Artıq Konstitusiya Məhkməsi 9 fevral tarixində keçirilən parlament seçkilərinin nəticələrini təsdiqləyib. Yəni Milli Məclisdə təmsil olunacaq deputatların adları hər kəsə məlumdur.
Milli Məclisin deputatlarının fəaliyyətini ən yaxından izləyən isə parlament jurnalistləridir. Maraqlıdır, parlament jurnalistləri yeni formalaşan parlamentdən nə gözləyir?
“Modern.az” saytının əməkdaşı Namidə Bingölün gözləntiləri əsasən yeni seçilən deputatlardandır:
“Biz alışmışıq ki, yeni parlament formalaşır, 5 il müddətində ancaq köhnə deputatlar məsələlərə münasibət bildirir, onlar seçicilərinin problemlərini parlamentdə qaldırır. Amma çox istəyərdim ki, bu dəfə belə olmasın. Milli Məclisin iclasında yeni deputatlar aktivlik nümayiş etdirsinlər. Çünki onlar aktivlik nümayiş etdirməsələr belə fikir formalaşacaq ki, “Biz gəncləri niyə qabağa çəkək? Elə köhnə deputatlar çıxış edib, hərəkət edəcəksə, yenilərə nə ehtiyac var?”. Hesab edirəm ki, yeni deputatlar yenilikçi obrazında özlərini nümayiş etdirməlidirlər. Çünki köhnə deputatların çoxunun yaşı yüksəkdir və onların böyüdüyü mühit, aldığı təhsil hər halda fərqli olub. Amma yeni deputatların bir çoxu xarici ölkələrdə təhsil alıblar, xarici təcrübəni daha yaxşı bilirlər.
Müasir standartlara və texnologiyalara onlara daha yaxşı bələddirlər. Ona görə də onlar bu potensialı 5 il müddətində ortaya qoymaldırlar. “Mən susmalıyam, danışmamalıyam” deyə bir fikir olmamalıdır. Əgər seçicin səni seçibsə, demək ki, sənə güvənir və səndən gözləntiləri var. Sənin də borcun seçicinin gözləntilərini doğrultmqa, problemlərini parlamentdə işıqlandırmaqdır. Yox əgər bunun əksi baş verərsə, bu hal insanlar tərəfindən normal qarşılanmayacaq. Ona görə də yeni formalaşan parlamentdə yeni deputatların üzərinə böyük məsuliyyət düşür”.
“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə Qarabağla bağlı fraksiyanın yaradılmasının gözləyir:
“İndiki parlamemtdən o qədər də böyük gözləntim yoxdur.Tək gözləntim Qarabağla bağlı fraksiyanın yaradılması və bu mövzuda prezidentin də iştirakı ilə dinləmələrin keçirilməsidir. Parlamentin Azərbaycan həyatında daha yaxından nüfuz etməsini hər şeyin adminstrasiyadan gələn direktivlərlə idarə olunmasını istəmirəm. Parlamentin əvvəlki ölü parlamentdən fərqli olaraq nisbətən əl-ayağını tərpədən diri bir formada görmək istəyirəm. Təbii ki, bu olduqca çətindir, amma yenə də mənim arzu və gözləntilərim belədir. Azərbaycan parlamenti Azərbaycan dövlətinin döyünən nəbzi olmalıdır. Milli Məclis cəmiyyətin ağrı-acılarını, ehtiyaclarını dilə gətirməlidir. Təkcə dilə gətirməklə kifayətlənməyib, parlament işlək mexanizm kimi o problemlərin həllində rol oynamalıdır”.
“Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlu yeni formlaşan parlamentin daha əlçatan olacağını gözləyir:
“Mənim fikrimcə fərqlilik özünü biruzə verəcək. Ən azından deputatların əlçatanlığında irəliləyiş gözləyirəm. Məncə onlar cəmiyyətlə daha sıx əlaqələr yaratmağa çalışacaqlar. Milli Məclisin az çox yenilənmiş tərkibi özü ilk günün bir yeniliyi sayıla bilər. Ümumilikdə yeniliklə bağlı hansısa bir təklifim yoxdu”.
“Unikal.org” saytının əməkdaşı Hüseyn İsgəndərov aparılan islahatlara əsasən parlamentin daha operativ olmasınıistəyir:
“Yeni tərkibdə formalaşan parlament əvvəlki tərkibdən o qədər də fərqlənmədiyi dən açığı elə də ciddi bir gözləntim yoxdur. Bununla belə, ölkə başçısı tərəfindən aparılan islahatlar fonunda parlamentin də bu islahatlara adekvat çevik, operativ qanunlar qəbul edib icrasını nəzarətdə saxlamasını arzu edərdim. Onu da istərdim ki, yenidən parlamentdə təmsil olunan millət vəkilləri təbliğat-təşviqat zamanı seçicilərinə verdikləri vədlərinin yerinə yetirilməsi istiqamətində əzmlə çalışsınlar. Bununla belə parlamentə yeni seçilən millət vəkillərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy deyir ki, deputat düymə sıxıb səs verməklə işini bitmiş saymamalı, həm də parlamentdə vətəndaşın səsi olmalıdır:
“Parlamentin yeni tərkibinə münasibətin birmənalı olmadığını elə deputatlar, xüsusilə də barələrində vaxtaşırı tənqidi fikirlər səsləndirilən parlamentarlar özləri də çox yaxşı bilirlər. Cəmiyyətdə belə bir rəy var ki, mandat qazanmağa haqq edən deputatlarla yanaşı, kiminsə haqqına girənlər də oldu. Amma artıq bu məsələlər geridə qaldı, irəliyə baxmalıyıq. Hesab edirəm ki, ötən çağırışlarda faəliyyətsizliyi ilə diqqət cəlb edən köhnə deputatlar üçün bu çağırış olub-keçənlərə rəğmən özlərini təsdiqləmək üçün bir şansdır. Onlar ölkə prezident İlham Əliyevin fəaliyyətsiz, seçkidən-seçkiyə seçicinin qapısını döyən deputatlarla bağlı söylədiyi tənqidi fikirləri unutmamalıdırlar. Milli Məclisə ilk dəfə ayaq basacaq deputatların da özlərini təsdiqləməsi üçün geniş meydan var. Ümumilikdə Milli Məclis üzvləri elə fəaliyyət göstərməlidirlər ki, əvvəlki tərkibin özünü buraxması barədə qərara ciddi zərurət olduğunu bütün cəmiyyət şübhəsiz qəbul etməlidir. Xüsusilə də cari il ərzində. Çünki ölkə rəhbərliyi zamanın itirilməməsi zərurətindən bu addımın atıldığını aydın şəkildə ifadə etmişdi. Təsadüfi deyil ki, cənab prezident parlament seçkilərindən sonrakı ilk çıxışında növbədənkənar seçkilərin önəmindən bəhs edərkən “bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin”, demişdi. Deməli, hər bir deputat məsuliyyətini dərk etməli, aktiv şəkildə fəaliyyət göstərməli, seçici ilə ölkə rəhbərliyi arasında “körpü salmaq” funksiyasının öhdəsindən layiqincə gəlməyi bacarmalı, işini təkcə düymə sıxıb səs verməklə bitmiş saymamalı, həm də parlamentdə vətəndaşın səsi olmalıdır. Çox istərdim ki, yeni tərkib Azərbaycanın ən önəmli probleminin həlli istiqamətində Prezidentə dəstək qərarını versin, Milli Məclisdə Qarabağ komitəsinin yaradılması və heç olmasa ildə bir dəfə də olsa, Qarabağ dinləmələrinin keçirilməsi, vacib qərarların verilməsi istiqamətində addım atsın. Vətəndaşların rifah alının yüksəldilməsi, aztəminatlı ailələrlə bağlı qərarların qəbul olunması istiqamətində də təşəbbüsləri gözləyirik. O cümlədən uşaqpulunun pərpasını, elektrik enerjisi və qaza tətbiq olunan limitin aradan qaldırılmasını, pensiya yaşının aşağı salınmasını, müəllimlərə tətbiq olunan yaş senzinin aradan qaldırılmasını, Rəqabət Məcəlləsi kimi illərdir qəbul edilməyən mühüm qanunların qəbulunu da...”.
CBC TV-nin əməkdaşı, veb-redaktor Fərəh Sabirqızı yeni seçilən deputatların tərəddüd etmədən gündəmdə olan sosial və siyasi məsələlər haqqında da KİV-ə açıqlama verməsini istəyir:
“Yeni seçilən deputatların seçicilərlə iş prinsipi necə olmalıdırsa, bu, bəllidir - seçicilərin hüquqlarını qorumaq, problemlərinin həllinə yardımçı olmaq onların birbaşa vəzifəsidir. Deputat seçicisini yalnız təbliğat zamanı görməməli, daim yanında olmalıdır. Əgər deputatların media ilə əlaqələrindən danışsaq, bu münasibətlərin daha açıq olmasını istərdim. Yalnız parlamentdəki çıxışlarla kifayətlənməsinlər, gündəmdə olan sosial və siyasi məsələlər haqqında da KİV-də çıxış etsinlər. Əvvəlki çağırış Milli Məclis deputatları arasında bu cür fəaliyyət göstərən, məmnuniyyətlə mediaya çıxan deputatlar vardı. İndi belələrinin sayının daha da çox olmasını arzulardım. Əsas istək isə Milli Məclisin komitə iclaslarının, bəzi toplantılarının işıqlandırılması ilə bağlı son dövrdə TV və agentlik jurnalistlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır”.
"Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nardar Bayramlının növbədənkənar keçirilən parlament seçkilərində seçilən deputatlardan gözləntiləri yüksəkdir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələri əhatə edir. Cəmiyyətimiz bu islahatları dəstəkləyir. Təbii ki, islahatlar qanunvericilik sahəsini də əhatə etməli idi və V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də bununla əlaqədardır. İnanırıq ki, 9 fevral seçkisi nəticəsində formalaşa yeni tərkibli parlament müasir dövrün çağırışlarına, dövlətimizin başçısının islahatlar kursuna adekvat fəaliyyət göstərəcək. Qəbul olunacaq qanunlar ölkəmizin daha da inkişafına və güclənməsinə töhfələr verəcək. Ümidvarıq ki, 9 fevral seçkilərində seçilən millət vəkilləri bu prosesdə fəal iştirak edəcəklər”.
“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev Milli Məclisdə sosial sahə ilə bağlı məsələlərin daha çox qaldırmasının istəyir:
“Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiqləyib. Bununla da parlamentin yeni tərkibi müəyyənləşib. Yeni formalaşan parlamentdən gözləntilər çoxdur. Hansı yeniliklərin olmasının istəməyimə gəlincə, deputatların cəmiyyəti daha çox narahat edən məsələləri parlamentdə müzakirə etmələrini, yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etmələrini istərdim. Əsasən sosial sahə ilə bağlı məsələ qaldırmalarını, seçicilərinin onlara etdiyi müraciətlərə operativ reaksiya vermələrini istərdim”.
“Ölkə.az” saytının əməkdaşı Mürtəza Bünyadlı parlmentdə milli maraqlara xidmət edən qərarların qəbul olunmasını gözləyir:
“Azərbaycan dövlətinin inkişafını və əhalisinin daha yaxşı, layiqli həyat yaşam tərzini təmin edəcək qanunvericilik bazasının formalaşdırılması və qəbul edilən qanunların icrasına nail olmağı arzu edirəm. Milli Məclisin hakimiyyətlə xalq arasında daha etibarlı və yaxşı vasitəçi olmasını, xalqın problemlərinin parlament tribunasında hakimiyyətə çatdırılması və onun icrasına nail olunmasını, eyni zamanda milli maraqlara xidmət edən qərarların qəbul olunaraq icrasına nail olunmasını arzu edərdim. Arzu edərdim ki, Milli Məclis üzvlərinin əvvəlki nüfuzu bərpa olunsun və bunun üçün də deputatlardan qarşılarında duran məsələlərin həlli üçün deputat statusunun artırılmasına, onun daha nüfuza sahib olması istiqamətində fəaliyyət göstərsinlər. Yeni tərkibə uğurlar arzulayırıq. Gözləntilərimiz çoxdur, təki millətimizi, dövlətimiz, xalqımız üçün xeyirli olsun”.
“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli deputatların bu dəfə daha fəal olacağını gözləyir:
“Düşünürəm ki, VI çağırış Milli Məclisin deputatları daha fəal olacaqlar. Deputat xalqla hökumət arasında körpü rolunu oynamalıdır. Bunun üçün seçicinin yanında olmaq, xüsusilə birbaşa cəmiyyət həyatına təsir edən qanunverici təşəbbüslə çıxış etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev də bununla bağlı tövsiyələrini verib. Standart qəbul günləri məqsədəuyğun deyil. Seçici problemi olan an deputata çatdıra bilməlidir. Belə deputatlar var, qapısı hər zaman seçicinin üzünə açıqdır. Biz hamısının belə olmasını istəyirik. Ümid edirik ki, Milli Məclisin deputatları fəaliyyətləri ilə fərqlənəcəklər. Bir tərkibin ömrü 5 ildir, işləməyəcəklərsə, növbəti seçkilərdə seçici etimadını qazanmayacaqlar. Növbədənkənar parlament seçkilərində bunun şahidi olduq. İstəyərdik ki, yeni deputatlar mətbuata açıq olsunlar, jurnalistlərin suallarından çəkinməsinlər. Sosial şəbəkələrdə fəallıq göstərsinlər, şəbəkə üzərindən gündəmdə baş verənlərə münasibət bildirsinlər”.
Oxu.Az-ın əməkdaşı Aqşin Kərimov hesab edir ki, Milli Məclisin deputatların qanunvericiliyin onların qarşısında qoyduğu çağırışları tam olaraq nəzərə almalıdırlar.
O bildirib ki, deputatlar təmsil olunduğu regionların xüsusiyyətlərini, xarakterini, problemlərini ətraflı araşdırıb təhlil etməlidirlər.
“Deputat seçildikləri dairənin sakinləri ilə intensiv görüşlər keçirsələr, bu, onların nüfuzuna da müsbət təsir göstərər. Seçicilərin şikayətlərini aidiyyəti üzrə göndərib operativ qərar çıxarılmasına nail olmaq üçün cəhdlər göstərməlidirlər”,- deyə A.Kərimov əlavə edib.
Jurnalist qeyd edib ki, deputatlar müasir dövrün tələblərinə cavab verən qanun layihələri hazırlamaq istiqamətində çalışmalıdırlar
“Etikxəbər.az” saytının baş redaktoru Kamil Həmzəoğlu parlamentdə indiyədək danışmayan deputatların aktiv həmkarlarından örnək götürməsini istəyir:
“VI çağırış parlamentdən gözləntilərim elə də böyük deyil. Çünki indiki parlamentin tərkinbindən o qədər razı deyiləm. Ən azından hesab edirdim ki, parlament 50-60 faiz dəyişməlidir. Amma bu dəyişikliyin göstəricisi az oldu. Bununla belə parlamentdə illərlə münasibətdə olduğum və xətrini istədiyim 35-40-a yaxın kifayət qədər peşəkar və sözünü deyib, xalq üçün çalışan millət vəkilləri də var. Arzu edirəm ki, onlar bu dönəmdə daha da fəal olaraq, qanunvericilik təşəbbüsü ilə çxış edib onun qəbul olunmasında israrlı olsunlar. Bununla yanaşı illərlə parlamentdə əyləşib amma danışmayan deputatlar da digər aktiv həmkarlarına baxıb fəallıq nümayiş etdirsinlər, seçicilərinin danışan dili olsunlar. Millət vəkilləri heç də yolçəkən, körpü tikən deyil onlar xalqın elçisidir və bu məsuliyyəti öz üzərilərində hiss etməlidirlər”.
“Report.az” saytının redaktoru İmdad Əlizadə yeni seçiləcən deputatların siyasi baxımdan daha hazırlıqlı olmasını gözləyir:
“Növbədənkənar parlament seçkisi Azərbaycanda aparılan geniş islahatların, ciddi dəyişikliklərin qanunverici orqan səviyyəsində də davam etdirilməsi anlamına gəlir. Əslində “deputat necə olmalıdır məsələsi” uzun illərdir Azərbaycanda müzakirə olunan mövzulardan biridir. Əvvəlki illərdə Milli Məclisin bir neçə üzvü deputatın necə işləməli olduğuna dair nümunə ortaya qoya biliblər. Baxmayaraq ki, onların sayı o qədər də çox olmayıb. Azərbaycanda qanunverici orqanın üzvləri majoritar sistemlə seçilirlər və hər seçki dairəsinin ərazisində, təxminən, 40 min seçici olur. Deputat bütün seçicilərinin problemlərini bilməlidir. İstər dairənin ərazisində olan ümumi çətinlikləri, istərsə də fərdi problemləri. Amma bunu bilmək kifayət deyil, gərək deputat həmin problemləri Milli Məclisin tribunasından səsləndirməyi, onunla bağlı lazımi orqanlara müraciət etməyi, qanunvericilik təşəbbüsü ilə çıxış etməyi bacarsın”.
İ.Əlizadə deyir ki, Milli Məclisin üzvü qanunvericilikdən xəbərdar olmalıdır:
“Düzdür, hüquqşünas olmayan şəxslərin bütün qanunları dəqiq bilməsi real deyil. Ona görə də başqa ixtisas sahibi olan deputatların hüquqşünas məsləhətçilərinin olması yaxşı olardı. Bu, Milli Məclisdə müzakirə olunan qanun layihələri barədə tutarlı fikir bildirməyə, qanunvericilik təşəbbüsü ilə çıxış etməyə kömək edər.Deputatın səlis nitq qabiliyyətinə malik olması da vacibdir. Son illərdə Milli Məclisdə baş verən bəzi hadisələr deputatın danışıq qabiliyyətinin olmasının vacibliyini göstərir. Bir də görürsən ki, deputat çıxışa yazılıb, 10 dəqiqə danışır, amma heç nə başa düşmək olmur. Yaxud çıxışı kimsə yazıb verib, hətta onu da oxuya bilmir. Bəzi hallarda isə deputat üçün çıxış hazırlayanlar girirlər internetə, müxtəlif dövrlərdə ayrı-ayrı şəxslərin çıxış və məqalələrindən “copi past” edib deputata “çıxış” hazırlayırlar. Bu “çıxış”da şablon və mənasız, bir çox hallarda isə məsələyə aidiyyəti olmayan söz yığınından ibarət olur. Deputat istər qaldırdığı problem, istərsə də müzakirə olunan qanun layihələri və məsələlər barədə fikirini aydın formada ifadə etməyi bacarmalıdır.Deputatın siyasi hazırlığı da mühüm əhəmiyyət kəsb edir. Milli Məclisin üzvü tapşırıq gözləmədən ölkədə və dünyada baş verən hadisələrə münasibət bildirməli, təmsil olunduğu siyasi düşərgənin mövqeyini qorumağı bacarmalı, opponentlərindən çəkinməməlidir.Hesab edirəm ki, mandatı cibinə qoyandan sonra qaçıb aradan çıxan, seçicilərin günün günorta vaxtı çıraqla axtarıb tapmadığı, aylarla qəbuluna düşə bilmədiyi, 5 il ərzində ağzını açıb 5 dəfə çıxış etməyən, ölkədə və dünyada nə baş verməsindən asılı olmayaraq tükünü tərpətməyən, siyasi savadsızlığına görə danışanda da ailəmi bir-birinə qatan deputatların dövrü bitib”.
“Olaylar.az” saytının əməkdaşı Alim Hüseynli deputatların daha təşəbbüskar olmasını istəyir:
"Heç şübhəsiz ki, yeni seçiləcək deputatlar arasında intelektual səviyyəsi yüksək olanlar kifayət qədər olacaq. Lakin milli və dövlət maraqlarını təmin edən qanunvericilik bazasının yaradılması üçün sadalanan xüsusiyyətlər kifayət etmir. Odur ki, arzu edərdim ki, yeni seçiləcək deputatlar fəal, ən əsası isə təşəbbüskar olsinlar. Fəallıqları o dərəcədə yüksək olsun ki, bizim “aktiv” və fəal” deputatları müəyyən etməyə ehtiyac qalmasın”. \\Modern
Paylaş: