Rusiyanın Avropa qaz bazarından sıxışdırılıb tamamilə çıxarılması zamana bağlı məsələdir. Çünki Avropanın ümumi qaz istehlakı ildə təqribən 500 milyard kubmetrdir. 500 milyard kubmetrin 30 faizə yaxın hissəsini Rusiya tədarük edir. Rusiya dərhal bu bazardan çıxarılarsa, bu boşluğu doldurmaq çətin olar.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Dövlət katibi Reks Tillersonun Avropanın rus qazından asılılığının azaldılması ilə bağlı açıqlamasını Axar.az-a şərh edərkən deyib. O, Avropada qaz bolluğunun Azərbaycan üçün nəticələri haqda da danışıb:
“Son zamanlar Amerikanın dünyada ən çox qaz istehsal edən ölkə durumuna gəlməsi onu deməyə əsas verir ki, tankerlər vasitəsilə yaxın illərdə Avropa qitəsinə Amerikadan kifayət qədər böyük həcmdə qaz tədarükü gözlənilir. Artıq pilot layihələr həyata keçirilib. Polşaya, Latviyaya və İspaniyaya ilk tankerlər gəlib. Hələlik qazın həcmi azdır, amma Amerikanın açıqladığı hədəflərə görə, yaxın 5 ildə təqribən 80 milyard kubmetr qazın Avropaya çatdırılması nəzərdə tutulur. Bu da kifayət qədər böyük rəqəmdir. 80 milyard kubmetr qazın Avropaya çatdırılması Avropada əlavə qaz imkanlarının yaranacağı deməkdir. Bunun da Azərbaycana müsbət və mənfi tərəfləri olacaq. Mənfi tərəfi odur ki, qaz bolluğu olacaqsa, Azərbaycan qazının qiymətinin də aşağı düşməsi ehtimalı yaranacaq”.
Onun sözlərinə görə, Azərbaycanla bərabər İran qazı da rus qazı üçün alternativ ola bilər:
“Türkmənistan və Orta Asiya qazının Avropaya çatdırılması ilə bağlı 1994-cü ildən bu yana danışıqlar aparılır. Lakin Xəzərin statusu müəyyənləşmədiyinə və Rusiya ilə İranın ciddi maneələri olduğuna görə, Transxəzər qaz kəməri hələ də inşa olunmayıb. Halbuki ən yaxın nöqtələrdən Xəzərin dibi ilə, təqribən 100 kilometrə yaxın qısa bir boru xətti çəkməklə Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılması mümkündür. Lakin Rusiya buna imkan vermir və İran da bunun əleyhinədir. Düşünmürəm ki, yaxın gələcəkdə Xəzərin statusunun müəyyən olunması və bu problemin həlli ilə bağlı konkret addım atılsın. Bundan başqa, İran yaxın zamanlarda Avropada kifayət qədər ciddi oyunçuya çevrilə bilər. İranla Amerika qazı Avropaya daxil olduqdan bir neçə il sonra Rusiya qazının Avropa bazarlarından sıxışdırılması baş verə və Rusiyanın doğrudan da qazdan siyasi alət kimi istifadə etməsinin qarşısı alına bilər”.
Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Reks Tillerson Vudro Vilson adına Elmi Tədqiqat Mərkəzində çıxışı zamanı Rusiyanın neft və qazdan Avropaya təhdid kimi istifadə etdiyini bildirib. O, buna görə də ABŞ-ın Şərqi Avropada infrastruktur layihələrini dəstəkləyəcəyini və Avropaya qaz tədarükünü artıracağını söyləyib
Paylaş: