
Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bler İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının beynəlxalq idarəetmə keçid orqanına rəhbərlik etməyə ümid edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Economist" jurnalı məlumat verib.
Belə strukturun yaradılması ABŞ-nin köməyi ilə "Tony Blair Institute" (TBI) analitik mərkəzi tərəfindən hazırlanan sülh planında nəzərdə tutulub. Ehtimal edilir ki, bu idarəetmə orqanının "ali siyasi və qanuni orqan" kimi fəaliyyət göstərməsi üçün BMT-nin beşillik nəzərdə tutulmuş mandatı tələb olunacaq. Məqalədə deyilir ki, təsdiq olunarsa, Bler 25 əməkdaşın tərkibində katibliyə arxalana və Fələstin anklavının idarəçiliyinə nəzarət edəcək yeddi üzvdən ibarət şuraya rəhbərlik edə bilər.
"O öz vaxtını qurban verməyə hazırdır. O, həqiqətən də bu müharibəni bitirmək istəyir", - deyə mənbə jurnala bildirib.
Həmçinin bəzi mənbələrin məlumatına görə, 72 yaşlı Blerin namizədliyini ABŞ prezidentinin kürəkəni Cared Kuşner və xüsusi elçi Stiven Uitkoff da dəstəkləyir.
Jurnalın qeyd etdiyi kimi, Toni Blerin baş nazir kimi fəaliyyəti nəzərə alınaraq, belə bir planın Yaxın Şərqdə kifayət qədər çox sayda əleyhdarı var. Məhz onun rəhbərliyi dövründə Böyük Britaniya 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsini dəstəkləyib. Bler 2007-ci ildən 2015-ci ilə qədər "kvartet"in Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi olub, lakin tənqidçilər bu işin yetərincə səmərə vermədiyini deyirlər. Məqalədə bildirildiyi kimi, britaniyalının namizədliyinə qarşı Fələstin Prezidenti Mahmud Abbas, Fələstinin radikal HƏMAS hərəkatı və İsrail rəhbərliyi qarşı çıxa bilər.
Paylaş: