Xəbər lenti

“Vasif Talıbovun istefasından keçən 1 ayda Naxçıvanda heç nə dəyişmədi demək ədalətsizlik olardı”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib:

“İlk növbədə Naxçıvanda gündəlik tələbat mallarının qiymətində xeyli ucuzlaşma baş verdi. Əvvəl Naxçıvanda bütün məhsullar Talıbovların monopoliyasında idisə, indi bu qadağalar yoxdur, hər kəs istədiyi malı gətirib sata bilər. Naxçıvan bazarında yaranmış bu əlverişli mühit istehlak bazarında müsbət rəqabət yaradır və əhalinin maddi rifah halının yaxşılaşmasına zəmin hazırlayır. Bu amil qiymətlərdə də özünü göstərir. Təsəvvür edin, bir il əvvəl Naxçıvanda pomidorun qiyməti 20 manat idisə, indi bu rəqəm 1.5-2 manata düşüb.

Bəzi zorla qəsb olunmuş əmlaklar əsl sahibinə qaytarılıb. Bəziləri artıq yox edildiyi üçün onların kompensasiyasının ödənilməsi barədə göstəriş verilib. Hazırda sahibkarlara dəyən zərər hesablanır. Bir çox sahibkar məhkəmə orqanlarına müraciət ediblər və hazırda onların şikayəti araşdırılır”.

H.Oğuzun sözlərinə görə, Naxçıvanın rəsmi media qurumları tam sərbəst fəaliyyət göstərir:

“Təsəvvür edin ki, bir zamanlar AzTV-dən daha bərbad halda olan NTV (Naxçıvan TV red.) indi tənqidi materiallar dərc edir və Naxçıvanın problemlərini obyektiv şəkildə işıqlandırır. Naxçıvan mətbuatında yaranmış bu sərbəstlik əhval-ruhiyyəsi insanların davranışına da yansıyır. Naxçıvan artıq dərdlərini danışa, müzakirəyə çıxara bilir. “Xan” rejimində bunlar bağışlanmaz cinayət hesab olunur, artıq-əskik danışan hər kəs ya həbsxanaya, ya dəlixanaya basılırdı.

Heydər Oğuz

Bəzi iri məmurlar da dəyişdirilib. Maliyyə naziri, DTX və DGK-nin, Sərhəd Qoşunlarının rəisləri Vasif Talıbovun istefasından əvvəl dəyişdirilmişdi. Ən son FHN-də rəhbər dəyişimi baş verdi. Sözsüz ki, təkcə rəhbərliyin dəyişdirilməsi ilə irəliyə doğru addım atıla bilməz. Onlarla yanaşı, həmin strukturların işçilərinin də iş prinsipləri dəyişdirilməlidir. Yeni iş rejiminə alışmaq isə müəyyən vaxt tələb edir və düşünürəm ki, Naxçıvanda son vaxtlar ortaya çıxan bəzi qüsurlar iş rejimləri arasındakı fərqlərdən irəli gəlir”.

O, qeyd edib ki, bunlarla yanaşı, Naxçıvanda problemlərin tam həllindən danışmaq hələ də mümkün deyil:

“Vasif Talıbovun el arasında “leşyeyən”lər ordusu adlanan kadrları hələ də vəzifələrindən uzaqlaşdırılmayıblar və onlar əllərinə fürsət düşən kimi, yeni komandanın işini sabotaj edirlər. Düşünürəm ki, Naxçıvan camaatının narahatlığına köhnə qvardiyanın tam zərərsizləşdirilməsindən sonra son qoyulacaq”.

Gülnar Səlimova




Ana səhifəyə qayıt        Baxış: 11 965          Tarix: 20-01-2023, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma