ABŞ-ın neft ehtiyatları 16-22 sentyabr həftəsi ərzində 1,8 mln. barel və yaxud 0,4% azalaraq 471 mln. barelə düşüb.
"Report" FOREXPF.ru" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi məlumat yayıb.
Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər neft ehtiyatlarının 3,9 mln. barel artacağını ehtimal edirdilər. Qeyd edək ki, əvvəlki hesabat həftəsində neft ehtiyatları 4,6 mln. barel artım göstərib. Beləliklə, neft ehtiyatları ardıcıl 3 həftə artdıqdan sonra, ilk dəfə azalma göstərib.
Hesabat dövründə ölkənin benzin ehtiyatları isə proqnozlara uyğun olaraq 1,1 mln. barel və ya 0,5% artaraq 217,3 mln. barelə çatıb. Analitiklər benzin ehtiyatlarının 0,9 mln. barel azalacağını proqnozlaşdırırlar.
Əsas diqqət çəkən məqam isə ABŞ-da gündəlik neft hasilatının 37 min barel və ya 0,4% artaraq 9,54 mln. barelə yüksəlməsi olub.
ABŞ-da neft ehtiyatlarının azalması dünya bazarında neftin bahalaşmasına səbəb olmayıb. Əksinə, bazar iştirakçıları ABŞ-da neft hasilatının azalması xəbərini mənfi qiymətləndirib və "Brent" markalı neftin qiyməti 2%-ə yaxın düşərək 57,4 dollar/barelə geriləyib.
Paylaş: