Xəbər lenti

Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq Avropa Birliyi bu ölkəyə qarşı növbəti - altıncı sanksiya zərfini qəbul edib. Bu sanksiyalar içərisində Rusiyadan idxal edilən xam neftə altı ay, neft məhsullarına isə səkkiz aydan sonra embarqo qoyulması qərarı da var.

Obyektiv səbəblərə görə Avropa Birliyinə daxil olan bir neçə ölkə hələlik müəyyən bir vaxta qədər Rusiyadan neft idxal edəcək. Ümumiyyətlə isə qəbul olunan sanksiyalar işə düşəndən sonra Avropa Birliyi Rusiyadan idxal etdiyi neft və neft məhsullarının 90 faizindən tam şəkildə imtina etmiş olacaq. Hazırda Moskva gələcəkdə kritik vəziyyətlə qarşılaşmamaq üçün öz neftinə alterantiv axtarışına başlamaqla yanaşı, həm də bu sanksiyalardan yayınmağı planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “CNBC” media şirkətinin internet potalı “Rusiya Avropa Birliyinin ona qarşı tətbiq etdiyi neft sanksiyalarından yayınmağa cəhd edir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin yazının tərcüməsini təqdim edirik: “Rusiya neftinə qarşı Avropanın tətbiq etdiyi sanksiyalara cavab kimi Moskva alternativ axtarışı ilə məşğul olacaq və həm də qiymətlərin yüksəkdə tutulması üçün hasilatı azaldacaq.

Avropa Birliyinə daxil olan ölkələr altıncı sanksiya zərfi çərçivəsində bu ilin axırına kimi Rusiya neftinə 90 faiz embarqo qoyulması ilə bağlı öz aralarında razılığa gəliblər.

Kanadanın “RBC Capital Markets” investisiya bankının qlobal xammal strategiyası şöbəsinin rəhbəri Helima Kroft deyib ki, rusiyalıların reaksiyasını diqqətlə izləmək lazımdır.

“Beynəlxalq Enerji Agentliyi”nin məlumatına əsasən, Rusiya neft hasilatına görə ABŞ və Səudiyyə Ərəbistanın ardınca dünyada üçüncü yerdə, ixracatda isə ikinci yerdə gedir.

“Corc Vaşington Universiteti”nin biznes məktəbinin professoru Huseyn Askarı deyib: “İndi baş verən hadisələr gələcəkdə neft-qaz ticarətini dəyişəcək. Neftin qiyməti tezliklə düşməyəcək, anti-Rusiya sanksiyalarının nəticələrini hiss edəcəyik. ABŞ OPEK üzvlərindən neft hasilatının artırılmasını qətiyyətlə tələb etməlidir”.

- Alternativ alıcılar axtarışında

Helima Kroft vəziyyəti belə şərh edib: “Rusiya sanksiya altına düşmüş neftinin dünya bazarında özünə münasib qiymətə satılmasına təsir göstərmək istəyir. Avropa Birliyinin neft idxalında Rusiyanın payı təxminən 36 faizdir. Rusiyanın Hindistan, Çin və ya Türkiyədə öz neftinə alıcı tapması Avropa Birliyinin gəmi daşımalarına və onları sığortalayan şirkətlərə qarşı hansı tədbirlər görməsindən və həmçinin ABŞ-ın Rusiya neftinin daşınmasına qarşı İrana tətbiq etdiyi kimi ikili sanksiyalar qoymasından çox şey asılıdır”.

Avropa Birliyini çıxsaq, görərik ki, Rusiya neftinin ən böyük iki alıcısı var: Çin və Hindistan. Hazırda bu ölkələr Rusiya neftini endrimlə alırlar və energetika üzrə mütəxəssislər deyirlər ki, bu meyl irəlidə də davam edəcək. Ukrayna müharibəsinə kimi Hindistan Rusiyadan çox az həcmdə neft alırdı və bu onun illik neft idxalatının 5%-ni təşkil edirdi. Amma son aylar Hindistan Rusiyadan neft idxalını xeyli artıb.

“Kpler” analitik firmasının məlumatına görə, mart ayında Hindistan 11 milyon barrel neft alıb, apreldə isə bu göstərici 27 milyon barrelə kimi yüksəlsə də, may ayında 21 milyon barrel olub. Qeyd etmək lazımdır ki, 2021-ci ildə Hindistan Rusiyadan cəmi 12 milyon barrel neft almışdı. Müharibədən öncəki dövrdə də Rusiya neftinin ən böyük neft idxalatçısı olan Çin keçən illə müqayisədə Rusiyadan üç dəfə artıq neft alıb.

- Hasilatın azaldılması

Rusiya maliyyə zərbələrini yumşaltmaq üçün neft hasilatını azalda bilər. ”Lukoil” rəhbərinin müavini Leonid Fedun neft hasilatının 30 faiz azaldılmasını təklif edib. Ruslar gözləyirlər ki, belə olan təqdirdə qiymətlər yüksələcək və Moskva, nefti aşağı qiymətə satmaqdan yaxa qurtaracaq.

Britaniyanın “Capital Economics” şirkətinin aparıcı iqtisadçısı Edvard Qardner bu barədə yazıb: ”Biz hesab edirik ki, yüksək qiymətlər ixrac həcminin azalmasını kompensasiya edə biləcək. Bu ilin sonuna kimi Rusiyada neftin hasilatı və ixracı təxminən 20% aşağı düşəcək. Rusiyanın əsas ixrac markası olan “Urals” nefti bu gün digər beynəxalq markalarla müqayisədə daha ucuzdur. Onun bir barrelinin qiyməti 95 dollardır. Amma hər halda bu qiymət ötənilkinə nisbətən daha yüksəkdir”.

Əgər Rusiya hasilatı azaldarsa, onda digər hasilatçılar bazara müdaxilə edəcəklər və bu da qiymətləri cilovlamağa imkan verəcək. ”The Financial Times” qəzeti etibarlı mənbələrə istinadən yazır ki, əgər Avropa Birliyinin tətbiq etdiyi sanksiylara görə Rusiya neft hasilatını aşağı salsa, Səudiyyə Ərəbistanı hasilatı artırmağa hazırdır.

- Tankerlərlə yük daşımadakı aldatma praktikası

Dəniz daşımalarında ixtisaslaşmış “Windward” firması məlumat verir ki, Ukraynaya təcavüzünün ilk günlərində Rusiyanın hüquqi və fiziki şəxslərinə məxsus 180 gəmi xarici hüquqi şəxslərin adına keçirilib. Əksər Rusiya gəmiləri Sinqapurda, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və Norveçdə bazalaşan firmalara satılıb. Ancaq göründüyü kimi, bu aldadıcı gedişləri gizlətmək mümkün olmayıb”.



Ana səhifəyə qayıt        Baxış: 3 234          Tarix: 6-06-2022, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma