Azərbaycanda bizneslə məşğul olan türkiyəli iş adamı, “Oxenbaku” restoranının sahibi Türkay Kıztaş iflas həddinə çatdırılıb.
Yenicag.az-a müraciət edən Kıztaş paytaxt Bakının Səbail rayonu, Əbdülkərim Əlizadə 9 ünvanında müqavilə əsasında məkan kirayəyə götürərək restoran açdığını, lakin 10 il sonra obyekt sahibinin müqaviləyə təktərəfli xitam verərək onu maddi və mənəvi ziyana saldığını bildirib.
İş adamının sözlərinə görə, məkan sahibi Mustafayev İbrahim Nurməmməd oğlu ilə 2010-cu ildə müqavilə imzalayaraq boş və təmirsiz obyekt kirayəyə götürüb. Məkanın təmir edilməsinə və yenidən dizayn olunmasına 450 min manatdan çox pul xərclədiyini bildirən Kıztaş qeyd edib ki, 10 il ərzində heç bir gecikmə olmadan müqavilədə nəzərdə tutulmuş aylıq kirayə haqqını İbrahim Mustafayevə ödəyib və aralarında heç bir narazılıq olmayıb. Pandemiya dövründə 17 ay restoranın fəaliyyət göstərmədiyini vurğulayan iş adamı bildirib ki, bu müddət ərzində də Mustafayev İbrahimlə heç bir problem yaşanmayıb.
Türkay Kıztaş bildirib ki, başqa biznes sahəsində fəaliyyətini davam etdirmək istədiyindən və hər iki işi eyni anda idarə edə bilməyəcəyindən 2021-ci ilin 15 iyununda məkanı işlətmək üçün öz VÖEN-i ilə Türkiyədən olan başqa şəxsə verib. Bundan sonra da İbrahim Mustafayevin kirayə haqqının vaxtlı-vaxtında ödəndiyini bildirən Kıztaş icarədarın məkanın yeni administratoru ilə görüşərək özünə qarşı plan hazırlandığını deyib:
“İbrahim Mustafayev zəng edərək bildirdi ki, mənimlə vacib məsələ ilə bağlı görüşmək istəyir. Açığı, mən təəccübləndim, lakin onunla restoranda görüşməyə razı oldum. Mən restorana getdikdə İbrahim Mustafayevlə yeni administratorun eyni maşından düşdüklərini gördüm. Məkan sahibi mənə bildirdi ki, guya mən müqavilənin şərtlərini pozaraq onu başqasına icarəyə vermişəm, buna görə də təktərəfli olaraq müqaviləyə xitam verir.
Mən daha sonra məsələnin nə yerdə olduğunu araşdırmağa başladım. Aydın oldu ki, icarədar mənimlə yeni idarəedici arasında imzalanmış müqavilədə nəzərdə tutulan kirayə məbləğinin yüksək olduğunu bilib, administratorla sövdələşərək müəyyən məbləğdə anlaşıb və məni bu razılaşmadan kənar tutmaq üçün belə bir addım atıb”.
İbrahim Mustafayevlə yeni idarəedici arasında müəyyən məbləğdə anlaşma əldə edildiyini bildirən Kıztaş qeyd edib ki, sözügedən şəxs bir müddət həm özündən həm də yeni idarəedicilərdən kirayə haqqı alıb:
“Mən müqavilənin pozulmasına razı oldum. Ancaq bir şərtlə: Mənim bu məkana qoyduğum xərc ödənməlidir. Yəni 2010-cu ildə icarəyə götürdüyüm yer tam təmirsiz və yararsız idi. 450 min manatdan çox xərc qoydum, təmir etdirdim, restoran üçün hər cür şəraiti yaratdım və 10 il heç bir problemsiz məkanı işlətdim. Lakin indi mən haqlı olaraq məkana qoyduğum xərci – bütün xərclərimin çek və qaimələri var – tələb edirəm, ancaq qarşı tərəf bundan boyun qaçırır”.
İşin məhkəməyə daşındığını deyən Kıztaş vurğulayıb ki, Nərimanov Rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyilə keçirilən məhkəmə prosesində qoyduğu xərclərlə bağlı təqdim etdiyi heç bir sənədə baxılmayıb və keçirilən bir iclasda qarşı tərəfin xeyrinə qərar qəbul edilib.
Türkay Kıztaş hakimin ədalətsiz qərarından sonra işi geri çəkdiklərini və yenidən məhkəməyə müraciət etdiklərini bildirib. O qeyd edib ki, uğradığı haqsızlığın aradan qaldırılması üçün bütün hüquqi addımları atacaq:
“Proses boyunca bizə qarşı haqsız tutum sərgiləyən hakim qarşı tərəfin xeyrinə qərar qəbul etdikdə pozulmuş hüququmun bərpası üçün bütün lazımi addımları atacağımı bildirdim. İnanırıq ki, Azərbaycan hüquq sistemi bu işə ədalətli yanaşacaq. Pozulmuş hüququm bərpa edilməyənədək lazım olan bütün prosesləri icra edəcəm. Ümid edirəm ki, məsələnin Avropa Məhkəməsinədək daşınmasına ehtiyac olmayacaq. Fəqət çıxarılacaq qərardan asılı olaraq, Avropa Məhkəməsinə də müraciət etməyi düşünürük”.
Maraqlısı isə budur ki, sözügedən hakim Kəmalə Əmirxanova heç də müsbət persona kimi qəbul edilmir. Belə ki, çalışdığı müddət ərzində barəsində bir çox ittihamlar səsləndirilən, mətbuatda adı bir sıra qanunsuzluqlarda hallandırılan hakim Əmirxanovanın fəaliyyəti qeyri-məqbul qiymətləndirilərək cari ilin 22 aprelində səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edilib.
Onu da bildirək ki, İbrahim Mustafayev bir müddət sonra məkanı qızının adına keçirib. Kıztaşın sözlərinə görə, bu müddət ərzində Mustafayevin qızı ilə də heç bir problem yaşanmayıb.
VÖEN Türkay Kıztaşın adına olduğu üçün məkanın yeni idarəedicilərinin ödəmədiyi vergi borcu da türkiyəli iş adamının ayağına yazılıb.
Paylaş: