Bildiyiniz kimi, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər artıq təbliğat-təşviqat işinə başlayıblar. Təbliğat-təşviqatla bağlı narazılıqların olduğu iddia edilsə də, bu günə qədər Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət daxil olmayıb.
Bu sözləri Axar.az-a açıqlamasında MSK-nın katibi Mikayıl Rəhimov deyib. O, bu vaxta qədər növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərdən 9-nun şikayətinə baxıldığını bildirib:
“Ümumilikdə bu vaxta qədər namizədliyin qeydə alınması ilə bağlı 30-a yaxın şikayət daxil olub. Dairələrdən MSK-ya daxil olan şikayətlərdən 9-na baxılıb və bərpa olunub. Bu gün də bir sıra şikayətlərə baxılacaq”.
M.Rəhimov namizədliklərini geri çəkənlərin çox olduğunu deyib:
“Qeydə alınan namizədlərin ümumi sayı 1560-dır. Namizədliyini geri götürənlər var və bu proses davam edir. Ona görə də indi dəqiq say demək mümkün deyil. Birazdan keçiriləcək iclasda konkret rəqəm açıqlanacaq”.
MSK katibi həmçinin həftənin sonuna qədər qeydiyyatla bağlı işlərin yekunlaşacağını, bülletenlərin tərtibatına keçəcəklərini söyləyib.
Paylaş: