Xəbər lenti

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 98 il ötür. Naxçıvanın muxtariyyət statusu zaman-zaman ciddi müzakirə mövzusuna çevrilib. Ölkəmizin bir qrup siyasi xadimləri, ziyalıları Naxçıvanın muxtariyyət statusunun ləğv edilməsinin tərəfdarıdır. Bunun üçün onların müəyyən arqumentləri də vardır. Ancaq əksəriyyət muxtariyyətin qorunub saxlanılmasını müdafiə edir. Onların da haqlı səbəbləri vardır. Çünki keçdiyimiz dövr, bu günə qədər baş verən hadisələr muxtariyyət statusunun Naxçıvanın qorunmasında, işğal altına düşməməsində nə qədər əhəmiyyətli rol oynadığını göstərib. Ötən əsrin 90-cı illərini xatırlayaq. Əgər ulu öndər Heydər Əliyev Qars müqaviləsini yenidən gündəmə gətirməsəydi, Naxçıvanın muxtariyyət statusu olmasaydı, Türkiyə muxtar respublikanı o səviyyədə müdafiə edə bilməzdi. Status Naxçıvanı ötən əsrin 90-cı illərində işğal təhlükəsindən qoruyub saxlayıb.

Ancaq zaman dəyişib, onunla bərabər şərtlər və reallıqlar da dəyişib. Bu gün Azərbaycanla Türkiyə arasında rəsmi müttəfiqlik var. Hər iki qardaş ölkə bu günlərdə Şuşa Bəyannaməsini təsdiqlədi.

Bəyannamədə göstərilir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Deməli, bundan sonra Azərbaycana təhdid törədə biləcək qüvvələr qarşılarında Türkiyəni görəcəklər. Yəni Naxçıvana olacaq hansısa təhididə də Türkiyə cavab verəcəkdir. Belə olan təqdirdə muxtariyyət statusununa yenə ehtiyac varmı?

Yuxarıda dəyişilən reallıqlardan bəhs etdik. Amma dəyişilməyən bir reallıq vardır – o da Naxçıvanın hələ də blokada vəziyyətində olmasıdır. Fikrimizcə, Naxçıvan necə ki blokada vəziyyətindədir, onun muxtariyyət statusunun saxlanılması çox vacibdir.

Naxçıvanın muxtariyyət statusunun dünən və bu gün üçün əhəmiyyəti AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin bu gün yerli kütləvi informasiya vasitələrində dərc olunmuş məqaləsində geniş öz əksini tapıb. Mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq, həmin məqləni qısa ixtisarla oxuculara təqdim edirik.

Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respub­lika­sının yaradılmasının 98-ci ildönümü tamam olur. Naxçıvanın muxtariyyət məsələ­si­nin siyasi gündəmdə yerini almasının əsas səbəbi 1920-ci il dekabrın 2-də Rusiya ilə Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş olub. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçı­van məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salındı. Bununla da Naxçıva­nın mux­ta­riyyət məsələsi gündəliyə gəldi.

Sovet Rusiyası Ermənistanı sovetləşdirmək üçün Azərbaycanın bir sıra torpaqlarını Azərbaycanın xəbəri və iştirakı olmadan Ermənistana verirdi. Bunun əsası hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdu. Sovet Rusiyasının təzyiqi ilə İrəvan şəhəri paytaxt kimi 1918-ci il mayın 29-da Ermənistana verilmişdi. Bundan sonra Ermənistanın ərazi iddiaları artmışdı. Onlar açıq-aşkar bildirirdilər ki, Ermənistan bu kiçik ərazidə yaşaya bilməz, ona yeni torpaqlar verilməlidir. Ermənistan SSR himayədarlarının köməyi ilə 1918-1920-ci illərdə qonşu Azərbaycan ərazilərini Ermənistana birləşdirmək üçün açıq silahlı mübarizəyə başladılar. Azərbaycan Xalq Cümhuriyyəti naxçıvanlılara lazımi köməklik göstərə bilmirdi. Siyasi və diplomatik sahədə Naxçıvanı müdafiə etsə də, hərbi və maddi yardım göstərə bilmirdi. Bununla belə naxçıvanlılar öz qüvvələrinə arxalanaraq ermənilərə qarşı qətiyyətli mübarizə aparırdı. Bu işdə onlara Naxçıvan Milli Komitəsi və Araz-Türk Cümhuriyyəti rəhbərlik edirdi. Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi, “...igid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”.

Ermənilərin Naxçıvan və Şərur iddiaları bitib tükənmədiyindən Naxçıvan əhalisi ciddi-cəhdlə Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışır, onunla birləşmək üçün müxtəlif yol və vasitələr axtarırdı. Bütün bunlar isə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən razılıqla qəbul olunur, müəyyən tədbirlər görülürdü.

1919-cu ilin əvvəllərində ingilislər Naxçıvana gəlmiş, onlar öz fəaliyyətində Naxçıvanı Ermənistana vermək üçün çalışırdılar. Azərbaycan Xalq Cümhuriyyəti bunun qarşısını almaq üçün Səməd bəy Cəmillinskinin başçılığı ilə Naxçıvanda general-qubernatorluq yaratdı. İngilislərdən sonra, ABŞ nümayəndələri Naxçıvana gəldi. Onların məqsədlərini bilən qəhrəman naxçıvanlılar da onlara imkan vermədilər. Amerikalılardan yardım alan daşnak Ermənistanı 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün yeni cəhdlər etdi. Lakin Naxçıvan əhalisinin misilsiz qəhrəmanlığı sayəsində Şərur, Naxçıvan, Ordubad əraziləri 1920-ci ilin ortalarına doğru tamamilə ermənilərdən təmizləndi.

1920-ci ilin iyulunda XI Ordu qüvvələri Naxçıvana göndərildi və hakimiyyət bolşeviklərin ixtiyarına keçdi. Bu zaman türk qoşun hissələri də Veysəl Ünüvarın başçılığı ilə Naxçıvanda yerləşmişdi. Beləliklə, bölgə əhalisinin inadlı mübarizəsi nəticəsində erməni silahlı quldur dəstə­lərinə layiqli cavab verildi və ərazi qorunub saxlanıldı. Sonradan – 1923-cü ildə bu məsələdən bəhs edən Ermənistanın birinci baş naziri O.Kaçaznuni etiraf edirdi ki, “müsəl­man Naxçıvanı və Şərurunda..., müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik (işğal edə bilmədik – İ.H.), silaha əl atmağa, qoşun yerit­məyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. ...Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.

Sovet Rusiyasının Milli İşlər komissarı İ.Stalin Rusiyanın maraqlarından çıxış edərək, həmişə Ermənistanın mövqeyini müdafiə edirdi. O, 1920-ci il noyabrın 4-də Bakıda keçirilən bir müşavirədəki çıxışında deyirdi: “Əgər bilmək istəyirsinizsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar”. İ.Stalinin bu fikri əslində Naxçıvanı Ermənistana vermək istiqamətinə yönəlmişdi, 24 gündən sonra Ermənistan sovetləşdirildi. Rusiyanın təzyiqi ilə noyabrın 30-da Nəriman Nərimanovun verdiyi bəyanatın qəzetlərdə saxtalaşdırılmış şəkildə nəşri ortaya çıxdı. Guya belə çıxırdı ki, N.Nərimanov Zəngəzur və Naxçıvanın Ermənistana verilməsinə tərəfdardır.

1920-ci il dekabrın 5-də Naxçıvan əhalisinin etirazları başlandı. Vəziyyətin bu cür kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Xalq Ədliyyə komissarı Behbud ağa Şah­tax­tinskini Naxçıvana göndərdi. B.Şahtaxtinski əhali ilə görüşlərində vəziyyəti izah etdi, çıxış yollarını göstərdi. O, hələ 1920-ci ilin əvvəllərindən başlayaraq V.Leninə göndərdiyi məktub və teleqramlarda Naxçıvana Azərbaycanın tərkibində mux­tariyyət verilməsini əsaslandırırdı. 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referen­dumda əhalinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbay­canın tərkibində qalmasına səs verdi. Referendumun nəticəsi əslində prob­lemin həllində mühüm rol oynadı və Sovet Rusiyası bunu nəzərə almaya bilməzdi. B.Şahtaxtinskinin 1921-ci il martın 1-də Leninə göndərdiyi məktub və arayışda Cənubi Qafqazla, eləcə də Naxçıvanla bağlı mühüm məsələlər qaldırılırdı. Artıq Moskva­da Sovet Rusiyası ilə Türkiyə Böyük Millət Məclisi nümayəndələri arasında danışıqlar gedirdi. Bu danışıqlarda Naxçıvan məsələsi də müzakirə olunurdu. Müqa­vilədə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, ona muxtariyyət statusu veril­məsi və üçüncü dövlətə verilməməsi məsələləri öz əksini tapdı. RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da bağlanmış müqavilədə bunlar təsbit edildi. Moskva müqaviləsi, eyni zamanda Rusiya və Türkiyə arasında mövcud olan problem­lə­ri də həll etdi. Lakin Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında həll olun­ma­mış məsələləri nizama salmaq mühüm bir iş kimi qarşıda dururdu. Bunun üçün yeni bir konfrans çağırmaq və orada bu məsələləri həll etmək lazım idi. Dövlətlər arasın­da­kı razılığa əsasən belə bir konfrans Qars şəhərində keçirildi. Qars konfransı sentyabrın 26-dan oktyabrın 13-dək baş tutdu və Qars müqaviləsinin bağlanması ilə yekunlaşdı. Konfransda Azərbaycanı xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtin­ski və Naxçıvan SSR-in XKS-nin göndərdiyi Tağı Səfiyev təmsil edirdi. Konfrans­da Türkiyə nümayəndələri çalışırdılar ki, hər respublika ilə ayrı-ayrılıqda müqavilə bağ­lanıl­sın. Lakin Rusiya nümayəndəsi Y.Qanetski buna imkan vermədi və respublika­lar ilə vahid müqavilə bağlandı. Rusiyanın iştirakı ilə 20 maddə və 3 əlavədən ibarət olan Qars müqaviləsi Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalandı.

Müqavilənin beşinci maddəsi bilavasitə Naxçıvanla bağlı idi. Bu maddəyə görə, “Tür­kiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavə­sində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirdilər”. Bu maddəyə görə, Ermənistan Naxçıvanın Azərbaycanın himayəsinə verildiyini, Azərbaycan isə, bu himayəni qəbul etdiyini təsdiq edirdi. Müqavilənin “Naxçıvan ərazisi” adlanan III əlavəsində onun sərhədləri dəqiq müəyyən edilirdi: Sərhəd Urmiya kəndindən düz xətt ilə Arazdəyən stansiyasına, oradan Daşburun dağına və Moskva müqaviləsi ilə müəyyən edilmiş sərhədlər əsas götürülərək keçmiş Naxçıvan qəzasının Şərq inzibati sərhədlərində qurtarırdı. Moskva müqaviləsi ilə müəyyən edilmiş ərazi Rusiyanın təhriki ilə Qars müqaviləsində bir qədər azaldılmışdı. Bununla belə, Qars müqaviləsinin nəticələrindən narazı qalan ermənilər yenə də öz qonşularına, ilk növbədə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürürdülər.

Müqavilənin Cənubi Qafqaz respublikaları üçün əhəmiyyətli cəhətləri vardır. Bu res­pub­lika­ların Türkiyə ilə ərazi məsələləri həll edildi, onunla mehriban qonşuluq mü­na­si­bətlərinin əsası qoyuldu. Ermənistan Naxçıvanı Azərbaycan ərazisi kimi qəbul etdi.

Qars müqaviləsinin ən əhəmiyyətli tərəflərindən biri onun müddətsiz imzalanması idi. Artıq bu müqavilənin bir əsrlik tarixi vardır. Qars müqaviləsi ilə Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdir – bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular.

Xalqımızın ümummilli lideri Heydər Əliyev çox böyük uzaqgörənliklə Naxçıvanın muxtariyyət əldə etməsinə və bu sahədə Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi olubdur. Bu,çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqavilə­sinin və Qars müqaviləsinin böyük əhəmiy­yəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçı­va­nın bütövlüyünü, təhlükə­siz­liyini, dövlət­çiliyini, muxtariy­yətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Qeyd etmək lazımdır ki, əgər Naxçıvanda keçirilən 1921-ci il referendumu olmasaydı, Naxçıvanın muxtariyyət məsələsi gündəlikdən çıxarılacaq, Moskva və Qars müqavilələrində öz əksini tapa bilməyəcəkdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında 2021-ci il fevralın 8-də Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir”.

Beləliklə, keçirilmiş ümumxalq səsverməsi və beynəlxalq müqavilələr bölgənin gələcək taleyini müəyyənləşdirdi. 1924-cü il fevralın 9-da məhz bu sənədlər əsasında Naxçıvan Muxtar Respublikası yaradıldı. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir.

Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusi­ya­sının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət­dir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Naxçıvan Muxtar Respublikasının 1998-ci il yeni Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi ifadə olunmuş və onun Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilmişdir.

Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuşdur. Həmin yubiley tədbirlərində ulu öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmişlər.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçı­van Muxtar Respublikası ilə bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, regionu çiçəklənən diyara çevirmişdir. Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfərləri, Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirdiyi qətiyyətli tədbirlər, muxtar respublikaya göstərdiyi diqqət və qayğı bölgənin dayanıqlı və kompleks inkişafına, ən öncül regiona çevrilməsinə səbəb olmuşdur.

tns.az


Ana səhifəyə qayıt        Baxış: 3 814          Tarix: 9-02-2022, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma