Xəbər lenti

The National Interest, ABŞ
04.02.2022

Müəllif: Şahmar Hacıyev

Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanmış Ukrayna ilə Azərbaycanın diplomatik əlaqələri 1992-ci il fevralın 6-dan başlayıb. Onlar arasında ikitərəfli münasibətlər o vaxtdan yüksək səviyyədədir. Hər iki dövlət bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu müttəfiqliyin əsasını xüsusilə Kiyevin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi formalaşdırıb.

Ukrayna ilə Azərbaycan 30 ildir iqtisadi, siyasi, hərbi və humanitar sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edir. Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə bu yaxınlarda etdiyi səfər, eyni zamanda Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş Birgə Bəyannamənin, həmçinin digər mühüm sənədlərin imzalanması münasibətlərin strateji əhəmiyyət daşıdığını göstərir. Birgə Bəyannamədə iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyi təsbit edilib, siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə əsaslı ikitərəfli əməkdaşlığı intensivləşdirmək istəyi əks olunub.

Azərbaycanla Ukrayna hibrid təhlükələrə qarşı mübarizədə əməkdaşlığı intensivləşdirməyə, istər davam edən, istərsə də yeni birgə layihələr hesabına müdafiə sənayesində münasibətləri gücləndirməyə, BMT, ATƏT, Avropa Şurası, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı dərinləşdirməyə hazırdırlar.

Ukrayna ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi rekord səviyyəyə – təxminən 1 milyard dollara çatıb. Lakin onlar 2024-cü ilə qədər bu göstəricini iki dəfə artırmağı planlaşdırırlar. Prezident İlham Əliyevin Kiyevə səfəri çərçivəsində Azərbaycanın SOCAR və Ukraynanın “Naftogaz” şirkətləri arasında enerji sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bununla yanaşı, iki ölkənin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafında əməkdaşlığını nəzərdə tutan sənədlərə də imza atılıb.

Yeri gəlmişkən, ərzaq təhlükəsizliyi Azərbaycan üçün prioritet məsələdir. Bu məqsədlə hökumət “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Əsas məqsəd qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi və baytarlıq materiallarına nəzarətin gücləndirilməsi, ölkənin qida sənayesi üçün əlverişli biznes mühitinin dəstəklənməsidir. Odur ki, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sahələrində Azərbaycan-Ukrayna əməkdaşlığı Bakı üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan yaxın gələcəkdə taxıl istehsalını artırmaqda maraqlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanın ildə təxminən 3,5 milyon ton taxıla ehtiyacı var. Lakin o, özünü yalnız 57% təmin edə bilir. Demək, yerdə qalan hissə idxal hesabına ödənilməlidir. 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana idxal edilən taxılın həcmi 1 milyon tonu ötüb. Bunun 80%-i Rusiyanın payına düşüb.

Məlum olduğu kimi, son zamanlar dünyada qlobal ərzaq böhranı yaşanır və nəticədə taxılın da qiyməti artır. Bu, idxaldan asılı olan Azərbaycan iqtisadiyyatına öz təsirini göstərir. Odur ki, hökumət idxal səviyyəsini azaltmaq, ərzaq tədarükünü təmin etmək məqsədilə uzunmüddətli planlar üzərində işləyir. Azərbaycan işğaldan 2020-ci ilin payızında azad etdiyi Qarabağ bölgəsində kənd təsərrüfatı və qida istehsalı, mədənçıxarma sənayesi, “yaşıl enerji”, logistika və turizmlə bağlı əsas sektorları inkişaf etdirmək niyyətindədir. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov sözlərinə görə, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası ilə bağlı tədbirlər planı hazırlanır: “Aqrar biznes 200 min hektar kənd təsərrüfatı və otlaq sahəsini, həmçinin on minlərlə istifadəsiz torpaq sahələrini əhatə edəcək”.

Xatırladaq ki, Sovet İttifaqı dövründə Qarabağ Azərbaycanın kənd təsərrüfatında əsas bölgə olub. Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonları taxılçılıq üçün əlverişli iqlimə və məhsuldar torpaqlara malikdir.

Ukraynaya gəlincə, bu ölkədə də genişmiqyaslı kənd təsərrüfatı məhsulları istehsalı üçün əlverişli iqlim şəraiti var. Üstəlik, burada şirkətlərin əkin sahələrini icarəyə götürməsinə icazə verilir. Odur ki, Azərbaycan şirkətləri Ukraynada da taxıl istehsalı ilə məşğul ola, yetişdiriləcək məhsulu idxal edə bilər. Beləliklə, Ukrayna-Azərbaycan əməkdaşlığı taxıl idxalında digər mənbələrdən asılılığı azaltmağa, qiymətləri sabitləşdirməyə imkan verəcək. Bununla da Bakı ərzaq tədarükünün təhlükəsizliyini artıracaq.

Tərəflərin imzaladığı digər mühüm sənəd “Naftoqaz” ilə SOCAR arasında enerji sahəsində əməkdaşlığa dair memorandumdur. Azərbaycan uzun illərdir ki, özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib. İki ölkənin birgə müəssisələri uğurla fəaliyyət göstərir. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ukraynaya 320 milyon dollar dəyərində neft idxal edilib. Başqa sözlə, Azərbaycan Ukraynanın əsas xam neft tədarükçüsü olub. Bundan əlavə, “SOCAR Energy Ukraine” bu ölkədə SOCAR-ın layihələrinin effektli icrasını təmin edir. Şirkətin əsas vəzifəsi yanacaqdoldurma məntəqələri şəbəkəsini təkmilləşdirmək, Ukrayna daxilində benzin və digər neft məhsullarının topdan satışını təşkil etməkdir.

Ukrayna qaz tədarükü mənbələrini şaxələndirmək niyyətindədir. Odur ki, o, Azərbaycandan təbii qaz almaqda maraqlıdır. Azərbaycan bu tədarükü Türkiyə və Transbalkan kəməri vasitəsilə həyata keçirə bilər. Xatırladaq ki, Ukrayna Qaz Nəqli Sistemi Operatoru 2020-ci ildə ilk dəfə Transbalkan qaz dəhlizi, yəni Yunanıstan, Bolqarıstan və Rumıniyanın qaz nəqli sistemləri vasitəsilə ölkəyə revers qaz nəqlini həyata keçirib. Demək, Transbalkan qaz dəhlizi Ukrayna üçün növbəti qaz tədarükü marşrutu ola bilər.

Bundan başqa, Kiyev Xəzər qazının TANAP kəməri vasitəsilə idxalı imkanlarını da müzakirə edir. O, Ankara ilə belə müzakirələr aparıb. Odur ki, gələcəkdə Bakı-Ankara-Kiyev üçbucağı Ukraynanın uzunmüddətli enerji təhlükəsizliyinin təmini baxımından effektli mexanizm ola bilər.

Bir sözlə, Azərbaycan və Ukrayna prezidentlərinin son görüşü iki dövlət arasında strateji tərəfdaşlığın olduğunu, onların qlobal məsələlərə yanaşmasının üst-üstə düşdüyü göstərib. Ukraynalı siyasi ekspert Vyaçeslav Potapenkonun sözlərinə görə, Azərbaycanla Ukraynanın bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörməti, onlar arasında iqtisadi əməkdaşlığın inkişafı, həmçinin Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin perspektivləri Kiyev üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycana gəlincə, Bakı iki dövlət arasında ticarət dövriyyəsinin artırılmasında, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. Odur ki, Türkiyə-Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı üçtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq, Xəzər və Qara dəniz hövzəsində iqtisadi əlaqələri və təhlükəsizliyi möhkəmləndirəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The National Interest



Ana səhifəyə qayıt        Baxış: 4 174          Tarix: 4-02-2022, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma