Xəbər lenti

Ağ Evdə Azərbaycan və ABŞ liderləri - İlham Əliyev, Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçlü görüşü hələ olmayıb, erməni revanşist-radikallar artıq isterikadadır. Guya Paşinyan ABŞ-a Azərbaycanla daha bir təslimçi sənəd imzalamağa, “milli maraqları bir daha satmağa” gedir.

Nəymiş bu təslimçilik? Sən demə, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın onun tərkib hissəsi olduğunu Amerikanın da zamin duracağı konkret sənədlə rəsmən tanımaq, “artsaxı” gündəmdən həmişəlik çıxarmaq. Xülasə, 29.7 kv km-lik “real Ermənistan” qurmaq üçün yeni real şans əldə eləmək.

Görəsən bunun nəyi satqınlıq və ya erməni maraqlarına xəyanətdir? Doğrudanmı hay toplumu müharibələrdən bezməyib, yorulmayıb? Gerçəkdənmi ermənilər zillət içində yaşamaqdan “zövq” alırlar?..

Hərgah GELLUP-un son rəy sorğularını ciddiyə alanda nikbinliyə əsas qalmır. Həmin sorğularda respondentlərin yarıdan çoxu Azərbaycan və Türkiyə ilə barışığa və Bakının tələbi ilə konstitusiya dəyişikliyinə qarşı çıxmışdı.

Bu da ilk növbədə revanşist-separatçı zümrə daxil, Ermənistandakı “müharibə partiyası”nın, bir də onları himayə edən Rusiyanın imperiya maraqlarına cavab verir. O Rusiya ki, Ağ Evdəki üçlü görüş və imzalanacaq hansısa sənəddən ən çox təlaş keçirən tərəf olacaq...

Deməli, bu günlərdə Moskvanın “dobro”su ilə bölgədə, şərti sərhəddə və ya Azərbaycanın maraqları olan digər coğrafiyada təxribatlar istisna deyil. Ehtiyatlı olmalıyıq. Hətta Kreml “komanda”nı artıq verib: Rusiya işğalçı ordusu Ukraynada Azərbaycanın qaz tədarükü üçün istifadə etdiyi mühüm enerji infrastrukturuna - Orlovka” kompressor stansiyasına hava zərbəsi endirib. Bu, həm də ABŞ-a, Trampa və Paşinyana siqnaldır.

“Rossotrudniçestvo” isə Qarabağı könüllü tərk etmiş ermənilərin şəxsi məlumatlarını toplamağa başlayıb. Ermənistan hökumətindəki mənbələrin bildirdiyinə görə, onlardan pasport, doğum haqqında şəhadətnamə və digər sənədlərin surətini təqdim etmək tələb olunur. Məlumatların toplanması humanitar yardım bəhanəsi ilə həyata keçirilir.

Ancaq zərrəcə şübhə yox ki, niyyət bambaşqadır. Hədəf – Paşinyanı belə maraqlandırmayan erməni separatizminə yeni “nəfəs” vermək, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını hər vəchlə əngəlləmək, mümkün olarsa, iki qonşu ölkəni yeni müharibəyə sürükləmək və sonra da “arbitr” kimi araya girib onu dayandırmaqdır.

Az öncə Moskvanın Gümrü hərbi bazasına sürəkli hərbi yük daşıması və Ermənistanda çevriliş hazırlığı içində olduğu haqda məlumatlar yayılmışdı. Qısası, bu günlər işarəni “şimaldan” gözləməyə dəyər...

Unutmayaq, Putin başda olmaqla, Rusiya rəhbərliyi Paşinyanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saymasını bu günədək ona bağışlamayıb. Çünki həmin qərarla Kremlin Azərbaycan və Ermənistana qarşı ənənəvi “Qarabağ kartı” faktiki kəsərdən düşüb.

Əgər indi üstəlik, Ağ Evdə iki xalq arasında düşmənçilik səhifəsini çevirməyə yönəlik konkret sənəd və ya niyyət memorandumu da imzalanancaqsa, bu, Moskvanın Güney Qafqazla bağlı avantürist planlarına növbəti ağır zərbə olacaq.

Bir şey kifayət qədər aydındır: bölgə olduqca həssas və tarixi bir mərhələyə girir, Kreml sonuncu “patronlarını” atmağa hazırlaşır...




Ana səhifəyə qayıt        Baxış: 3 792          Tarix: Bu gün, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma