Xəbər lenti


 

Çinə üç günlük səfərindən sonra Fransa prezidenti Emmanuel Makron “Politico” jurnalı və “Les Echos” qəzetinə çox önəmli müsahibə verdi. O, müsahibəsində Avropanın Tayvanla bağlı öz strategiyasının olmasının vacibliyinə toxundu və qitənin “özünə aid olmayan böhranlara qarışmasının ciddi risklər daşıdığını” bildirdi. Makronun fikrincə, Avropa ölkələri müdafiə sahəsində ABŞ-dan asılılıqlarını azaltmalı və öz maraqlarından çıxış etməlidir. Avropanın enerji, süni intellekt və sosial media şəbəkələri kimi kritik sahələrdə başqalarından asılılığının yol açacağı təhlükələrdən danışan Makron demişdi: “Ola biləcək ən pis şey, biz avropalıların təqlidçi durumuna düşməyimiz, xarici siyasətimizi başqalarının mənfəətlərinə uyğunlaşdırmağımız olduğumuzu düşünməyimiz, Amerikanın ritmi ilə Çinin aşırı reaksiyalarına cavab verməyi borcumuz hesab etməyimizdir”.

 

Avropanın gərginliyin artmasına töhfə verməməli, əksinə, ABŞ və Çin arasında üçüncü qütb kimi çıxış etməli olduğunu bildirən Makron, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın hərbi himayəsi altına düşən Avropanın yaranmış fürsətdən yararlanaraq yürüdəcəyi uğurlu xarici siyasətilə “üçüncü super güc” kimi ortaya çıxmasının lüzumuna diqqət çəkmişdi.

 

Qeyd edək ki, bu, Makronun ABŞ-a qarşı ilk bəyanatı da deyildi. Bundan əvvəl NATO-nun beyin ölümünün gerçəkləşdiyini bildirən Fransa prezidenti Avropanın öz müdafiə sistemini yaratması təklifini irəli sürmüşdü. Makronun növbəti dəfə bənzər tezislərini dilə gətirməsi, xüsusilə Çin məsələsində ehtiyatlı olmağı məsləhət görməsi Avropada birmənalı qarşılanmadı. Xüsusilə Almaniyanın bu iddialara cavabı çox sərt oldu. Almaniya Xristian Demokrat İttifaqının (CDU) xarici siyasət məsələləri üzrə sözçüsü Norbert Röttgen Tvitter səhifəsindəkı paylaşımına Fransa prezidentinin getdikcə Aİ-dən uzaqlaşdığını və ölkəsini izolə vəziyyətə saldığını bildirmişdi. Almaniyanın Xarici İşlər naziri Annalena Baerbok Makronun “səhvini düzəltmək” üçün dərhal Çinə yollanmışdı. O, səfərdən əvvəl verdiyi açıqlamasında Çində görüşəcəyi rəsmilərə çatdıracağı mesajlara belə aydınlıq gətirmişdi: “Səfərim zamanı Tayvan boğazında status-kvonun birtərəfli dəyişməsinin və xüsusilə də hərbi eskalasiyanın qəbuledilməz olduğuna dair ortaq Avropa inancını vurğulayacağam".

 

Nazir həmçinin vurğulamışdı ki, Avropanın Çinlə münasibətlərini Pekinin Tayvan məsələsində tutacağı mövqe müəyyənləşdirəcək: "Avropanın Çin siyasətinin kompası ortaq və sistemli bir rəqibi göstərir. Milin gələcəkdə hansı istiqamətə dönəcəyi isə Çinin hansı yolu seçəcəyindən asılıdır”.

 

İstər Makronun açıqlamaları, istərsə də Almaniya Xarici İşlər nazirinin ona verdiyi cavablar göstərir ki, Avropa ölkələrinin Çinə səfərləri düşünüldüyü kimi, heç də Ukrayna məsələsi ilə bağlı deyil. Qərb ölkələri Ukraynadan daha çox Tayvan və Hind okeanına nəzarət  uğrunda Çinlə rəqabət aparırlar. Üstəlik, bu rəqabət həm də Qərb ölkələri daxilində də özünü büruzə verir. Xüsusilə Fransa bu məsələyə o qədər həssas yanaşır ki, NATO müttəfiqliyini belə bir kənara atıb ABŞ-dan çox Çinin yanında yer alır.

 

Sözsüz ki, Hind okeanında Çinlə və Tayvanla qonşu olan ABŞ-ın Çinlə rəqabətə girməsi başadüşüləndir. Bəs, tamamilə başqa qitədə yerləşən, aralarında minlərlə km məsafə olan (Fransa ilə Çin arasında hava yolu məsafəsi – 18017 km.) Avropa ölkələri niyə Çinlə rəqabətə girirlər? Xüsusilə də Fransa?

 

Məsələ burasındadır ki, nə qədər Avropa qitəsində yerləşsə də Fransa Çinlə qonşu dövlət sayıla bilər. Belə ki, Hind okeanında 5 ada və arxipelaqı olan Fransa okeanın cənub hissəsinə faktiki nəzarət edir. Ümumiyyətlə, dünyada ABŞ-dan sonra (11.351.000 km2) ikinci ən böyük su sərhədi Fransaya (11.035.000 km2) aiddir. Fransa da dünya hegemoniyasındakı bu üstünlüyünü qorumağa çalışır. ABŞ isə getdikcə Çini sıxışdıraraq, Hind Okeanında öz mövqelərini gücləndirmək əzmindədir. Beləcə, Çinin qonşularını vahid mərkəzdə birləşdirmək istəyən Vaşinqtonun Hind okeanındakı fəaliyyətləri Fransanı da narahat edir. 

 

Buna baxmayaraq, Çinin son zamanlar hərbi dəniz donanması sahəsində dünyanın ən güclü dövlətinə çevrilməsi Fransa da daxil olmaqla Avropanın bütün ölkələrində ciddi əndişə yaradır. Məlumata görə, 2020-ci ilin sonunda Çin donanması dənizlərdə ən güclü ölkə olan ABŞ-ı belə geridə buraxdı. Çin donanması son iyirmi ildə gücünü gözləniləndən üç dəfə çox artıraraq 360 döyüş gəmisi ilə birinci sıraya yüksəldi. 2020-ci ilə qədər dünyanın ən güclü dəniz ölkəsi olan ABŞ donanmasında isə cəmi 297 döyüş gəmisi vardı. Strateqlərin fikrincə, Çin donanmasının böyüməsi bütün ölkələr, o cümlədən ABŞ üçün təhlükə yaradır.

 

Dəniz hegemoniyası

 

Sirr deyil ki, ABŞ-ın dünya hegemoniyası dənizlərə nəzarət prinsipinə söykənir. Əsasları Amerikalı tarixçı Alfred Mahan tərəfindən qoyulan “Dəniz Hakimiyyəti” nəzəriyyəsinə görə, dənizlər üzərində hakimiyyət quran dövlətlər dünyanın hakimi olurlar. Bu məsələdə ən avantajlı durumda olan isə həm Sakit, həm də Atlantik okeanına çıxışları olan ABŞ-dır. ABŞ əlindəki fürsətdən yararlansa, “dünyanın heartlandı”nı (Ürək sahəsi) sayılan Avrasiyanı tam nəzarətə götürə bilər. Avrasiyaya nəzarət isə dünyaya hökm etmək deməkdir.

 

ABŞ da dünya hegemoniyasını əldə etmək üçün Avrasiya qitəsinin Hind okeanı sahillərindəki ölkələri öz təsir dairəsinə almaq istəyir. Təbii ki, Çin bununla razılaşa bilmir, onun hərbi dəniz donanmasını son 20 ildə gücləndirməyə çalışması da ABŞ-ın bu strategiyasının qarşısını almağa yönəlib. İki super gücün arasında getdikcə qızışan qlobal hegemoniya uğrunda mübarizə Hind Okeanında əraziləri olan Fransanın da hərəkətlənməsinə yol açır. ABŞ və İngiltərənin Avstraliya ilə 2021-ci ildə bağladıqları AUKUS Paktı da Fransa və Çinin Hind Okeanındakı mövqelərini zəiflətmək məqsədi daşıyır, nəticədə Parisin Pekinin yanında dayanmasını şərtləndirir. Avropanın digər ölkələri isə Fransanın Çinin yanında yer almasını həzm edə bilmirlər.

 

Hind Okeanının əhəmiyyəti

 

Hind okeanı dünya ticarəti, iqtisadiyyatı və enerji resursları baxımından da çox böyük əhəmiyyət kəsb edir. Statistik məlumatlara görə, dünyada konteyner daşımalarının təxminən yarısını, yük həcminin üçdə birini və neft daşımalarının 80%-i Hind okeanı üzərindən keçir. Sri Lankadakı Kolombo Limanı, dünya neft və qaz yataqlarının hardasa yarısının yerləşdiyi Fars və Hömrüz körfəzlərui, Qızıl dənizi Hind okeanına bağlayan və dünya dəniz ticarətinin mühüm hissəsinin keçdiyi Bab əl-Məntəb boğazı, Sakit Okeanı ilə Hind Okeanını birləşdirən və Çin, Hindistan, Cənubi Koreya, Yaponiya kimi dövlətlərin təchizat dəhlizi funksiyasını yerinə yetirən Malakka körfəzi və s. kimi strateji yerlər bu su sahəsində yerləşir. Bu səbəbdən də Hind okeanına sahib olmaq uğrunda dünyanın güclü dövlətləri amansız mübarizə aparırlar. Fransa da Hind Okeanında yerləşən adaları və arxipelaqlarından istifadə edərək bu qlobal yarışa qoşulmağa çalışır.

 

Fransanın Hind okeanındakı torpaqları

 

Fransa torpaq sahəsinə görə, Avropanın Rusiya, Türkiyədən, sonra 3-cü böyük dövlətidir. Onun quru sahəsi cəmi 640.679 km2 –dir. Ərazisinin genişliyinə görə, orta böyüklükdə olan Fransa dəniz sahəsinə (eksklüziv iqtisadi zona) görə, dünya liderlərindən biridir. Onu yalnız ABŞ üstələyir: ABŞ - 11.351.000 km2 , Fransa - 11.035.000 km2

 

Fransa ABŞ-la müqayisə olunan eksklüziv iqtisadi zonasını coğrafi yerləşməsinə borcludur. Kontinental Fransa cənubda Aralıq dənizi, şimalda La-Manş və Şimal dənizi, şərqdə Atlantik okeanına açılır. Onun Hind okeanındakı adaları eksklüziv iqtisadi zonasının cəmi 4%-ni təşkil etsə də, Avstraliya ilə qurmağa çalışdığı hərbi-strateji ittifaq Fransanın bu bölgədə gücünü və regionun digər aktorları ilə sövdələşmə imkanlarını artıra bilərdi. Di gəl ki, onun bu strategiyasına anglo-sakson ittifaqı imkan vermədi. Böyük Britaniya və ABŞ-ın həvəsləndirməsi nəticəsində Avstraliya Fransa ilə bağladığı 50 milyard dollarlıq sualtı layihəsindən imtina etdi və üçlü arasında AUKUS Paktı imzalandı. Fransa rəsmiləri bu “xəyanəti” dostların arxadan vurduqları bıçaq zərbəsi kimi qiymətləndirmişdi.

 

Hind Okeanının Fransa üçün əhəmiyyəti

 

Fransanın Hind okeanındakı adaları və arxipelaqları Paris üçün həmişə böyük əhəmiyyət daşıyıb. Fransanın dövlət başçılarından Şarl de Qoll Hind okeanının əhəmiyyətindən danışarkən  bu ifadələri işlədib: “İnsanların fəaliyyəti getdikcə daha çox dənizdən istifadə etməsindən asılıdır. Dövlətlər su resurslarını hədəf alacaqlar. Bu baxımdan Hind okeanı güclərin tarazlaşdırıldığı ərazidir”. De Qollun adalarla bağlı bu təsbitləri ölkəsinin həmin ərazilərlə bağlı uzunmüddətli siyasət və ya planlar həyata keçirəcəyini göstərirdi. Məsələyə bu aspektdən nəzər salanda Emmanuel Makronun Hind okeanı uğrunda mübarizəyə qatılmasının və hətta öz müttəfiqlərinin maraqları əleyhinə mövqe tutmasının əsl səbəbləri aydınlaşır. Karbohidrogen ehtiyatları və geostrateji mövqeləri baxımından mühüm əhəmiyyət kəsb edən bu ərazilər Fransanın hər zaman uğrunda döyüşməyə hazır olduğu yerlər kimi tarixə düşüb. Xüsusilə II Dünya müharibəsindən sonrakı müstəqilləşməsi illərində Fransanın protektoratlığında olan Madaqaskarla Paris arasında adalar və arxipelaqlar üstündə ciddi ziddiyyətlər yaşanmışdı.

 

Buna baxmayaraq, bütün adalarda, o cümlədən Madaqaskarda müstəmləkəçilik izləri indiyədək qalır. Adalardan bəziləri müstəqillik əldə etsələr də, bəziləri isə rəsmən bu boyunduruqdan qurtula bilməyiblər. 

 

Fransa Hind okeanındakı hegemoniyasını gücləndirmək üçün təkcə bu adalarla kifayətlənmir. O, həmçinin Cibutidəki hərbi bazası və Birləşmiş Ərəb Əmirlikləri ilə hərbi müqavilələri vasitəsilə Hind okeanında strateji mövqeyini qorumağa çalışır. Çin və ABŞ kimi güclü dövlətlərin Ədən körfəzi ətrafında hərbi bazalarının olması da Hind okeanındakı strateji rəqabəti gücləndirir. Fransa bu adalar üzərində nə qədər üstünlük əldə edərsə, Hind okeanı strategiyasında bir o qədər böyük addım ata biləcəyini düşünür. 

 

Fransa Hind okeanında Çin kimi digər gücləri tarazlaşdırmaq üçün 2018-ci ildə Hindistanla hərbi əməkdaşlığa girdi. İki ölkə ortaq strateji məqsəd və baxışlar çərçivəsində Hind okeanında mühüm təşəbbüslər irəli sürdü.

 

Bir sözlə, Fransa Hind okeanının digər aktorları kimi öz kommersiya, iqtisadi və strateji maraqlarını qorumağa çalışır. Bunu Madaqaskar və onun ətrafındakı adalar vasitəsilə edir. Eyni zamanda, Madaqaskar, Seyşel adaları, Mavrikiy, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanla neokolonial siyasətlər çərçivəsində hərbi əməkdaşlıq və müdafiə sazişləri bağlayaraq Hind okeanı və adalardakı maraqlarını və mövcudluğunu gücləndirir. Komor arxipelaqında yerləşən Mayot və Reunion adaları da Fransanın Okeandakı strateji mövqeyini gücləndirir. 

 

Nəticə 

 

Hind okeanı dünya geosiyasəti baxımından mühüm qurşaqdır. Dünya gücləri bu okeanda hökmranlıq uğrunda yarışır. ABŞ-ın bu regiondan Çini sıxışdırmaq cəhdi Vaşinqtonu Hind okeanında yeganə hegemon gücə çevirə bilər ki, bu perspektiv Fransanı da narahat edir. Odur ki, ABŞ-ın Avropa ölkələrini arxasına almasını istəmir. Fransanın ABŞ-ın himayəsindən imtina etmək təklifləri xüsusilə Rusiyanın aqressivləşdiyi bir zamanda Avropa ölkələrində birmənalı qarşılanmır. Bunun Çini gücləndirəcəyindən və dünya hegemoniyasının tamamilə başqa mədəniyyət sahəsinə keçəcəyindən çəkinən bir çox Avropa ölkələri ABŞ-ı tək buraxmağın mənfi nəticələr doğuracağından ehtiyatlanırlar. Nəticədə Fransa öz qitəsində get-gedə yalnızlaşır.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 126          Tarix: 22-04-2023, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma