Xəbər lenti


AKŞAM, Türkiyə
30.06.2021


Müəllif: Gülcan Tezcan
Futbol üzrə Avropa çempionatının (Avro-2020) oyunlarını izləmək üçün səfər etdiyim Bakıda Qarabağ zəfərindən sonra salınmış Hərbi Qənimətlər Parkını gəzmək fürsətim də oldu. Bakı Azərbaycan xalqının yaxın tarixini və sosial yaddaşını qoruyan anlamlı nümunələrlə dolu şəhərdir...

Həyat öz məcrasına qayıdır. Festivallar, konsertlər, sərgilər, idman yarışları, şoular yenidən tamaşaçıların görüşünə gəlir. İki ilə yaxındır asosial həyata məcbur qaldıqdan sonra konsert zallarını və stadionları yenidən doldurmağın ləzzəti başqadır. İzdihamlı məkanları hələ də narahatlıqla ziyarət etsək də, həyəcan, sevinc və kədər hisslərini bir-birimizlə paylaşmamız insan olduğumuzu hiss etdirir.
Bu baxımdan qarşılaşmalarının Azərbaycanda da oynandığı Avro-2020 idmansevərlərə ikiqat həyəcan yaşadır. “Sən mədəniyyət və sənət mövzuları barədə yazırsan; sənin futbolla nə işin?” deyəcəksiniz. Amma söhbət milli komandamızdan gedirsə, hamının ürəyi bir döyünür. Odur ki, TRT-nin dəvətini qəbul edərək, Bakıda keçiriləcək Türkiyə-İsveçrə oyununu izləmək üçün onlara qoşulmuşdum. Matç haqda danışmayacağam. Ağrılı qarşıdurmalar barədə idman müxbirlərimiz kifayət qədər danışıb və yazıb. Yaxşısı budur sizə Azərbaycan haqqında, Bakı haqqında danışım.

Bakı Xəzər dənizinin sahilində ucalır. Ona görə ucalır deyirəm ki, şəhərin mərkəzi çoxmərtəbəli binalarla doludur. İlk baxışdan müasir memarlıq nümunələri ön plana çıxsa da, Bakı öz tarixi dəst-xəttini qoruyub saxlayan, valehedici muzeyləri və mədəniyyət mərkəzləri ilə həvəskarların diqqətini cəlb edən şəhərdir. Koronavirusa yoluxma sayının demək olar ki, sıfıra düşdüyü Azərbaycanda artıq açıq məkanlarda maska taxmaq məcburiyyəti yoxdur. Burada ictimai həyat həddən artıq fəaldır. Küçələrdə gəzərkən hər şey çox tanış gəlir...

Çanaqqaladan Bakıyadək şəhid hekayələri
Futbol matçından əvvəl Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət etdik. Ankaradan Antalyaya, Bursadan Bosniyaya qədər uzanan coğrafi ərazidən şəhid olmuş 1130 nəfər burada uyuyaraq, bizə kim olduğumuzu, niyə qardaş sayıldığımızı bir daha xatırladır. Üzərində şəhidlərin adları yazılmış məzar daşları sanki Çanaqqaladan Bakıya qədər uzanan kədərli hadisələri pıçıldayır.

Bilənlər bilir, bilməyənlər üçün xatırladım: 28 may 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan cəmi bir neçə gün sonra – iyunun 4-də Batumidə Osmanlı imperiyası ilə saziş imzalamışdı. Sənəd iki dövlət arasında siyasi, hüquqi, ticarət və hərbi sahələrdə dostluq əlaqələrinin yaradılmasını nəzərdə tuturdu. Onun 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Osmanlı hökumətindən erməni və bolşevik dəstələrinin işğalı ilə mübarizədə kömək istəmişdi. Nəticədə Ənvər Paşanın qardaşı Nuru Paşanın səyləri nəticəsində qurulmuş, Fələstin cəbhəsindən gətirilmiş 106-cı və 107-ci piyada, həmçinin 56-cı artilleriya alayları sayəsində gücləndirilmiş Qafqaz İslam Ordusu Azərbaycana göndərilmişdi. Orduya Bakını və Azərbaycanın digər bölgələrini erməni və bolşevik dəstələrindən qurtarmaq tapşırığı verilmişdi. Bu vəzifəni layiqincə yerinə yetirən ordu şiddətli döyüşlər nəticəsində 15 sentyabr 1918-ci ildə Bakını da azad etmişdi.

Həmin hadisənin üzərindən 1 əsr keçsə də, Nuru Paşanın komandanlığı altında döyüşmüş Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsi Azərbaycan xalqı üçün çox əzizdir. Azərbaycanda Qafqaz İslam Ordusu əsgərlərinin dəfn olunduğu 14 türk qəbiristanlığı varr.
Ən çətin anlarda Azərbaycanla çiyin-çiyinə
Türk şəhidliyi ilə birlikdə, Bakıda 20 yanvar 1990-cı il tarixində Sovet Ordusu tərəfindən qətlə yetirilmiş azərbaycanlıların xatirəsini əbədiləşdirən Şəhidlər Xiyabanı da var. 1990-cı ilin əvvəllərində Bakının “Azadlıq” meydanında ermənilərin getdikcə artan ərazi iddialarına və Sovet rəhbərliyinə etiraz olaraq mitinqlər keçirilirdi. Elə həmin il yanvarın 20-də Sovet ordusu Bakıya yeridilib və nəticədə aralarında qadın və uşaqlar da olmaqla, təxminən 150 mülki şəxsi qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Azərbaycanlı dostlarımız xiyabanı ziyarətə gələn insanlara 20 yanvarda baş vermiş hadisələrdən bəhs edir. Dərhal ağlımıza 15 iyul hadisələri gəlir. Demokratik yolla haqlarını tələb etmək üçün küçələrə çıxmış silahsız insanların vəhşicəsinə öldürülməsinin gör nə qədər ağrılı nümunələri var! Şükürlər olsun ki, həm xalqlarımız, həm də dövlətlərimiz bu çətin sınaqlardan çiyin-çiyinə çıxmaqdadır.
Bu birliyin ən son və ən unudulmaz nümunəsi Qarabağ zəfəridir. Otuz il işğal altında qalmış Qarabağ torpağı keçən ilin noyabrında Azərbaycan və Türkiyə ordularının 44 günlük mübarizəsi nəticəsində azad olunub.

Ermənistanın ayıbına Bakıdan anlamlı cavab
Qarabağdakı erməni hərbi birləşmələrindən ələ keçiriləmiş hərbi sursatlar Bakının mərkəzində açılmış Hərbi Qənimətlər Parkında nümayiş olunur. Artıq texnoloji üstünlüyə malik olanların söz sahibi olacağı yeni dövrə qədəm qoyuruq. Qarabağ zəfəri də bu gedişatı anlayaraq yenilənmiş Azərbaycan və Türkiyə ordularının birgə uğurudur.

Qənimətlər Parkında avtomobil qeydiyyat nişanlarından hazırlanmış divar diqqətimizi cəlb edir. Bələdçimizin sözlərinə görə, ermənilər Qarabağı işğal edərkən bu torpaqlardan köç etmək məcburiyyətində qalmış azərbaycanlıların avtomobillərinin qeydiyyat nişanlarını çıxararaq, tualetlərinin qapısına asıblarmış. “Qələbədən sonra isə biz erməni maşınlarına aid qeydiyyat nişanlarını gətirib burada nümayiş etdirmək istədik”, - deyə bələdçimiz bildirir.

Azərbaycan xalqının öz tarixi yaddaşını qorumaq və gələcək nəsillərə ötürmək məqsədilə gördüyü bu iş son dərəcə təqdirəlayiqdir. Bizdə keçmişdən söz düşdükdə “olub-keçənləri həddən artıq qabartmaqda, bəzəməkdə” günahlandıran bir qrup insan var. Lakin başqalarının nəzarəti altına keçməmək üçün yaşadığımız coğrafiyada öz tariximizə tam sahib çıxmaq və keçmişin xatirələrini yaşatmaq çox vacibdir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)


Mənbə: AKŞAM 



Ana səhifəyə qayıt        Baxış: 4 121          Tarix: 30-06-2021, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma