Soyğunçuluq və ya təkər gətirənlər necə tələyə düşdü
Bu gün məlumat yayıldı ki, işlənmiş təkər idxalı ilə məşğul olan bir qrup şəxs Dövlət Gömürük Komitəsinin qarşısında aksiya keçirərək, gömrük rüsumlarının qaldırılmasından narazılıq ediblər. Belə ki, yanvarın 1-dən etibarən minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib, nəticədə köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Beləliklə də bir konteyner təkərin rüsumu 15 000 manatdan 45 000 manatadək bahalaşıb.
Hesablamalara görə, 1 konteynerə maksimum 2000-dək təkər yerləşdirmək olur. Gəlin hesab edək ki, sahibkar Almaniyadan aldığı 1900 ədəd təkərin hər birinə orta hesabla 6 avro ödəyib, bu o deməkdir ki, 1 konteyner təkərin invoys qiyməti 23 000 manat təşkil edir. Həmin təkərləri Azərbaycana gətirəndə sahibkardan hər biri təkərə görə 10 dollar ödəmək tələb olunur. Bu halda da sahibkar 19000 dollar və ya 32 300 manat da rüsum ödəməlidir. Amma sahibkarın ödənişləri bununla bitmir. Çünki, gömrük rüsumundan sonra əsas xərci əlavə dəyər vergisi yaradır. Belə ki, konteynerin invoys dəyərini - 23 000 manatı, gömrük dəyəri kimi əsas götürüb onun üzərinə 32 300 manat əlavə ediləndən sonra cəmi 55 300 (23 000 + 32 300) manatdan sahibkar 9954 manat (55300 x 18 faiz ) ƏDV ödəməlidir. Hələ bu da son deyil, bundan əlavə sahibkar 250 manata qədər sair ödənişlər edir. Beləliklə də ölkəyə 1 konteyner (1900 ədəd) təkər gətirən sahibkar 32 300 manat gömrük rüsumu, 9 954 manat ƏDV və 250 manat digər ödənişlər etməlidir. Bütün bunların cəmi də 42 500 manat edir. Deməli, Almaniyada 1900 təkərə 23 000 manat ödəyən sahibkar, Azərbaycan gömrüyünə də 42 500 manat ödəməli və yol xərclərini, daşınma məsrəflərini də qarşılamalıdır. Hesab etsək ki, 1 konteynerin daşınma və sahibkarın əlavə məsrəfləri 2000 avro və ya 4000 manat edərsə, onda 1 konteyner təkərin Azərbaycana gətirilmə qiyməti 79 500 manata (23000 + 42500 + 4000) çatacaq. Amma bununla da xərclər bitmir. Çünki, təkər satan sahibkar onu satmaq üçün yer kirayələməli, işçı saxlamalı, işıq pulu, vergi və sair ödənişlər etməli və üstəlik də mənfəət qazanmalıdır. Bu isə o deməkdir ki, sahibkar işlənmiş hər təkəri ən azı 75 manat satmalıdır ki, yalnız xərclərini ödəsin. Bu da o halda mümkündür ki, gətirilmiş təkərlərin hamısı ən aşağı 75 manata satılsın.
Nəzərə alsaq ki, sahibkarlar mənfəət üçün çalışır, onda işlənmiş təkərin satış qiyməti 100 manata qədər bahalaşa bilər. Belə olan halda təkər bazarında təzə təkərlərin də qiyməti adekvat olaraq artacaq. Onda da yaranmış vəziyyətdən çıxış yolu axtaran istehlakçıların böyük əksəriyyəti köhnə təkərli avtomobilləri ilə Gürcüstana səfər edib, orda təkərləri dəyişdirib Bakıya qayıdacaq. Nəticədə də avtomobil sahiblərinin işlənmiş təkərə tələbatını əsasən gürcülər ödəyəcək və qazanan da onlar olacaq.
Görəsən, belə "müdrik" qərar kimin ağlının nəticəsidir?
Paylaş: