Xəbər lenti

“Ukraynanın Rusiyanın dərinliyinə “Storm Shadow” (“Fırtına Kölgəsi”) raketi atması üçün biri Böyük Britaniya olmaqla, üç ölkənin razılığı lazımdır. Onlardan biri də Fransadır. Çünki Böyük Britaniya həmin raketləri Fransa ilə birlikdə istehsal edir.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın “The Telegraph” nəşri ölkə rəsmilərinə istinadən bildirib.

Nəşr Rusiya ərazisinin dərinliklərinə “Storm Shadow” raketləri atmasına icazə verilməsi ilə bağlı xəbəri təkzib edir. Rəsmi London bu raketlərlə yalnız Krımın vurulmasına izn verib. “The Telegraph” bu məhdudiyyəti ingilislərin qorxuları ilə izah edib: “Britaniya siyasətçiləri qorxurlar ki, “Storm Shadow”un Rusiyanı vurmasına icazə verilməsi eskalasiyaya səbəb ola bilər”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski iyulun 10-da Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri Key Starmerlə apardığı danışıqlardan sonra Rusiya ərazisindəki hərbi hədəflərə qarşı “Storm Shadow” raketlərindən istifadəyə icazə alındığını açıqlamışdı. Üzərindən 2 gün keçməmiş, Londondan belə bir təkzib gəlməsi bəzi müəmmalara yol açır.

“Storm Shadow” raketi

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz Londonun öz mövqeyindən geri çəkilməsini təsadüfi saymır.

Onun fikrincə, təkzibin NATO-nun Vaşinqton sammitindən sonra gəlməsi ingilislərin həmin mötəbər tədbirdən umduqlarını əldə edə bilməməsini göstərir:

“Böyük ehtimalla, bu qorxu ABŞ prezidenti Co Baydenin sammitdəki son çıxışının uğursuzluğundan qaynaqlanır. Bilirsiniz ki, bir müddət əvvəl rəqibi Donald Trampla debatda olduqca pis performans sərgiləyən Bayden xalq arasında nüfuzunu xeyli itirmiş və hətta öz partiya yetkililəri tərəfindən ciddi tənqid olunmuşdu.

Bu uğursuzluğunu yorğunluğu ilə izah edən ABŞ prezidenti NATO-nun Vaşinqton sammitində açılış nitqini çaşmadan səsləndirərək yenidən özünə inam yaratmışdı. Görünür, Böyük Britaniyanın yeni baş naziri də məhz bu səbəbdən eyni gündə Zelenskiylə baş tutan görüşündə “Storm Shadow” raketlərindən istədiyi kimi istifadə etməyə razılıq vermişdi. Di gəl ki, NATO sammitinin bağlanış nitqində Bayden yenə aləmi bir-birinə qarışdırdı. Yəqin, onun bir çox tərəfdarları kimi, Böyük Britaniyanın baş naziri də ümidlənmək üçün tələsdiyini anlayıb və dərhal geri çəkilməyin daha salamat olacağına qərar verib”.

Heydər Oğuzun mülahizələrinə inansaq, bu cür uğursuz çıxışları ilə Baydenin payızda estafeti Trampa ötürəcəyi şübhə doğurmur:

“Tramp hakimiyyətə gələrsə, Avropanın arxasından çəkilə bilər. Bu da “qoca qitə”ni Rusiya ilə baş-başa buraxılması anlamına gəlir. Avropada isə aşırı sağ partiyalar yüksəlişdədirlər və onlar Rusiya ilə kəllə-kəlləyə gəlməkdə çox da maraqlı görünmürlər. Mümkündür ki, rəsmi London Trampın hakimiyyətə gələcəyi təqdirdə, tamamilə təklənəcəyindən çəkinir və ağrımayan başına dəsmal bağlamamaq üçün “haray bu başdan” deməyi daha uyğun hesab edir”.

Zaira Akifqızı

Globalinfo.az




Ana səhifəyə qayıt        Baxış: 5 218          Tarix: 13-07-2024, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma