Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur.
Oxu.Az xatırladır ki, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb.
Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.
Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Naxçıvanın davamlı inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidməti var. Ulu öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərib və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırıb.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar.
Dövlət başçısı İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikaya səfər edib. Bu müddətdə dövlət başçısı qədim diyarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar imzalayıb, Dövlət proqramlarını təsdiq edib.
Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.
Paylaş: