Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Qəzzada müharibəyə son qoymaq planını ərəb ölkələri liderlərinə təqdim edib. Planda bütün israilli girovların azad edilməsi, Qəzza zolağında daimi atəşkəs, İsrail ordusunun zolaqdan tədricən çıxarılması, Qəzza üçün müharibədən sonrakı bərpa planı, HƏMAS olmadan idarəetmə mexanizminin yaradılması kimi məqamlar öz əksini tapıb. Həmçinin, plana əsasən, Qəzza zolağında ərəb və müsəlman sülhməramlı qüvvələrinin yerləşdirilməsi, zolağın yenidən qurulması üçün ərəb ölkələrinin maliyyə ayırması nəzərdə tutulub.

Məlumata görə, ərəb ölkələri liderləri plana dair bir sıra şərtlər irəli sürüblər. Çünki Qəzzanın İsrail tərəfindən xarabalığa çevrilməsi fonunda maliyyəni məhz Təl-Əvivin deyil, ərəb ölkələrinin öhdəliyinə verilməsi onların şərtlər irəli sürmək üçün əlini gücləndirib. Xüsusilə də onlar İsrailin İordan çayının qərb sahili və Qəzzanın bir hissəsini ilhaq etməməsini, Qəzzada yəhudi qəsəbələrinin yaradılmamasını, Məbəd dağında status-kvonun pozulmamasını, Qəzzaya humanitar yardımların dərhal artırılmasını tələb ediblər.

Bununla yanaşı, İsrail də öz növbəsində Trampın Qəzza planına bir sıra düzəlişlər edib. Plana edilən əsas dəyişikliklərdən birinin dövlətçilik məsələsinə aid olduğu qeyd edilir. Sənəd Fələstin dövlətinin yaradılmasına imkan verir, lakin "ikidövlətli həll" variantı barədə bəhs edilmir. Bu da özlüyündə suallar yaradır. Çünki "ikidövlətli həll" yolu məhz müstəqil Fələstin dövlətinin yaradılmasını və ərazilərin ilhaq edilməməsini nəzərdə tutur. Bu baxımdan, münaqişənin iki dövlət konsepsiyası əsasında həllinə dair aydın perspektiv olmadan Səudiyyə Ərəbistanının plana maliyyə dəstəyi verməsi ehtimalının son dərəcə aşağı olduğu bildirilir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, planın mətnində "şərti bir siyasi yol" kimi ifadələrlə diplomatik balansın saxlanılmasına çalışılır, amma "Fələstinin suveren, tam beynəlxalq qəbul olunmuş dövlət kimi müstəqilliyi" konkret və qəti şəkildə mətndə göstərilməyib:

"Bu, planın konstruksiya tərzi ilə bağlıdır: məqsəd Fələstinin tam müstəqil dövlət hüquqları məsələsini gündəmə gətirmək əvəzinə, əvvəlcə Qəzzanın idarəçiliyində müəyyən göstəriciləri təmin etmək və status-kvonun dəyişməsini tədricən mümkün etməkdir. Bu cür yanaşma planı qəbul edənlər üçün kompromis imkanı qoyur. Məsələn, İsrail və ABŞ Fələstinin tam müstəqilliyi tələbinə qarşı təzyiq göstərə bilərlər, çünki plan heç bir aydın, dönüşü olmayan öhdəlikdən danışmır".

"İsrail üçün Fələstinin müstəqilliyi tələbi təhlükəsizlik, sərhəd nəzarəti və suverenlik məsələlərində ciddi risklər gətirir. Ona görə o, planın "məhdud dövlətçilik" anlayışında qalmasını istəyir. Netanyahu planı qəbul edərkən bəyan edib ki, plan Fələstin dövlətinin tanınmasını nəzərdə tutmur və tanıma istiqamətində atıla biləcək hər hansı addım "terrorizmin mükafatı" sayılacaq. İsrail tərəfi, həmçinin təhlükəsizlik aspektini əsas gətirir: Fələstinin tam suveren dövlət statusu İsrailə qarşı daha böyük hərbi və diplomatik risklər deməkdir, nəzarətsiz silah axını, sərhəd məsuliyyəti, beynəlxalq hüquq məsələləri və s.", - deyə ekspert vurğulayıb.

Müsahibimiz planda konkret müddətlərin və mərhələlərin də təyin edilməməsinə diqqət çəkib:

"Eyni zamanda, güc balansı və icra mexanizmlərində qeyri-müəyyənlik var. Məsələn, plan Beynəlxalq Sabitləşdirmə Qüvvəsini (ISF) yaratmağı nəzərdə tutur, amma hansı ölkə göndərəcək, mandatları nə olacaq, nəzarət necə olacaq - bunlar açıqlanmır. Planda Fələstinlə bağlı hüquqi və suverenlik məsələləri də qaranlıqdır. Plan Fələstinin öz müqəddəratını təyinetmə hüququ istiqamətində mümkün yol açır, amma bu yolun şərtləri, məhdudiyyətləri və nə zaman reallaşacağı açıqlanmır, sərhədlər, "Qərb sahili", Qüds məsələsi kimi əsas mövzular planın mətni daxilində detallı şəkildə nəzərdə tutulmur".




Ana səhifəyə qayıt        Baxış: 4 811          Tarix: Dünən, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma