Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama matçına çıxıb.
APA-nın məlumatına görə, Tirol bölgəsində, İnsbruk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində hazırlıq keçən baş məşqçi Roman Qriqorçuk yetirmələrini ilk dəfə sınamaq imkanı əldə edib.
Avropa Liqasında ölkəmizi təmsil edəcək “qırmızı-qaralar” Avstriyanın regional liqasında yarışan “Fulpmes” komandası ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin darmadağını ilə yekunlaşıb
Hər hissədə 4 qol vuran "qırmızı-qaralar" rəqibini meydana çıxmağa peşman edib.
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular bu oyunda yer almayıblar. Belə ki, Cavid Hüseynov, Ruslan Qurbanov, Araz Abdullayev, Ürfan Abbasov və yeni transfer Elvin Məmmədov kluba iyunun 15-də qatılacaqlar.
Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək “Qəbələ” daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 15-də “Terek” (Rusiya), 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.
Paylaş: