Xəbər lenti


Bugün Polad Həşimov və silahdaşlarının Tovuz hadisələri zamanı şəhid olmasının birinci ildönümüdür. Öncəliklə Azərbaycan torpaqlarını azad etmək üçün torpağa öz qanlarının rəngini verən şəhidlərimizi rəhmətlə anır, qəhrəman qazilərimizə şəfa diləyirəm.

Onların əziz xatirələri qarşısında baş əyirəm. Şəhidlərimizin ailələrinə bizə əziz şəhidlərimizin qoyduğu mirasa ən müqəddəs əmanət kimi hər zaman sahib çıxacağımıza söz veririk. Bildiyimiz kimi, keçən ilin 12 iyulunda Tovuz təxribatları ilə başlayan proses 27 sentyabrda Vətən müharibəsinə çevrildi. Son nəticədə Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Ermənistan üçün kapitulyasiya anlaşması olan 10 noyabr bəyanatını planlayan, koordinasiya edən və yerinə yetirən qarant ölkə Rusiyadır. Rus sülhməramlıları Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazisində - Qarabağ və işğaldan azad olunan ətraf rayonlarda separatçı silahlı erməni dəstələrinin bölgədən xaric edilməsini təmin etməli idi.

Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Onun sözlərinə görə, bəyanatın əsas şərtlərindən biri Azərbaycan ərazisində mövcud olan qanunsuz erməni silahlılarının buradan çıxarılması və sülhməramlılar vasitəsilə mərhələli şəkildə bölgədə normallaşma prosesinin həyata keçirilməsidir:
“6 iyulda Ağdam bölgəsinə, dünən də Şuşaya rus sülhməramlılarının olduğu ərazidən erməni terrorçularının atəş açması Rusiyanın ikili standart siyasətinin bir təzahürüdür. Rusiya bir tərəfdən diplomatik korpusun Şuşa səfərinə qatılmır, eyni zamanda erməni terrorçularının Azərbaycan əsgərlərini atəşə tutmasına göz yumur”.

Y.Karauzun sözlərinə görə, rus sülhməramlılarının erməni terrorçularının atəşkəsi pozmasından xəbərsiz olması mümkün deyil:
“Ordakı separatçılar Rusiya sülhməramlılarından icazəsiz su belə içə bilməzlər. Heç kim bizim ağlımızla oynamamalıdır. Bu, tamamilə danışıqlı döyüşdür. Azərbaycan Silahlı Qüvvələri cənab İlham Əliyevin rəhbərliyi altında öz dövlətini bütün təhlükələrdən qorumağa qadirdir. Ancaq

Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsi üçün son dərəcə diqqətli və həssas davranır. Türkiyə və Azərbaycanın səbrinin bir sonu var. Əgər rus sülhməramlıları erməni separatçılarından silahlarını ala bilmirsə, Azərbaycan Ordusu bunu yerinə yetirəcək qədər gücə və peşəkarlığa sahibdir”.
Karauz xatırladıb ki, Rusiya lideri cənab Putin özü də dəfələrlə işğaldan azad edilən ərazilərin Azərbaycanın ərazisi olduğunu ifadə edib:
“Cənab Putin həm böhran dövründə, həm də 44 günlük müharibə ərzində ən az üç dəfə bu ərazilərin beynəlxalq aləm tərəfindən Azərbaycan ərazisi olaraq tanındığını hər kəsə açıq şəkildə bəyan edib. Bəs vəziyyət belə olduğu halda, Azərbaycan Ordusunun atəşə tutulması hansı məqsədləri daşıyır? Burada məqsəd prosesi və rus sülhməramlılarının fəaliyyət müddətini uzatmaq, eyni zamanda problemi daha qarmaşıq, çoxtərəfli hala gətirməkdir. Rus sülhməramlılarının erməni təxribatları qarşısında səssiz qalması qəbuledilməzdir. Əslində biz 10 noyabr bəyanatı imzalanarkən uzun və incə bir yola girildiyini qeyd etmişdik. Bu yolda çətinliklər də var”.

General problemdən çıxış yolunun Türkiyə və Azərbaycan qardaşlığının gücləndirilməsindən keçdiyini vurğulayıb:
“Azərbaycan Ordusunu daha da gücləndirməli, Türkiyə ilə əlaqələrini sıxlaşdırmalıdır. Şuşa Bəyannaməsinin imzalanması bu istiqamətdə atılmış ən ciddi addımdır. Belə təxribatları isə Cıdır düzündə yüksələn qardaşlığımıza, diplomatik korpusun Şuşa səfərinə cavab kimi oxumaq lazımdır. Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirmək üçün əlimizdən gələni etməliyik”.



Ana səhifəyə qayıt        Baxış: 2 878          Tarix: 15-07-2021, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma