Yaxın 3 il ərzində ABŞ-ın neft ixracı 2016-cı il səviyyəsini 4 dəfə üstələyəcək və bir sıra OPEC üzvü olan ölkələrdən daha çox olacaq. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, belə bir proqnoz "PIRA Energy" konsaltinq şirkəti tərəfindən verilib.
Şirkətin hesabatında bildirilir ki, 2020-ci ilə ABŞ 2,25 mln. barel/gün neft ixrac edərək Küveyt və Nigeriya kimi önəmli OPEC üzvlərini geridə qoyacaq. Müqayisə üçün bildirək ki, ABŞ 2016-cı ildə orta hesabla 520 min barel/gün, Küveyt 2,1 mln. barel/gün, Nigeriya isə 1,7 mln. barel/gün neft ixrac edib.
"PIRA Energy"nin iqtisadçısı Qari Ros (Gary Ross) hesab edir ki, ABŞ yaxın 3 ildə əsas neft ixracatçısı olan ölkələrin ilk onluğuna daxil olacaq. Q.Ros bildirib ki, ixracın əsas hissəsi Meksika körfəzindəki Texasın Korpus-Kristi (Corpus-Christy) limanından həyata keçirilir. Limanın icraçı direktoru Con LyaRu (John LaRue) qeyd edib ki, "neft ixracı inanılmaz sürətlə artır və yaxın zamanlarda ixracı gündəlik 1 mln. barelə çatdıracağımızı düşünürəm".
Paylaş: