Xəbər lenti
Dünən, 19:25

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra mövzulara toxunub.

Prezident Xankəndi şəhərinin mərkəzindəki inzibati binanın erməni separatçıların yuvasına çevirilməsindən də bəhs edib:

“O meydanın başında yerləşən, - onu da deməliyəm ki, səhv etmirəmsə, Həsən Məcidov adlı bir Azərbaycan memarı, həmin o “Apkom” deyilən binanın müəllifi olmuşdur, - həmin o binada Azərbaycana qarşı çox çirkin bir oyunun başlanğıcına hamımız şahid olduq”.

Prezidentin adını çəkdiyi memar Həsən Məcidov kim olub?

Modern.az-ın məlumatına görə, Həsənağa (Həsən) Əli oğlu Məcidov 12 dekabr 1914-cü ildə

Bakıda sənətkar ailəsində doğulub. Orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olub, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirib. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləyib.

Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılıb və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılıb. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərib, bir sıra binalarının layihələrini işləyib hazırlayıb. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində çalışıb. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olub.

Ətraflı

Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olub.

Onun layihəsi əsasında 1960-cı ildə hazırkı Muzey Mərkəzi tikilib.

Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olub – Binədə Bakı təyyarə limanı, "Bakı" mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası, keçmiş Dzerjinski adına mədəniyyət sarayı və s.

H.Məcidov 1959-1960-cı illərdə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri işləyib. 1960-cı ildə ona Azərbaycan SSR əməkdar inşaatçısı fəxri adı verilib.

Memar 11 yanvar 1978-ci ildə Bakıda vəfat edib.

Hazırda Bakının Yasamal rayonunda Həsən Məcidov adına küçə var.




Ana səhifəyə qayıt        Baxış: 3 335          Tarix: 11-01-2024, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma