Xəbər lenti

 

Azərbaycanda avtomobillərin icbari sığortası ilə məşğul olan şirkətlərin daha müştəri qamarlamaq həsirliyi sürücüləri boğaza yığıb. Sığorta müqaviləsinin bitməsinə 2 ay qalmışdan ölkənin bütün sığorta şirkətlərinin agentləri sürücülərə az qala hər gün zəng vurur, onlara “sığorta müqaviləsinin vaxtının bitməkdə olduğunu” xatırladır və bəribaşdan onların şirkətində icbari sığorta müqaviləsini yeniləməyi təklif edirlər. Virtualaz.org qeyd edir ki, belə şikayətlərlə redaksiyamıza da müraciətlər var.

Məsələ bundadır ki, sığorta şirkətlərinin agentləri hansısa yolla sürücülərin barəsində şəxsi məlumatlara çıxış əldə edərək onların mobil telefon nömrələrini əldə edirlər. Bəzi məlumatlara görə sürücülər barədə şəxsi şəxsi məlumatlar İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemindən hansısa yolla əldə edilir.

Adının çəkilməsini istəməyən sığorta agenti də virtualaz.org-a bu məlumatların İcbari Sığorta Bürosu tərəfindən sığorta şirkətlərinə satıldığını deyir.Onun sözlərinə görə, buna görə şirkətlər büroya müəyyən məbləğdə ödəniş edirlər.

 

“Qır-saqqız” agentlərdən qurtulmağın yolları – ekpsert təklif edir

 

Ekspertlər də bu problemin son vaxtlar kütləviləşməsindən narahatdırlar. Sığorta eksperti İlkin Nəcəfovun virtualaz.org-a bildirdiyinə görə, artıq belə halların qarşısının alınması üçün tədbirlər görməyin vaxtı çatıb.

“Bu məsələ çox aktualdır və son vaxtlar kütləviləşib. Müştərilərin iradı haqlıdır, operator qızlara şərt qoyulub, maaşlarını almaq üçün məcbur nömrələri tapmalıdırlar. Bu qızlar ona görə müştəridən “qır-saqqız” kimi yapışırlar. Bu da müştərilərdə diskomfort yaradır. Artıq belə hallar kütləviləşib. Yəqin ki, tənzimləyici – həm İSB, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən tədbirlər görəcək”, – deyə ekspert bildirir.

Ekspert deyir ki, əvvəllər sığorta haqlarını yığmaq mümkün olmurdu. Tənzimləyicinin və icbari sığorta bürosunun apardığı mütərəqqi tədbir nəticəsində artıq bu gün icbari sığorta üzrə debütor borclar sıfırdır. Burada da analoji həll yolu tapılacaq. “Ola bilər ki, nömrələrə məhdudiyyət tətbiq edilsin. Qaynar xətt yaradılsın və müştərinin nömrəsinə başqa şirkətlərdən zəng olunanda o da şikayətini bildirsin. Belə sığorta şirkətləri ilə bağlı tədbir görülərsə, neqativ halların qarşısı alınacaq”.

 

Sığorta şirkətləri inkar edir: “Ancaq öz müştərilərimizə zəng edirik…”

 

Bir neçə sığorta şirkəti ilə əlaqə saxlayıb yaranmış problem aydınlaşdırmağa çalışdıq. Lakin sığorta şirkətləri agentlərinin qeyri-müştərilərə zəng etdiklərini inkar edirlər. “Atəşgah” sığorta şirkətindən virtualaz.org-a belə şikayətlərin olduğunu təsdiqlədilər. Şirkətin əməkdaşı Ayla Aslanlı bildirdi ki, rəhbərlik bununla bağlı danışmaq istəmir: “Bizə də belə zənglər olur, müştərilər zəng edib narazılıq edirlər. Bizim özümüzün məlumat bazamız var, ola bilsin ki, o sürücülər nə vaxtsa bizim müştərimiz olub. Sizin şikayətiniz varsa, rəhbərliyə çatdırarıq. Amma bizim rəhbərlik bu barədə suallara cavab vermək istəmir”, – deyə şirkət nümayəndəsi bildirdi.

“Ata Sığorta” şirkətinin sığorta mütəxəssisi Günel Rəsullu isə onların şirkətindən sürücülərə bu cür zənglərin olunmadığını dedi: “Biz məlumat bazamızda şəxsi məlumatları olan müştərilərizimə zəng edirik. Ancaq sığorta müqaviləsinin vaxtı bitənə yaxın zəng edirik. Boş-boşuna heç kimə zəng etmirik”, – deyə mütəxəssis bildirir.

“Azsığorta” şirkətindən də müştərilərə bu cür zənglərin olunmadığını dedilər. Şirkətin əməkdaşı Ülviyyə Vəliyevanın virtualaz.org-a bildirdiyinə görə, onlara indiyə qədər daxil olan şikayətlər zəng olunmasından deyil, zəng olunmamaqla bağlı olub: “Bizə adətən, müştərilər zəng edib deyirlər ki, müqaviləmizin vaxtı bitib, amma siz zəng edib yadımıza salmamısınız. Bu da əməkdaşlarımızın sayının az olmasıyla bağlıdır. Hələ indiyə kimi bizə zəng etməyə görə şikayət edən olmayıb. Biz bizim olmayan müştərilərə zəng etmirik”, – deyə şirkət əməkdaşı bildirir.

İSB: Fərdi məlumatları üçüncü tərəfə ötürmürük

Sürücülərə sığorta şirkətləri tərəfindən olunan bezdirici zənglərdən İcbari Sığorta Bürosunda (İSB) da xəbərdardırlar. Bürodan virtualaz.org-un sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallar İSB-nin qarşı olduğu və mübarizə apardığı neqativ təzahürlərdən biridir. Çünki sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin fərdi məlumatları və əlaqə vasitələri qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta sirrini təşkil edir.

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə informasiya sistemi elə təşkil olunub ki, həmin sistemdə olan məlumatlara hazırda 13 sığorta şirkətinin, 1000-dən artıq sığorta vasitəçisinin (agentin) və bir neçə müxtəlif profilli təşkilatın çıxışı vardır. Odur ki, İSB yuxarıda sadalanan məlumatların akkumulyasiya olunduğu yeganə instansiya deyil, hətta bəzi hallarda sözügedən məlumatlar Büronun informasiya sisteminə daxil olanadək artıq bir sıra qurumların informasiya ehtiyatlarında toplanmış olur. Büronun informasiya sistemlərinin arxitekturası orada saxlanılan məlumatların toplu halında çıxarılmasını mümkünsüz edir. Birmənalı şəkildə bəyan edirik ki, İSB heç bir halda sığortalıların və sığortaolunanların fərdi məlumatlarını hər hansı bir üçüncü tərəfə təqdim etmir”.

İSB-dən onu ba bildirdilər ki, Buroya tez-tez analoji şikayətlər daxil olur və onların araşdırılması zamanı müxtəlif ssenarilər ortaya çıxır və araşdırma zamanı məlum olur ki, bir sıra hallarda bu cür neqativ təzahürlərə məhz sığorta vasitəçiləri tərəfindən rəvac verilir: “Sığorta vasitəçiləri fəaliyyət göstərdiyi müddətdə müxtəlif sığorta şirkətləri ilə əməkdaşlıq edirlər və bu müddətdə həmin sığorta şirkətlərinin müştəriləri olan vətəndaşların fərdi məlumatlarından ibarət olan məlumat bazası toplayırlar. Hansısa bir mərhələdə əməkdaşlıq etdiyi sığorta şirkəti ilə yolları ayrılan bəzi vasitəçilər sonradan həmin məlumatları qanunsuz olaraq digər sığortaçıya və ya üçüncü tərəfə ötürə, hətta sata bilir. İSB icbari sığorta sektorunda müşahidə olunan bu cür yolverilməz halları qətiyyətlə pisləyir, bunun yolverilməz olduğunu bəyan edir və bazar iştirakçılarını müştəri uğrunda mübarizəni qanuni və ədalətli yollarla aparmağa çağırır. Sığorta sirri sayılan fərdi məlumatların arzuolunmaz və icazəsiz istifadəsinin qarşısının alınması üçün belə hallarla rastlaşan vətəndaşlardan bu barədə məlumatı araşdırılmaq üçün İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirmələri xahiş olunur”, – deyə məlumatda bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 5-08-2017, 20:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma