Xəbər lenti

Azərbaycanın buğda istehsalını artırmağın əsas yolu sahələrdə müasir texnologiyaların tətbiqini genişləndirmək, orta və iri şirkətlərin yüksək texnologiyalar əsasında investisiya qoyuluşunu təşviq etməkdir.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, ölkə olaraq bir sıra zəruri kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin edirik, lakin ərzaqlıq buğda zəif bəndlərdən biridir: “Bu gün biz buğda ilə özümüzü 60 % təmin edirik, amma ərzaqlıq buğda ilə 25 % təmin edirik. Ona görə də qlobal çağırışlar fonunda özümüzün potensialı hesabına ehtiyyatlarımızı artırmaq imkanı yaranıb. Aparılan təhlillər onu göstərir ki, müasir texnologiyalar tətbiq edən, o cümlədən də müasir suvarma sistemlərini tətbiq edən istehsalçıları təşviq etmək lazımdır ki, əraziyə investisiya qoyuluşu artırılsın”.

F.Fikrətzadə qeyd edib ki, ənənəvi olaraq hər il 550-600 min hektar ərazidə buğda əkilir: “Onlarında müəyyən bir istehsal metodu və sxemləri, öz təyinatları, məqsədləri var. Gördük ki, daha çox intensiv texnologiyaların tətbiq edən təsərrüfatların stimullaşdırılması ilə istehsal həcmini artıra bilərik. Əsas məqsəd suvarmada pivot texnologiyaları tətbiq edib, bu texnologiyalar hesabına məhsuldarlığı artırmaqdır. Yəni, su qıtlığı olan dövrdə sudan daha qənaətli istifadə hesabına yüksək məhsuldarlığın əldə edilməsi metodu ilə biz kənd təsərrüfatının əsas istiqamətlərindən olan buğda istehsalında məhsuldarlığı artırmaq istəyirik".

Mərkəzin direktoru bildirib ki, bir hektar ərazidə pivot suvarma sisteminin qurulması orta hesabla 8 min manata başa gəlir, ənənəvi suvarma sisteminin qurulması ilə xərclər 800-900 manat təşkil edir: "Amma pivot suvarma sistemlərində tələb edilən məhsuldarlığa çatmaq üçün tələb edilən aqrotexniki əməliyyatların xərci də hardasa 1 400-1 500 manat təşkil edir. Yəni, texnologiyalar vasitəsilə məhsuldarlıq əldə etmək olur".

O qeyd edib ki, Azərbaycanda 170 min fermer var, onlar arasında buğda əkənlər də var, onlar arasında 1 hektar, 10 hektar 100 hektar ərazilərə malik olanları da var: "Taxıl elə bir sahədir ki, effektivliyi, iqtisadi səmərəliliyi mütləq olaraq böyük miqyas tələb edir. Məsələn, hər hansı bir şəxsin bir hektar buğda sahəsi var. Həmin əraziyə fermer orta hesabla 400 manat vəsait xərcləyir, fermer hesablayır ki, hektardan 25-30 sentner məhsuldarlıq götürəcək. Beləliklə də, sahəyə təqribən 400 manata yaxın xərc çəkib, 400-500 manat gəlir əldə edir. Bir hektardan məhsuldarlığı 30 sentnerdən 40 sentnerə qaldırsa, daha 200 manat qazana bilər. Sahədən əldə etdiyi taxıl isə heyvandarlıq üçün istifadə edir. 100 hektar taxıl sahəsində isə sentneri artırmağın iqtisadi əhəmiyyəti var. Dünyada taxıl daha böyük ərazilərdə əkilir”.




Ana səhifəyə qayıt        Baxış: 3 024          Tarix: 30-07-2022, 18:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma