Xəbər lenti

Son 3 idə Azərbaycanda mikromaliyyədən istifadə edənlərin sayında əhəmiyyətli azalma qeydə alınıb. Əgər 2015-ci ildə bu növ maliyyələşmədən 600 min, 2016-ci ildə 298 min istifadə edən var idisə, 2017-ci ildə bu göstərici 118 minə düşüb. 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bu gün "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda Bakıda keçirilən V İnvestorlar Yarmarkasında çıxışı zamanı bildirib. O deyib ki, bu sektorun inkişafına dəstək olmaq lazımdır: "Həmçinin, bank olmayan kredit təşkilatlarının kredit portfelində də azalma müşahidə edilir. 2015-ci ildə 348 mln. dollar kredit portfeli mövcud idisə, 2017-ci ildə bu göstərici 80,1 mn. dollar təşkil edib".

Onun sözlərinə görə, mikromaliyyə yoxsulluğun azaldılması üçün əhəmiyyətli alətdir: "Banklar bu sahədə fəaliyyət göstərir. Ancaq onların əsas müştəriləri korporativ müştərilərdir. Mikromaliyyədən istifadə edən müştərilər isə daha çoxdur. 2015-ci ildə devalvasiyanın baş verməsi, neftin dəyərinin düşməsi ilə müəyyən çətinliklər yaranıb. Bu, Azərbaycanın mikromaliyyə sektorunda təzahürünü tapıb. Valyuta kreditlərinin manata çevrilməsi, faizlərin aşağı salınması, cərimələrin azaldılması kimi tədbirlərlə BOKT-lar inkişafını davam etdirməyə çalışır". 

"Lakin yenə də bu porblem yaşanır. BOKT-ların inkişfında qeyri-sabitlik yaranıb. Vəziyyətin sabitləşməsi üçün, ilk növbədə təşkilatların sağlamlaşdırılmasına ehtiyac var. İnvestorların müəyyən depozit qoyması ilə müəyyən dərəcədə BOKT-ları sağlamlaşdırmaq olar. Digər məsələ qanunvericiliklə bağlıdır, qaydalara yenidən baxılmalıdır. Təkliflərimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına vermişik", - S.Kələşov əlavə edib.

AMFA rəhbəri bildirib ki, dövlət və investorların dəstəyi BOKT-ların inkişafına təkan ola bilər və bu da əhalinin kiçik təsərrüfatlarının maliyyəyə çıxışını təmin etməklə iqtisadiyyatın inkişafına təkan verəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 046          Tarix: 6-10-2017, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma