Avstraliya, ABŞ, Filippin və Yaponiya hərbçiləri arasında əməliyyat, taktiki qarşılıqlı əlaqəni yaxşılaşdırmaq üçün Cənubi Çin dənizində təlimlər keçirib.
"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Filippinin Müdafiə Nazirliyi xəbər yayıb.
Manevrlər aprelin 7-də Filippinin iqtisadi zonasında baş tutub. Nazirlikdən verilən məlumata görə, təlimlərdə iştirakçı ölkələrin hərbi-dəniz gəmiləri və təyyarələri iştirak edib. "Təlim dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini öyrətməklə azad və açıq Hind-Sakit Okean regionunu dəstəkləmək üçün iştirakçı ölkələrin regional, beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini nümayiş etdirdi. Bu, həmçinin Filippin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin inkişafına mühüm töhfə verəcək”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Çinin Sahil Mühafizə İdarəsinin sözçüsü Qan Yu şənbə günü Filippini Cənubi Çin dənizi sularında təhlükəni artıracaq hərəkətlərə qarşı xəbərdarlıq edib.
Pekin onilliklərdir ki, bir sıra ölkələrlə Cənubi Çin dənizi şelfində əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilmiş ayrı-ayrı adaların ərazi mülkiyyəti ilə bağlı mübahisə edir. Söhbət ilk növbədə Sişa arxipelaqından (Parasel adaları), Nanşa və Huanqyan (Skarboro) adalarından gedir. Bunlar Bruney, Vyetnam, Malayziya və Filippinə aiddir.
Paylaş: