Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Qərb Rusiya qazından asılılığı azaltmaq üçün müəyyən variantları nəzərdən keçirir. Türkmənistan mətbuatı yazır ki, ölkə rəhbərliyi ildə 10-30 milyard kubmetr ötürmə qabiliyyətinə malik qaz kəmərinin çəkilməsi ilə bağlı Azərbaycan, Türkiyə, Gürcüstan və Aİ ilə danışıqlar aparır.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Ukrayna ilə Rusiya arasında müharibə dünya düzənini dəyişməklə yanaşı, bir çox ölkələri öz siyasətlərinə yenidən baxmağa məcbur edib və proses davam edir. Xüsusən də bu qanlı müharibənin mümkün nəticələri hər kəsin müzakirə mövzusudur. Avropa Rusiya qazını alacaqmı? Bu sual hələ ki, kritik məsələ olmasa da, Qərb Rusiyaya alternativ yollar aramaqdadır. Rusiya da Ukraynada başlatdığı müharibənin yekununda bu məsələnin müzakirə mövzusu olmamasını istəyir. Lakin onun bu istəyinə baxan olacaqmı? Avropa, ABŞ hər cür variantlar üzərində iş aparır və çox güman ki, yaxın illərdə bu məsələ Rusiyanın xeyrinə olmayan tərzdə başa çatacaq.
Alternativlər isə kifayət qədərdir. Diqqət mərkəzində olan məsələ hazırda Mərkəzi Asiya, daha doğrusu türkmən qazıdır. Lakin Türkmənistanda hakimiyyət dəyişikliyindən sonra bu məsələ bir qədər fərqli hal alıb. Hakimiyyət Qurbanqulu Berdıməhəmmədovdan oğlu Sərdara keçib və o da bəlli olduğu kimi, Rusiyaya həddən artıq bağlı bir şəxsdir. Bu səbəbdən də Qərb üçün bir qədər çətin olacaq. İstənilən halda, hər şey Ukraynada gedən müharibənin necə başa çatacağından asılı olacaq. Belə bir durumda Avropa Komissiyası Avropa İttifaqının ən azı 2027-ci ilə qədər Rusiya enerji resurslarından asılı qalacağına dair gözləntilərini təsdiqləyib. Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyaları təcili olaraq nəzərdən keçirməkdə də israrlıdır. Onlar Rusiya karbohidrogenlərinin tədarükünə qadağa qoyulmasını beşinci sanksiyalar paketinə daxil etməyə çalışırlar, lakin ekspertlər avropalıların özlərinə çox böyük ziyan vurduğuna görə bunu mümkünsüz hesab edirlər. Avropa ölkələrindən yalnız Almaniyaya çətin ola bilər. Bu ölkə qaza olan tələbatının əhəmiyyətli hissəsini Rusiyadan alır. Polşa gələn ildən Rusiyadan qaz almayacağını açıqlayıb. Bolqarıstanın və İtaliyanın ümidi Azərbaycan qazınadır.
Əsas məsələ ondan ibarətdir ki, Avropa Mərkəzi Asiyadan qaz əldə etmək üçün bəzi prinsiplərdən imtina edəcək, ya həmişə olduğu kimi yenə də öz maraqlarını üstün tutacaq? Enerji üzrə nüfuzlu media resursu “Silk Road Briefing” yazır ki, Avropa İttifaqının təbii qaz tədarükünü şaxələndirmək üçün Türkmənistana üz tutmasına bir çoxları kinayə ilə yanaşır:
“Ölkə praktiki səbəblərə görə neytral olsa da, keçmişdə Sovet İttifaqının bir hissəsi olub, Rusiya ilə möhkəm əlaqələr saxlayır və qismən Moskvanın qaz təcrübəsindən asılıdır. Eyni zamanda Çinin “Bir kəmər və yol” təşəbbüsü üçün mühüm tranzit marşrutunu təmsil edir".
Türkmənistan mətbuatı yazır ki, ölkə rəhbərliyi ildə 10-30 milyard kubmetr ötürmə qabiliyyətinə malik qaz kəmərinin çəkilməsi imkanları ilə bağlı Azərbaycan, Türkiyə, Gürcüstan və Aİ ilə danışıqlar aparır. Bu, təqribən dayandırılmış “Şimal axını 2” layihəsinin bir qoluna (hər bir qolunun gücü ildə 27,5 milyard kubmetr) bərabərdir. Türkmənistanın ümumi qaz ehtiyatları 50 trilyon kubmetrdir. “Trans Caspian Resources” tərəfindən hazırlanan layihə türkmən qazının Azərbaycana, daha sonra Cənubi Qafqaza, Türkiyəyə və enerji resurslarına ehtiyacı olan digər ölkələrə, o cümlədən qıtlıq yaşayan Aİ ölkələrinə nəqlini nəzərdə tutur.
Qeyd edək ki, Aşqabad 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malik olsa da, regional ticarət təşəbbüslərinə qoşulmamağa üstünlük verərək bir növ təcrid rejiminə keçib. 1991-ci ildən Aşqabad Moskva və Pekinlə əməkdaşlıq edir və Asiya ilə Avropa arasında tranzit qovşağı sayılır. Ötən həftə Türkmənistan və Çini birləşdirən ilk yük qatarı Sincan vilayətinə gəlib. Xəzər dənizindəki Türkmənbaşı limanı vasitəsilə Qərblə ticarət də inkişaf edir. 2021-ci ildə Asiyadan Türkmənistan vasitəsilə Avropaya konteyner daşımalarının həcmi 100 faiz artıb. Buna baxmayaraq, Aİ üçün suallar var. Fakt budur ki, Qərb Türkmənistanı demokratik təsisatların olmamasında, insan haqlarının pozulmasında və media azadlığının məhdudlaşdırılmasında ittiham edir və ehtimal var ki, Aşqabad ölkəyə “Qərb dəyərləri”ni sırımaq cəhdlərinə müsbət reaksiya versin.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar