Xəbər lenti

 

Son onillikdə Azərbaycanda nəniki mebellərin fabrik yığımı ilə məşğul olan, həmçinin laminat piltələr, üzlük fanerləri, MDF profilləri, laklı və PVS fasadlar, örtük parçalar və digər məmulatların hazırlanması ilə məşğul olan mebel klasteri formalaşıb. "Embawood”, “Saloglu”, “Foriella”, “Rattan bağ mebelləri” kimi şirkətlər Gürcüstana, Qazaxıstana, Qırğızıstana, Türkmənistana, İrana, o cümlədən Rusiyaya mebellər ixrac edir.

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının rəhbəri Məşhur Məmmədov “Report”a verdiyi açıqlamasında ölkədəki yerli mebel şirkətlərinin xaricə məhsul ixrac etmək potensialını orta səviyyədə qiymətləndirdiyini bildirib: “Yerli şirkətlərin öz materialının olmaması maya dəyərinin bahalaşmasına, ucuz işçi qüvvəsi isə ucuzlaşmasına səbəb olur. Bununla belə, ixrac həyata keçirmək üçün təcrübəli və ixtisaslı kadrlar lazımdır. Şirkətlər arasında Azərbaycanın xaricə mebel ixracatında əsas pay sahibi “Foriella” MMC-dir.

Azərbaycandan Gürcüstan, Qazaxıstan, ABŞ, Qətər və digər ölkələrə mebel ixracı həyata keçirilir. Ölkəmizin mebel ixracatında əsas istiqamət Qazaxıstan, ABŞ, Yaxın Şərq və Şimali Afrika ölkələridir. Çünki bu ölkələrdə istehsal zəif, mebel istehlakı və qiymətləri isə yüksəkdir.

Azərbaycandan xaricə ixrac edilən mebelin orta illik həcmini 1 milyon dollar olaraq göstərə bilərik. Gələn ildən illik ixrac həcminin 1,5-2 milyon dollara çatdırırlması gözlənilir. Hazırda Azərbaycan mebel istehsalı və ixracatında qonşu dövlətlər arasında yalnız Rusiya ilə müqayisədə zəifdir. İstehsal ənənəsi və xammal resurslarının mövcudluğu Rusiya üçün güclü tərəfdir. Daxili bazarın böyük olması Rusiyanın istehsal həcmini artıra bilir ki, bu da ekonom seqmentdə maya dəyərini azaltmağa imkan verir. Ona görə də Rusiya mebel satışında ucuz qiymət təklif edə bilir”.

M.Məmmədov ölkəmizdə mebel istehsalı ilə bağlı problemlərdən də danışıb: "Azərbaycanda mebel istehsalı üçün xammal ehtiyatı çox azdır. Xammalın əsas hissəsini DSP ilə NDF materialı təşkil edir. Azərbaycanda isə DSP materialı istehsal edən zavodu yoxdur. MDF materialı istehsalı üzrə zavod isə xammal hazırlamaqla məşğul olmur. Odur ki, xammalın 85%-i digər ölkələrdən idxal olunur. Buna baxmayaraq, Azərbaycanda mebel istehsalı qeyri-neft sektorunda ən inkişaf etmiş yüngül sənaye sahəsidir. Son dövrlərdə qəbul olunmuş bir sıra qərarlar, təşviq sənədlərinin verilməsi, sənayə zonalarının yaranması bu sahənin inkişafına böyük təkan verib. Eyni zamanda xarici sərgilərdə iştirak xərclərinin 50%-i dövlət tərəfindən ödənilir ki, mebel istehsalı və ixracı potensialının artması üçün əhəmiyyətli dəstəkdir". 

Onun sözlərinə görə, hazırda mebel istehsalında əsas çatışmayan cəhət də kadr məsələsidir: "Bizdə yüksək ixtisaslı kadrlara böyük tələbat var. İkinci problem ixrac əsnasında nəqliyyat xərclərinin yüksək olmasıdır. Azərbaycan, əsasən, Orta Asiya ölkələrinə mebel ixrac edir. Bu zaman daşınma gəmi ilə həyata keçirilir ki, gəmi nəqliyyatında da qiymətlər çox bahadır. Digər problem gömrük rüsumları ilə bağlıdır. Xaricdən Azərbaycana mebel gətiriləndə heç bir rüsum tələb olunmur. Yalnız Əlavə Dəyər Vergisi ödənilir.

Xammal idxal edəndə isə 5%-dən 15%-ə qədər rüsum tələb olunur. Bu da maya dəyərinin artmasına səbəb olur. Xammal, əsasən, Çin, Türkiyə, Rusiya, Belarus, Polşa, İtaliya və digər Avropa ölkələrindən idxal edilir. Avadanlıq baxımından isə ölkədə vəziyyət qənaətbəxşdir. Bizdə olan avadanlıqla tək Azərbaycanı yox, Cənubi Qafqaz ölkələrinin hamısını təmin etmək olar. Son dövrlər ölkəyə idxal olunan avadanlıqların bir sıra rüsumlardan azad edilməsi bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib".

Qeyd edək ki, “Foriella” MMC bu il Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İyul ayında şirkətin verdiyi açıqlamada ilkin olaraq ABŞ-ın “Betax” şirkəti ilə əməkdaşlığa başlanıldığı, bu şirkətlə illik dövriyyə miqdarı minimum 500 min ABŞ dolları olacağı, ikinci bir ABŞ şirkəti ilə də ixrac həcminin bu qədər təşkil edəcəyi bildirilmişdi.

Bu barədə “Report”a açıqlama verən “Foriella” MMC-nin rəhbəri Fərman İslamlı qeyd edib ki, artıq şirkət tərəfindən yeni şirkətlərlə əməkdaşlıq edilməyə başlanılıb: “Noyabr ayı ərzində 2 konteyner məhsul yüklənib yola salınıb. Dekabr və yanvar aylarında isə aya 2 konteyner məhsul yüklənəcək. Bütün sifarişlərin artıq avans ödənişləri hesabımıza daxil olub.

Şirkət Gürcüstan, Qazaxıstan, Rusiya, Tacikistan, Qırğızıstan, ABŞ kimi ölkələrə ixrac həyata keçirir. Əsas ixrac istiqaməti Qazaxıstan və ABŞ-dır. Bu ölkələrdən hər birinə illik ixrac miqdarı 500 min ABŞ dolları təşkil edir. Bunlardan başqa Yaxın Şərq və Şimali Afrika ölkələrinə də ixrac planı nəzərdə tutulur. Hər il Almaniyada, Köln şəhərində təşkil olunan beynəlxalq mebel sərgisində iştirak edirik. Həmçinin bəzi ölkələri ziyarət edir və mebel firmaları ilə birbaşa görüşlər keçiririk. Dekabr ayında ABŞ-a səfərimiz planlaşdırılır və orada bir neçə şirkətlərlə birbaşa görüşlər keçiriləcək.

Eyni zamanda, Rusiya bazarında olan bəzi məhsul qrupları vardır ki, bizim məhsullar orada həm keyfiyyət həm də qiymət tərəfdən üstün rəqabət qabiliyyətinə malikdir. Məsələn, bizim stullar qurudulmuş və buxar ilə yuyulmuş fıstıq ağacından istehsal olunur. Digər tərəfdən bəzi xərclərin aşağı olduğundan qiymətlərimiz Rusiya bazarından daha münasibdir. Ona görə də Rusiyaya stul ixracı planlaşdırılır.

Şirkətin orta illik ixrac həcmi 700 min ABŞ dolları təşkil edir. Növbəti ildən ixrac həcminin 1,5 milyon ABŞ dollarına çatdırılması nəzərdə tutulub”.

Qeyd edək ki, Azərbaycanda mebel istehsalı ilə məşğul olan 300-ə yaxın hüquqi, 2000-ə yaxın isə fiziki şəxs var. Bunlardan 50 şirkət Azərbaycan Mebel İstehsalçıları Asossiasiyasının üzvüdür. Həmin şirkətlərə misal olaraq “Embawood”, “Damla”, “Foriella”, “Həsənoğlu” və digər şirkətləri göstərmək olar. 

Ölkədəki şirkətlərin 99%-i yerli sahibkarlarla təsis olunub. Yalnız bir neçə şirkət var ki, onların təsisçiləri Türkiyə vətəndaşlarıdır.




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 26-11-2019, 15:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma