyyəti ən arzuolunan məsələdir ki, Bakı görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
İclasdan bir gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz” fikrini qabartması, Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin “ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılmasına başlamağa keçmək vaxtıdır” deməsi sözün həqiqi mənasında birfə fəaliyyətə keçməyin zəruri olduğuna bir işarədir. Üstəlik, Nursultan Nazarbayevin “türkdilli dövlətlər yox, artıq türk dövlətləri” ifadəsi xoşməramlı bir təklif kimi, türk dövlətlərinin əbədi birlik arzusunu və qaçılmaz hədəfini özündə ehtiva edirdi.
Türk dövlətlərinin, ümumilikdə 160 milyona yaxın sayda əhali kontingentini əhatə etdiyini nəzərə alsaq, birgə lobbiçlik fəaliyyətilə nələrə nail olmağın mümkünlüyünü təsəvvür etmək çətin deyil. Bu gücün birgə hərəkəti dünya birliyində Türkiyənin, Azərbaycanın düşdüyü haqsız duruma qarşı aparılan mübarizəyə də təkan verə bilər.
Bu gün Türkiyənin xariçdə güçlü lobbisi ücün pulu yetərli olsa da, terrordan əziyyət cəkən ölkə olaraq ikili standartlarla üzləşir. Türkiyənin terrorla müçadilə aparmaq qərarına dünyada verilən dəstək quruça bəyanatlardan o tərəfə kecmir. Beləliklə, soyqırımların (Xoçalı façiəsi, Mart qırğınları ) növbəti ildönümləri ərəfəsində Azərbaycanın dərdlərinə öz dərdi kimi yanaşan Türkiyənin dünyada türk millətlərinin güclü lobbisinə ehtiyacı məsələsi bir daha qabarmış olur...
Dağlıq Qarabağ məsələsində də Azərbaycan ikili standartlarla üz-üzədir. Nə BMT-nin məlum qətnamələri icra olunur, nə də işğalçıya layiq olduğu münasibət var. Güclü Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqqı hələ ki tanınmır, məsələnin sülh yolu ilə həlli üçün danışıqlar isə uzadılır.
Beləliklə, türk dövlətlərinin birgə hərəkət etməsi olduqca vacibdir və bunun Bakıda keşirilən iclasda qabardılması sevindiricidir. Bakı toplantısı, verilən bəyanatlar, qəbul olunan qərarlar türk həmrəyliyini nümayiş etdirmək, dini, dili özündən olanların bir-birininin lobbisinə cevrilməsi cağdaş dünyada türk xalqlarının müdafiəsi, haqlarının qorunması, əsl lobbiciliyin yaranması ücün möhkəm, etibarlı baza rolunu oyanayacaq.
Bu birlik əslində lobbicilik standartlarından kənar, qəbul olunmuş normalarla uyğunlaşmayan içdən gələn bir birlikdir. Çünki əgər lobbi müəyyən pul vəsaitinin müqabilində başa gəlirsə, üstəlik, qarşılığı başqa addımlarla da ödənilirsə, bu lobbiciliyin mayasında nə pul dayanır, nə də başqa məzmunda əvəzi istənilir. Bu kökdən gələn bir birlikdir!
Paylaş: