
Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə fövqəladə toplantı keçirib.
Musavat.com xəbər verir ki, görüşdə iki əsas məsələ müzakirə olunub: Rusiyanın milli dəniz siyasətinin səmərəliliyinin artırılması və 2025-ci ilin sentyabrında keçiriləcək regional seçkilərdə – qubernator, deputat və bələdiyyə başqanı seçkilərində təhlükəsizlik tədbirlərinin təmin olunması.
Kremlin yaydığı məlumata görə, Putin toplantıda ölkənin sahil və liman bölgələrində strateji maraqlarının qorunması və dəniz resurslarından daha səmərəli istifadə olunması istiqamətində yeni yanaşmaların vacibliyini vurğulayıb.
Bundan əlavə, yaxınlaşan regional seçkilər ərəfəsində daxili sabitliyin pozulmaması üçün təhlükəsizlik orqanlarının tam hazırlıq vəziyyətinə gətirilməsi və kiberhücumlardan qorunma tədbirləri də müzakirə olunub.
Rusiya mətbuatına görə, bu toplantı Kreml rəhbərliyinin həm daxildə siyasi nəzarəti gücləndirmək, həm də geosiyasi təzyiqlər fonunda ölkənin dəniz sərhədlərində mövqelərini bərkitmək niyyətinin göstəricisidir.
Paylaş: