Xəbər lenti


Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri digər istiqamətlərdə olduğu kimi, Naftalan şəhərində də mülki əhalini hədəfə alır.

Ötən gün gecə saatlarında düşmənin ağır artilleriya atəşi nəticəsində mərmilərdən biri Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndinə düşüb. Nəticədə kənd sakini Səmayə Babayevaya məxsus ev dağılıb və yanğın baş verib. Qonşuluqdakı evin isə bir qismi ziyan görüb.

Bundan başqa, Ermənistan ordusunun bölmələrinin atdığı bir neçə mərmi əkin sahələrinə düşüb, infrastruktura ziyan dəyib.

Qeyd edək ki, sentyabrın 27-dən bu günədək Qaşaltı Qaraqoyunlu kəndinə onlarla mərmi düşüb, 3 ev dağılıb.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.







Ana səhifəyə qayıt        Baxış: 1 020          Tarix: 2-10-2020, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma